“Qərbi Azərbaycana qayıdış” III festival-konqresi ilə bağlı media üçün brifinq keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev “Qərbi Azərbaycana qayıdış” III festival-konqresi ilə bağlı media nümayəndələri üçün brifinq keçirib. 

Rektor qeyd edib ki, birincisi Naxçıvan şəhərində, ikincisi Batabat yaylağında keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin növbəti mərhələsi Ordubad rayonunda təşkil olunacaq. Əvvəlki illərdə keçirilən konfrans və elmi sessiyaların bu sahədə mühüm elmi baza formalaşdırdığı, yeni tədqiqat istiqamətlərinin yaranmasına şərait yaratdığı diqqətə çatdırılıb. Bildirilib ki, həmin tədbirlər həm akademik, həm də mədəni mühitdə geniş maraq doğurub və Qərbi Azərbaycanın tarixi-mədəni irsinin daha dərindən araşdırılmasına mühüm töhfə verib. Rektor vurğulayıb ki, “Qərbi-Azərbaycana qayıdış” festival-konqresi bugünədək müxtəlif formatlarda 20000 nəfərdən çox iştirakçıya çatıb.

Bildirilib ki, cənab Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq təşkil olunan tədbir Qərbi Azərbaycanın tarixi həqiqətlərinin elmi əsaslarla araşdırılması, milli-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Rektor qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycan və xarici ölkələrin universitetlərini təmsil edən alimlər, tədqiqatçılar, dövlət rəsmiləri, millət vəkilləri, incəsənət xadimlərinin iştirakı gözlənilir.

Brifinq zamanı festival-konqres çərçivəsində keçiriləcək elmi konfrans, sərgilər, mədəni proqramlar və texnoloji yeniliklər barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, tədbirin əsas yeniliklərindən biri Qərbi Azərbaycana virtual səyahət olacaq. VR gözlüklər vasitəsilə təşkil olunacaq səyahət ziyarətçilərə Qərbi Azərbaycanın tarixi şəhər və kəndlərini, mədəni abidələrini və füsunkar təbiətini yaxından görmək və hiss etmək imkanı yaradacaq. 

Elbrus İsayev festival-konqres çərçivəsində keçiriləcək memarlıq sərgisi barədə məlumat verib. Bildirib ki, sərgidə Qərbi Azərbaycanın qədim şəhərsalma ənənələri, milli memarlıq nümunələri, tarixi yaşayış məskənləri, məscidlər, körpülər, karvansaralar və digər abidələr nümayiş etdiriləcək. Bu sərgi “Şəhərsalma və Memarlıq İli”nə töhfə kimi qiymətləndirilib.

Tədbir çərçivəsində Qərbi Azərbaycanın folkloru, kulinariyası, xalçaçılığı, toxuculuğu və zəngin mədəni irsi geniş şəkildə təqdim olunacaq.

Brifinqdə tədbirin konqres hissəsindən də bəhs edən rektor qeyd edib ki, konqres müddətində 8 müxtəlif istiqamət üzrə elmi məruzələr dinləniləcək, ustad dərsləri, dəyirmi masalar, kitab təqdimatları keçiriləcək. “Rəqəmsal dünya və Qərbi Azərbaycan” mövzusunda elmi istiqamət konqres hissəsinin yeniliyi kimi xüsusi vurğulanıb. 

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Səbuhi HƏSƏNOV
XQ







Sosial həyat