İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar, oxucuların diqqətinə təqdim etdiyim bu qeydləri qələmə alarkən onun ən yüksək dövlət postundakı çoxşaxəli fəaliyyətinin xarici siyasət sferasında bütün təlatümləri və uğurları bir daha göz önünə gətirməli oldum.
2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə 76 faizdən çox səs toplayan İlham Əliyev birmənalı olaraq qələbə qazandı. Qeyd etmək lazımdır ki, o, daha üç dəfə – 2008, 2013 və 2018-ci illərdə də seçicilərin etimadını qazanaraq yüksək reytinqlə qələbə çalır. Prezident kimi, ilk andiçmə nitqində Azərbaycanın yüksək inkişaf etmiş ölkəyə çevrilməsinin əsas şərtinin
Heydər Əliyev siyasi kursunun davamiyyətində olduğunu etiraf edən cənab İlham Əliyev Dağlıq Qarabağ probleminin respublikanın ərazi bütövlüyünün bərpası çərçivəsində həllinin ağırlığını və zəruriliyini də vurğuladı.
Lakin heç kəsdə şübhə yarana bilməzdi ki, Azərbaycan xalqı üçün bir nömrəli problem olan bu məsələlərin həlli, dövlətin dərin düşünülmüş, maksimum balanslaşdırılmış, konstruktiv və hər cəhətdən səmərəli xarici siyasətinə əsaslanır. Üstəlik, Dağlıq Qarabağ separatçıları Ermənistanın himayəsi altında problemin ifrat dərəcədə beynəlmiləlləşməsinə və beynəlxalq xarakter almasına nail olmuşdular.
İlham Əliyevin Azərbaycanın uğurlu xarici siyasət strategiyasının həyata keçirilməsini təmin edən fəaliyyəti özünü çox gözlətmədi. Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sisteminə, xüsusilə də transmilli yanacaq-
enerji layihələrinə daxil olması, ölkənin enerji təhlükəsizliyinin, onun beynəlxalq statusunun möhkəmlənməsinə, milli gəlirin artmasına, o cümlədən, silahlı qüvvələrin möhkəmlənməsi sahəsinə, texnoloji və maddi modernləşməsinə, onların şəxsi heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə real zəmin yaratdı.
Bakı–Tbilisi–Ceyhan ixrac neft kəmərinin, Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi, Türkiyə ilə Azərbaycanı, Mərkəzi Asiya və Çini birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolunun və digər böyük nəqliyyat və enerji təşəbbüslərinin yaradılması layihələrinin həyata keçirilməsi sayəsində Azərbaycan qlobal beynəlxalq maliyyə-sənaye strukturlarına inteqrasiya dinamikasını kəskin şəkildə artırdı.
Avropa və Cənub-Şərqi Asiya arasında yüksək sürətli və sərfəli ticarət əlaqələrinin təmin edilməsinə yönəlmiş digər mühüm layihənin – Şimal –Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsinin reallaşması dövlət başçımızın bütün nəqliyyat və enerji siyasəti panoramına məntiqi, parlaq əlavə oldu. Beləliklə, dövlətin maliyyə, sənaye və texnoloji əsasları maksimum dərəcədə təkmilləşdi.
İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin gücü onu MDB-nin geosiyasi məkanında bütün dövlətlər arasında 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş ilk ölkəyə çevirdi. Bundan başqa, Azərbaycan, 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri kimi, dünyada BMT-dən sonra ikinci ən böyük təşkilatının fəaliyyətinə öz məhsuldar töhfəsini verir. Lakin bununla, respublikanın beynəlxalq təşkilatlar sistemindəki fəaliyyəti məhdudlaşmır. Belə ki, o, öz fəaliyyətini İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı da daxil olmaqla, bir çox başqa beynəlxalq qurumlar çərçivəsində də davam etdirir.
Bununla yanaşı, dövlətin xarici siyasətinin İlham Əliyevin diplomatik dühası ilə ərsəyə gəlmiş tarazlığı Azərbaycana xarici siyasətin aparılması baxımından dünyanın ən tolerant, sivil və konstruktiv ölkələrindən biri kimi şöhrət qazandırıb. Prezident İlham Əliyevin bu strategiyasının müdrikliyi və aşkar perspektivləri Azərbaycana bütün regional məsələlərdə həlledici söz sahibi olan müstəqil dövlət statusu verdi. İndi regionda strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın fikri nəzərə alınmadan həyata keçirilə bilməz.
Dövlətimizin başçısı özü də Azərbaycanın xarici siyasət konsepsiyasını aydın şəkildə formalaşdıraraq, “bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir” qənaitinə gəlmişdir. Məhz elə bu cür yanaşma sayəsində Prezident İlham Əliyevin titanik diplomatik səyləri nəticəsində respublikanın diplomatik əlaqələrinin bu günə olan spektri dünyanın 160 ölkəsini əhatə edir.
Bir tərəfdən, qarşılıqlı faydalı əməkdaşlıq və dövlət təhlükəsizliyinin təmin edilməsinin bütün sahəsini əhatə edən ikitərəfli müttəfiqlik münasibətlərinin üstünlüyünün əsas qayəsi (Türkiyə ilə müttəfiqlik münasibətləri haqqında 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsi, Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri haqqında 22 fevral 2022-ci il tarixli Moskva Bəyannaməsi və s.) dünyanın digər region ölkələri ilə iqtisadi və siyasi əməkdaşlıq haqqında danışıqlar prosesinin inkişafını kifayət qədər güclü şəkildə stimullaşdırır. Digər tərəfdən isə, respublikanın xarici siyasət fəaliyyətinin konsepsiyası Amerika qitəsi, Avropa və Asiya ölkələri ilə dövlətlərarası münasibətlərin diversifikasiyasını da nəzərdə tutur.
Azərbaycan Respublikasının Yaxın, Orta Şərq və Cənubi Asiya dövlətləri ilə münasibətlərinin – nəqliyyat-enerji marşrutları, neft və hərbi-texnoloji bazar sahəsində əməkdaşlıqdan tutmuş, xarici siyasət və mədəni əlaqələrin intensivləşdirilməsinə qədər inkişaf dairəsi misilsizdir. İlham Əliyevin respublikaya rəhbərliyinin bütün illəri onun Azərbaycana güclü beynəlxalq dəstəyi, Türkiyə, İsrail, Pakistan və Əfqanıstan kimi müsəlman ölkələrinin, eləcə də Ərəb dövlətlərinin, xüsusilə Səudiyyə Ərəbistanı, Misir Ərəb Respublikası və Küveytin dəstəyini təmin edən son dərəcə dəqiq və uzaqgörən diplomatiyası ilə dolu idi.
Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasındakı münasibətlər beynəlxalq aləmdə həmrəylik və qarşılıqlı dəstək hissi ilə dolu olan xüsusi xarakteri ilə seçilir. Azərbaycan 2006-cı ildən Prezident İlham Əliyevin yüngül əli ilə bu təşkilatın müşahidəçi statusunda üzvüdür, lakin ildən-ilə onunla əməkdaşlığını genişləndirir.
Prezident İlham Əliyevin misilsiz əmək qabiliyyəti, tükənməz humanizmi və bəşəriyyətin ən mühüm problemlərinin həllində hər şeyə üstün gələn sağ cinahda olma arzusu, Azərbaycanın dövlət-ərazi kompleksinin bərpası və gələcək hərtərəfli çiçəklənməsi istiqamətində apardığı ciddi işlərə baxmayaraq, onun bütün dünya ölkələrini əhatə edən COVID-19 pandemiyasına qarşı qlobal mübarizə sahəsində təşəbbüsünü yaratdı.
Əlavə olaraq, İlham Əliyevin bilavasitə rəhbərliyi altında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2020-ci ilin aprelində və Qoşulmama Hərəkatının təmas qrupunun 2020-ci ilin mayında keçirilən zirvə görüşləri həm dövlətdaxili, həm də regional və qlobal tədbirlər çərçivəsində pandemiya ilə mübarizə vasitələri hazırladı. Bunun ardınca İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi, BMT-nin Baş katibinə bu təşkilatın xüsusi sessiyasının çağırılmasının zəruriliyi ilə bağlı müraciəti oldu.
Eyni zamanda, Prezident İlham
Əliyevin xarici siyasətinin əsas istiqaməti daim Qarabağ ərazilərinin işğaldan azad edilməsi, respublikanın Ermənistanın təcavüzü nəticəsində pozulmuş ərazi bütövlüyünün bərpası üçün xarici arenada münbit şəraitin yaradılması zərurəti qalırdı.
Dövlətimizin başçısının işləyib hazırladığı xarici siyasət kursunun maksimum tarazlığı, qonşu dövlətlərlə münasibətlərdə ardıcıllıq və sabitlik, ona hələ AXCP – Müsavat alyansının fəlakətli hakimiyyəti dövründə deformasiyaya uğramış Rusiya ilə münasibətləri yaxşılaşdırmağa, qarşılıqlı faydalı maraqların reallaşdırılması üçün platforma yaratmağa və onları əvvəlcə strateji tərəfdaşlıq, sonra isə 22 fevral 2022-ci ildə qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından sonra müttəfiqlik rejimində aparmağa imkan verdi. Üstəlik, Prezidentin bu siyasəti Ermənistanın Rusiyanı manipulyasiya etmək cəhdləri və Rusiya Federasiyası ilə müttəfiqliyinin uyğunsuzluğunu nümayiş etdirməsi fonunda həyata keçirilirdi.
Bir qədər sonra – 2023-cü il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən çıxışında qeyd etmişdir ki, “Biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz və müttəfiqimizdir...”
Türkiyə ilə qardaşlıq və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi, nəqliyyat-energetika, hərbi-texniki və mədəniyyət sahələri də daxil olmaqla, hərtərəfli əməkdaşlığın səviyyəsinin sistemli şəkildə yüksəldilməsi müttəfiqlik qüvvələri sisteminin formalaşmasında təməl daşı oldu. Onun Türkiyə Respublikasının başçısı Rəcəb Tayyib Ərdoğanla 15 iyun 2021-ci ildə imzaladığı, ikitərəfli Azərbaycan–Türkiyə geniş spektrli əməkdaşlığının bütün sistemini ümumiləşdirən Şuşa Bəyannaməsi, təhlükəsizliyin yüksək dərəcədə təminatının rəmzi olmaqla, nəinki Cənubi Qafqaz, bütün Avrasiya üçün də strateji əhəmiyyət kəsb edirdi.
Bununla da Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizənin yekun mərhələsinin xarici siyasət komponenti tamamilə təmin olundu. Və daxili siyasi faktorla birlikdə, öz milli lideri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının 44 günlük, mahiyyətcə isə Vətən müharibəsində qazandığı parlaq Qələbə onun çoxvektorlu, səmərəli siyasətinin təbii nəticəsi idi.
Ermənistanın rəhbərlik etdiyi separatçı qüvvələrin bütün bu təxribat xarakterli anti-Azərbaycan fəaliyyəti, eləcə də onun tərəfindən Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat haqqında 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinə əməl edilməməsi, bəzi Qərb dövlətlərinin xoş münasibəti və hətta müdafiəsi ilə həyata keçirilirdi.
Ədalətin şər və təcavüzkarlıq üzərində mütləq qələbəsini, Azərbaycan Silahlı Qüvvələrinin Vətənin müstəqilliyi və azadlığı uğrunda mübarizədə yenilməzliyini nümayiş etdirən 2023-cü il sentyabrın 19 və 20-si Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olundu. Axı Ermənistanın işğalçı korpusunun qalıqlarını və separatçı quldur dəstələrini məhv etmək üçün əsgərlərimizə cəmi bir sutkadan az vaxt lazım oldu.
Yuxarıda qeyd olunanları bir vaxtlar separatçı serpentarium – Stepanakert, indi isə Xankəndi üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağının təntənəli şəkildə ucaldılması zamanı Prezident İlham Əliyevin söylədiyi sözlərlə yekunlaşdırmaq istəyirəm:
“20 il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın... Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Adəm İsmayıl,
fəlsəfə elmləri doktoru