Dünən Milli Məclisin Sədri Sahibə Qafarova Koreya Respublikası Milli Assambleyasının Gender bərabərliyi və ailə komitəsinin sədri İn-suk Kvonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Söhbət zamanı ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanla Koreya arasındakı münasibətlərin mövcud vəziyyətinin məmnunluq doğurduğu qeyd olunub. Bununla yanaşı, ölkələrimiz arasında fəal siyasi dialoq və sıx iqtisadi əməkdaşlıq münasibətlərinin çoxsaylı istiqamətlər üzrə əlaqələrin inkişafına geniş perspektivlər yaratdığı diqqətə çatdırılıb. İki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər, xüsusilə dövlət başçılarının səfərləri qarşılıqlı əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin yaradıb.
Bu ilin noyabrında Koreya Respublikasına rəsmi səfərini xatırladan S.Qafarova, orada keçirilən görüşlərdən məmnunluğunu bildirib. O, görüşlərdə parlamentlərimizin müvafiq komitələri arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıldığını xatırladıb.
Görüşdə, həmçinin hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının münasibətlərin inkişafında xüsusi rol oynadığı vurğulanıb. Söhbət zamanı tərəflər gender məsələlərinə dair də fikir mübadiləsi aparıblar. Paralmentin rəhbəri Azərbaycanda qadın hüquqlarının təmin olunmasının, qadınların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılmasının daim diqqət mərkəzində olduğunu diqqətə çatdırıb. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin yaradılmasının bu sahədə hökumət-parlament əməkdaşlığının təmin edilməsi istiqamətində atılmış mühüm addım olduğunu bildirib.
İn-suk Kvon da Azərbaycanda olduğu kimi, Koreyada da gender məsələlərinə, qadın hüquqlarının qorunmasına və qadınların ictimai həyatda fəallıqlarının artırılmasına böyük əhəmiyyət verildiyini vurğulayıb.
Azərbaycana səfərindən məmnunluğunu bildirən komitə sədri, ümidvar olduğunu bildirib ki, belə səfərlərin intensivliyi daha da artacaq. Ölkələrimiz və xalqlarımız arasında oxşar cəhətlərin çox olduğunu söyləyən İn-suk Kvon münasibətlərimizin inkişafı üçün böyük potensialın mövcudluğunu qeyd edib. O, enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın vacib rolunu diqqətə çatdırıb.
Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Koreya Respublikası Milli Assambleyasının üzvü, Gender bərabərliyi və ailə komitəsi sədrinin müavini, Koreya–Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Şin Hyun-yonq və digər rəsmi şəxslər iştirak ediblər.
Ə.BƏDƏLOV
XQ