Ermənistan parlamentinin sədri yerli-yersiz anti-Rusiya xətti nümayiş
etdirməkdən çəkinmir
Ermənistan parlamentinin spikeri Alen Simonyan, deyəsən, Rusiya Prezidenti Vladimir Putinlə məzələnmək qərarına gəlib. Əlbəttə, onun qatı anti-Rusiya mövqeyi ilə seçilən siyasətçi olduğu məlumdur. Amma mənasız yerə bu qədər qeyri-etik tərzdə fikir bildirəcəyini ehtimal etmək çətin idi.
Əvvəla, Simonyanın Qarabağı Azərbaycana Rusiyanın verdiyinə dair bir müddət əvvəlki bəyanatını yada salaq. Erməni spiker konkret olaraq bildirmişdi ki, Moskva Qarabağı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Bakıya ərməğan edib. İndi isə o, təmsil olunduğu komandanın Rusiya Prezidenti Vladimir Putini Ermənistana daxil olacağı təqdirdə, həbslə üzləşmək təhlükəsindən qurtardığını vurğulayıb. Necə? Söhbətimiz əsasən bu barədədir, ancaq digər məqamlara da nəzər salacağıq.
Məlum olduğu kimi, Ermənistan parlamenti müxalif parlamentarilərin müzakirəyə çıxardığı mənfur “Ayakve” təşəbbüsünü rədd edib. O təşəbbüsü ki, onun qəbulu ilə Qarabağın Azərbaycan ərazisi kimi tanınması kriminallaşdırılır, yəni cinayət məsuliyyəti yaradırdı. Əlbəttə, erməni Milli Assambleyasının bu qondarma qanun layihəsini qəbul etməyəcəyi bilinirdi. Çünki “Ayakve” mahiyyətcə erməni iqtidarının anti-Azərbaycan fəaliyyətinə və Qarabağ avantürizminin davamı “ssenarisinə” zidd təmayüldür. Yada salaq ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan edən rəsmi İrəvan bütün beynəlxalq platformalarda bölgə ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini qaldırır. Yəni, onun “yöntəmi” müxaliflərin yanaşmasından fərqlidir – əvvəl hüquq və təhlükəsiz təminatı, sonra ərazi iddiası.
Onu da vurğulayaq ki, A.Simonyanın tərkibində təmsil olunduğu hakim komanda tam perspektivsiz “Ayakve” təşəbbüsünün parlament tribunalarına daşınmasına qəsdən göz yumub. Məqsəd çox sadədir. Baş nazir Nikol Paşinyan və tərəfdarları Qərbə Ermənistanda Qarabağ mövzusunda barışmaz, daha avantürist kəsimin mövcudluğunu göstərmək istəyirlər. Ona görə göstərmək istəyirlər ki, Qərb dünyası rəsmi İrəvanın minumum kimi qiymətləndirilən tələbinin yerinə yetirilməsində, yəni haqqında danışdığımız Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsində israrlı davransın, Azərbaycana təzyiq göstərərək, onu tutduğu prinsipial yoldan döndərsin. Loru dildə desək, təxminən belə: ruspərəstlər çox istəyir, niyyətləri Kremlin Qarabağ müstəvisində Cənubi Qafqazda söz sahibinə çevrilməsidir, heç olmasa, bizə azı verin.
Bəs, belə demək mümkünsə, “Ayakve”çi müxalifətçilər kimlərdir? O adamlar ki, Rusiya ilə bağlıdırlar. Yəni, Ermənistandakı müxalif düşərgənin, əsasən, rusmeylli şəxslərdən təşkil olunduğu hər kəsə yaxşı məlumdur. Ona görə də A.Simonyan onların üzərindən Rusiyanın dövlət başçısına, belə demək mümkünsə, “sataşmağa” cəsarətlənir. O deyir ki, “Ayakve” qanunvericilik təşəbbüsü qəbul olunsa, Ermənistan hüquq-mühafizə orqanları Rusiya Prezidenti Vladimir Putinə qarşı cinayət işi başlatmağa məcbur qalacaqdılar. Erməni spiker bunu ona görə bildirir ki, Kremlin rəhbəri dəfələrlə çıxışlarında Qarabağın Azərbaycana məxsusluğunu vurğulayıb.
Bəli, “Ayakve” əsasında Ermənistanın Cinayət Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan səsvermənin nəticələri barədə danışan parlamentin sədri bildirib ki, müxalifət, qanun layihəsinin əleyhinə səs verdiyinə görə, hakim qüvvəyə minnətdar olmalıdır. “Biz sizə sifətinizi xilas etməyə kömək göstərdik. Çünki siz bu qanun layihəsinin girovu oldunuz. Sualım budur: Bu qanun “Artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıdığına görə müttəfiqimiz Rusiyanın prezidentinə şamil olunacaqmı?”
Qeyd edək ki, A.Simonyanın sualını “Ermənistan” fraksiyasının katibi və “Ayakve” təşəbbüsünün müəlliflərindən olan Artsvik Minasyan yerindən belə cavablandırıb: “Bu məsələ hakim qüvvədən başlayaraq, hamıya şamil olunacaq”. Ardınca spiker yenə də məzələnməyə keçib: “Təşəkkür edirəm, bunu bildirməyiniz çox vacibdir. Sonra da deyirlər ki, siz ruspərəst müxalifətsiniz. Mən şəxsən buna inanmıram”.
Birincisi, A.Simonyanın replikası məntiqsizdir. Elə bu məntiqsizliyə görə də bildirmək mümkündür ki, erməni spikerin məqsədi Rusiyaya qarşı nalayiq tərzdə söz açmaqdır. Hiss olunur ki, Ermənistanın hakimiyyət komandasının hər bir üzvü kimi, A.Simonyan ölkəsinin anti-Rusiya xəttini yerli-yersiz bütün məqamlarda ortaya atmaq əzmindədir.
Əslində, “Ayakve” təşəbbüsü Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına görə cinayət məsuliyyətini yalnız Ermənistan Respublikası adından danışan məmurlara şamil edir. Yəni, Prezident Putinin məsələyə, ümumiyyətlə, dəxli yoxdur. İkincisi, A.Minasyanın “qanun hamıya şamil ediləcək” cavabı da mənasızdır. Aydındır ki, onun hamıya şamil edilməsi mümkünsüzdür. Üçüncüsü isə əsas məsələ V.Putinin Ermənistana daxil olduqda dərhal həbsindədirsə, bu xüsusda üzərində dayayılmalı olan daha böyük məqam var. Söhbət ölkə parlametinin ratifikasiya etdiyi və prezidentinin təsdiqlədiyi Roma Statutundan gedir.
Məlum olduğu kimi, Roma Statutuna qoşulma Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti V.Putinin və ölkənin digər rəsmilərinin həbsinə dair çıxardığı orderin Ermənistanda da keçərliliyi anlamını verir. Bu o deməkdir ki, hazırkı dövrdə Putin “Ayakve”yə görə deyil, məhz Roma Statutuna görə həbslə üzləşə bilər. Əlbəttə, Ermənistana gəlsə...
R.ƏVƏZ
XQ