Azərbaycan beynəlxalq normalara sadiqdir

post-img

10 Dekabr Ümumdünya İnsan Hüquqları Günü

 

Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.


Heydər Əliyev
Ümummilli lider 


Bu il Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 yaşı tamam olur. Hər il dekabrın 10-u Ümumdünya İnsan Hüquqları Günü kimi qeyd olunur.

İnsan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nemətdir. İnsan hüquq və azadlıqlarının təminatı hər bir dövlətin ali məqsədini təşkil etməklə, beynəlxalq aləmdə onun demokratik inkişaf səviyyəsini, eyni zamanda, millətlərin sivil xarakterini müəyyən edir. 

Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır.

Dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, insan hüquq və azadlıqlarının təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur.

1995-ci ildə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəaları əksini tapmış və dövlətimizin ali məqsədlərindən biri kimi məhz insan hüquqlarının qorunması təsbit edilmişdir. Üçdə bir hissəsi insan hüquq və azadlıqlarına həsr edilmiş bu Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuşdur. Hüquq və azadlıqların bəyan olunma dərəcəsinə görə Azərbaycanın Əsas Qanunu insan hüquqları sahəsində qəbul olunmuş beynəlxalq sənədlər də daxil olmaqla, beynəlxalq hüquq standartlarının bütün tələblərinə cavab verir.

Konstitusiyanın qəbulundan sonra cəmiyyətin bütün sahələrini əhatə edən köklü dəyişikliklər prosesi çərçivəsində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş çox mühüm qanunlar və normativ hüquqi aktlar qəbul olunmuşdur. İctimai münasibətlərin inkişaf tempinə uyğun olaraq, dövlət idarəetmə sisteminin əsasını təşkil edən milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən kompleks tədbirlər qanunçuluğun təmininə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə real şərait yaratmışdır.

Şərqdə ilk dəfə olaraq, ölüm cəzasının Azərbaycanda ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini, demokratik prinsiplərin inkişafına xüsusi önəm verildiyini təsdiqləyərək, ulu öndərimizin bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirmişdir.

Ümummilli liderin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci tarixli Fərmanı və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 18 iyun 1998-ci il tarixli sərəncamı ölkəmizdə qanunvericilik və institusional islahatlara təkan vermiş, insan hüquqlarının müdafiəsi sahəsində hüquqi mexanizmlər təkmilləşdirilmişdir.

1996–2000-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulan Azərbaycan Respublikası 2001-ci ildə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasını ratifikasiya etmişdir. Avropa Şurasının bu mühüm sənədinə münasibət bildirməklə Azərbaycan beynəlxalq təşkilatla sıx əməkdaşlığa hazır olduğunu və demokratik ənənələrə, ədalətə, insan hüquqlarının qorunması sahəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bir daha bəyan etmişdir.

Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qanunun aliliyinin təmin olunmasını, insan hüquq və azadlıqlarının müdafiəsini strateji prioritet kimi müəyyənləşdirən Ulu öndər demişdir: "İnsаn hüquq və аzаdlıqlаrının müdаfiəsi dövlətin ali məqsədidir. Azərbaycanda insan hüquqlarının qorunması, insan azadlıqlarının təmin edilməsi həmişə diqqət mərkəzində olmuşdur".

Ulu öndərin müasir insan hüquqları siyasətini yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən müasir dövlətçilik siyasəti nəticəsində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət qurulmuş, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi üçün hərtərəfli təminatlar yaradan vətəndaş cəmiyyəti formalaşdırılmış, ictimai həyatın bütün sahələrində, o cümlədən, məhkəmə-hüquq sistemində islahatlar və yeniləşmə prosesləri dərinləşmişdir.

Qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsasların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət etmişdir.

İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi məqsədi ilə dövlət başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan hüquqlarının və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası çərçivəsində ölkəmizin insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmin edilməsi istiqamətində tədbirlərin davamlılığına nail olunmuşdur.

Ölkə başçısının uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan bu gün öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda, mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran dövlətə çevrilmişdir. "Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır" – deyən dövlət başçısının apardığı gərgin daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmış, dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar bizim haqq işimizi dəstəkləyərək, ölkəmizin ərazi bütövlüyünü tanımışlar. Belə ki, ölkəmiz daim beynəlxalq hüquq normalarına sadiqliyini nümayiş etdirərək, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüququn hamılıqla tanınmış ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında qeyd-şərtsiz həll olunması sahəsində zəruri addımlar atmış, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin icra olunması, Azərbaycan ərazilərindən çıxarılması tələb edilmişdir. Lakin qətnamələrin icrası təmin edilmədiyindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinə başlamış, 10 noyabr 2020-ci il tarixdə Qələbə qazanılmış, üçtərəfli Bəyanat imzalanaraq, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə, həm də öz doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarının hüquq və azadlıqlarının kütləvi surətdə pozulmasının qarşısını alaraq onların konstitusion hüquqlarının – yaşamaq, o cümlədən təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq, mülkiyyət və digər fundamental hüquq və azadlıqlarının həyata keçirilməsini təmin etmişdir.

Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri tərəfindən  Azərbaycana qarşı davamlı terror aktı və təxribatlar törədilmiş, eləcə də mina terroru nəticəsində hərbi qulluqçular və mülki şəxslər həlak olmuşdur. 19 sentyabr 2023-cü il tarixdə  lokal xarakterli antiterror əməliyyatının keçirilməsi zərurəti yaranmış və şanlı ordumuzun 24 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenliyimiz bərpa edilmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasına nail olunmuşdur.

Qeyd etmək lazımdır ki, sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə sadiq olan Azərbaycan beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsiplərinə uyğun olaraq, hər hansı ayrı-seçkiliyə yol vermədən Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin də bərabər hüquqularını multikultural dövlət siyasətinə uyğun olaraq qoruyur.

Bütün bunlara baxmayaraq, üçtərəfli bəyanatın 9-cu bəndində vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə dəhlizin yaradılması nəzərdə tutulsa da, Ermənistanın bu müddəaya hələ də əməl etməməsi Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpa olunmamasına, nəticə etibarilə Naxçıvan əhalisinin öz ölkəsi daxilində sərbəst hərəkət etmək azadlığının məhdudlaşdırılmasına səbəb olur. 

Eyni zamanda, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi çoxsaylı fundamental insan hüquqları prinsiplərinin, beynəlxalq hüququn “jus cogens” normalarının, beynəlxalq konvensiyaların ciddi və sistematik pozulmasıdır və bu, davamlı sülhün bərqərar olunmasına ciddi təhdid törədir. Şübhəsiz ki, Qərbi azərbaycanlıların öz doğma tarixi-etnik torpaqlarına geri qayıtmaq və təhlükəsiz şəraitdə yaşamaq hüquqlarının təmin edilməsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında insan hüquq və azadlıqları ilə bağlı həyata keçirilən mühüm islahatlar ardıcıl şəkildə davam etdirilir. Ölkə başçısının “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada bu istiqamətdə inkişafı təmin etmiş, insan hüquqlarının müdafiəsi ilə bağlı hüquq institutlarının inkişafı tarixində ən mühüm tədbirlərdən biri olan Ombudsman  təsisatı yaradılmışdır.

Həyata keçirilən bu tədbirlər muxtar respublikada insan hüquqlarının müdafiəsi istiqamətində mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsini, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsini təmin edir. Müvəkkil təsisatı bu gün fəaliyyətini preventiv və müstəqil monitorinq mexanizm funksiyalarının icrası, insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması, beynəlxalq təcrübə mübadiləsi, əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə, bu sahədə dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti  institutuları ilə əməkdaşlığın davamlı inkişaf etdirilməsi istiqamətində qurur.

Bugün ölkəmizdə həyata keçirilən mütərəqqi islahatlar muxtar respublikada da hüquq sisteminin müasirləşdirilməsi prosesinə uyğun olaraq insan hüquqlarının daha etibarlı müdafiəsini təmin edir, vətəndaşların hüquq institutlarına, o cümlədən, Müvəkkil institutuna inamı artır, onların müraciət etmək imkanları asanlaşdırılır.

Təhlükəsizliyin carçısı rolunda çıxış edən, sülh və əmin-amanlıq şəraitində daxili imkanlardan və ehtiyat mənbələrindən səmərəli istifadə edərək Azərbaycanın sürətlə tərəqqi edən diyarına çevrilmiş Naxçıvan Muxtar Respublikasında hüquq sisteminin müasirləşdirilməsi prosesinə uyğun olaraq insan hüquqlarının daha etibarlı müdafiəsinin təmin edilməsi ilə bağlı həyata keçirilən mühüm islahatlar ardıcıl şəkildə davam etdirilir.

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının qətiyyət və uğurla reallaşdırıldığı muxtar respublikamızın yüksələn iqtisadi inkişafı, hər bir sosial qrupa ünvanlanmış sosial-iqtisadi layihələrin ardıcıl həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına, nəticə etibarilə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, etibarlı müdafiəsinə və davamlı inkişafına öz töhfəsini verməkdədir.

Günay Rzayeva,
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 

 

Sosial həyat