Prezidentin qətiyyət formulu – ədalətə inamın Zəfər manifesti

post-img

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində çoxsaylı vacib məqamların üzərində dayandı. Dövlətimizin başçısı bu müsahibə ilə həm yola saldığımız 2023-cü illə bağlı, həm Prezident kimi, fəaliyyətinin 20 illiyinə dair hesabat verdi, həm də ümumən Azərbaycanın 1993-cü ildən başlayaraq inkişaf dinamikasını əks etdirən kifayət qədər dolğun məzmunlu fikirlər səsləndirdi. 

Prezident güclü və qüdrətli, öz məqsədinə doğru inamla, qətiyyət­lə, səbr və təmkinlə irəliləyən Azər­baycan obrazını canlandırdı. Bu ob­raz 1993-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdiril­miş siyasət xətti əsasında meydana çıxaraq ayaqda qalmaq, var olmaq naminə dirəniş və əzm göstərmişdi. Dövlət başçımızın davam etdirdiyi kurs isə ona qətiyyət və prinsipial­lıq immuniteti qazandırdı. Ən böyük uğur da elə budur. Uğurun Zəfər zirvəsi Azərbaycanın gördüyü çətin­liklərin, yaşadığı məhrumiyyətlərin mükafatı olmaqla yanaşı, ədalətin təntənəsidir. 

Bəli, Azərbaycan Silahlı Qüvvələ­rinin 2023-cü ilin sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimi­zin bərpası haqqın və ədalətin təcəl­lisidir. Haqq və ədalət mübarizəsinin davamı baxımından bazadır, etibarlı təməldir, eyni zamanda, gələcək ta­rixi mərhələ üçün münbit zəmindir. Onu da əminliklə söyləmək müm­kündür ki, 2024-cü ildə dövlətimiz və xalqımız üçün yeni tarixi mərhələ başlayır ki, fevralın 7-də keçiriləcək Prezident seçkiləri ilə həmin mər­hələyə uğurlu start veriləcəyi şübhə­sizdir. Mövcud məqam Prezident İlham Əliyevin özünəxas üslubda verdiyi izahda da əksini tapır: “Bu gün ölkə qarşısında duran yeni və­zifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxa­rıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düz­gün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmiz­də gedən proseslər nöqteyi-nəzə­rindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır”.

Ədalətə inanmaq. Prezident İlham Əliyevin müsahibəsindəki bu fikir parlaq səslənir. Ulu öndər Heydər Əliyev inamı gənc respublikanın düçar olduğu say­sız-hesabsız problemlər içərisindən, san­ki, şam işığı ilə tapıb cəmiyyətə təqdim etmişdi. Ümummilli lider, demək olar ki, hər çıxışında haqq davamız üçün ideoloji zəmin hazırlamışdı. Bu böyük şəxsiyyət ədalətə inam hissini Qarabağ dərdimizin qaysaq bağlamasına imkan vermədən aşılamışdı. 

Prezident İlham Əliyev 2003-cü il­dən başlayaraq, eyni kursu reallaşdır­maqla, Qarabağın və işğal edilmiş digər yurd yerlərimizin timsalında həm haqq və ədalət mübarizəmizi möhkəmlən­dirdi, həm də əməli fəaliyyəti ilə inamın təntənə anına qovuşması naminə, bir növ, yol xəritəsi müəyyənləşdirdi. Döv­lətimizin başçısı da ulu öndər Heydər Əliyev kimi, bütün mötəbər beynəlxalq tribunalarda Qarabağ həqiqətlərini təbliğ etdi. Ən əsası isə inama fövqəltəbii libas biçdi, ona özündə bütün qlobal siyasi oyunların təsirindən sığortanı, qorunma­nı birləşdirən zireh qazandırdı. Elə bir zi­reh ki, Qarabağ itkisinin gətirdiyi sarsın­tıların xalqın ruhunu sındırmasına imkan vermədi. Halbuki, belə bir təhlükə var idi: “Çünki 30 il ərzində ədalətə inam Azər­baycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı və istənilən cəmiyyət üçün bu, yaxşı hal deyil. Bu, istər-istəməz in­sanların şüuruna mənfi təsir göstərir, ruh düşkünlüyünə gətirib çıxara bilir, bədbin­lik hisslərinin cəmiyyətdə geniş vüsət al­masına şərait yaradır. Yəni, cəmiyyətin, sağlam cəmiyyətin yaranması, möhkəm­lənməsi üçün bu amillər çox təhlükəlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə de­yirdim ki, dünyada beynəlxalq hüquq iş­ləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq de­yil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prin­sipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmi­şik. Ona görə bu, o cümlədən bu nöqte­yi-nəzərdən də önəmlidir, çünki ədalətə inam bərpa edildi. Yəni, biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik”.

Bəli, biz ədaləti özü bərpa edən xalqıq. Ancaq nəzərə almalıyıq ki, ötən otuz ilin müəyyən mərhələlərində sən­giməkdə olan Qarabağ inamımızı qa­nunauyğunluq kimi təlqin etmək, daha doğrusu, sırımaq cəhdləri olub. Axı ay­rı-ayrı xarici qüvvələrin erməni işğalını leqallaşdırmağa səy göstərdikləri yaxşı xatirimizdədir. Bu qüvvələr müxtəlif la­yihələrlə Azərbaycan cəmiyyətinə sax­ta beynəlmiləlçilik ab-havası gətirməyə cəhd etmişdilər. Əslində, ədalətə inamı öldürmək, bütövlükdə Azərbaycan-Er­mənistan danışıqlarının ahənginə təsir göstərmək, təslimçilik xətti götürmüş­dülər. Ancaq istəklərinə nail ola bilmə­mişdilər. Ona görə ki, ulu öndər Heydər Əliyevin aşıladığı barışmazlıq ruhu Pre­zident İlham Əliyevin şəxsində dövlət siyasətinin, o cümlədən, Qarabağ ni­zamlamasının leytmotivini təşkil etmişdi. Bu leytmotiv xalqımızın xoşbəxtlik axta­rışındakı ən böyük dirənişdir. Dirənişdə dövlətimizin başçısının da vurğuladığı kimi, əsas halqanı məqsədlərə çatmaq üçün minimum təzyiqlə üzləşmək takti­kası, bütün manipulyativ təklifləri nəzərə almadan, böyük hədəfə doğru məqsəd­yönlü hərəkət təşkil etmişdi. Bu mənada Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər siyasi dərsliklərə düşəcək qədər mötəbərdir: “Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada hansısa əlverişli görünə biləcək nailiyyət dalınca qaçmaq lazım deyil. Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll et­məliyik, ərazi bütövlüyümüzü, suveren­liyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib ol­masa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsinlər. Bax, əsas məsələ bu idi. Əlbəttə, hamımız xoşbəx­tik ki, biz bu tarixi günləri gördük, yaşadıq və bu tarixi Zəfər Azərbaycan xalqının, dövlətinin tarixində əbədi qalacaq”. 

***

Əlbəttə, ali hədəflərə doğru yol heç vaxt asan olmur. 2020-ci ilin Vətən mü­haribəsinədək qarşılaşdığımız çətinlikləri dəf etmək son dərəcə müşkül idi. Amma müharibədən sonrakı durumun da ağır­lığını xüsusi vurğulamağa ehtiyac var. Prezident İlham Əliyev müsahibəsində həmin məqama dolğun şəkildə nəzər salır. Dövlətimizin başçısının bildirdiklə­ri əsəb müharibəsinin fraqmentləri kimi müstəsna tarixi əhəmiyyətə malikdir və heç şübhəsiz, zaman keçdikcə 2020-ci ildən sonra apardığımız psixoloji savaşın bütün incəlikləri açıqlanacaq. 

Nəzərə alaq ki, bir sıra tarixi proseslər üzərindən müəyyən müddət keçdikdən sonra vətəndaşlıq hüququ, tarixin yadda­şında əbədi qalma üstünlüyü qazanır. Bu aspektdən yanaşsaq, ötən il aprelin 23-də yaşanmış hadisə də şanlı tariximizin bir parçasıdır. Həmin tarixdə Həkəri çayı üzə­rində yaradılmış “Laçın” sərhəd-buraxılış məntəqəsi 2020-ci il noyabrın 8-də yaşan­mış Şuşa zəfərinin tamlaşmasını təmin etmişdi. Dövlətimizin başçısı da bu məqa­mı qabardaraq bildirir ki, 19-20 sentyabr əməliyyatının qısa müddət ərzində apa­rılmasının əsas səbəbi Laçın istiqamə­tində Azərbaycan-Ermənistan sərhədinin nəzarətdə olması idi. “Çünki separatçılar artıq silah-sursata malik olmaq üçün bu imkanlardan da məhrum edilmişdilər”, – deyən Prezident İlham Əliyevin 44 günlük müharibədən sonrakı dövrdə Azərbaycan Silahlı Qüvvələrinin gerçəkləşdirdiyi bütün əməliyyatların strateji əhəmiyyətini vur­ğulaması bir daha onu göstərir ki, dövlət suverenliyimizin bərpası güclə düşünül­müş, məntiqi siyasətin müqəddəs vəhdət məhsuludur. 

Bəli, sentyabrın 20-də yaşanmış təntənə Prezidentin ölçülü-biçili siyasət trayektoriyasının parlaq nəticəsi idi. Əl­bəttə, bu hadisənin, ilk növbədə, Azər­baycanın dövlət suverenliyini bərpa etmək əzminin göstəricisi olduğunu vur­ğuladıq. Ancaq böyük siyasətdə bir çox şeyləri məqsədə doğru səbirlə irəliləmək həll edir. İlham Əliyev şəxsiyyətinin sə­birli yanaşması hansısa strateji hədəfi ertələmək məntiqindən uzaqdır. 

Azərbaycan cəmiyyəti 20 il ərzində yaxşı gördü ki, əgər dövlətimizin başçısı məsələyə səbirli münasibət göstərirsə, deməli, hədəfə doğru yol daha böyük konseptuallıq qazanır. Çünki səbir hədə­fi cilalayır, məfkurə halına gətirir, sanki onu düşüncələrə hopdurur. Əslində, ötən müddətdə dövlətimizin Qarabağ ermə­nilərinə, o cümlədən, onları alətə çevir­miş separatçılara çağırışları da bunun təsdiqidir. Tam qətiyyətlə demək olar ki, 2020-ci ildən sonrakı psixoloji mühari­bənin ən böyük komponenti dövlətimizin başçısının davranışlarında özünü qaba­rıq göstərən təmkin meyarıdır. Bu meyar konseptualdır, sistemlidir və oyun qay­dalarının pozulması ilə müşayiət edilən istənilən meyili dərhal müəyyənləşdirmək təbiəti ilə silahlanıb. Müəyyənləşdirmək həm də səhvə məcbur edərək zərər­sizləşdirməkdir. Ona görə də Prezident İlham Əliyev bildirir ki, antiterror tədbirlə­rinədək Qarabağda qanunsuz seçkilərin keçirilməsi razılaşmanın pozulması idi: “Bildiyiniz kimi, sentyabrın 9-da həmin qanunsuz seçkilər keçirilmişdi və o, ikin­ci qırmızı xətt idi. Çünki birinci qırmızı xətt Ermənistanın baş naziri Paşinyanın sentyabrın 2-də separatist rejimə təbrik məktubunun göndərilməsi idi. Bu, həm qırmızı xəttin pozulması idi, həm də ki, ümumiyyətlə, çox təzadlı bir addım idi. Çünki ondan qabaq Ermənistanın baş naziri Qarabağı Azərbaycan torpağı kimi rəsmən tanımışdı və bunu dəfələrlə bə­yan edirdi”.

Göründüyü kimi, səbir kasasının daş­dığı anlar da olur. Prezident müsahibə­sində bununla bağlı məqamları dolğun notlarla diqqətə çatdırır. Dövlətimizin başçısı antitettor tədbirlərini labüdləş­dirən məqamları açıqlayır və bu sırada beynəlxalq ictimaiyyətin bəzi qütblərinin Qarabağda separatizm yuvasını saxla­maq cəhdlərindən tutmuş, Ermənistanın həmin cəhdlərdən illüziyaya qapılaraq, həyata keçirdiyi təxribatçı əməllərə, o cümlədən, yüzlərlə insanımızın həyatına son qoymuş mina terrorunadək, bir sıra məsələlər üzərində dayanır. 

Bütün bunlara layiqli cavab verilmə­li idi və cəmi 23 saat ərzində verildi də. Amma dövlətimizin başçısı qarşıya qoyu­lan hədəfə 23 saat deyil, daha tez çatıldı­ğını da açıqladı ki, bu da lokal xarakterli antitettor tədbirləri ilə əlaqədar gələcək tədqiqatların mövzusu kimi nəzərdən keçirilməsi vacid olan amildir. Preziden­tin vurğuladığı bu xüsus da son dərəcə vacibdir: “Həm Ermənistan rəhbərliyinə, həm beynəlxalq aktorlara deyirdim ki, bir dəqiqə ərzində mən düyməyə basıb bu əməliyyatı keçirəcəyəm, heç nə də edə bilməyəcəksiniz. Açıq deyirdim onlara. Bu hadisələrin gedişatı onu göstərdi ki, – hesab edirəm bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayanan­lar üçün də bir dərs olmalıdır, – bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”.

***

Prezident İlham Əliyevin Azərbaycan – Ermənistan münasibətləri ilə bağlı üzə­rində dayandığı başlıca məqamlardan biri də Fransanın ölkəmizə qarşı tutduğu yarıtmaz mövqedir. Əlbəttə, bu mövqenin bir adı var – qatı ermənipərəstlik. Qeyd edək ki, məhz ermənipərəstlik son vaxt­lar Paris və Bakı arasındakı ziddiyyətlərin birmənalı çıxış nöqtəsidir. Bütün bunların fonunda yenə də sual yaranır: Fransanın Azərbaycandan istədiyi nədir? 

Dövlətimizin başçısı bu suala cava­bında hər iki ölkənin qarşılıqlı münasi­bətlərinin tarixinə ekskurs edərək, kifayət qədər, pozitiv cəhətləri sadalayır. Onun söylədiklərindən hasil olan qənaət budur ki, bütün müsbət məqamlar 44 günlük müharibədən sonra sıradan çıxdı. Daha doğrusu, mühüharibədə ölkəmizin qa­zandığı Zəfərdən sonra. 

Belə ki, Fransa Senatı separatçı reji­mi müstəqil dövlət kimi tanıdı, Paris Qa­rabağ məsələsini dəfələrlə BMT Təhlükə­sizlik Şurasına çıxarmağa, Bakını işğalçı kimi təqdim etməyə səy göstərdi. Əlbət­tə, bütün bunların heç bir faydası olmadı. “Zənnimcə, ən azı 5 dəfə bu cür cəhdlər edildi və onların hamısı tam uğursuzluq­la nəticələndi, çünki ölkələrin əksəriyyəti bizi dəstəklədi və bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sa­yını toplaya bilmədilər. Bu, əlbəttə, onlar üçün çox güclü siyasi zərbə idi, çünki biz belə desək, onlara öz meydançalarında qalib gəldik. Həmçinin düşünürəm ki, Avropa İttifaqının onlara qoşulmaması da böyük bir zərbə oldu, hərçənd məlum oldu ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri, təəssüf ki, Fransanın Azərbay­cana qarşı siyasətinə dəstək verənlərin arasında yer alıb. Lakin, ümumilikdə, Avropa İttifaqı ölkələri Azərbaycana mü­nasibətdə vahid mövqe üzrə razılığa gələ bilmədilər, Fransa isə məhz sanksiyalar­da və başqa addımlarda israr edirdi. Ar­tıq bu tezislər səsləndirilib və onlar belə desək havadan asılı qalıb, sözdən əmələ keçməyib”, – deyən dövlətimizin başçı­sının ermənipərəst Parisin siyasi rəzillik etüdlərini canladırdığı aşkardır. Nəzərə alaq ki, Fransanın fiasko meydanı yalnız BMT ilə məhdudlaşmır. Bu sırada Avropa İttifaqı və Avropa Parlamenti də var.

Amma Azərbaycan Fransadan qo­runmaqla kifayətlənmir, habelə ona qar­şı, belə demək mümkünsə, əks-hücuma da keçir. Cənab İlham Əliyev vurğulayır: “Təbii ki, biz yolumuza davam edəcəyik. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq, biz fransız neokolonializmi­nin ifşa olunmasını və fransız müstəm­ləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”.

***

Azərbaycan liderinin yerli televiziya kanallarına müsahibəsində diqqət yetir­diyi növbəti məqam Ermənistanla sülh prosesinin vacib elementi kimi özünü göstərən kommunikasiyaların açılması məsələsi idi. Məlum olduğu kimi, rəs­mi İrəvan Azərbaycanın 44 günlük mü­haribədən sonrakı “Zəngəzur dəhlizi” ideyasına qarşı “Dünyanın kəsişməsi” layihəsini irəli sürməkdədir və bu layihə Ermənistanın müharibə məğlubu kimi üzərinə götürdüyü öhdəliklərdən yayın­masından qaynaqlanır. Öhdəlik isə konk­retdir – Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən asan yol olmalıdır. 

Dövlətimizin başçısı ötən ilin sonları­na doğru bildirmişdi ki, bu yolda heç bir sərhəd və gömrük nəzarəti qurulmamalı­dır. Yəni, yol Azərbaycandan Azərbayca­na ərazi məntiqinə əsaslanmalıdır. İrəvan və havadarları isə hər vəchlə buna qarşı çıxırlar və “Dünyanın kəsişməsi” ideyası məhz mövcud anlamda diqqət çəkmək­dədir. Prezident İlham Əliyev Azərbayca­nın iradəsi olmadan belə bir təşəbbüsün gerçəkləşməyəcəyinə əminlik yaradır. “Onu da bildirməliyəm ki, “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, – Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altı­na düşür. Şərq-Qərb dəhlizi var, - amma nədənsə Ermənistanda bu dəhliz sö­zünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişmə­si” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil”, – deyən dövlətimizin başçısı regional kommunikasiyaların açılması müstəvi­sindəki proseslərdə ölkəmizi işğalçı kimi qələmə vermək istəyən qüvvələrə də la­yiqli cavab verir. O, bir daha Fransa amili üzərinə gələrək bildirir ki, Parisin yaydı­ğı şayiələr əsassızdır, Azərbaycanın Er­mənistan ərazisinə hücum planı yoxdur. Naxçıvana yola gəldikdə isə bunun İranla razılıq formulu artıq var və bu formul İrə­van üçün otuz ilə yaxın davam etmiş təc­ridin davamlılıq kazusudur. Yəni, ölkəmi­zin lideri Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə, üzləşəcəyi aqibətin xəbərdarlığını verir. Bu xəbərdarlığın bir ünvanı Fransadırsa, digər hədəfi ABŞ-dır. 

Haşiyə çıxaq ki, ötən ilin sonlarına doğru ABŞ Konqresinin Nümayəndələr Palatasında gerçəkləşmiş Qarabağ din­ləmələri zamanı Naxçıvana yolun İran ərazisindən keçməsinə qarşı çox böyük təpkilər səslənmişdi. Məsələ Birləşmiş Ştatlar üçün son dərəcə vacib tərzdə qoyulmuşdu. Belə qənaət formalaşmış­dı ki, əgər Naxçıvana yol Ermənistanın sərhəd nəzarəti həyata keçirilmədən, ölkənin ərazisindən deyil, İslam res­publikasından keçsə, Vaşinqton Bakıya qarşı tam fərqli üslubda davranacaq. Bu hədə-qorxu dolu bəyanatın müəllifi isə ABŞ Dövlət Departamenti rəhbərinin köməkçisi Ceyms O’Brayn olmuşdu. Hal­buki, məqsəd Naxçıvana yolun İran mar­şrutunu əngəlləmək mahiyyətindən uzaq idi. Axı, Qərbdə yaxşı bilirlər ki, işğal il­lərində də Naxçıvana yol İrandan keçib. Görəsən, niyə o zaman məsələyə indiki kimi yanaşılmırdı? 

Qərbdə onu da yaxşı bilirlər ki, sözü­gedən yol İrəvan üçün ciddi nəfəslikdir. Həm nəfəslikdir, həm də erməni avan­türizminin davamı baxımından yüksək dividend. Əlbəttə, Azərbaycan məsələ­nin belə qoyuluşu ilə qətiyyən razılaşa bilməz. Cənab İlham Əliyev bunu ötən il də vurğulamışdı, indi də müsahibəsin­dəki təfərrüatları açıqlamaqla prinsipial mövqeyini bir daha ifadə etdi. “Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir. Niyə buna etiraz edilmir, məhz Mehri hissəsinə etiraz edilir? Er­mənistan-İran ticarəti gündən-günə artır, çiçəklənir. İran Qərbi Zəngəzurda konsul­luq açıb. Niyə bu, necə deyərlər, heç bir sual yaratmır? Yəni, belə məntiqsiz və cəfəng açıqlamalar heç kimə şərəf gə­tirmir və “biz buna imkan verməyəcəyik” deyəndə, – mən artıq bunu demişəm, – Amerika nəyi nəzərdə tutur, necə imkan verməyəcək? Gələcək Zəngəzurda bir sədd qoyacaq, ya Zəngilanda bir qoşun yerləşdirəcək, ya İran ərazisində? Necə imkan verməyəcək? Bu, bizim suveren işimizdir. Bizim İranla bu yaxınlarda As­taraçay üzərində körpünün açılışı olmuş­dur. Nə üçün? Çünki Şimal-Cənub dəhli­zində yükdaşımaların həcmi iki dəfə artıb və hazırda Astaradakı terminal bütün o yükləri götürə bilmir. Rusiya ilə ikinci keçid açmışıq Xanobada və indi Rusi­ya-Azərbaycan sərhədində iki keçid var, bir idi. İranla da iki keçid var. Yəni, bu, bi­zim suveren işimizdir”, – deyən Prezident İlham Əliyev Ermənistana manipulyasi­yalarla məşğul olmamağı da məsləhət bilir. Bu isə bir daha onu göstərməkdədir ki, “Dünyanın kəsişməsi”, “Sülhün kə­sişməsi” və sair bu sayaq adlandırmalar İrəvanın Azərbaycanla gerçək sülh gün­dəmini təhrif etmək cəhdindən başqa bir şey deyil və belə yanaşmalar hansısa nəticə verməyəcək. Prezident buna əmin edir: “Azərbaycandan – Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılma­dan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılma­sa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.

Bilavasitə sülh gündəliyinə gəldik­də isə, dövlətimizin başçısının təbirincə desək, velosiped icad etməyə ehtiyac yoxdur. Yəni, Qarabağ məsələsi bağla­nıb. Bu isə o deməkdir ki, sülh gündəli­yində erməni avantürizmi üçün hansısa tutacaq yeri yoxdur. Konkret prinsiplər var və Azərbaycan dövləti həmin prinsiplərin beynəlxalq hüquqa uyğunlaşdırılmalı ol­duğunu vurğulayır. Digər tərəfdən, sülh müqaviləsi üçün əsas şərtlər artıq hazır­dır. Ancaq cənab İlham Əliyevin diqqətə çatdırdığı bir vacib məqam da var: “Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zə­manətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək et­mək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıb­lar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə ke­çirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməz­dim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəl­sək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayan­dırılacaq. Hər iki variant da mümkündür”. 

Ümumən, Azərbaycan Prezidenti­nin müsahibəsində Ermənistanla sülh gündəmi baxımından diqqət yetirdiyi iki vacib cəhət diqqət çəkməkdədir. Bun­lardan birincisi, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demar­kasiyasıdırsa, digər məqam işğal altında olan kəndlərimizin geri qaytarılmasıdır. Əlbəttə, hər iki məsələ prinsipial əhəmiy­yətə malikdir. Lakin sərhədlərin delimita­siyası prosesi sülh müqaviləsindən sonra da reallaşa bilərsə, işğaldakı kəndlərimi­zin geri qaytarılması uzanmamalıdır. Hər halda, dövlətimizin başçısının fikirlərindən gəlinən nəticə bunu söyləməyə əsas verir. 

Bəli, Azərbaycan Prezidenti israrlıdır və bu xarakter tarixin acı dərslərindən nəticə çıxarmağı təlqin edir. Nəzərə alaq ki, dövlətimizin başçısının toxunduğu son dərəcə həssas məqamlar var. Hə­min məqamlar hazırda da Ermənistanla sülh prosesinin elementidir. Məsələn, Azərbaycan – Ermənistan sərhədlərinin dəqiqləşməsi müstəvisində qarşı tərəfin irəli sürdüyü prinsiplərdən biri budur ki, delimitasiya prosesi ötən əsrin 70-ci il­lərindən sonrakı xəritələr hesabına apa­rılsın. Görəsən nə üçün? Səbəbi cənab İlham Əliyev müsahibəsində ətraflı izah edir. Prezident vurğulayır ki, torpaqlarımı­zın Ermənistana peşkəş verilməsi mər­hələli proses olub. İlk mərhələ 1918-ci ildə İrəvanın güzəştə gedilməsidir: “Yəni, 28 mayda respublika elan olundu, 29 mayda İrəvan Ermənistana verilir. Onun da izahatı heç bir məntiqə sığmır ki, bunu verməklə Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkir. Əl çəkdimi? Yox, daha da azğınlaşdı. İrəvandan olan nümayəndələrin - o vaxt Azərbaycan Xalq Cümhuriyyətində təmsil olunmuş nümayəndələrin etirazı nəzərə alınmadı. Yəni, o, böyük tarixi cinayət idi və o, bir başlanğıc idi”.

Göründüyü kimi, Prezident İlham Əliyevin mövqeyi barışmazdır. Dövləti­mizin başçısının müsahibəsindəki digər fikirlər də bu baxımdan müstəsna əhə­miyyət daşımaqdadır və “Ermənistan nə üçün 1970-ci illərdən sonrakı xəritələri əsas götürür?” sualına cavabı dolğun­luğu ilə əks etdirməkdədir. Məsələ bu­rasındadır ki, ölkənin rəhbərliyi tarixi izi silməyə çalışır. Deməli, baş nazir Nikol Paşinyan heç də əbəs yerə demirdi ki, məqsədi Ermənistana, necə deyərlər, do­ğum şəhadətnaməsi almaqdır. Və demə­li, N.Paşinyanın 1991-ci ilin Alma-Ata Bəyannaməsini rəhbər tutması təsadüf sayılmamalıdır. Bəyannamə keçmiş SS­Rİ-yə daxil olan respublikaların bir-birinin ərazi bütövlüyünü tanımalarını əsas gö­türür. Ancaq burada maraqlı nüans var – bir halda ki, Alma-Ata Bəyannaməsi SSRİ-dən ayrılmanın suverenlik trayek­toriyasını müəyyənləşdirir, o zaman nəyə görə Sovetlər Birliyinə qoşularkən, möv­cud olan ərazilər amili üzərində dayanıl­masın? Əsl ədalət bu deyilmi? Nə üçün Azərbaycan SSRİ-yə böyük ərazi ilə daxil olmalı, İttifaqdan kiçik ərazi ilə ayrıl­malıdır? Yaxud, əksinə, hansı səbəbdən Ermənistan ərazi uduşu qazanmalıdır? Elə Prezident İlham Əliyevin də yanaş­ması mövcud xüsusdadır: “Onlar məhz buna görə 1970-ci illərin xəritələrini əsas götürmək istəyirdilər. Mən sual verəndə ki, yaxşı, niyə 1970-ci illər? Deyin, mənə izah edin, bunun hansı metodoloji əsas­ları var, siyasi əsasları var? Yoxdur. Əgər biz siyasi əsaslarına istinad etsək, onda istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünü, ya da sovetləşmə dövrünü götürməliyik. O olar siyasi metodologiya. Əgər biz xro­noloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq, XX əsrin əvvəlində xə­ritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq. Yəni, siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqla­rımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsi­ni, əsas götürmək istəyən təkcə Ermənis­tan deyil, onun yəni, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt ra­zılıq verə bilmərik”.

Bəs, Azərbaycan nəyə razılıq verə bilər? Prezident İlham Əliyev müsahibə­sində bu məsələyə də aydınlıq gətirir. Hazırkı sərhədlərin şərti olduğunu deyən ölkəmizin lideri bildirir ki, delimitasiya prosesində siyasi metodologiya, yaxud xronologiya əsas götürülməlidir. Fəaliy­yət hansısa xəritə əsasında qurulmama­lı, Azərbaycan və Ermənistanın sərhəd komissiyaları işini fəallaşdırmalı, ekspert qrupları yaranmalıdır. Həmin qruplar isə sərhədi qarış-qarış müəyyənləşdir­məlidirlər. Deməli, indiki halda İrəvan dairələri tərəfindən səslənməkdə olan, guya, Azərbaycanın suveren Ermənistan ərazisinə təcavüz etdiyinə dair fikirlər də nəzərə alınmamalıdır. Yeri gəlmişkən, dövlətimizin başçısı müsahibəsində sırf bu məqama son dərəcə əmin şəkildə toxundu: “Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir. Ancaq bizim indi Ermənistan tərəfindən mübahisə edilən yerləşməyi­miz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim durduğumuz mövqelərdə, təpələrdə heç vaxt yaşayış olmayıb. Er­mənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözül­məzdir. Yenə də qeyd etmək istəyirəm və hesab edirəm ki, komissiyaların bu ayın sonunda görüşü əsnasında bu məsələyə aydınlıq gətiriləcək”.

Bəli, Prezident İlham Əliyev 2024-cü ildə verdiyi ilk müsahibəsində, belə demək mümkünsə, faktoloji əminlik aşı­ladı. Dövlətimizin başçısının bildirdikləri­ni ədalətə inam hissinin Zəfər manifesti kimi də qiymətləndirmək mümkündür. Qətiyyətlə demək olar ki, ölkəmizin lideri­nin Zəfər manifestindəki əminliyin hədəfi Azərbaycan xalqıdır. Yəni, lider xalqa, xalq da liderinə inanır. Bunun nəticəsi­dir ki, 2023-cü il Vətənimiz üçün böyük uğurlar ili oldu. Xalqımız 2024-cü ilin də parlaq il kimi şanlı tariximizə yazılacağı­na əmindir. Çünki uğur və müvəffəqiyyə­tin böyük təminatçısı – Prezident İlham Əliyev kimi dünya miqyaslı şəxsiyyət var.

Əvəz CAHANGİROĞLU
XQ



Siyasət