İrəvan yersiz inaddan niyə əl çəkmir?

post-img

Paşinyan iqtidarı “Stratfor”un çağırışını qulaqardına vurmamalıdır

Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsindən və lo­kal xarakterli antiterror tədbirlərindən sonra bölgədə yaranmış yeni reallıqları Ermənistan rəhbərliyinin qəbul etməli olduğu fikri getdikcə möhkəmlənir. Dün­yanın nüfuzlu beyin mərkəzləri də vaxtaşırı bunu etiraf edirlər. Sonuncu dəfə bu istiqamətdə mövqeyini ABŞ-da fəaliyyət göstərən “Stratfor” Analitik Mərkəzi açıqlayıb.

Mərkəzin 2024-cü il üçün proqnoz­lara dair dərc etdiyi hesabatda bildirilib ki, Ermənistan tranzit və sərhədlərin delimitasiyası məsələlərində Bakının tələblərini qəbul etməli olacaq. “Strat­for” analitiklərinin fikrincə, İrəvan Bakı ilə sülh sazişi imzalamaq üçün səylərini davam etdirəcək, lakin regional tranzit dəhlizlərinin şərtləri ilə bağlı fikir ayrılıq­ları danışıqlara bundan sonra da mane olacaq: “Güman etmək olar ki, Ermə­nistan və Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində irəliləyiş var. Amma Ermənistan Bakıya qarşı Qərblə genişlənən siyasi əlaqələ­rindən və onun hərbi dəstəyindən isti­fadə etməyə çalışacaq. Bununla belə, İrəvanın təsir vasitələrinin az olduğunu da nəzərə almaq lazımdır. Deyə bilərik ki, Ermənistan rəsmiləri rəsmi Bakının ölkənin cənubundan tranzit yolların keçməsi və sərhədlərin delimitasiya­sı ilə bağlı irəli sürdüyü tələbləri qəbul edəcək”.

“Stratfor”, həmçinin bildirib ki, Azər­baycan və Rusiya arasında ikitərəfli münasibətlər, habelə ticarət əlaqələ­ri yeni səviyyəyə qalxacaq: “Cənubi Qafqazda Şərq–Qərb tranziti əsasən Gürcüstan ərazisindən keçməklə da­vam edəcək. Azərbaycan isə Rusiyanı İranla birləşdirən Şimal–Cənub dəhlizi­nin inkişafına töhfə verəcək”.

Qeyd etdiyimiz kimi, “Stratfor”un belə bir qənaətə gəlməsi ölkəmizin Vətən müharibəsində və postmüharibə dövründə əldə etdiyi ardıcıl qələbələrlə bağlıdır. Əgər müharibənin başa çat­masından sonra Azərbaycan və Ermə­nistan liderləri arasında 2021-ci il yan­varın 11-də Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Moskvada keçi­rilən ilk görüşdən sonrakı mətbuat kon­fransında Nikol Paşinyan “Dağlıq Qara­bağ münaqişəsi”nin həll olunmadığını iddia etmişdisə, Avropa Siyasi Birliyinin 2022-ci il oktyabrın 6-da Praqada keçi­rilən I sammitində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan sənədə imza atmışdı. Paşinyan həmin mövqeyini sonralar Brüsseldə və Kişi­neuda keçirilən görüşlərdə də təsdiqlə­mişdi. Nəhayət, 2023-cü il mayın 22-də keçirdiyi mətbuat konfransında Nikol ilk dəfə Azərbaycanın 86,6 min kvadratki­lometrlik ərazi bütövlüyünü tanıdığını və bura Qarabağın da daxil olduğunu bəyan etmişdi.

Həmin bəyanatın verilməsinədək isə mühüm hadisələr baş vermişdi. 2021-ci ilin mayında – qar əridikdən sonra Azərbaycan sərhədçiləri Qara­göl ətrafında ölkəmizin sərhədlərinə sahib çıxmış, həmin ilin noyabrın 16-da hər iki tərəfdən itkilərlə müşayiət olu­nan insident qeydə alınmışdı. 2022-ci il sentyabrın 12–14-də Vətən müharibə­sindən sonrakı ən böyük hərbi toqquş­ma yaşanmışdı. Bəzən “İkigünlük mü­haribə” adlandırılan hərbi əməliyyatlar zamanı Ermənistan ordusu ağır itkilər vermişdi. Aprelin 23-də “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin yara­dılması ilə ərazi bütövlüyümüz təmin edilmişdi. Yəni, Ermənistan baş nazi­rinin may ayında “Qarabağ Azərbay­candır!” deməsi öz xoşu ilə baş ver­məmişdi. Bu, yazımızın girişində qeyd etdiyimiz kimi, Azərbaycanın yaratdığı reallıqların nəticəsi idi.

Zənnimizcə, bu məqamda Prezi­dent İlham Əliyevin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyli­yi Günü və Yeni il münasibətilə xalqa müraciətində qeyd etdiyi fikirlərdən iqtibas gətirmək yerinə düşər: “2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırı­landa hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Üç il ərzində biz bunu sülh yolu ilə həll etmək istəyirdik. Hesab edirdik ki, Ermənistan rəhbərliyi İkin­ci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracaq. Əfsuslar olsun ki, bu, belə olmadı. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta, əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxa­rılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətiril­di və bizə qarşı mina terroru davam et­dirildi. Təbii ki, biz bu vəziyyətlə barışa bilməzdik…”

Bəli, Azərbaycanın yaratdığı yeni reallıqlar indi nüfuzlu araşdırma mərkəzləri tərəfindən də etiraf olunur. Əslində, bununla Ermənistan rəhbərli­yinə subliminal mesaj verilir ki, hazırda iki ölkə arasında həllini gözləyən əsas məsələlərdə konstruktiv yanaşma nü­mayiş etdirsin. Sülh sazişinin mətni ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunsa da, hələ də həllini gözləyən bir neçə məsələ mövcuddur. Ancaq sülh sazi­şinin imzalanması ilə birbaşa bağlılığı olmayan kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələ­sində ciddi irəliləyiş nəzərə çarpmır. Halbuki, qeyd etdiyimiz kimi, bu pro­seslərin bir-birindən asılılığı yoxdur. Ermənistan kommunikasiyaların açıl­ması ilə bağlı 2020-ci il 10 noyabr ta­rixli üçtərəfli Bəyanatla üzərinə öhdəlik götürüb və həmin öhdəlik yerinə yeti­rilməlidir.

Azərbaycan Prezidentinin köməkçi­si – Prezident Administrasiyasının Xa­rici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bir neçə gün öncə Almaniyanın “Berliner Zeitung” qəze­tinə müsahibəsində qeyd etdiyi kimi, “dəhliz” termini Ermənistanı qorxutma­malıdır, çünki bu, nəqliyyat marşrutları kontekstində geniş istifadə olunur: “Bu nəqliyyat əlaqəsi Ermənistanı İranla sərhədindən məhrum etməyəcək. Bu marşrut Ermənistanı iki hissəyə də böl­məyəcək. Təəssüflər olsun ki, bununla bağlı xüsusən də bəzi Qərb mediasın­da ölkəmizə qarşı geniş şər-böhtan kampaniyasının aparıldığını görürük”.

Ölkəmizin kommunikasiyaların açılması və delimitasiya məsələsində mövqeyinin ədalətli olması Ermənis­tan rəhbərliyinin 2024-cü il ərzində onu qəbul edəcəyi qənətinə gəlməyə əsas verir. “Stratfor”un proqnozu isə bunun ilk müjdəçisidir.

Elxan ŞAHİNOĞLU, 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Azərbaycanla Ermənistan arasında bu il sülh sazişinin im­zalanması ehtimalı yüksəkdir. Təkliflər müzakirə olunur, irəlilə­yiş var. Ancaq sülh sazişinin im­zalanması iki ölkə arasında bütün məsələlərin həlli demək olmaya­caq. Böyük ehtimalla iki məsələ sülh sazişindən kənarda qalacaq. Bunlar kommunikasiya xətlərinin açılması və sərhədlərin delimi­tasiyasıdır. Həmin istiqamətlər üzrə danışıqlar hələ bir müddət də davam edəcək. Sərhədlərin müəyyənləşməsi ilə bağlı danı­şıqlar, ümumiyyətlə, çox illərimizi ala bilər. Bunu da özümüzə dərd etməməliyik. Zatən, sərhəddəki strateji yüksəkliklər nəzarətimiz­dədir.

Kommunikasiya xətlərinin açılması ilə bağlı məsələni də Er­mənistan üç il ləngitdi. Biz İran­la münasibətlərdəki müəyyən gərginliklərə rəğmən, Tehranla razılaşma əldə etdik. Yəni, kom­munikasiya xətlərinin açılma­sının özü də, əslində, daha çox Ermənistana lazımdır. Ölkənin xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib ki, Ermənistan da Azərbaycanın kommunikasi­ya imkanlarından istifadə etmək hüququna malik olmalıdır. Biz bunun əleyhinə deyilik. Burada qeyri-adi heç nə yoxdur. Rəsmi İrəvan Azərbaycan vətəndaşla­rının Zəngəzur dəhlizindən sər­bəst keçməklə, yoxlamaya mə­ruz qalmadan Naxçıvan Muxtar Respublikasına və Türkiyəyə ra­hat gediş-gəlişinə imkan versə, Ermənistan da ölkəmizin dəmir yollarından istifadə etməklə Ru­siyaya, hətta Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə Mərkə­zi Asiyaya çıxış imkanı əldə edə bilər. Ancaq qeyd etdiyim kimi, yeganə şərt bizim vətəndaşla­rın yoxlamadan keçmədən Nax­çıvana gediş-gəliş hüququnun tanınmasıdır. Zənnimcə, bu is­tiqamətdə danışıqlar gələcəkdə də davam edəcək və “Stratfor”un hesabatında qeyd edildiyi kimi, Ermənistanın Azərbaycanın şər­tini qəbul etməsi mümkündür. Bizim şərtimiz isə Azərbaycan vətəndaşlarının Zəngəzur dəhli­zi vasitəsilə sərbəst gediş-gəliş imkanına malik olmasıdır. Mərkə­zi Asiya və Çindən gələn yükləri isə Ermənistan öz yurisdiksiyası çərçivəsində yoxlaya bilər. Biz bunun əleyhinə deyilik.

Aydın MİRZƏZADƏ, 
Milli Məclisin deputatı, politoloq

Azərbaycanın sülh sazişi ilə bağlı təklifləri beynəlxalq hüquqa uyğundur və ədalətli­dir. Bunu beynəlxalq təşkilatlar və xarici ölkələr də görürlər. Buna görə də ölkəmizin mövqe­yi gün-gündən daha çox tərəf­dar tapır. Prinsipcə, Ermənistan da Azərbaycanın mövqeyinin ədalətli olduğunu dərk edir. Ancaq İrəvan mümkün qədər çalışır ki, sülh sazişində Azər­baycanın suveren hüquqlarını pozacaq müddəalar öz əksini tapsın. Bu, açıq-aydın görünür. Təsadüfi deyil ki, onlar vaxtaşı­rı sülh sazişinin bağlanmasını ləngidən şərtlər irəli sürürlər. Sonra isə özləri həmin şərtlər­dən imtina edirlər.

Ölkəmiz üçün vacib məsələlərdən biri də Naxçıvan­la quru əlaqəsinin yaradılma­sıdır. Azərbaycan haqlı olaraq, beynəlxalq təcrübəyə əsasən tələb edir ki, Naxçıvana gedən yerli təyinatlı yüklər hər han­sı yoxlamadan və gömrük rü­sumundan azad olunmalıdır. Çünki Azərbaycan xarici ölkəyə yox, məhz öz ərazisinə yük və sərnişinlərin daşınmasını hə­yata keçirir. Əgər Azərbaycan Ermənistana və Naxçıvan ərazi­sindən digər ölkələrə yük gön­dərəcəksə, bu, əlbəttə, gömrük yoxlamasına məruz qala bilər.

Ermənistan unudur ki, Zən­gəzur dəhlizindən təkcə Azər­baycan istifadə etməyəcək. Rusiya, Mərkəzi Asiya dövlətlə­ri, eyni zamanda, Çin, Türkiyə, Avropaya və ərəb dünyasına çıxmaq istəyən ölkələr də bu yoldan geniş istifadə edəcək­lər. Azərbaycandan Naxçıvan Muxtar Respublikasına gedən yüklər Zəngəzur dəhlizindən keçən yükləsin çox az hissəsini təşkil edəcək. Ermənistan gec-tez Azərbaycanın bu haqlı tələ­bini qəbul etməlidir. Beynəlxalq analitik mərkəzlər Zəngəzur dəhlizinin təkcə region üçün deyil, dünya üçün böyük əhə­miyyət daşıdığını qəbul edirlər. Ölkəmizin mövqeyinin qəbul edilməsi, dəstəklənməsi, bir daha Azərbaycanın öz suveren hüquqlarını həyata keçirmək üçün ədalətli və haqlı addımlar atdığını göstərir.

Səxavət HƏMİD
XQ





Siyasət