Böyük Britaniyanın “Qardian” qəzetində “ABŞ-dakı neonasistlər artıq Ukraynaya dəstəyi layiqli bir iş hesab etmirlər” başlıqlı məqalə dərc olunub. Qəzetin köşə yazarı Con Kreys belə qənaətə gəlib ki, Ukraynaya hərbi yardıma mane olan respublikaçılar kimi, amerikalı sağçı ekstremistlər də vaxtilə heyran olduqları müharibədən imtina edirlər. Məqalədə qeyd olunub ki, bir vaxtlar amerikalı ekstremistlərin təyinat yeri olan Ukrayna müharibəsinin iki ili ərzində Birləşmiş Ştatlarda gizli fəaliyyət göstərən ifrat sağçı hərəkat nümayəndələri savaşdan fəal şəkildə üz döndərir və ardıcıllarına münaqişədən uzaq durmağı tövsiyə edirlər.
Britaniyalı jurnalistin bu mövzuya toxunması təsadüfi deyil. İnternet resurslarından öyrənmək olur ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra dünyanın hər tərəfindən radikal sağçı baxışlara malik döyüşçülər savaş meydanlarına axışmışdılar. Bir çox media orqanlarında hər iki tərəfdən ekstremistlərin döyüşdüyünü təsdiqləyən foto-video materiallara da rast gəlmək mümkündür. Məsələn, Almaniyanın “Welt am Sonntag” qəzeti ötən il iyulun 29-da dərc olunmuş məqaləsində Ukraynada müharibə başlayandan bəri onlarla almanın döyüş bölgəsində savaşmağa getdiyini yazmışdı. Alman nəşri, həmçinin qeyd etmişdi ki, ümumilikdə, təhlükəsizlik orqanları “ekstremizmlə və ya siyasi motivli cinayətlərlə əlaqəsi olan” 61 nəfərin ölkədən getdiyini qeydə almışdı. “Welt am Sonntag”in məlumatına görə, ekstremistlərin 27 nəfəri Rusiya, 12-si isə Ukraynayönlü olmuşdu. Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, onların arasında həm sağçı, həm də solçu ekstremistlər var.
Müharibədə ABŞ-dan da çox sayda ekstremistin iştirak etməsi barədə məlumatlar yayılır. Amma son vaxtlar iddia olunur ki, amerikalı neonasistlər Ukraynanı tərk edirlər. Böyük Britaniyanın “Qardian” qəzetinin köşə yazarı Con Kreys vəziyyətlə bağlı araşdırmasında amerikalı ekstremistlərin Ukrayna müharibəsindən üz döndərmələrinin səbəblərini sadalayır. Müəllif yazır: “Ukrayna münaqişəsinin əvvəlində ABŞ Daxili Təhlükəsizlik Departamenti (DTD) kəşfiyyat bülleteni yaymışdı ki, son dərəcə sağçı amerikalı ekstremistlər Ukrayna tərəfində döyüşmək üçün Ukraynaya gedirlər və bu təcrübələrdən ABŞ-a qayıdarkən terror bacarıqlarını artırmaq üçün istifadə edə bilərlər”. Nəticədə, Ukrayna ordusu dünyanın hər yerindən 20 minə yaxın muzdlu əsgəri cəlb etdi. Münaqişənin başlamasından bir neçə həftə sonra “Boogaloo Boys” adlandırılan Amerika neonasist qrupu Ukraynaya getmişdi.
Bununla belə, 2023-cü ilin noyabr ayında sosial şəbəkələrdə səsli mesajında, ABŞ-da irqçi etirazları ilə tanınan neonasist “Qanlı qəbilə” şəbəkəsinin lideri, keçmiş dəniz piyadası Kristofer Polhaus davamçılarına “uşaqlarının” Ukrayna münaqişəsinə qoşulmasına icazə vermədiyini söyləmişdi: “Mən imkan verməyəcəyəm ki, bizim uşaqların səyləri və qanı müharibəyə getsin”. Amma K.Polhaus mesajında Ukraynada xalqın mübarizəsini dəstəkləməyə davam edəcəyini də bildirmişdi. Onun sözlərinə görə, şəbəkənin bəzi üzvləri “çox həvəslidirlər və bütün pullarını və resurslarını daxili fəaliyyətə, nifrət mitinqlərinə yönəldəcəklər. Eyni mesajda, K.Polhaus “Qardian” müəllifinə ABŞ-da Kiyevi dəstəkləyən sonuncu ictimai neonasist liderlərdən biri olduğunu etiraf edib. Məqalə müəllifi bildirir ki, DTD Ukraynaya gedən sağçı ekstremistləri izləməyə davam edib-etməməsi ilə bağlı çoxsaylı e-poçt sorğularına cavab vermir.
C.Kreys yazır ki, ABŞ-ın daha geniş neonasist hərəkatının bəzi üzvləri Ukraynadakı münaqişədən, hətta onların şücaətləri barədə hekayələr reallığa uyğun olmasa da, döyüşçü nüfuzunu möhkəmləndirmək üçün istifadə etdilər. Nəşr qeyd edir ki, K.Polhaus ilə işləyən və “Sümüklü üz” təxəllüsü ilə tanınan Florida ştatından olan Kent MakLellan yayda Ukraynadakı hadisələrdə iştirakı barədə yalan danışdığı üçün ifşa edilmişdi. C.Kreys, həmçinin iddia edir ki, Rusiya tərəfində də neonasistlər iştirak edirlər. Müəllif muzdlu “Vaqner Qrupu”nun həmtəsisçisi Dmitri Utkini xatırladır və onun nəinki təşkilatını Üçüncü Reyxin sevimli bəstəkarının şərəfinə adlandırdığını, həm də boynunun hər iki tərəfində “Waffen-SS” loqosunu döymə etdirdiyini diqqətə çatdırır.
Məqalədə qeyd olunur ki, müharibə Ukrayna üçün böhran nöqtəsindədir, çünki respublikaçılar Konqresdə ilk növbədə Meksika ilə cənub sərhədini möhkəmləndirmək və ABŞ-ın sığınacaq sistemində kəskin dəyişikliklər etmək tələbləri ilə Kiyevə yardımı əngəlləyirlər. Daha geniş kontekstdə ABŞ-da Ukrayna ilə bağlı müzakirələr praktik olaraq dayandırılıb, çünki Qəzza münaqişəsi və daxili problemlər bir vaxtlar dünyada geniş izlənilən bir hadisəni arxa plana keçirib. Müəllif iddia edir ki, insanları cəbhə bölgəsinə döyüş təcrübəsi üçün göndərməyin mənasız olduğunu görən, ölüm və ya geri qayıtdıqdan sonra həbs olunma riski çox yüksək olduğunu anlayan, amerikalı sağçı ekstremistlər Ukraynanı potensialı az olan münaqişə kimi görürlər.
Sentyabr ayında ABŞ-ın dağılmış neonasist terror qrupu “Atomvaffen Division” ilə əlaqəli məşhur sağçı nəşr bildirmişdi ki, Ukraynadakı münaqişə “artıq bizim üçün əhəmiyyətli deyil”: “Dünyanın yarısından uzaqda, evdə daha aktual məsələlər olduğu halda müharibə haqqında məlumat vermək, açığı bizim maraqlarımıza uyğun deyil”. Məqalə müəllifi yazır ki, bu, respublikaçı prezidentliyə namizədlər - Donald Tramp, Ron DeSantis və Vivek Ramasvaminin müharibəni uzaq problem kimi xarakterizə edən bəyanatlarını xatırladan bir əhval-ruhiyyədir. Ancaq cəmi 5 il əvvəl Ukrayna ifrat sağçı ekstremistlər üçün münbit təlim meydanı kimi görünürdü. Bununla bağlı C.Kreys maraqı məlumatları da paylaşır: “Beynəlxalq neonasist təşkilatı “Baza”nın yaradıcısı, Pentaqonun sabiq podratçısı Rinaldo Nazzaro öz qrupunun gizli iclasında bildirmişdi ki, Ukraynadakı münaqişəni “potensial öyrənmə fürsəti” kimi qiymətləndirir. Ancaq indi R.Nazzaro qəzetə açıqlamasında bildirib ki, “üzvləri Ukraynada həyatlarını riskə atmadan başqa bir yerdə adekvat təlim tapa bilərlər”. Müəllif əlavə edir ki, “Baza”nın keçmiş üzvlərindən biri, Rayan Burçfild isə 2019-cu ildə ultramillətçi yaraqlılara qoşulmaq üçün Ukraynaya getmişdi. Onun gəlişindən az sonra Ukrayna kəşfiyyatı Burçfildi və başqa bir amerikalını terror fəaliyyətinə görə deportasiya etmişdi.
Məqalədə vurğulanır ki, hüquq-mühafizə orqanlarının təhdidi də Ukraynaya getməyə çalışan sağçı ekstremistlər üçün əsas maneə rolunu oynayır. C.Kreys belə qənaətə gəlir ki, Skandinaviya, Polşa, Belarus və Rusiyadan olan sağçı millətçilər cəbhə xəttində xidmət ediblər. Amma indi ekstremistlər üçün münaqişəyə qoşulmağın real perspektivi praktiki və maddi-texniki çətinliklərlə yanaşı, həyat və sağlamlıq üçün də yüksək risk yaradır. Digər tərəfdən, Avropa neonasistləri üçün münaqişə artıq astanadadır: “Nəzarətsiz rus imperializmi hələ də qitədəki millətçi hərəkatlar tərəfindən təhdid olaraq görülür. Onlar hesab edirlər ki, amerikalılar və onların hərəkatının ingilisdilli üzvləri Kremlin təbliğat maşınının reallığından xəbərsizdirlər”.
Beynəlxalq terrorla mübarizə mərkəzinin baş elmi işçisi və proqram rəhbəri Kasper Rekavekin sözlərinə görə, “Biz münaqişəyə onlayn heyranlığı bəzi ultrasağçı bölmələrin Ukrayndakı döyüş əməliyyatlarında real iştirakları ilə qarışdırırıq”. Rekavek deyib ki, avropalılarla müqayisədə amerikalı ekstremistlərin hərbi münaqişəyə qoşulmalarında əsas maneələr məsafə və dil baryeridir: “Ora uzaqdır, ünsiyyət də tanış olmayan dildədir və orada soyuqdur”.
Səbuhi MƏMMƏDOV
XQ