Naxçıvana yol haqqı və Ermənistanı “təcrid qatarı”

post-img

Prezident İlham Əliyev İrəvana və havadarlarına mesajlar verdi

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışının diqqətçəkən məqamlarından biri onun Naxçıvana yol müstəvisində söylədikləri idi. Dövlətimizin başçısı məsələnin prinsipial əhəmiyyətini son dərəcə dolğun şəkildə vurğuladı. 

Bəli, Prezident İlham Əliyev Naxçı­vana yola Azərbaycanın ən yaxın pesr­pektiv vəzifəsi, strateji hədəfi baxımın­dan yüksək dəyər qazandırdı. Ölkəmizin lideri dünya ictimaiyyətinə, o cümlədən, Ermənistana dərin məzmunlu mesaj ver­di. Dövlətimizin başçısı Naxçıvana yolun Azərbaycanın legitim hüququ olduğunu açıqladı və əminlik yaratdı. Bu əminlik həm İrəvanın, həm də onun xaricdəki havadarlarının irəli sürdüyü baxışları ta­mamilə inkar və alt-üst edən yanaşmadır. Məsələ barədə təfərrüatlara varmazdan əvvəl qısa şəkildə tarixə nəzər salaq. 

***

Məlum olduğu kimi, 1918-ci ildə Azər­baycan Xalq Cümhuriyyəti qurulanda Naxçıvana yol problemi olmayıb. Çünki o zaman həmin ərazi respublikamızın su­veren torpağı idi. Lakin AXC-nin süququ, Sovet Rusiyasının dövlətimizi işğal etmə­si və sonradan SSRİ-nin formalaşması ilə vəziyyət dəyişdi. Azərbaycana ərazi iddialarını irəli sürməkdə olan erməni millətçilərinə 1918-ci ildə paytaxt İrəvan olmaqla torpaqlarımız hesabına Ermə­nistan Respublikasının yaradılması azlıq elədi. Onlar yeni iddialara düşdülər. Həm Naxçıvana gedən yolu öz əllərinə keçir­məyə, həm də Qarabağın dağlıq hissəsi­ni Azərbaycandan qoparmağa girişdilər. Təəssüf ki, birinci istəklərinə nail oldu­lar. Nail oldular deyəndə ki, bunu sovet liderlərinin saxta, o zaman da, elə indi də heç bir hüquqi və mənəvi əsası olmayan sənədləri təsdiqlədi. Məsələ o qədər sax­ta mahiyyət daşıdı ki, ərazini Ermənis­tana peşkəş edən sovet başbilənləri öz əməllərinin ciddi xarakter alması üçün heç nə etmədilər. Nəticədə 1975-ci ilin sovet dövrü xəritələri tərtib edilənədək, Naxçıvana yol Ermənistan ərazisi olaraq göstərilmədi. Yəqin, indi fərqinə vardınız ki, baş nazir Nikol Paşinyan administrasi­yası nə üçün sərhədlərin dəqiqləşməsin­də məhz 1975-ci ildən sonrakı xəritələri əsas götürməyin tərəfdarıdır. Axı, ona­dək istinad ediləsi heç nə yoxdur. 

Bəli, N.Paşinyan və komandası yax­şı bilirlər ki, Naxçıvana yol Azərbaycanın haqqıdır. Yeri gəlmişkən, erməni baş na­zir bu haqqı bir dəfə tanıyıb da. Söhbət onun 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata imza atmasından gedir. O bə­yanata ki, onun doqquzuncu bəndi bir­başa haqqında söz açdığımız məsələyə həsr olunub. Konkret desək, sənəddə Er­mənistanın Azərbaycanın digər əraziləri­ni Naxçıvanla birləşdirən yolun açılması­na təminat verməli, eyni zamanda, yolda təhlükəsizliyi Rusiya Federal Təhlükəsiz­lik Xidmətinin qorumalı olduğu aydın şə­kildə əksini tapıb. 

Əlbəttə, N.Paşinyan hazırda məsələ­ni danır. Bir müddət əvvəl, hətta, xəbərlər yayıldı ki, guya, erməni iqtidarı üçtərəf­li Bəyanatın doqquzuncu bəndini ləğv edib. Hər halda, bunun mümkünsüz­lüyünü təxmin etmək o qədər də çətin deyil... Ancaq Ermənistanın Naxçıvana yolu açmamaq üçün çeşidli manipul­yasiyalara baş vurduğunu görmək çox asandır. Ölkə rəhbərliyi əvvəllər bu yolun “Zəngəzur dəhlizi” məntiqinə qarşı çıxır və məsələni Ermənistanın ərazi bütöv­lüyünə qəsd kontekstində dəyərləndirir, vay-şivən qoparırdı. Onu da deməliyik ki, belə yanaşmaya dəstək İrandan da gəlir­di. Bakı–Tehran münasibətlərindəki gər­ginlik özünü həm də “Zəngəzur dəhlizi” müstəvisində göstərirdi. İran Ermənista­nın ərazi bütövlüyünün toxunulmazlığının özü üçün “qırmızı xətt” olması məntiqini qabardırdı. 

***

İndi İrəvana Tehrandan dəstək yox­dur. Buna görə Paşinyan özünün “Dün­ya kəsişməsi” layihəsi ilə manipulyasiya etməkdədir. Bu layihə Ermənistanı Fars köfəzi ilə Qara dənizi, Türkiyə ilə Xəzər dənizini və Asiyanı birləşdirən yolların qovşağına çevirir. Əlbəttə, məsələnin reallaşması İrəvan üçün böyük dividend deməkdir və Paşinyan bu dividendin la­büdlüyünü Ermənistanın ərazi bütövlü­yünün və suverenliyinin toxunulmazlığı prinsipi ilə izah etməkdədir. Məhz belə yanaşması onun üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə ye­tirməkdən yayınmasıdır. Söhbət Ermə­nistanın 44 günlük müharibədəki məğlu­biyyətini təsdiqləyən bəyanatdan gedir. Yəni, bu sənəd həm də İrəvanın kapitul­yasiya aktıdır, onun otuz ilə yaxın müd­dətdə Azərbaycan torpaqlarını işğalda saxlamasının, beləliklə ölkəmizə vurdu­ğu böyük ziyanın cəzasıdır. Digər cəza­lar çəkildi. Qarabağda Azərbaycanın tam suverenliyi bərpa olundu. Bu cəza da çə­kilməlidir və məhz buna görə Azərbaycan Prezidenti bildirir ki, Naxçıvana yol Azər­baycanın legitim hüququdur. 

***

Cənab İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında Ermə­nistanın və havadarlarının məsələdən yayınmaq, ölkəmizə Naxçıvana çıxışı verməmək üçün etdiyi cəhdləri, habelə mövcud istiqamətdəki digər yolverilməz meyilləri də vurğulayıb. “Onlar istəyirlər ki, bizə bu çıxış verilməsin, onun qarşısı alınsın. Onlar gördülər ki, biz bunu et­mirik, başladılar şikayətlə çıxış etməyə. Beləliklə, biz Dövlət Departamentinin rəsmisindən müəmmalı bəyanat eşitdik. Birləşmiş Ştatlar qeyd etdi ki, əgər bu, Er­mənistandan keçməsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə deməkdir? Çünki biz bunu Ermənistana 3 il idi ki, söyləyirdik. Əgər istəyirsinizsə ki, bu, Ermənistan ərazisin­dən keçsin, onda bunu erməni dostları­nıza deyin. Siz İranla münasibətlərimizə necə müdaxilə edə bilərsiniz? Yəni, onlar deyirlər ki, biz buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Bu, necə ola bilər? Belə məsuliyyətsiz bəyanatlar bu və ya digər tərəfə yaxşı töhfə vermir. Əfsuslar olsun ki, bu, əslində, sabitliyi, regiondakı proqnozlaşdırmanı daha da çətinləşdirir, o cümlədən bağlantı layihələrinə də təsir göstərir”.

Dövlətimizin başçısının haqqında söz açdığı xüsus üzərində bir qədər ət­raflı dayanaq. Məlum olduğu kimi, ABŞ Dövlət Departamenti rəhbərinin kömək­çisi Ceyms O’Brayn bir müddət əvvəl Birləşmiş Ştatlar Konqresinin Nümayən­dələr Palatasında keçirilmiş Qarabağ dinləmələrində Bakı və İrəvan arasında­kı sülh prosesinə toxunmuş və olduqca amiranə tərzdə bildirmişdi ki, Azərbay­canın digər ərazilərini Naxçıvanla birləş­dirən yol Ermənistan ərazisindən keç­məlidir. Məlum olduğu kimi, Azərbaycan Paşinyan hakimiyyətinin öhdəliklərini yerinə yetirməkdən imtinası, yəni Bakı­nın “Zəngəzur dəhlizi” ideyasına qarşı beynəlxalq səviyyədə apardığı kampani­yanın mövcudluğu şəraitində yolun İran ərazisindən keçməsi təşəbbüsünü qal­dırır. ABŞ bununla razılaşmır, C.O’Brayn isə Vaşinqtonun Bakı ilə münasibətləri korlayacağı ilə bağlı hədə-qorxu tonuna baş vurur. Əlbəttə, ölkəmizin cavabı onu deməyə əsas verir ki, belə yanaşma və təzyiq dili keçərsizdir. 

***

Bəs, Naxçıvana yol xüsusunda keçərli olan nədir? Azərbaycan Preziden­ti məlum forumdakı çıxışında bu barədə də söz açıb: “Ermənistanın hazırda iki variantı var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksin. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur”.

Göründüyü kimi, Naxçıvana yolun hansı kontekstdə Azərbaycanın legitim hüququ olduğunu açıqlanır. Üstəlik, bu açıqlamada Ermənistana qarşı hər han­sı ərazi iddiasından da söhbət gedə bil­məz. Yəni, İrəvan və havadarları arxayın olsunlar ki, məsələ heç də qəsbkarlıqda deyil. Məsələ Rusiyanın Kalininqradla dəmir yolu xətti təcrübəsinə oxşar təc­rübənin tətbiqindədir. Yeri gəlmişkən, dövlətimizin başçısı mövcud məqamı Brüsseldə Paşinyanla müzakirə etdiyini də xatırladıb. Əlbəttə, ikincinin bununla razılaşmadığını da. 

Belə bir vəziyyətdə, əlbəttə, Ermənis­tanın öhdəliklərini yerinə yetirməməsi ilə bağlı məsələ kəskinləşməlidir və kəskin­ləşir də. Həm də ona görə ki, dövlətimi­zin başçısının Paşinyana bununla bağlı dəfələrlə dediyi sözlər, onu düz yola gə­tirmək cəhdləri var: “Mən Ermənistanın baş nazirindən dəfələrlə soruşmuşam ki, onlar nəyə görə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər? Doqquzun­cu maddəyə (2020-ci il 10 noyabr tarixli Bəyanatın – red.) uyğun olaraq, Azərbay­canın qərb hissəsi ilə Naxçıvan arasında əlaqə yaradılmalıdır. Orada, həmçinin qeyd olunub ki, nəzarəti kim təmin edə­cək və Paşinyanın özü bunu imzalayıb. İndi isə bu, artıq mümkün deyil. Nə hə­min marşrut var, nə də Rusiyanın iştirakı. Yəni, əslində, bu, hüquqi baxımdan artıq qüvvəsini də itirmiş kimidir. Çünki öhdəlik var, amma onlar öhdəliyi yerinə yetirmir­lər”. 

Öhdəlik yerinə yetirilmirsə, Azərbay­canın Naxçıvana alternativ yol axtarışı təbiidir. Eləcə də yuxarıda bildirdiyimiz kimi, İran variantına, yəni yolun İran əra­zisindən keçməsinə üstünlük verilməsi də, həmçinin. Ancaq öhdəlikləri yerinə yetirməmək ucuz başa gəlməməlidir. Ermənistan buna görə itirməlidir. İtirməli və əvvəllər olduğu kimi, yenə təcrid du­rumunda qalmalıdır. Ölkəmizin liderinin çıxışındakı qətiyyət və prinsipiallıq mo­tivləri onu deməyə əsas verir ki, İrəva­nı təcriddə saxlamaq da Azərbaycanın müstəsna hüququdur. “Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantını təmin edəcək, əslində, bey­nəlxalq daşımalar dəhlizinə çevriləcək. Bu, o deməkdir ki, Azərbaycan ilə Türkiyə arasında bağlantı yaradılır. Ermənistan özünü bundan məhrum etdi, həmçinin Azərbaycanla bütün digər kommunika­siyaların açılmasından məhrum edir”, – deyən Prezident İlham Əliyev Paşinyana və onu meydana atanlara, erməni baş nazirin Qərbdəki dostlarına konkret me­saj verir. 

***

Sonda ümumiləşdirmə apararaq, dövlətimizin başçısının mesajını bir neçə aspektdə qruplaşdıraq. Birincisi, ermənipərəstlik Azərbaycanın maraq və mənafelərinin nəzərə alınmaması ilə gerçəkləşdirilə bilməz. İkincisi, Naxçı­vana yol Azərbaycan-Ermənistan sülh gündəliyinin vacib komponentidir və bu komponentin nəzərə alınmaması müm­künsüzdür. Üçüncüsü, Ermənistan heç bir halda Azərbayacana qarşı gələcək təzyiqlər üçün yetişdirilə bilməz. Daha doğrusu, ölkəmiz onun güclənməsinə, regionda nəyisə həll etmək statusuna malik tərəfə çevrilməsinə imkan ver­məyəcək. Dördüncüsü, Cənubi Qafqaz­da mühüm regional layihələrdə Bakının həlledici sözü mütləqdir. Məsələnin bu qoyuluşuna alternativin irəli sürülməsi qəbuledilməzdir. Beşincisi, Ermənista­nın “Dünya kəsişməsi” və sair bu sayaq təşəbbüsləri, obrazlı desək, ölü doğul­muş uşaqdır. Altıncısı və ən əsası, Er­mənistanın nicatı Azərbaycandır. Yəni, Azərbaycanla sülh şəraitində, səmimiy­yət mühitində yaşamaqdır. 

Bəli, Prezident İlham Əliyevin “Qara­bağ: 30 ildən sonra evə dönüş. Nailiyyət­lər və çətinliklər” Forumunda səsləndirdi­yi fikirlər, eləcə də həmin fikirlərə əsasən gəldiyimiz yekun qənaət onu deməyə əsas verir ki, ölkəmiz hazırda topu Er­mənistan tərəfə ötürüb. İndi ölkənin rəh­bərliyi ciddi fikirləşməli və rəzil duruma düşməmək üçün qərar verməlidir. Daha dəqiq desək, İrəvan seçim etməlidir: ya Qərbin minnətli yardımı, artıq-urtuğu ilə dolanmaq, ya da payına düşəni, haqqı çatanı götürmək. Bu haqq azdır, ya çox­dur, dəxli yoxdur. Hərçənd, Prezident İlham Əliyevin bildirdikləri İrəvanın öz şansını qaçırdığını söyləməyə əsas verir. Dövlətimizin başçısının İranla əldə edil­miş razılığın detallarından söz açması, obrazlı desək, Ermənistan üçün qatarın getdiyinin təsdiqi kimi də qiymətləndirilə bilər. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət