Cənubi Qafqazın geosiyasi parçalanma riski

post-img

III məqalə

Azad və təhlükəsiz olmaq istə­yirsənsə, güclü ol!

Nikolay Starikov

Parçalanmaya təkan verənlər

Regionun geosiyasi xarakteristika­sında indiki mərhələdə həm ayrı-ayrılıq­da hər bir yerli dövlətin, həm də dövlətlər birliyinin rolu böyükdür. Cənubi Qafqaz dövlətləri də öz siyasətlərinin məzmun və məqsədinə uyğun şəkildə regional geosiyasi inteqrasiyaya ya töhfə verir­lər, ya da mane olurlar. Bunun fonunda region ölkələrinin birgə fəaliyyətinin də əhəmiyyətini qəbul etmək gərəkdir. Biz II məqalədə Ermənistanın üzərinə götürdü­yü siyasi normativlərə əməl etməməsini məhz bu məqamlara görə, bütövlükdə regionun geosiyasi parçalanmasına tə­kan verə biləcəyi tezisini iəli sürmüşdük. Məsələnin politoloji izahı əhəmiyyətlidir. Çünki hazırda politoloji təlimlərdə region­ların geosiyasi tamlığı məsələsini necə təmin etməyin də təhlili aparılır. O cüm­lədən, sualı konkret qoymaq olar: Cənubi Qafqazın geosiyasi parçalanmasına tə­kan verən faktorlar hansılardır?

Bu zaman bir vacib məqamı da unut­maq olmaz. Məsələ yalnız region dövlət­lərinin siyasəti ilə bağlı deyildir. Burada daha çox regionda fəal olan böyük güc­lərin rəsmən qəbul etdikləri geosiyasi və siyasi normativlərə əməl etməsi ilə yerli dövlətlərin eyni məsələlərə münasibə­ti də mühüm rol oynayır. Nəzəri olaraq anlaşılan olsa da, bu məsələ reallıqda ciddi araşdırma tələb edir. Çünki dövlə­tin nəzərdə tutduğunu həyata keçirməsi normativlərə nə dərəcədə əməl etməsi ilə sıx bağlıdır. Cənubi Qafqaz dövlətlərinin bu istiqamətdə fəaliyyətlərini əks etdirən konkret faktlara baxaq.

Geosiyasi və siyasi normativlər

Cənubi Qafqaz istiqamətində fəaliy­yət göstərən böyük güclərin hər birinin geoiyasi və siyasi normativləri var. On­ların hər biri sənəddə və bəyanatlarda regionda sülhün, barışın, əməkdaşlığın təmininə çalışdıqlarını ifadə edir. Bu, həm geosiyasi, həm də siyasi aspektdə belədir. ABŞ, Rusiya, Çin, Türkiyə, İran, Avropa İttifaqı... məhz bu xarakterdə nor­mativlərə əməl etdiklərini bildirirlər. Lakin onların heç də hər biri verdikləri sözə və müəyyən etdikləri nəzəri normalara əməl etmir. Bununla ilk geosiyasi və siyasi təzad yaranır – böyük güclər regional siyasətlərində ardıcıl konstruktiv olma­dıqlarına görə, onların buradakı müba­rizələri bir sıra hallarda radikal xarakter alır və bütövlükdə, regionun geosiyasi mənzərəsində çatlar yaradır. 

Bir misalda bunu göstərmək olar. Avropa İttifaqı rəsmən qəbul etdiyi siya­si normativlərdə ifadə edir ki, dünyanın hər bir yerində beynəlxalq münasibətləri “hərbi güc” əsasında deyil, “ideya, fikir, vicdan” amilləri əsasında quracaqdır. Bu prinsiplər İan Mannersin Avropa üçün ha­zırladığı “Normativ güc” konsepsiyasın­da mövcuddur. Hətta, İ.Manners həmin konsepsiyada hərbi güc tətbiqini kəskin tənqid edir və bu kontekstdə C.Nayın “yumşaq güc” anlayışı ilə Avropa yanaş­ması arasındakı fərqi göstərir. O vurğu­layır ki, C.Nayın “yumşaq güc” anlayışı ABŞ-ın xarici siyasəti üçün hazırlanmış­dır və özündə “yumşaq” və “sərt” güclərin kombinasiyasını ehtiva edir. Bu isə Aİ-yə uyğun deyil – o, bütövlükdə hərbi-siyasi və iqtisadi potensialdan deyil, “ideya”, “dəyər”, “ideologiya” və “vicdan” amillə­rindən istifadə etməlidir. 

Terminlərin məzmunundan baxanda humanist, səmərəli, konstruktiv və dinc üsullara dayanan mövqedir, deyilmi? Bu, ilk baxışda çox gözəldir! Ancaq Aİ-nin həm təşkilat, həm də onun ayrı-ayrı güclü dövlətlərinin bu terminlər arxasında gizlənərək, atdıqları real addımlar tama­mailə başqa bir mənzərədən xəbər verir. Azərbaycan və Ermənistan müstəqilliklə­rini əldə etdikdən sonra Avropanın Cənu­bi Qafqaz siyasəti həm geosiyasi, həm də ideoloji aspektlərdə başdan-ayağa ziddiyyətlidir, qeyri-ardıcıldır, qeyri-müəy­yəndir və ikili standartlardan yoğrulmuş­dur. Bu da Cənubi Qafqazda geosiyasi parçalanma istiqamətində güclü tektonik təsirə malikdir. Misallar çoxdur. 

Keçən əsrin son onilliklərindən Er­mənistanın Azərbaycana təcavüzü baş vermişdir və buna ABŞ-la bərabər Aİ də aktiv münasibət bildirmişdir. Sözdə, bə­yanatlarda, diplomatik ibarələrdə “sülh” “barış, “vicdan”, “qəbul edilmiş geosi­yasi və siyasi normalara əməl etmək”, “hüquqilik”, “insan haqları” və digər gə­lişigözəl terminlər dillərindən düşmürdü. Hətta, vasitəçi Minsk qrupu da yaratdılar və İ.Mannersin konsepsiyasında olduğu kimi “vicdan”la işləməyə başladılar. Hər addımda Azərbaycanın qarşısına ma­neə çıxardılar. Erməni təcavüzünü sözdə qınayır, lakin əməldə onu aradan qaldır­maq üçün heç bir addım atmırdılar. Azər­baycan fəallaşanda isə dərhal bəyanat verirdilər: “hərbi güc tətbiqi olmaz, çünki bu müharibənin qalibi olmayacaq”! Qısa desək, onlar çalışırdılar ki, ermənilərə tam dəstək verib, Azərbaycan torpaqla­rını onlara bağışlasınlar. Açığı və qısası budur. II Qarabağ savaşından sonra öz­lərini aparmaları isə konkret praktikada sübut etdi ki, avropalılar da amerikalılar, ruslar və farslar kimi sözdə bir, əməldə başqa cürdürlər. Bu isə geosiyasi müstə­vidə situasiyanıın dərin ziddiyyətli qey­ri-müəyyən mənzərəsini yaradırdı. 

Fikrimizcə, məhz bu proseslər nəticə­sində Cənubi Qafqazın geosiyasi parça­lanması daha da şiddətləndi və barışmaz bir mühit yaratdı. Bunu Ermənistanın heç bir şərt daxilində barışa gəlməməsi göstərirdi. Onlar yalnız öz istədiklərini de­yirdilər. Azərbaycanı eşitmək istəmirdilər. 

Politoloji baxımdan bu proseslərin məntiqi ortaya bir sual çıxarırdı: Ermə­nistana “təcavüzkar ol” sözünü verməklə, ona silah verməyin arasındakı geosiyasi fərq nədən ibarətdir? Deyək ki, Rusiya ermənilərə silah və savaşçı verərək tor­paqlarımızın işğalına rəvac verirdisə, Qərb bu addımı gizli dəstəkləyərək və üstəlik, siyasi-diplomatik üsulla işğalı qa­nuniləşdirməyə çalışaraq, eyni məqsədi güdürdülər. Bunların fərqi nədən ibarət­dir? Biri birbaşa günahsız azərbaycan­lıların qanını axıdan silahı faşistlərə verirdi, digəri isə bu qətliamın davam etməsinə mənəvi-ideoloji əsas yaradan fəaliyyət göstərirdi. Məqsəd baxımından hər ikisi təhlükəli və geosiyasi parçalan­maya xidmət edən üsuldur! Bu baxımdan İ.Mannersin “vicdan”ı havadan asılı qal­mış boş sözdən başqa bir şey deyildir. 

Məsələnin bu tərəfi 44 günlük Zəfər savaşından sonra Fransa rəhbərliyinin fəaliyyəti fonunda çox aktual görünür. Emmanuel Makron sözləri və davranış­ları ilə sübut etdi ki, Cənubi Qafqazda siyasi və geosiyasi normalara qətiyyən əməl etmək fikrində deyil. O, hətta, öz ərazi bütövlüyünü bərpa edən Azərbay­canın “daxildə terror” törətdiyi kimi ab­surd və cəfəng möqeyə yuvarlandı. İndi də Cənubi Qafqazda “demokratiya”, “li­beralizm” “sivil münasibətlər” qurduğunu deyən Fransa Azərbaycan mədəniyyət xadimlərinin abidələrini sökür! Təsəv­vür edin, bunlar, hətta, Parisdə və digər şəhərlərdə mədəniyyətə obyektiv və insan vicdanı aspektində yanaşa bilmir­lər. Fransızlar mədəniyyət abidələrinə terrorçu təfəkkürü ilə münasibət bildi­rirlərsə, bu, o deməkdir ki, ermənilərin Azərbaycan mədəni abidələrinə qarşı vəhşiliklər törətməsinin, dünyada misli görünməmiş barbarlıq etməsinin arxa­sında duran qüvvələrdən biri Fransadır. İndi bizə daha yaxşı aydın olur ki, niyə avropalılar azərbaycanlı qaçqınlardan danışmaq istəmirlər. Niyə Azərbaycanın dini-mədəni nümunələrinin dağıdılmasını qınamırlar. Onu deyək ki, Amerika avro­palılardan heç də geri qalmır. Məhz Ame­rika rəsmiləri Azərbaycanı dini dəyərlərə dözümsüzlükdə ittiham edən sayıqlama­ların müəllifləridirlər. Sözün həqiqi məna­sında, bu qədər saxtakar, ikiüzlü, riyakar, ədalətsiz və vicdansız zümrə görməmi­şik! Özü də bu, Azərbaycanın mədəniy­yət nümunələrinin dağıdılması faktlarına kar və kor olmaları fonunda xüsusi anti­insanilik, anithumanizm və antinormativi təsiri bağışlayır! 

Deməli, heç də şərt deyil ki, regional geosiyasi mənzərəni parçalamaq üçün kiməsə silah satasan. Hərçənd avropalı­lar və amerikalılar bundan da xali deyil­lər. Və bu ikili standartı Ermənistana çox sayda “mülki missiya” göndərsə belə, ört-basdır edə bilməzsən. 

Buradan maraqlı politoloji nəticə çıxarmaq olar. Cənubi Qafqaz istiqamə­tində Qərbin geosiyasi mövqeyi regionun dərindən parçalanmasına xidmət edir. Bu, o demək deyildir ki, Rusiya və ya İran ondan fərqlənirlər. Xeyr, fərq sadəcə, birinin digərindən daha “yumşaq” görün­məyə çalışmasından ibarətdir. 

Bu məqamdan region dövlətlərinin si­yasi normativlərə münasibəti məsələsinə keçə bilərik. Ermənistan sözdə normativ­ləri qəbul edir, əməldə isə tamam başqa addımlar atır. Uzun illər aparılan danışıq­larda erməni tərəfi masa arxasında de­mokratiya, barış, əməkdaşlıq və sülhdən dəm vurur, reallıqda isə yalnız öz təcavüz­karlığını möhkəmlətməyə çalışırdı. İndi aydın olur ki, bu işdə İrəvana Qərb də, Rusiya da ciddi dəstək vermişlər. Hətta Yaxın Şərqin beynəlxalq terror təşkilatla­rının mühəndis-texniki və quraşdırma təc­rübəsini Qarabağdakı erməni terrorçulara ötürmüşlər. Bir zamanlar ermənilərin və havadarlarının dilindən düşməyən “üçqat Ohanyan səddi” buna nümunədir. Yalnız Azərbaycan Ordusu gücü təcavüzkarın başını aşağı əydi, onu əzdi!

Ermənistan nə qədər siyasi normativ­lərə əməl etməyəcək, region bir o qədər geosiyasi parçalanmaya məruz olacaq! Ermənistanın sürüşkən, qeyri-müəyyən, tərəddüdlü mövqeyi hazırda Cənubi Qafqazın geosiyasi parçalanmasına im­kan yaradan başlıca faktordur. 

Bütün bunların fonunda müasir mər­hələdə regionun geosiyasi bütövlüyünü tə­min etməkdə ciddi rol oynayan bir politoloji məqama da diqqət yetirmək lazımdır. O re­gion geosiyasi baxımdan tam və bütövdür ki, orada mövcud olan dövlətlər müharibə təhlükəsindən uzaqdır, iqtisadi və siyasi təxribatlara məruz qalmırlar. Başqaları on­ların daxili işlərinə qarışmırlar. 

Bundan başqa, imzalanan regional müqavilələr və regional institutlar BMT-nin Nizamnaməsinin maddələrinə uyğun olmalıdır. Bu mənada region dövlətlərinin arasında uyğun sazişlər və müqavilələr imzalanmalıdır. Bu prizmada Cənubi Qafqazdakı mövcud duruma baxaq. 

Müharibə təhlükəsizliyi: uzaq, “yaşıl ada”

Çox təəssüf ki, bu, reallıqdır. 44 gün­lük savaşdan sonra regional böhranın yaranmamasının əsas səbəbkarı Azər­baycandır. Region bir çox tərəfdən mü­haribə təhdidləri ilə əhatə olunmuşdur. Yeni terror hadisələri, böyük dövlətlərin ədalətsiz addımları, reallığa uyğun olma­yan bəyanatları davam edir! Son zaman­larda İranda 103 insanın həlak olması ilə nəticələnən terror aktı digər fəsadları ilə yanaşı, Cənubi Qafqazı da geosiyasi ris­kə atır. Çünki rəsmi Tehran bu işdə böyük geosiyasi güclərin əli olduğunu israr edir! Bu məsələnin nə qədər təhdid olaraq qa­lacağını proqnozlaşdırmaq çətindir. Bu vəziyyəti daha da sürüşkən edir. Hələlik əlac regionda müsbət geosiyasi rol oyna­yan dövlətlərə qalmışdır. 

O cümlədən, Azərbaycan bütün im­kanları ilə Cənubi Qafqazda geosiyasi fəlakətin istənilən formada meydana çıx­maması üçün çalışır. Ekspertlər üçün çox maraqlıdır ki, rəsmi Bakı buna necə nail olur? Hansı qətiyyət, inam və güc qay­nağı ilə? Hələ də bu suallara doğru-düz­gün izah tapa bilmirlər. Çünki öncədən, obyektiv olaraq, Azərbaycanın tarixi, siyasi, dövlətçilik özəlliklərini dərindən araşdıra bilməmişlər. Onlar ermənilərin, rusların, farsların, avropalıların Azərbay­can haqqında əksər hallarda uydurma və aşağılayıcı cəfəngiyatları ilə beyinlərini iflic etmişlər. Hətta o dərəcdə obyektivlik hissini itirənlər var ki, televiziya auditori­yasında deyir ki, “Dağlıq Qarabağ Ermə­nistanın “tam ortasında yerləşir”! Bəli, bu cəfəngiyyatın müəllifi Fransa prezidenti E. Makrondur! Doğrudanmı Fransanın prezidenti Qarabağın coğrafi olaraq ha­rada yerləşdiyini bilmir? O Fransa ki, dünyaya M.Fuko, Q.Başlyar, J.Delyoz, P.Nora, A.Turen və çox sayda digər təfəkkür sahiblərini vermişdir! Mümkün deyildir! Ya da Qaston Başlyar bir şeydə haqlıdır. O yazırdı ki, ermənilər avropalı­ları şizofrenik hala gətirmişlər. Avropalılar reallıq hissini itirmişlər və erməni yalan­larına inanırlar – dünyaya bu yalanların pəncərəsindən baxırlar! Lakin yenə də...Fransanın prezidenti olan kəs... yox da! 

Amma məsələ Makronla da məhdudlaş­mır – daha fəlakətli olan məqamlar da vardır.

(ardı var) 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət