“Sülh sazişi nədən İstanbulda imzalanmasın?”

post-img

Milli Məclisin deputatının təklifi erməni tərəfə əlavə şans açır

Ermənistan və Azərbaycan arasında qarşısıalınmaz prosesə çevrilmiş sülh sazişinin imzalanması məqamı yaxınlaşdıqca, təntənəli mərasimə evsahibliyi etmək istəyənlərin sayı da çoxalmaqdadır. Tərəflər münaqişəyə son qoyacaq ikitərəfli barışığa siyasi razılıqlarını bildirsələr də, İrəvanın sazişin mətni üzərində “redaktə” xarakterli işləri hələ də davam etməkdədir. 

Bakı və İrəvan arasında sülhə nail olmaq yolunda təşəbbüslərindən əl çəkməyən kənar aktorlar dialoqun sonuncu və həlledici mərhələsinə öz maraqlarına uyğun “tövsiyələrini” ver­məyə, Cənubi Qafqazda bərqərar ola­caq sabitlikdən paylarını qoparmağa can atırlar. Bu sırada Moskvanın və Vaşinqtonun intensivləşən səylərini xüsusi qeyd etməyə dəyər.

* * * 

Yeni ilin ilk günlərindən etibarən rəsmi İrəvanın bu istiqamətdə müəy­yən fəaliyəti hiss olunmaqdadır. Dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yunanıstanlı həm­karı Giorgos Gerapetritislə İrəvanda keçirdiyi mətbuat konfransında Azər­baycanın sülh müqaviləsinə münasi­bəti barədə anlaşılmaz və ziddiyyətli fikirlər səsləndirib. Erməni mediasının yazdığına görə, Mirzoyan hakimiyyətin mövqeyini belə ifadə edib: 

“Mən deyə bilərəm ki, sülh sazişi mətninin müəyyən bəndləri üzrə Azər­baycanın təkliflərində məzmun baxı­mından müəyyən geriləmə müşahidə etsək də, eyni zamanda, bir sıra digər sahələrdə müəyyən irəliləyişi də görü­rük”.

Mirzoyanın sözlərinə görə, Ermə­nistan müqavilənin mətnindəki həmin məqamlar üzərində işləyib və öz kons­truktiv təkliflərini Bakıya göndərib. Na­zir əlavə edib ki, növbəti təkliflər pake­tində irəliləyiş və ya geriləmədən asılı olmayaraq, sülh müqaviləsi İrəvanın dəfələrlə səsləndirdiyi “bir sıra prinsip­lərə” əsaslanmalıdır.

“Ölkələr heç bir qeyri-müəyyənlik olmadan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Əslin­də, bu, maksimum aydınlıq tələb edən məsələdir. Yekun sülh müqaviləsi bu aydınlığı təmin etməlidir”, – deyən Mir­zoyan onu da qeyd edib ki, delimita­siya prosesi illər çəkə bilər, lakin sülh müqaviləsində prosesin aydın səbəb­ləri göstərilməlidir. 

Ermənistanın baş diplomatının sözlərinə görə, bu iki məsələdə hər hansı qeyri-müəyyənlik “gələcək təca­vüz və eskalasiya üçün” əsas ola bilər.

Yeri gəlmişkən, bir neçə gün əv­vəl Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, Ermənistan sülh müqaviləsi ilə bağlı cavab təkliflərini yanvarın 4-də Azər­baycana çatdırıb: “Dekabrın sonunda Azərbaycandan təkliflər paketi daxil olub və iki həftə ərzində Ermənistan tərəfi öz variantını göndərib”... Bakı­dan hələ cavab alınmayıb”.

* * *

Məğlub İrəvanın sülh danışıqları­nın son mərhələsində qalib Bakıdan maksimum güzəştlər “qoparmağa” çeşidli cəhdlərə baş vurması aydın­dır. Fəqət rəsmi Bakının bu cəhdlərin prosesi ləngidəcəyini bilərəkdən edil­məsini erməni riyakarlığının və ikiüz­lülüyünün təzahürü kimi qəbul etmək­dən başqa yolu qalmayıb. Son vaxtlar birbaşa, “tet-a-tet” dialoqun ətrafında dolaşan maraqlı versiyalardan biri də sülh sazişinin imzalanmasının artıq qaçılmaz olduğu və bunun deyilənlər­dən fərqli bir məkanda reallaşacağı ilə bağlıdır. 

Bu barədə XQ-yə açıqlama verən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun fikrincə ABŞ, Fransa, Rusiya, İran kimi böyük dövlətlər Er­mənistanı sülh müqaviləsinin imzalan­masından yayındıra bilməyəcəklər: 

“Təbii ki, bu dövlətlərin hər biri böl­gədən öz payını qoparmağa çalışır. Misal üçün, Tehran dəmir yolunun tə­minatçısı kimi özünü irəli verir. Yəni, Rusiya və Türkiyə ilə yanaşı, İranın tə­minatını da reallaşdırmaq barədə dü­şünür. Rusiyanın marağı odur ki, sülh müqaviləsinin, hətta, Türkiyənin və İra­nın iştirakı ilə imzalanması gürçəkləşə bilər, amma bundan ötrü görüş məkanı mütləq Moskva olmalıdır. Qərbin sülh vasitəçiləri isə münaqişəyə son nöqtə­ni qoyacaq sazişin ya Brüsseldə, ya da Vaşinqtonda bağlanmasının tərəfda­rıdırlar. Bəli, bu məsələdə onların da öz maraqları var. Amma düşünürəm ki, bütün variantları götür-qoy etdikdə, birbaşa dialoqun yekunu olaraq saziş Tbilisidə imzalanmalıdır. Digər variant Azərbaycan–Ermənistan münasibət­lərinin normallaşması ilə yanaşı, buna paralel şəkildə Türkiyə–Ermənistan arasında da münasibətlərin nizamlan­ması ilə bağlı hansısa sənəd ortaya çıxarsa, nədən bu iki sənəd İstan­bulda imzalanmasın? Oraya Rusiya və İran prezidentləri də gələ bilərlər. Düşünürəm ki, Bakı münasibətlərin məhz bu qaydada, ikitərəfli və üçtərəfli formatda nizamlanmasına, müvafiq sənədlərin İstanbulda imzalanmasına razılığını verər. Görək İrəvan buna hazırdırmı? Bu suala cavab vermək çətindir”.

Ermənistan baş naziri Nikol Paşin­yanın region ölkələri arasında münasi­bətlərin bütün müstəvilərdə bərpasına hazır olduğu barədə açıqlamalarını hamı xatırlayır. Onun üçün “bir güllə ilə iki dovşan vurmaq” anlamına gələn bu ideya diqqətlə nəzərdən keçirilməyə layiqdir. Burada əsas məqam isə danı­şıqları çoxtərəfli platformalarda davam etdirmək tərəfdarı olan kənar vasitə­çilərin bu prosesdən avtomatik olaraq kənarlaşmaları olacaq. Hələlik, neytral müşahidəçinin irəli sürdüyü təklif kimi baxıla biləcək bu təklifin reallamasına başlıca əngəl sülh sazişinin mətnində­ki “incə nüanslar” deyil, İrəvanın siyasi iradə nümayişi ilə bağlıdır. Deputat R.Musabəyov da bu qənaətdədir: 

–Təkrar edirəm, indiki məqamda sülh sazişinin mətnindən daha çox, kənar təminatçılardan danışmağa eh­tiyac yoxdur. Fikrimcə, imzalanma mə­rasiminin keçiriləcəyi ünvan tez müəy­yən edilməlidir, çünki bu məsələ sülh prosesini ləngidir.

Beləliklə, hadisələrin Milli Məclisin deputatının dediyi ssenari üzrə inkişafı həm Bakıya, həm Ankaraya, həm də İrəvana siyasi dividendlərlə yanaşı, ticari–iqtisadi fayda gətirəcəyi birmə­nalıdır. Bu zaman bölgədən kənarda­kı aktorlar vasitəçi statusundan vaz keçərək, sadəcə müşahidəçi rolunu oynamağa məcbur olacaqlar. 

İmran BƏDİRXANLI
XQ



Siyasət