Zəngəzur dəhlizi açılmasa, Ermənistan yenə dalanda qalacaq

post-img

Vətən müharibəsindən ötən 3 il ərzində regionda yaranan geosiyasi durum təhlil ediləndə, ilk növbədə, ölkəmizin sülhpərvər mövqeyi aydın nəzərə çarpır. Bununla yanaşı, rəsmi İrəvanın Qarabağ məsələsini yenidən dondurulmuş vəziyyətdə saxlamaq, status-kvonu qeyri-müəyyən müddətə qədər uzatmaq niyyəti, işğalçının revanş üçün hazırlıq planı və yekun həll prosesini diplomatik dalana dirəmək cəhdi isə onun münaqişəni aradan qaldırmağa çalışmadığını ortaya qoyur. Bu, özünü Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli Bəyanatın indiyədək tam həll olunmamasında da aydın göstərir. 

Bu kontekstdə ötən gün yerli televiziya ka­nallarına müsahibə verən Azərbaycan Prezi­denti İlham Əliyev, əslində, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün rəsmi Bakı­nın bütün şərtlərini bir daha ifadə etdi və qarşı tərəf üçün normallaşma prosesinin “yol xəritə­si”ni diqqətə çatdırdı.

Dövlətimizin başçısı müsahibədə Tbilisi­də İpək Yolu Forumunda Ermənistanın baş nazirinin “erməni qovşağı” layihəsinin adı dəyişdirilmiş forması olan “sülhün kəsişmə­si” təşəbbüsünə də münasibət bildirdi. Qeyd edək ki, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan arasında kommunikasiyaların yaradılması və inkişafını nəzərdə tutan belə bir ideya, əslində, yeni deyil. Bu, Azərbaycan tərəfindən üç il bundan əvvəl səsləndirilib və hazırda Nikol Paşinyan həmin təklifin müəllifi kimi çıxış edir. 

Müxbirin bu məsələ ilə bağlı sualına ca­vabında dövlətimizin başçısı regionda Azər­baycanın razılığı olmadan belə layihələrin reallaşmasının mümkünsüzlüyünü vurğuladı. Ölkə rəhbəri fikrinə əlavə olaraq bildirdi ki, Er­mənistanın bu təşəbbüsü öz adına çıxması, əslində, sadəcə olaraq, piar aksiyadır. Çünki işğalçı dövlət, bununla əlaqədar məlun 10 no­yabr üçtərəfli Bəyanatın müvafiq müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. Ona görə bunu pərdələmək, eyni zamanda, “Zəngəzur dəhlizi” sözünü sil­dirmək üçün belə bir təklif irəli sürür.

Azərbaycan rəhbəri müsahibəsində “Zəngəzur dəhlizi” sözünün Ermənis­tanı çox qıcıqlandırdığını vurğulayaraq dəhlizin hər hansı bir ölkənin suveren­liyini şübhə altına almadığını bildirdi. Vurğuladı ki, Şimal–Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. “Şərq–Qərb dəhlizi” ifadəsinə isə hansısa məntiqlə Ermənistan fərqli baxışla yanaşır. Döv­lətimizin başçısının haqlı olaraq qeyd etdiyi kimi, qarşı tərəf bunu “erməni yol kəsişməsi”, yaud “yolayırıcı”, daha sonra isə “sülh yol kəsişməsi” adlandı­rıb. Amma faktiki olaraq bu, piar aksi­yadan başqa bir şey deyil.

Prezident İlham Əliyev müsahibə­də bir daha məlum 10 noyabr üçtərəfli Bəyanatın müvafiq müddəasını xa­tırladaraq Ermənistanın, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazi­də Azərbaycana maneəsiz keçid ver­mək öhdəliyini üzərinə götürdüyünü, Azərbaycandan Azərbaycana, yəni respublikamızın digər ərazilərindən Naxçıvana gedən yüklərin, eləcə də vətəndaşlar və avtonəqliyyat vasitələ­rinin heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçidinə əngəl törətmək istə­yini diqqətə çatdırıb. Dövlətimizin baş­çısı bununla bərabər, digər ölkələrin yüklərinin Ermənistan ərazisindən da­şınması prosesində isə bütün gömrük rüsumlarının tətbiqinin ədalətli mövqe olduğunu xatırladıb. 

Ölkə rəhbəri müsahibədə Zəngə­zur dəhlizi ilə bağlı daha bir önəmli məqama – yolun təhlükəsizliyi ilə bağlı məsələyə də toxundu: “Mən dəfələrlə Ermənistan rəhbərliyinə demişəm ki, Ermənistanın qarantiyaları bizə kifayət deyil. 10 noyabr Bəyanatında göstəril­mişdi ki, Rusiya sərhədçiləri 42-43 kilo­metr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki bu da məntiqli deyil. Çünki Rusiya sər­hədçiləri Ermənistanın, İrəvanın aero­portundadırlar, Ermənistan-İran, Ermə­nistan-Türkiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər? Sadəcə olaraq, bu, bir bəhanədir ki, bu yol açılmasın...”.

Bu məqamda xatırladaq ki, ötən müddətdə Ermənistanın havadarları, məsələn, Fransa dəhlizin açılmasına hər vəchlə mane olmağa çalışıb, hətta bu məsələ ilə bağlı Azərbaycana iftira atmaqdan belə çəkinməyib. Məsələn, işğalçı dövlətin mənafeyini müdafiə edən, haqq-ədalətdən dəm vuran bəzi dövlətlər, guya bu yol açılmasa, ölkə­mizin güc tətbiq edərək məqsədini re­allaşdırmaq istəyində olması ilə ittiham ediblər. 

Prezident İlham Əliyevin sözləri ilə desək, halbuki bu, cəfəng bir itti­hamdır. Belə ucuz şayiələri yayan da Fransadır. Biz dəqiq bilirik ki, hər yerdə danışırdılar və bu gün də yəqin ki, da­vam edir ki, bu gün-sabah Azərbaycan Ermənistana hücum edəcək. Halbuki bunun heç bir əsası yoxdur, heç bir hazırlıq da getmir və bu gün hazırlığı gizlətmək də mümkün deyil. Çünki hər şey yuxarıdan, peykdən görünür, digər informasiya mənbələri var...

Müsahibədə Azərbaycanın dəh­liz infrastruktur ilə əlaqədar bundan sonrakı fəaliyyətinə də nəzər salınıb. Belə ki, üç il ərzində bölgədə sülhün, əmin-amanlığın bərpasını istəməyən qüvvələrin pozuculuğunun sonunu gözləmədən ölkəmiz alternativ yol seç­mək fikrini reallaşdırdı–Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdiril­məsi qərarına gəlindi. Bununla bağlı artıq İranla razılıq əldə edilib. Ötən qısa müddətdə infrastrukturun təməlqoyma mərasimi keçirilib. Hazırda Ağbənd is­tiqamətində artıq birinci körpünün inşa­sına başlanılıb və ikinci körpünün isə cari il Ordubad istiqamətində tikintisi nəzərdə tutulub. 

Yeri gəlmişkən, Ermənistanın ma­nipulyasiya edərək Azərbaycanın əsas hissəsindən Naxçıvana təklif etdiyi marşrut tamamilə yararsız haldadır və o yolun mütəmadi işləməsi mümkün deyil. Çünki həmin marşrutun keçdiyi ərazi relyef baxımından əlverişsizdir, yol payız-qış aylarında çox vaxt bağ­lı olur. Belə halda ən səmərəli variant Mehri ərazisindəndir. Bu coğrafiyada sovet vaxtında dəmir və avtomobil yol­ları istismar olunub. Ermənistanın belə bir ədalətli, həmçinin səmərəli təkliflə razılaşmadığı təqdirdə şübhəsiz ki, iq­tisadi-ticari əlaqələrində acınacaqlı və­ziyyət yaranacaq. 

Dövlətimizin başçısı müsahibəsin­də Xəzər regionunun Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilməsi, hətta 2030-cu ilə qədər bu potensialın 30 faiz artırılmasının plan­laşdırılması, həmçinin ölkəmizin bu il COP29 kimi böyük bir tədbirə evsa­hibliyi edəcəyi ilə bağlı üzərinə düşən vəzifələr barədə ətraflı bəhs etdi. Döv­lətimizin başçısı, eyni zamanda, bütün bunların Azərbaycan üçün mühüm önəm daşıdığını, respublikamızın beynəlxalq nüfuzunu göstərdiyini və uğurlu siyasətimizdən xəbər verdiyini bildirib. 

Ölkə rəhbəri COP29-la bağlı son hadisələrin gedişatını təhlil edərək çox dəqiq və düşünülmüş diploma­tik addımlar nəticəsində bu mötəbər tədbiri Azərbaycanda keçirmək üçün əlverişli imkan əldə edildiyini vurğu­layıb: “COP30-un ev sahibi bəlli olsa da –Braziliya, COP29-un ev sahibi son günlərə qədər bəlli deyildi. Xüsusilə son həftələr ərzində, hətta COP konf­ransı Dubayda başlayandan sonra da hələ aktiv diplomatik təmaslar davam edirdi və biz burada da istədiyimizə nail olduq. Halbuki burada da, yenə də bizim dırnaqarası ənənəvi dostlarımız hər iki tədbirdə bizə əngəl törətməyə çalışırdılar, COP29-da, necə deyərlər, daha gizli formada. Çünki burada, eyni zamanda, bölgədə sülhə doğru bir ad­dım nəzərdə tutulurdu və bu addıma qarşı getmək, əlbəttə ki, heç kimə şərəf gətirməzdi...”.

Deməli, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəf­lər Konfransının 29-cu sessiyası, yəni COP29-un bu il Azərbaycanda keçirilə­cəyinə əngəllər göstərilsə də, son nəti­cədə bütün cəhdlər boşa çıxıb, ədalət qalib gəlib. Bununla bağlı qərar isə ötən il dekabrın 11–də Dubayda keçiril­miş plenar iclasında qəbul olunub. 

COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçil­məsi ölkəmizə yüksək etimadın göstə­ricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiy­yətlidir ki, bu, Azərbaycanın lokal anti­terror tədbirlərindən iki ay yarım sonra verilib. Bu isə dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstə­yindən xəbər verir. Bu tədbir Azərbay­canın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçiril­məsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırıl­masına böyük təkan verəcək.

Müsahibədə vurğulandığı kimi, 2024-cü ildə ölkəmizdə keçiriləcək COP29 dünyanın ən aktual bəşəri prob­lemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformadır. Bu tədbirin Azərbaycanda keçirilməsi böyük etima­dın göstəricisi olmaqla, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və eti­barlı tərəfdaş mövqeyini təsdiqləyir.

Azərbaycan BMT-nin İqlim Dəyiş­mələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələ­rinə qarşı mübarizədə öz töhfəsini verir. SOCAR-ın COP28-də metan tullantıla­rının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkəmizin iqlim prob­lemlərinə həssaslığının təzahürüdür.

Qeyd edək ki, “Yaşıl iqtisadiyyata keçid” və “yaşıl enerji” təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasə­tinin prioritetlərindəndir. Dövlət başçısı­nın müvafiq sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həm­rəylik ili” elan edilməsi də bu istiqamət­də təşəbbüsləri stimullaşdıracaq.

Prezident İlham Əliyev yerli televi­ziya kanallarına müsahibəsində Bö­yük Qayıdış Proqramına da toxunaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən sürətli bərpa və yenidənqurma layihələrinin icrası ilə bağlı fikirlərini də bölüşüb. Dövlətimizin başçısı bununla əlaqədar hesabat ilində qarşıda duran vəzifələr­dən bəhs edib və yerli sahibkarların, həmçinin xarici investorların bu işlərə daha da fəal cəlb olunması üçün han­sı institusional addımlar atılmasından bəhs edib. Ölkə rəhbəri müsahibədə, ilk növbədə, işğaldan azad olunan ərazilərdə infrastruktur layihələri ilə yanaşı, əsas nailiyyəti–beş yaşayış məntəqəsinə keçən köçkünlərin məs­kunlaşdığını diqqətə çatdırıb.“Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o ya­şayış məntəqələrinə keçmiş köçkünlə­rin qaytarılması davam edəcək. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə mənim tərəfimdən təsdiq olunacaq, bir neçə dəfə artıq müzakirədən keçib. Həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnves­tisiya Proqramı bizim əsas alətimizdir, bərpa üçün əsas alətimizdir”,–deyib. 

Xatırladaq ki, cari il Qarabağ və Şərqi Zəngəzurda infrastruktur la­yihələrinin icrası davam etdiriləcək, su anbarları, yollar, körpülər, dəmir yolla­rı, məktəblər və xəstəxanaların tikintisi diqqətdə saxlanılacaq. İçməli su xətlə­ri, elektrik enerjisi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə xüsusi önəm ve­riləcək. Sərsəng və Xaçınçay su an­barlarının bərpası məqsədilə tədbirlər görüləcək. Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışı re­allaşacaq. Zabuxçay Su Anbarının ti­kintisi isə bu il tamamlanacaq. Bütün bunların nəticəsində böyük bir ərazinin suvarma suyu ilə təminatı öz həllini ta­pacaq. 

Bu gün düşməndən təmizlənən əra­zilərdə sənaye müəssisələri yaradılır. Artıq Ağdam və Cəbrayılda iki böyük sənaye zonası fəaliyyət göstərir, əra­ziləri getdikcə genişlənir. Belə bir sürət­li bərpa-quruculuq işləri daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına– Şuşa, Cəbrayıl, Kəlbə­cər, Xankəndi və Xocalı şəhərlərinə qaytarılmasını da şərtləndirir. 

Dövlətimizin başçısı müsahibədə Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtmasının nəzərdə tutulduğunu, Xocalının Kərkicahan, Malıbəyli, Turş­su kəndlərinin də bərpasına artıq start verildiyini də bildirib və 2026-cı ilin so­nuna qədər 140 min keçmiş köçkünün öz dədə-baba torpaqlarına qaytarılma­sının əsas vəzifə olduğunu vurğulayıb. “Əminəm ki, biz buna da nail olacağıq. Onu da bir daha bildirməliyəm ki, bütün bunları biz öz daxili imkanlar hesabına edirik. Heç bir donor təşkilatı, heç bir digər tərəf bizə kömək göstərmir. An­caq Özbəkistan və Qazaxıstan Füzu­lidə iki məktəbin tikintisi ilə bağlı bizə qardaş dəstəyi göstərmişdir, bütün qa­lan layihələr daxili imkanlar hesabına reallaşdırılır”,–deyə ölkə rəhbəri qeyd edib. 

Vaqif BAYRAMOV
XQ



Siyasət