O'Brayn diplomatında Bakıya nə gətirir?

post-img

Bu, Ağ Ev rəsmisinin məlum telefon danışığından sonra regiona ilk səfəridir

ABŞ həm coğrafi, həm də siyasi baxımdan Azərbaycandan çox uzaqdadır. Doğrudur, müasir elektron texnologiya on min kilometrlərlə aralıdakı obyekti, yaxud subyekti yanımıza, hətta ayağımıza gətirməyə qadirdir. Amma bu zaman unutmayaq ki, Bakı ilə Vaşinqton arasında okean da var... 

Okeanın o tayındakı supergücün sükanı arxasında demokratların və ya respublikaçıların durmasından, yaxud Konqresdə üstünlüyün hansı siyasi qü­vvənin tərəfində olmasından asılı olma­yaraq, hakimiyyət elitası üçüncü dünya ölkələrinə qarşı daim ikili standartlı və riyakar diplomatiyaya sadiq qalıb. Bu da bir həqiqətdir ki, güclülər heç vaxt öz səhvlərini boyunlarına almırlar. Fəqət bəzi məsələlərdə olduğu kimi, burada da istisnalar mövcuddur. 

ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenlə Azərbaycan Preziden­ti İlham Əliyev arasında keçən ay baş tutan məlum telefon söhbətinin ardınca Vaşinqton Bakıya qarşı münasibətində yol verdiyi yanlışlığı, dolayısı ilə olsa da, etiraf edib. A.Blinkenin Avropa və Avra­siya məsələləri üzrə köməkçisi, Senatda anti-Azərbaycan çıxışı ilə “tarixə düş­müş” Ceyms O’Braynın bu gün realla­şacaq Bakı səfərini məhz həmin etirafın təzahürü saya bilərik.

Tanınmış siyasi icmalçı Fikrət Sadıxova görə, ABŞ indiki məqam­da Bakıya müəyən mənada özünün təəssübkeşliyini bildirir: “Konqresdə­ki məlum müzakirə və qərardan sonra Antoni Blinkenin Bakıya zəngindən belə aydın olurdu ki, ABŞ sadəcə Ermənista­na dəstəyi imitasiya edib. Eyni zamanda, dövlət başçımızın Azərbaycan rəsmiləri­nin də Vaşinqtona səfərlərinə qadağanın aradan qaldırılması ilə bağlı tələbi qəbul edildi. Təbii ki, Azərbaycan ABŞ-la düş­mənçilik etmək niyyətində deyil. Bunu rəsmi Vaşiqtonun diqqətinə çatdırdıq. İkitərəfli münasibətlərin isə bizim maraq­larımıza zidd olmayan yolla normallaşdır­mağa hazır olduğumuzu bildirdik”.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması məsələsin­də ABŞ-dan da çox şeyin asılı olduğunu bildirən politoloq Ağ Evin moderator kimi obyektiv mövqedə dayanmalı olduğu­nu və reallığı qəbul etməyini önə çəkdi: “ABŞ sülhə aparan yolu düzgün göstər­məlidir. Çünki Azərbaycanın Ermənista­na güzəştə getmək limiti tükənib. Yəni, bundan sonra heç bir güzəştdən söhbət gedə bilməz. Bu, başqa bir reallıqdır. Bakı təklif etdiyi saziş layihəsinə qeyd-şərtsiz və tələbsiz imza atmağa hazırdır. Ermə­nistan isə Azərbaycanla münasibətləri normal, sivil qaydada bərpa və inkişaf etdirməyə qadir olduğunu nümayiş etdir­məlidir. Həm də, soydaşlarımızın Qərbi Azərbaycana qayıtmasına şərait yaradıl­malıdır. Bu konkret məsələnin həlli məhz Ermənistandan asılıdır. Düşünürəm ki, əgər Ağ Ev bu məsələlərə obyektiv ya­naşmaq istəyirsə Cənubi Qafqazdakı pri­oritetlərinə yenidən baxmalıdır”. 

* * * 

Politoloq Tofiq Abbasovun fik­rincə, ABŞ özündən zəiflərə həmişə yuxarıdan-aşağı baxıb, ona dirəniş göstərənlərin isə daxili işlərinə qarışır və bununla da qıcıq yaradır: “Vaşinqton ona boyun əyməyənlərə təzyiq göstər­məyə, ilişməyə girəvə axtarır. Bu təzyiqin də həmişə iki başı olur. Həmin təzyiqə görə geri çəkilənin vay gününə. Orada ya o liderin, ya da o dövlətin evi yıxılır. Yəni, bunların qarşısından qaçmaq olmaz. Bir halda ki, cənab Prezidentimiz axıra kimi dediyi sözün üstündə durub və Azər­baycanın istənilən dövlətlə münasibətlə­rində bərabərhüquqluğa önəm verdiyini bildirib. Bəli, sağlam və şəffaf yanaşma budur. Bunu Avropa İttifaqı kimi, artıq Va­şinqton da bilir”.

Ceyms O'Braynin Bakıya səfəri­nin səbəblərindən danışan T.Abbasov ABŞ-ın bu bölgədə hansısa çaxnaş­manı gözlədiyinə diqqəti yönəldir:

“Qərb və ABŞ bir bəhanə ilə ermə­niləri bizim üstümüzə qaldırmaq istəyirdi. Yəni Azərbaycanın Ermənistanın ehti­mal edilən təxribatının qarşısını hansısa yolla alması onlara dəstavüz verməli idi. Nəticədə onların bölgədə yerləşməsinə “tutarlı zəmin” yaranmalı idi. Azərbaycan dünyanın və ABŞ-ın gözü qarşısında 19–20 sentyabrda antiterror tədbirlərini həyata keçirdi. Ondan sonra Aİ və Fran­sa kimi ABŞ da, bir növ, yolun ortasında qaldılar. Rəsmi Bakı öz diplomatiyası ilə Qərbin “diplomatik qoşununu” tərksilah etdi. Onlar bunu özlərinə bağışlaya bil­mirlər. Zəfərimizi isə bizə bağışlamaq istəmirlər. Məgər ATƏT-in Minsk qrupun­da Fransa və Rusiya ilə birgə Azərbayca­na qarşı min oyundan çıxan həmin ABŞ deyildimi?! İndi görəndə ki, Azərbaycana bata bilmirlər, deyirlər ki, yaxşı, gəlin ba­rışaq. Məhz Vaşinqtonun belə “zondaj” siyasətinə Bakı soyuqqanlı şəkildə kəs­kin sözünü dedi. “3+3” formatı isə onları cin atına mindirir. Bəli, bölgənin problem­lərini buradakı ölkələr öz aralarında həll edəcəklər. Əgər İrəvan bunu istəmirsə, özündən küssün”. 

* * * 

Siyasi şərhçi Turab Rzayev Ceyms O'Braynin Azərbaycana səfəri əsna­sında Bakıdan anti-Rusiya koalisiya­sına qoşulmağı istəyəcəyini ehtimal edir: 

“Antoni Blinkenin köməkçisinin Cənu­bi Qafqaz ölkələrindən yalnız Azərbay­cana səfər etməsinin səbəbi sərhədin delimitasiyası, hələ də işğal altında qalan 8 kəndlə bağlı dövlətimizin mövqeyinin Ağ Ev tərəfindən qəbul edilməsi kimi an­lamaq olar. Bununla yanaşı, O'Braynin Azərbaycandan nəqliyyat və kommuni­kasiya xətlərinin açılması, Ermənistanın blokadadan çıxarılması məsələlərini qal­dıracağı da gözləniləndir. Çünki Dövlət Departamentinin səfərindən az öncə Vaşinqton iki ölkə arasında sülh sazişinin tez bir zamanda imzalanmasında maraq­lı olduğu barədə açıqlama verdi. Fikrimiz­cə, Bakıdakı rəsmi görüşlərdə Zəngəzur dəhlizi ilə bağlı məsələ müzakirə oluna­caq. 

Yuxarıda da qeyd etdiyimiz kimi, O'Braynin diplomatik çantasında təkcə bu deyil, həm də Vaşinqtonun Azərbay­candan Rusiyaya qarşı ABŞ cəbhəsində yer almaq istəyi də var. Hazırda Rusiya ətrafında geniş müdafiə və mühasirə zolağı formalaşdırılır. Qazaxıstan və Öz­bəkistanda NATO güclənir, Qırğızıstanda rus dili sıxışdırılır, Ukrayna və Moldovada vəziyyət bəllidir. Ermənistan və Gürcüs­tanın Aİ-yə üzvlük məsələsi gündəmə gətirilir. Çox böyük ehtimalla sülh müqa­viləsi imzalandıqdan sonra Rusiya hərbi bazasının Ermənistandan çıxarılması tələb olunacaq. Gözlənilən bu proseslə­rin fonunda ABŞ və Qərb Azərbaycanı da Rusiyaya qarşı yanında görmək istəyir. Azərbaycan isə regional və qlobal geo­siyasi şəraiti nəzərə almaqla həmin təklif­lərə praqmatik cavabını verəcək”.

* * *

“İrəvan gözlənilən təhlükələrdən ya­yınmaq üçün Azərbaycanla sülh müqa­viləsi imzalamalıdır. Bununla yanaşı, həm də sərhədin delimitasiya və demar­kasiyasını həyata keçirməlidir”. Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, Rusiyanın “Milli müdafiə” jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko belə deyir: 

“Amma Ermənistan sülh müqavilə­si imzalamaq istəmir. İrəvan Fransanın qucağında oturaraq, imkan daxilində, buraya Almaniyanı da cəlb edib, ABŞ-a arxalanaraq, sülh prosesini yenidən lən­gitməyə çalışır. İrəvan və Bakı ortada va­sitəçi olmadan da öz aralarında razılaşıb sülh müqaviləsini imzalaya bilərlər. Azər­baycan sülh sazişinin layihəsini dəfələrlə formalaşdırıb və qarşı tərəfə təqdim edib. Ermənistan tərəfdən isə hələlik ancaq siyasi demaqogiya eşidirik. Yeri gəlmiş­kən, ABŞ-ın mövqeyi, təəssüf ki, Cənubi Qafqazda sülhə töhfə verməyə köklən­məyib. Bunu Bakı ilə İrəvan arasında baş verən son münaqişə də göstərir”, – deyə Korotçenko bildirib.

Rusiyalı ekspert hesab edir ki, ABŞ Azərbaycan üzərində siyasi təsir rıçaq­larına sahib olmağa çalışır: “Vaşinqton Bakıya necə təzyiq etmək, onu özünün bəzi tövsiyələrinə əməl etməyə hansı for­mada razı salmaq barədə düşünür. Heç bir şey alınmayanda, bu, Ağ Evdəkilərin xoşuna gəlmir. Məhz bu səbəbdən Ame­rika Qarabağ ermənilərinin yol xəritəsin­dən istifadə etməyə cəhd göstərir. Eyni zamanda, başa düşmək lazımdır ki, bu, hələ hamısı deyil. Bəli, Qərb Ermənistanı dəstəkləməyə köklənib. Biz Serbiyanın xüsusi mövqeyini, Macarıstan, İtaliya və Bolqarıstanın, eləcə də Cənub Qaz Dəh­lizi ilə Azərbaycandan qaz alanların ha­mısının mövqeyini bilirik”.

Hayastanın qırmızı işığa doğru gedən “siyasi qatarı” 

Uçurumun kənarı ilə addımlayan sərxoşa bənzəyən Ermənistan ağlına da gətirmək istəmir ki, o, bu təhlükəli yol­da özünün suveren statusunu itirə bilər. Çünki, İrəvan hələ də kənar təsirlərdən qurtula bilmir, Bakı ilə sülh sazişini im­zalamayıb, təhlükəsizliyinin siyasi stra­tegiyasını müəyyənləşdirmədiyi bir yana, özü üçün ən pis və təhlükəli variantı se­çib. Bu variant son dönəmlər müşahidə edilən Qərbin “dindaşlıq hisslərinə” arxa­lanmaq kimi saxta təəssübkeşliyə əsas­lanır. Digər yandan, Vaşinqtonun ikitərəfli “dostluq münasibətlərinə” təminatı və amerikalı çinovniklərin “xoş təbəssüm­ləri” də ermənilərin beynini dumanlandı­rıb. İntəhası, həmin Qərb və ABŞ onlara yağlı vədlərdən savayı heç nə vermə­dilər. Deməli, İrəvanın Rusiyadan yan keçərək, Qərbə istiqamət götürən “siyasi qatarının” istənilən an relsdən çıxaraq qəzaya uğraması ehtimalı çox böyükdür. 

Məsələ həm də ondadır ki, ermənilər Cənubi Qafqazda təhlükəsizlik struktu­runun aşkar aksiomlarını dərk etməkdə çətinlik çəkirlər. Həmin aksiomun ma­hiyyəti isə belədir: Azərbaycan güclü diplomatiyası, qüdrətli ordusu, Türkiyə və Rusiya kimi böyük regional aktorlar­la, eləcə də İsrail və Böyük Britaniya ilə strateji əməkdaşlığı sayəsində özünün möhkəm status-kvosunu yaradıb. Bütün bunlardan başqa, Bakının strateji portfe­lində Türkiyə ilə Şuşa Bəyannaməsi, Ru­siya ilə Strateji Müttəfiqlik Deklorasiyası var. Yəni, Azərbaycanın siyasi-iqtisadi və təhlükəsizlik perspektivinə təminat verən daşdan keçən iki sənəd! 

Yeri gəlmişkən, dünən Rusiya Xari­ci işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayra­movla ikitərəfli görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan regional “3+3” platformasının getdikcə daha perspektivli olduğu barə­də nikbin açıqlama verib. Bunu Kremlin Vaşinqtona cavab jesti kimi qəbul etsək belə, Azərbaycan və Türkiyənin təşəb­büsü ilə reallaşan bu regional formatın bəhrəsini yaxın perspektivdə görəcəyi­miz şəksizdir. Elə hayların azsaylı ağıllı başları da artıq etiraf etməyə başlayırlar ki, Bakı ilə sülh müqaviləsini imzalamaq­la Ermənistan avtomatik olaraq Azər­baycan və Türkiyə tərəfindən özünün ərazi bütövlüyünün tanınmasını əldə edəcək. Buna görə də Bakının, guya, İrəvan üçün hansısa təhlükə yaradacağı barədə erməni siyasətbazlarının məsu­liyyətsiz və avantürist bəyanatlarının ağ yalan olduğunu həmin praqmatiklər əla bilirlər. Axı, sülh sazişinin imzalanması faktının özü ermənilərin canını bu cür qorxulardan və yarımçıqlıq kompleksin­dən qurtaracaq “zərdab” rolunu oynaya­caq. 

İmran BƏDİRXANLI
XQ











Siyasət