Selektiv yanaşma – Prezidentin qətiyyət manifestindəki etiraz motivi

post-img

Yaxud dünyanın ikili standartlar siyasəti və erməni avantürizminə dəstək təmayülü

Qırx dörd günlük müharibənin başlandığı ilk on gün hər birimizin yaxşı xatirindədir. Həmin vaxt dünyanın media vasitələri elə fon yaradırdılar ki, sanki, Azərbaycan işğalçılıq müharibəsi həyata keçirməkdədir. Onlara ayrı-ayrı beynəlxalq qurumlar, ermənipərəst dairələr, erməni lobbi və diaspor təşkilatları özlərinin qərəzli, obyektivlikdən tam uzaq bəyanatları ilə dəstək verirdilər. Yaxud əksinə, ikincilər birinciləri “ruhlandırır”, “istiqamətləndirirdilər”. Həqiqətən, dəhşətli durum yaşanırdı. Söhbətimiz bu barədədir. 

Əlbəttə, 44 günlük müharibə günlə­rində Azərbaycan Prezidenti İlham Əli­yevin dünyanın aparıcı kütləvi informa­siya vasitələrinə çoxsaylı müsahibələri ölkəmizlə bağlı yanlış informasiya “sel”ini aradan qaldırdı. Hiss etdik ki, mövcud sahədə yumşalmalar, həqiqətləri görmə və dəyərləndirmə meyilləri var. Lakin müharibənin başa çatmasından sonrakı zaman kəsiyinin təhlili onu göstərir ki, üç il əvvəlin sözügedən yaramaz tendensi­yası bu gün üçün də “aktuallığını” saxla­maqdadır. Mövzuya toxunmaq zərurəti də bundan qaynaqlanmaqdır. 

Prezident İlham Əliyev ADA Univer­sitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə dekabrın 6-da keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında bildirdi ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıq yaşayırıq. Döv­lətimizin başçısının haqqında söz açdığı anlaşılmazlıq da diqqətə çatdırdığımız “aktuallığın” nəticəsidir. 

Bəli, heyrətə gəlməmək mümkün­süzdür. Müxtəlif beynəlxalq təşkilatlar, ayrı-ayrı şəxslər, o cümlədən, dünya rəs­miləri Azərbaycan – Ermənistan münasi­bətlərindən söz açarkən, tez-tez “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ münaqişəsi” və sair bu kimi ifadələr işlədirlər. Deməli, Azərbaycanın ərazi bütövlüyü anlayışı­na, ölkəmizin yurisdiksiyasına hörmətsiz yanaşırlar. Nəzərə almırlar ki, birincisi, münaqişə var idi, indi yoxdur, ikincisi Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidi ömrünü tapşırıb. San­ki, münaqişə varmış kimi davranırlar və mövcud xüsusdakı ritorika beynəlxalq ic­timai rəydə çaşqınlıq yaradır. 

Ermənistan bu çaşqınlıqdan “yarar­lanır”. Ölkənin təbliğat maşını Azərbay­canın Qarabağı, guya, işğal etdiyinə dair təəssürat formalaşdırmağa girişir. Ən pisi isə budur ki, İrəvanın formalaşdırdığı təəssürat fonunda erməni avantürizminin Qarabağ seqmenti “aktuallığını” qoruyur, bu seqmentin beynəlxalq ictimai rəydə, bir növ, leqallaşdırılması gerçəkləşdiri­lir. Bəli, Ermənistan və havadarlarının Azərbaycanın Qarabağa sahiblənmə­si, o cümlədən, ölkəmizin bölgədə bu il sentyabrın 19-da keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbirlərini qəsbkarlıq niyyəti olaraq qiymətləndirməsi fonun­da, beynəlxalq təşkilatların əsl həqiqət­ləri dilə gətirməkdən yan keçmələri son dərəcə riyakar ab-hava yaradır. Nəzərə alaq ki, bu ab-hava beynəlxalq hüququn prinsipləri ilə daban-dabana ziddir. Elə buna görə də Prezident İlham Əliyev fo­rumdakı çıxışında BMT Nizamnaməsinin 51-ci maddəsini yada salır. 

Həqiqətən, dünya ölkəmizin yalnız sözügedən maddənin özünümüdafiə hüququndan istifadə etdiyinin fərqinə varmır. Ona görə ölkəmizin lideri tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıqların yaşandığını bildirərkən bunları da vurğulayır: “Biz öz mövqeyi­mizi onlara çatdırırıq və bütün ölkələrə qarşı beynəlxalq hüququn şamil olunma­sının vacibliyini qeyd edirik. Bu, selektiv olmamalıdır”.

***

Bəli, Azərbaycan Prezidentinin haqqında söz açdığı selektiv yanaşma dünyanın ölkəmizə münasibətdəki ikili standartlar siyasətinin bariz göstəricisidir. İllərlə torpaqlarımızın işğal altında qal­masının bir səbəbi də məhz bu siyasət idi. İndi işğal dövrü başa çatıb, ancaq ikili standartlar siyasəti yenə öz “mahiyyəti­ni” və təzahür formalarını saxlamaqda­dır. Mövcud tendensiya isə Ermənistanı reallıqları görməkdən uzaqlaşdırır, eyni zamanda, ölkənin hakim dairələrini və siyasi çevrələrini illüziya bataqlığına sü­rükləyir. Bu tendensiya, eyni zamanda, Ermənistanda revanşist meyilləri güclən­dirir, şovinizmi alovlandırır. Nəticə dünya­nın Cənubi Qafqazdan sülh gözləntisinə tərs-mütənasib vəziyyət formalaşdırır. Görəsən, beynəlxalq qurumlar və onların təmsilçiləri məsələ barədə düşünmürlər­mi? Belə görünür, düşünmürlər, ya da...

***

Əlbəttə, dünyanın bəzi qütblərinin Cənubi Qafqaz müstəvisində rəqabət apardığını qəbul edirik. Əslində, cənab İlham Əliyev də əvvəlki çıxışlarının birin­də mövcud məqama toxunmuşdu. Prezi­dent, hətta, təxminən belə bir ritorik sual ünvanlamışdı: Rəqabət nə vaxt olmayıb ki?.. Ancaq, bu, o deməkdirmi ki, rəqa­bət beynəlxalq hüquq normalarının heçə sayılması ilə müşayiət edilməlidir? Axı, həmin normalara əhəmiyyətsiz münasi­bət müstəvisində bəşəri dəyərlərlə ma­nipulyasiya qorxunc presedent yaratmaq təbiətinə malikdir. Nəzərə alaq ki, ikili yanaşma tətbiq olunsa, elə Avropanın özündə neçə-neçə münaqişə zonası for­malaşa bilər. Məsələn, Fransa və Almani­ya arasında Elzas və Lotaringiya uğrun­da mübarizə, İspaniyada bask problemi, İrlandiyada Oslter məsələsi və sair. Bü­tün bunların “qoca qitə”nin axarına son dərəcə mənfi təsir göstərəcəyi şübhəsiz­dir. Bu yerdə deyilə bilər ki, Şengen zo­nasında birləşmiş Avropa, böyük ölçüdə, münaqişə dövrünü başa vurub. Elə isə nə üçün qitənin aparıcı qurumları vaxtilə özlərində mövcud olmuş münaqişələrə bənzər xoşagəlməz durumların başqa yerlərdə yaşanmasında maraqlıdırlar? Ona görə ki, rəqabət aparırlar?!

***

Azərbaycan Prezidenti bildirir: “Təəs­süflər olsun ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var. Mən hər zaman açıq danış­mağı xoşlayıram. Mən onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasi­bətləri ilə tamamilə razı deyiləm, narazı­yam. Bu, ədalətsizdir və heç də Avropa İttifaqının maraqlarına uyğun deyil”.

Göründüyü kimi, ölkəmizin lideri son dərəcə vacib məqama toxunur. Dövlə­timizin başçısı Aİ-nin xarici işlər və təh­lükəsizlik üzrə ali nümayəndəsi Borrellin və Avropa Parlametinin prezidenti Rober­ta Metsolanın aşkar anti-Azərbaycan və ermənipərəst mövqeyinin qəbuledilməzli­yini vurğulayarkən, bunun Avropa İttifaqı­nın maraqlarına uyğun olmadığını önə çəkir. Əlbəttə, qurumun hazırda Azərbay­canla əməkdaşlıq müstəvisini də əsas götürür. Digər tərəfdən, nəzərə alınmalı­dır ki, hər iki şəxsin aşkar tərəfkeşliyi həm də Aİ-nin bəyan etdiyi prinsiplərə ziddir. Məgər bu şəxslərə Minsk qrupunun tim­salında ATƏT-in otuz ilə yaxın müddətdə öz prinsiplərini çeynəməsinin, reallıqdan uzaq mövqe tutmasının yekunda heç bir nəticə vermədiyi dərs olmayıb? 

Bəli, beynəlxalq aləm bütün məsələlərdə obtektiv davranmalı, indiki halda özünün ermənipərəstlik şakərin­dən qurtulmalı, haqq və ədalətin təntənə­si naminə çalışmalı, mütərəqqi mahiyyət ortaya qoymalı, Azərbaycana, xalqımızın haqq işinə münasibətdə səmimiyyət nü­mayiş etdirməlidir. Azərbaycan Preziden­tinin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında vurğuladığı vacib məqam­lardan biri məhz bu idi. Haqqında söz açdığımız mühit formalaşmayanadək, beynəlxalq hüquq normaları manipulya­siya məngənəsində boğulmaqdan xilas olmayanadək Cənubi Qafqaz erməni avantürizminin cəngindən qurtulmaya­caq. Bunun baş verməməsi isə bölgədə dayanıqlı sülhə və əminamanlığa ciddi təhdid olaraq qalacaq. 

Əvəz RÜSTƏMOV
XQ

Siyasət