“Dinin siyasiləşdirilməsi: zərərli təsirlər”

post-img

Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfrans keçirilib. 

Komitənin sədr müavini Səyavuş Heydərov tədbirdə çıxış edərək əsası Ümummilli lider Heydər Əliyev tərəfin­dən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasi­bətlərinə diqqət çəkib. Azərbaycanın din siyasətində dini etiqad azadlığının təmi­natının prioritet məsələlərdən olduğunu qeyd edən S.Heydərov dövlət tərəfindən dini icmalara, müxtəlif dinlərə məxsus ibadətgahlara göstərilən diqqət və qayğı­dan danışıb. 

Sədr müavini vurğulayıb ki, ABŞ Dövlət Departamenti tərəfindən Azərbay­canda dini etiqad azadlığının pozulması barədə fərziyyələrə istinadla ölkəmizi heç bir beynəlxalq statusa malik olmayan qru­pa (xüsusi izləmə siyahısı) daxil etməsi təəssüf doğurur. ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən təqdim edilən “nöqsanlar” ölkəmizdəki gerçəkliyi əks etdirmir, reallıqla daban-dabana zid­diyyət təşkil edir. 

Milli Məclisin deputatı Hikmət Məm­mədov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Bakı Şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravosloav Kilsəsinin Bakı və Azərbaycan Yeparxi­yasının nümayəndəsi Elnur Əfəndiyev, Azərbaycan Katolik Kilsəsinin nümayən­dəsi Yozef Marek, Avropa Yəhudilərinin Bakı Dini icmasının ravvini Şneor Seqal, Alban-udi Xristian dini icmasının sədri Robert Mobili, Gürcü Yəhudiləri dini ic­masının sədri Zamir İsayev, Azərbaycan Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli və “Azərbaycan Bibliya Cəmiy­yəti” xristian dini icmasının sədri Rasim Xəlilov çıxışlarında ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının Azərbay­canla bağlı dərc etdiyi xüsusi hesabatı və Dövlət Departamenti tərəfindən ölkə­mizin qondarma xüsusi izləmə siyahısı­na daxil olan ölkə kimi müəyyənləşdiril­məsini yekdilliklə pisləyiblər. Bildirilib ki, həmin sənədlərdə Azərbaycandakı dini etiqad azadlığı ilə əlaqədar yer almış böhtan fikirlər ölkəmizdə mövcud olan dini tolerantlıq mühitinə qarşı qərəzli kampaniyadır. Müxtəlif konfessiyaların nümayəndələri olaraq heç bir zaman Azərbaycanda dini zəmində qarşıdurma, qısnama, ayrı-seçkilik yaşamadıqları­nı diqqətə çatdıran natiqlər ABŞ Dövlət Departamentini bundan sonra Azərbay­can həqiqətlərini nəzərə alaraq obyektiv mövqe sərgiləməyə səsləyiblər.

XQ

Son xəbərlər