Fransanın Cənubi Qafqaz maraqlarının 3 aspekti

post-img

“Dünyanın bir sıra yerlərində meymunlar, Avropada isə fran­sızlar dolaşırlar ki, demək olar eyni şeydir”

Artur ŞOPENHAUER

“Ey, Fransa! Nə üçün sən öz dostlarını rədd edirsən?” 

U.ŞEKSPİR

I hissə

Ekspertlər Fransanın Cənubi Qafqaz­dakı fəaliyyətini çox fərqli mövqelərdən izah edirlər. Onların böyük əksəriyyətini təşkil edən bir qrup belə qənaətə gəlir ki, ölkə nə beynəlxalq hüquq qaydalarına, nə də ədalət prinsipinə əməl edir. Fran­sa iqtidarı, faktiki olaraq, Cənubi Qafqazı iki geosiyasi düşərgəyə ayırır: birincisi, frankofoniya düşərgəsi, ikincisi isə, qey­ri-frankofoniya düşərgəsi. Yəni, rəsmi Pa­ris bu bölgü əsasında region dövlətlərinə münasibətini formalaşdırır. Frankfoniya (ona başqa sözlə, “fransız dünyası” da deyə bilərik) idealına uyğun gəlməyən və müstəqil fəaliyyət göstərən dövlətlərə qar­şı açıq və ya gizli haqsız, ədalətsiz müba­rizə aparılır, müxtəlif xarakterli təxribatlar törədilir. 

Ekspertlərin digər qrupu hesab edir ki, Fransa özünün maraqlarını təmin etmək üçün məhz bu cür davranmalıdır. Onların fikrincə, rəsmi Paris regionda geosiyasi nüfuzunu yüksətlmək hüququna malikdir. Başqa bir qrupa aid ekspertlər isə Fran­sanın regiondakı faliyyətinə bütövlükdə Qərbin, konkret olaraq, NATO və Avropa İttifaqının siyasətinin tərkib hissəsi kimi yanaşırlar. Bu məntiqə söykənsək, rəsmi Parisin hər bir hərəkətinin yekun olaraq Qərbə xidmət amalına kökləndiyi təəs­süratı yaranır. Mövcud xüsusda Amerika, Böyük Britaniya və Almaniyanın da Cə­nubi Qafqaz siyasəti ilə Parisin siyasətini sinxronlaşdırmaq cəhdləri özünü doğ­ruldur. Deməli, Azərbaycana qarşı mü­nasibət baxımından gah Fransanın, gah ABŞ-ın, gah da Almaniyanın sanki növbə ilə diplomatik və digər fəallıq göstərməsini vahid ssenarinin fraqmentləri olaraq gör­mək mümkündür.

Ekspertlər Fransanın səngidiyi müd­dətdə ABŞ və ya Almaniyanın daha da fəallaşmasının ümumi mənzərəni dəyiş­mədiyinə diqqət çəkirlər. Çünki rəsmi Pa­risin dediklərini bir qədər fərqli forma və kontekstdə Vaşinqton və ya Berlin ifadə edir. Müəyyən müddətdən sonra isə Fran­sa heç nə olmamış kimi yenidən Cənubi Qafqazda qeyri-konstruktiv və geosiyasi aspektdə bölücü siyasətini davam etdirir. Məsələn, rəsmi İrəvan Azərbaycan–Er­mənistan münasibətlərinin normallaşması ilə bağlı vasitəçi olmadan müzakirə apar­mağa müsbət münasibətini bildirən kimi Qərbdən hədələr gəldi. Vaşinqton və Av­ropa paytaxtları Azərbaycana qarşı yeni iftiralara başladılar. Uydurma ittihamlarla gündəmə gəldilər. O cümlədən, rəsmi Pa­ris də daxil olmaqla, erməni havadarları “Azərbaycan Ermənistanın ərazi bütöv­lünü pozarsa...” kimi cəfəngiyatla başla­yan böhtanı səsləndirməyə başladılar. Ölkəmizin rəhbərliyi ən yüksək səviyyədə dəfələrlə bəyan etmişdir ki, Bakıya müha­ribə lazım deyil və Azərbaycanın kimsənin ərazisində gözü yoxdur. Bundan heç söh­bət belə gedə bilməz. Çünki Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək mərhələsini keçib və nəticə də göstərir ki, Ermənistana qarşə təcavüz reallaşdır­mayıb. Ermənistan isə hələ də bir neçə Azərbaycan kəndini işğalda saxlayır. On­ların azad olunması isə Azərbaycanın təbii hüququdur. 

Cənubi Qafqazın daxili geosiyasi dina­mikasına rəsmi Parisin müdaxilə cəhdləri­nin mahiyyəti göstərir ki, ekspertlərin ikinci və üçüncü qrupu adlandırdığımız hissəsi məsələyə obyektiv və reallığa uyğun ya­naşmırlar. Yəni, Fransa nə özünün haqlı geosiyasi maraqlarına iddia edir, nə də bü­tövlükdə NATO və ya Aİ-nin maraqlarının tərkib hissəsi kimi davranır. 

Rəsmi Parisin Cənubi Qafqazdakı “ge­osiyasi qərəzi” onun daha geniş məkanda Türkiyə, İran və Rusiya siyasətinin məz­munundan da asılıdır. Fransa daha çox Türkiyənin getdikcə dünya gücünə çev­rilmək istiqamətində əldə etdiyi uğurlara tam qısqanclıqla və NATO müttəfiqliyinə yaraşmayan formada mane olmağa çalı­şır. Hətta, bir sıra müşahidəçilər Makron–Ərdoğan mübarizəsinin mövcudluğunu vurğulayır, habelə Makronun böyük Ər­doğanın əlini cırmaqlamağa çalışan “kiçik adam” obrazını formalaşdırırlar. Əslində, təbii ki, elə deyildir. Fransanın davranış­larının pərdəarxası məqamları üzərində düşünərkən belə qənaət hasil olur ki, rəs­mi Parisin qol-qanadı dərinlərə və geniş məkanlara gedib çıxır. Bundan başqa, onun gizli söykənəcəkləri mövcuddur ki, onlar da çox güclüdürlər. E.Makron buna görə susmur və bəzən çox şıltaqlıq edir. Bunları irəlidə analiz edəcəyik. Hələlik Fransanın Türkiyə siyasəti prizmasında Cənubi Qafqazdakı qərəzliliyinin üzərində dayanaq.

Fransa Türkiyənin Aralıq dənizi, Afrika, Cənubi Qafqaz və Mərkəzi Asiya siyasəti­ni həzm edə bilmədiyini dəfələrlə nümayiş etdirib. Bu qərəz Liviya və Cənubi Qafqaz­da özünü daha kəskin göstərir. Liviya sa­hillərində fransızların hərbi həmləsini türk ordusu məharətlə dayandırıb. Məlumdur ki, Fransa geri çəkilməsəydi, böyük itkilər verəcəkdi. Paralel olaraq, Ankara diplo­matiyanı işə salaraq – NATO vasitəsi ilə Makrona “nələrisə anlatmağı” bacarıb. Bundan sonra, Fransa sakitləşib və Aralıq dənizi ilə Afrikanın şimalında türk təsirinə qarşı dura bilməyəcəyini anlayıb.

Tərəflərin digər mübarizə məkanı Af­rikadır. Orada siyasi-diplomatik savaş hələ də davam edir. Fransa diplomatiyası bir-birinin ardınca həm Afrikada geosiyasi nüfuzunu itirir, həm də hərbi mövcudluğu­nu minimuma endirmək məcburiyyətində qalır. Afrikalılar Fransanın qitədən getmə­sini açıq tələb edirlər. Məsələn, Somali, Niger və digər ölkələr, müxtəlif Afrika təş­kilatları bunu bəyan edirlər. Deməli, Afrika­da da Fransa Türkiyə və Rusiyaya qarşı dayana bilmir, geri çəkilir.

Bəlkə də elə bunlara görədir ki, Fransa, obrazlı desək, dişlərini Cənubi Qafqaza qıcıyır. Rəsmi Paris birbaşa Azərbaycan–Ermənistan münasibətlərinin normallaş-ması prosesində üstünlük əldə etməyə çalışır. Lakin Azərbaycan Fransanın va­sitəçi ola bilmədiyini dəfələrlə bəyan edib və Parisin fəaliyyəti bu istiqamətdə tam bloklanıb. Bunun fonunda Fransa Ermə­nistanı silahlandırır və onu müxtəlif siyasi təxribatlara sürükləyir. Rəsmi Paris, hətta, erməni bacılarına hədə-qorxu da gəlir. Belə hal hansısa Ermənistan rəsmisinin Bakı ilə birbaşa danışıqlardan bəhs etmə­sindən sonra yaşanır. 

Bunlar onu göstərir ki, Fransanın Tür­kiyə siyasətinin məzmunu, məqsədi və siyasi mahiyyəti ilə Cənubi Qafqazda er­mənipərəst mövqe tutması arasında əlaqə mövcuddur. Bu, daha geniş miqyasda sistemli geosiyasi, siyasi və diplomatik fəaliyyətin fraqmenti təsiri bağışlayır. Eyni qənaətə Parisin Rusiya və İran siyasətinin fonunda da gələ bilərik. Əgər Fransanın məqsədi Cənubi Qafqazdan Rusiyanı sıxışdırmaqla bağlıdırsa, bunu Azərbay­cana qarşı ədalətsiz mövqe tutmaqla və təcavüzkar, qeyri-konstruktiv Ermənistanı müdafiə etməklə reallaşdıra bilməz. Çünki hər bir dövlətin öz maraqları olduğu kimi, tarixi ədalət anlayışı da vardır. 

Bundan başqa, Fransa o qədər güclü deyil ki, haqlı olan Azərbaycan-Türkiyə tandeminə qarşı dura bilsin. Real proses­lər də bunu sübuta yetirir. Deməli, rəsmi Paris, faktiki olaraq, geosiyasi aspektdəki “atdığı güllə” boşa keçir. Əlbəttə, məsələ­nin başqa tərəfi də var.

“Ölmüş imperiya”nın Şeyx Nəsrullahı

Allah Mirzə Fətəli Axundzadəyə və Cəlil Məmmədquluzadəyə rəhmət eləsin! Məstəli Şah və Şeyx Nəsrullah fransız de­yildilər, lakin məhz Parisin partladılması ilə ölülərin dirilməsi arasında daxili bağlantı, yalançı “möcüzə” yaratmaqdır. Etiraf edək ki, Dərviş Məstəli Şahla Şeyx Nəsrullahın “hekayəti”nin indiki geosiyasətə heç bir aidiyyəti yoxdur. Ancaq süjet baxımından Makron–Paşinyan ortaq fəaliyyətinə bən­zəyir. Fərq ondadır ki, indi fransızın fırıl­daqçı tərəfdaşı müsəlman deyil. 

E.Makron da ölmüş imperiyanın Şeyx Nəsrullahı olmaq eşqinə düşüb. O, Fransa imperiyasını Afrikada və Cənubi Qafqaz­da diriltməyə girişib. Bu baxımdan Şeyx Nəsrullah xırda işlərlə məşğul olurmuş! Real olanı odur ki, Afrikadakı hər yetən Makronun dərsini verir və ona anladır ki, ölmüş imperiyanı diriltmək müasir dövrün xarakterinə, mahiyyətinə, funksional özəl­liklərinə uyğun deyil. Həm də bu, köhnə “mahnı”dır. Qloballaşmadan danışanlar onun düşməni olan imperialist düşüncəni bərpa edə bilməzlər. Bu, Yer kürəsində partlayışa səbəb ola bilər.

Deməli, Fransa öz xəbis imperiya niy­yətlərini bərpa etməklə regionlarda geosi­yasi nüfuzunu artırmaq fikrinə düşübsə, uçuruma gedir. Rəsmi Paris hər şeydən öncə anlamalıdır ki, Cənubi Qafqazda özünü imperiya kimi aparmağa cəhd edən az olmayıb. Elə indi də Amerika, Rusiya, İran, Çin imperializmi özünü göstərməyə çalışır. Lakin onların həç biri həm ayrılıq­da, həm də bir-biri ilə mübarizədə buna nail ola bilmir. Demək olar ki, artıq Fran­sadan başqa, regionda “nüfuzlu imperia­list” olmaq istəyən qalmayıb. Mümkündür ki, onlar siyasətlərini maskalı və gizli hala salıblar. Ancaq o da görünür ki, Azərbay­canın 44 günlük savaş nəticəsində regi­onal miqyasda yaratdığı postmüharibə mərhələsinin ümumi mahiyyəti imperializ­min hansısa formada keçərli ola biləcəyi­nin qarşısını alır. Bu baxımdan Bakı həm də “böyük qardaş” olmaq istəyənlərə açıq mesaj verir: Artıq bu da olmayacaq! Yəni, Azərbaycanla ancaq bərabərhüquqlu tərəfdaş kimi yola davam etmək mümkün­dür. Və şərti birbaşa ölkəmiz qoyur, kənar paytaxtlar yox! 

Belə görünür ki, Fransa ya bunu an­lamaq istəmir, ya da anladığını büruzə verməyə iradəsi və mənəvi gücü çatmır. Hər bir halda ölkənin bir sıra davranışları onun imperialist ambisiyalarından xəbər verir. Məsələn, Ermənistana “Bastion”lar satır. Avropa İttifaqının mülki missiyası adı altında hərbçilərini Ermənistana göndərir. Bakını güc tətbiqi ilə hədələyir. Paralel ola­raq, açıq şəkildə bəyan edir ki, Rusiyanı regiondan uzaqlaşdırmaq lazımdır. 

Fransanın öz iqtisadi və mədəni maraqlarına zərbəsi

Fransanın niyyətlərlə Cənubi Qafqaz­da hansısa geosiyasi nüfuz sahibi ola bil­məsi ehtimalı sıfırdır. Hətta, imperiya yolu Parisin təbii iqtisadi və mədəni maraqları­na da ciddi ziyan verir. Bu maraqların Cə­nubi Qafqaz istiqamətində çox olduğunu təcrübə göstərir. “Əsrin müqaviləsi”ndə fransız şirktətləri heç də sonuncu yerdə qərarlaşmamışdılar. “Total” kifayət qədər sanballı paya sahib idi. Enerjinin hər bir növü üzrə Fransanın maraqlarına Azər­baycan müsbət qarşılıq verə bilərdi. 

Bunlardan başqa, Fransa inkişaf etmiş ölkə kimi informasiya texnologiyaları, yeni kommunikasiya vasitələri və kosmosda əməkdaşlıqla bağlı Azərbaycanla birgə çox işlər görə bilərdi. Təsadüfi deyildir ki, Azərbaycanın bir neçə kosmik peyki Fran­sada hazırlanıb. Habelə, Fransanın inki­şaf etmiş mülki aviasiya sənayesi sferası ilə əməkdaşlıq da mümkün idi. Üstəlik, iqtisadi sahə ilə yanaşı, Fransa rəsmiləri mədəniyyət aspektində də Azərbaycanla dialoq və əməkdaşlığa “fransız” qaldılar. Avropa ölkəsində mədəniyyət abidəsinə qarşı olan hörmətsizlik hər şeyi deyir. Bu “baqaj”la Paris Cənubi Qafqazda nə dərə­cədə uğurlu ola bilər? Bəlkə məsələnin gizli, görünməyən tərəfləri var? Hansı “ye­raltı təşkilat” buna qarışmış ola bilər? 

Suallar konspirasiyaya işarə aspektin­də (latınca conspiratio – “gizli sövdələş­mə”, “müəyyən fəaliyyəti gizli saxlama”, “gizlilik prinsipi”, “qeyri-leqallıq”) qoyulmur. Lakin burada konspirativ element ola bilər. Konkret olaraq, qeyri-leqal hansısa təşki­latın fəaliyyətini gizli saxlaması üçün kons­piroloji metodlardan istifadəsi mümkündür. Sual ritorik də deyildir və hansısa sui-qəsd nəzəriyyəsi naminə verilmir. Bir sıra dü­şündürücü faktlar mövcuddur. Onları isə ayrıca təhlil etmək gərəkdir. 

(ardı var)

Füzuli QURBANOV, 
XQ-nin analitiki, 
fəlsəfə elmləri doktoru

Siyasət