Naxçıvan Dövlət Universitetinin (NDU) Enactus komandası “2025-ci il Enactus Azərbaycan Milli Yarışı”nda uğurla iştirak edib. Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, avqustun 12-də onlayn formatda keçirilən yarımfinal mərhələsində hakimlərin qiymətləndirilməsi nəticəsində komanda ən yüksək bal toplayaraq 24 komanda arasında final mərhələsinə vəsiqə qazanan altı komandadan biri olub. Avqustun 15-də isə Bakı Konqres Mərkəzində baş tutan final mərhələsində yekunda II yerə layiq görülüb.
Qeyd edək ki, bu il NDU-nun Enactus komandası iki innovativ layihə– IMYEN və EDUCE ilə yarışa qatılıb. Hər iki layihə uğurlu nəticələr göstərib, effektiv təsir yaradıb və böyük maraqla qarşılanıb. Layihələr BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin bir çoxunu özündə ehtiva edib. Həmçinin, komanda bu günədək 5 dəfə milli çempionatın qalibi olub və ölkəmizi beynəlxalq arenada uğurla təmsil edib. Belə ki, 2010-cu ildə ABŞ-nin Kaliforniya ştatında, 2011-ci ildə Malaziyanın Kuala Lumpur şəhərində keçirilən SIFE dünya çempionatında, 2014-cü ildə isə Çin Xalq Respublikasında keçirilən dünya çempionatında iştirak edib. 2023-cü ildə Niderlandın Utrext şəhərində baş tutan dünya çempionatında və 2024-cü ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən dünya çempionatında isə ölkəmizi layiqincə təmsil edib.
Xatırladaq ki, “2025-ci il Enactus Azərbaycan Milli Yarışı” Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə keçirilib.