Qarabağdan gedənlər üçün “beynəlxalq yardım” kampaniyası kimlərə xidmət edir?
SSRİ-nin dağılması nəticəsində digər müttəfiq respublikalar kimi dövlət müstəqilliyini bərpa edən Ermənistanın elə həmin ildən xarici yardımlardan asılı olduğu heç kimə sirr deyil. Başqa postsovet ölkələri 1991-ci ildən etibarən müstəqil daxili və xarici siyasət yürütməyə başlasalar da, Ermənistan kənar yardımlardan asılı olması səbəbindən bu imkandan məhrum oldu. Beləliklə, onun müstəqilliyi formal xarakter daşımağa başladı.
Xaricdəki erməni diasporu da Ermənistanın siyasətinin formalaşmasında mühüm rola malik idi. Məsələn, 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasını nəzərdə tutan iki protokolun (“Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında ikitərəfli əlaqələrin inkişafı haqqında” və “Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulması haqqında” protokollar – S.H.) imzalanmasından bir həftə əvvəl – oktyabrın 1-də ölkənin sabiq prezidenti Serj Sarkisyan erməni icmasının kompakt halda yaşadığı Paris, Nyu-York, Los-Anceles, Beyrut və Rostov şəhərlərinə səfər etmişdi. Sarkisyan yalnız Ermənistan–Türkiyə münasibətlərinə dair diasporla məsləhətləşdikdən, onların fikirlərini öyrəndikdən sonra xarici işlər naziri Edvard Nalbandyanı Sürixə göndərmişdi.
Bütün ermənilərin katolikosu II Qaregin isə 2009-cu il sentyabrın 24-də S.Sarkisyanla görüş zamanı onun təşəbbüsünü alqışlayaraq demişdi: “Diaspor xalqımızın vacib və ayrılmaz hissəsidir. Bugünlərdə imzalanması gözlənilən Ermənistan–Türkiyə sənədlərini də qızğın şəkildə müzakirə edən diaspor övladlarının onları maraqlandıran suallara cavabları şəxsən sizdən eşitmək imkanının olması düzgün olardı”.
Yeri gəlmişkən, erməni apostol kilsəsi də Ermənistan dövlətinin siyasətinin formalaşmasına hər zaman ciddi təsir edib. Hərçənd ki, konstitusiyaya görə, Ermənistan dünyəvi dövlətdir. Buna baxmayaraq, Ermənistan konstitusiyasında (maddə 18.1) erməni apostol kilsəsinin milli kilsə kimi “erməni xalqının mənəvi həyatında, onun milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunub saxlanılmasında müstəsna missiyası” təsbit edilib. Kilsə Ermənistanın və erməni xalqının keçmişində mühüm rol oynayıb, bəzən siyasi və mənəvi rəhbərlik məsuliyyətini də öz üzərinə götürüb. Ənənəvi olaraq, istər Ermənistanda, istərsə də xaricdə ermənilər Eçmiədzin katolikosunu təkcə kilsənin başçısı deyil, həm də öz seçilmiş nümayəndəsi hesab ediblər. Hazırda inzibati cəhətdən iki müstəqil katolikosluq – mərkəzi Eçmiədzində yerləşən bütün ermənilərin katolikosluğu və mərkəzi Livanın Antelias şəhərində yerləşən Kilikiya katolikosluğu mövcuddur.
Bundan əlavə, erməni apostol kilsəsi daxilində iki muxtar patriarxlıq var: Konstantinopol və Yerusəlim patriarxlığı. Ermənistanın sərhədləri daxilindəki bütün yeparxiyalar, eləcə də xaricdəki yeparxiyaların əksəriyyəti bütün ermənilərin katolikosunun tabeliyindədir. Livan, Suriya və Kipr yeparxiyaları Kilikiya katolikosunun nəzarəti altındadır. Yerusəlim patriarxlığına İsrail və İordaniya erməni kilsələri, Konstantinopol patriarxlığına isə Türkiyə və Yunanıstanın Krit adasının erməni kilsələri daxildir. Kilsənin keşişləri, hətta, Ermənistan ordusunun hərbi hissələrinə də təhkim olunaraq burada mənəvi-tərbiyəvi işlə məşğul olurlar.
Erməni diasporu və apostol kilsəsi ilə bağlı bu məqamları qeyd etməkdə məqsədimiz ölkənin bu iki qüvvədən asılılığının dərəcəsini göstərməkdir. Ermənistanda hakimiyyətlər dəyişir, amma asılılığı tam aradan qaldırmaq mümkün olmur ki, olmur. Düzdür, baş nazir Nikol Paşinyan diaspor və kilsədən asılılığı azaltmağa çalışır. Diasporun ölkənin ictimai-siyasi həyatında iştirak payı əvvəlki kimi yüksək deyil. Paşinyanın kilsə ilə münasibətlərinin hamar olmadığına dair də məlumatlar var. Ancaq Ermənistan dövləti indi xarici qüvvələrdən – donor təşkilatlarından, Fransanın timsalında xarici ölkələrdən, müxtəlif fondlardan daha çox asılıdır. İrəvan sentyabrın sonlarında Qarabağdan könüllü köç edən ermənilərin ehtiyaclarının ödənməsi bəhanəsi ilə xeyli vəsait alır. Bu vəsait isə onun asılılığını daha da artırır. Necə deyərlər, pulu kim verirsə, musiqini də o sifariş edir. Şadlıq evlərində, restoranda musiqiçilərə pul ödəyən şəxsin onlara dəqiq nə çalınmalı olduğunu söyləmək hüququ olduğu kimi, Ermənistana pul verən qüvvələrin də ondan tələblərinin olduğu şübhəsizdir. Ümumiyyətlə, istənilən işdə belədir: işin haqqını ödəyənin onun ciddi şəkildə icrasını tələb etmək hüququ var.
***
Dekabrın 8-də Fransanın İrəvana daha 15 milyon avro “təcili humanitar yardım” ayıracağı açıqlanıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. “Fransa Ermənistanı və erməni xalqını dəstəkləməkdə davam edir. Noyabrın 30-da parlament Ermənistana və “Dağlıq Qarabağ qaçqınlarına” (?) təcili olaraq 15 milyon avro ayrılmasına razılıq verib”, – deyə məlumatda bildirilib. Bununla da, Fransanın Ermənistana ayırdığı yardımın həcmi 27,5 milyon avro təşkil edəcək. Fransa XİN qeyd edib ki, bu, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Ermənistan “Qırmızı Xaç”ı və BMT agentliklərinin işini gücləndirməyə kömək edəcək.
Bundan əlavə, Ermənistan hökuməti Dünya Bankının Dövlət və Sülh Quruculuğu Fondundan Qarabağdan getmiş məktəblilərə psixoloji dəstək üçün 2,9 milyon ABŞ dolları məbləğində qrant alıb. Bu barədə isə bankın mətbuat xidməti xəbər yayıb. Qeyd olunub ki, qrant “köçkün” uşaq və yeniyetmələrin Ermənistan məktəblərinə sosial inteqrasiyasına, habelə onların ailələrinə və qəbul edən icmalara sərf olunacaq. Qarabağdan olan uşaqların Ermənistan məktəblərinə inteqrasiyasını təşviq edən layihə “Ermənistan üçün öyrət” Fondu tərəfindən ölkənin 2000-dən çox məktəbində həyata keçiriləcək.
Dekabrın 8-də Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorkyanın sədrliyi ilə gələn həftə Cenevrədə keçiriləcək Dünya Qaçqınlar Forumunda İrəvanın iştirakına həsr olunmuş “dəyirmi masa” keçirilib. Gevorkyan tədbir zamanı Ermənistanın “qaçqınların” müdafiəsi məsələlərində prioritetlərini təqdim edib, xüsusilə də onların problemlərinin həlli üçün beynəlxalq ictimaiyyətin dəstəyinin göstərilməsinin vacibliyini vurğulayıb. Qarabağdan getmiş ermənilərin təkcə aktual problemlərinin həllinə deyil, həm də onlarla bağlı orta və uzunmüddətli proqramların həyata keçirilməsinə, sabit həyat şəraitinin yaradılmasına olan ehtiyaclar qeyd olunub. Bu kontekstdə BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının işinin davamlılığının təmin edilməsinin zəruriliyi bildirilib.
Göründüyü kimi, rəsmi İrəvan həm sentyabrın sonlarında, həm də indi Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına imkan verməməklə, Dövlət Miqrasiya Xidməti tərəfindən Qarabağ ermənilərinin ilkin qeydiyyata dair müraciətlərinin qəbulu və qeydiyyata alınma prosesinin həyata keçirilməsi məqsədilə yaradılmış xüsusi portala (reintegration.gov.az) Ermənistan ərazisində girişi qapatmaqla, əslində, xarici yardımların davamlı olmasını təmin etmək istəyir. Əks-təqdirdə Ermənistan hakimiyyəti buna qarşı çıxmazdı.
Azərbaycan isə Qarabağ erməniləri ilə bağlı özünün aydın baxışını dəfələrlə bəyan edib. Prezident İlham Əliyev dekabrın 9-da “Euronews” televiziyasında yayımlanan müsahibə zamanı deyib: “Öz evlərini tərk etmiş insanlara gəldikdə, əvvəlcə, bu, onların öz qərarı idi. Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Biz açıq şəkildə elan etdik və mən antiterror əməliyyatı başa çatdıqdan sonra Azərbaycan xalqına müraciətimdə bildirdim ki, onlar qala bilər. Biz elektron qeydiyyat portalını açdıq. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur”.
Yeri gəlmişkən, dünən internetdə Qarabağda qalmış erməni Sarkis Qalstyanın həyat yoldaşı ilə “Baba və nənə” abidəsinin yaxınlığında gəzintiyə çıxdığına dair video yayılıb. Onların sakit tərzdə gəzintisi Qarabağın erməni əhalisinin bölgədə təhlükəsiz yaşayacağının daha bir sübutudur.
Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi
– Əfsuslar olsun ki, Ermənistan Azərbaycanla danışıqlar prosesində, eləcə də, regionda gedən proseslərdə subyekt kimi iştirak etmir, xarici maraqları təmsil edən obyektdir. Ermənistan ötən illər ərzində regional siyasətin subyektinə çevrilə bilmədi və obyekt olaraq istifadə olunur. Əsasən, Fransa və ABŞ Ermənistandan öz maraqları üçün istifadə edirlər. Bu həmin Fransadır ki, onun siyasəti nəticəsində Qarabağ erməniləri bölgəni tərk etdilər. Fransanın fitvası ilə rəsmi İrəvan və Qarabağ separatçıları nəyəsə ümid edirdilər. Azərbaycan 2020-ci ildən 2023-cü ilədək şərait yaratmışdı ki, Qarabağ erməniləri ölkə vətəndaşlığını qəbul etsinlər, ölkənin loyal, normal vətəndaşına çevrilsinlər. Amma Fransanın neqativ fəaliyyəti ona gətirib çıxardı ki, ölkəmiz antiterror tədbirləri keçirməyə məcbur oldu. Bundan dərhal sonra Fransa və ona yaxın qüvvələr elə bir vəziyyət yaratdılar ki, nəticədə Qarabağ erməniləri yaşayış yerlərini tərk etməyə məcbur qaldılar. Deməli, burada əsas maraqlı tərəf Fransa və İrəvandır.
Belə anlaşılır ki, həm Fransa, həm də bəzi məsələlərdə ona tabe olan rəsmi İrəvan əllərindən gələni edəcəklər ki, Qarabağ erməniləri qayıda bilməsinlər. Onlar reinteqrasiya prosesinin baş verməsində maraqlı deyillər. Fransa və ABŞ regionla bağlı siyasətlərində Qarabağ ermənilərindən, necə deyərlər, kart kimi istifadə etmək istəyirlər. Paris və Vaşinqtonda düşünürlər ki, Qarabağ erməniləri qayıtmasa, deməli, rus sülhməramlılarının Qarabağda qalmasının da mənası itir. Onların fikrincə, Qarabağ ermənilərinin qayıtması bölgədə Rusiyanın dayaqlarını möhkəmləndirəcək. Bunun baş verməməsi üçün Fransa və ABŞ əllərindən gələni edəcəklər ki, ermənilər qayıtmasın. Əslində, bu, Azərbaycan üçün heç bir problem yaratmır. Ölkəmiz istənilən vəziyyətə hazırdır.
Belə başa düşürəm ki, Qarabağ ermənilərinin bir qismi Ermənistanda qalacaq, əksəriyyəti ölkəni tərk edəcək. Bu proses artıq gedir. Proses yekunlaşanadək qrant adı altında çox pul ayrılacaq. İrəvan burada həm Qərbin siyasi göstərişlərini icra edir, həm də pul qazanır. Qarabağ erməniləri ilə bağlı bəlli məbləğlər hesablara köçürülür və bu məsələ “biznesə” çevrilir.
Səxavət HƏMİD
XQ