Dünyada hamı barışa can atır, lakin çoxu buna çatmır

post-img

Prezident İlham Əliyev isə ölkəsini sülhə qovuşduran azsaylı liderlərdəndir

“Sülh və Barışıq üçün Gernika mükafatı” yalnız artıq əldə olunmuş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq birliyin ortaq rifahı, sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına məktubundan

Bakı, 26 aprel 2026-cı il

Anamız Yer kürəsi İkinci Dünya müharibəsindən bəri heç zaman bu qədər münaqişə və müharibələrin əlində əsir-yesir olmamışdır. İndi artıq planetimizin hər yerində – hətta Şimal və Cənub buzlaqlarında da böyük güclərin maraqları toqquşur və aysberqlər arasından belə siyasət alovları dilim-dilim ərşə doğru uzanır. Sanki hər yer od tutub yanır. Ona görə də hamı – hətta min bir bəhanə ilə açıq və ya gizli müharibə aparan dövlətlərin əhalisi də birmənalı şəkildə sülhü dəstəkləyir, bu istiqamətdə çağırışlar edir və nəticəsi oldu-olmadı, barışa can atırlar.

Bu cümlədəki “nəticəsi oldu-olmadı” ifadəsini ona görə xüsusilə qabardırıq ki, dünyanın əksər ölkələrindəki, böyük regionlardakı milyonlarla insanın sülh arzusu, təəssüf ki, gözündə qalır. Çünki öz ölkəsində və ya regionda sülhə nail ola biləcək liderlər azdır. Doğrudur, dərin siyasi təfəkkürə, mükəmməl idarəetməyə malik liderlər az deyil. Ancaq onların reallaşdırmaq istədikləri maraqlar sülhü ikinci, ya da üçüncü dərəcəli vəzifəyə çevirir.

Azərbaycan xalqı xoşbəxtdir ki, bizim liderimiz nəinki ölkəmizdə, hətta dünyanın əsas güc mərkəzlərinin diqqət mərkəzində olan Cənubi Qafqaz regionunda sülhə nail olmaqla “Ən yeni tarix”in ən mükəmməl səhifələrini yazıb. Məhz həmin fakta görə dövlət başçımız bu ilin əvvəlində “Zayed İnsan Qardaşlığı Mükafatı” na layiq görüldü. Xatırladaq ki, həmin mükafatın yaradılması tarixi bir hadisə ilə bağlıdır. 2019-cu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Katolik Kilsəsinin rəhbəri Papa Fransisk və Əl-Əzhərin Böyük İmamı Əhməd əl-Təyyib görüşərək dünya sülhü və birgəyaşayış naminə “İnsan Qardaşlığı Sənədi”ni imzalamışlar. Məqsədi dünyada sülh, dözümlülük və insan qardaşlığı dəyərlərini təşviq edən şəxsləri və ya qurumları layiqincə qiymətləndirmək olan həmin mükafatla təltif olunanlardan biri məhz Cənubi Qafqaza sülhün gətirilməsinə nail olmuş Azərbaycan Prezidentidir. Yəni həmin mükafat İlham Əliyevin siyasi fəaliyyətinə Yaxın Şərqdə verilən qiymət idi.

Əbu-Dabidəki mükafatlandırmadan cəmi iki ay yarım sonra isə Azərbaycan Prezidentinin ünvanına daha bir mühüm regiondan – Avropadan təxminən eyni mahiyyət kəsb edən mükafat xəbəri gəldi. Maraqlıdır ki, bu mükafat da məhz tarixi bir fakta istinadən təsis edilmişdir və dünyanın konkret regionunda sülhə nail olmuş şəxslərə təqdim edilir.

Söhbət İspaniyadakı Gernika-Lumo və Pforshaym şəhər şuralarının, Gernika Sülh Muzeyinin, Mədəniyyət evinin və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinin təsis etdiyi “Sülh və Barışıq üçün Gernika mükafatı”ndan gedir. “Gernika Qoqoratuz” mərkəzinin elektron resurslarında qeyd edilir ki, bu qurum 1987-ci ildə Gernikanın bombalanmasının 50-ci ildönümü ilə bağlı keçirilən tədbirlər çərçivəsində yaradılıb. Əsas fəaliyyəti sülh dəyərlərinin yaşadılması, barış mədəniyyəti sahəsində işlərin həyata keçirilməsidir.

Bildirilir ki, adıçəkilən mərkəz “Gernika Qoqoratuz” Fondu tərəfindən dəstəklənir. Fondun məqsədi “elmi düşüncə ilə yaradılan və ya dəstəklənən, şəhər və ya Gernika simvolu ilə əlaqəli töhfələrlə qlobal miqyasda və xüsusən də Bask ölkəsində azadlıq və ədalətli sülhün əldə edilməsinə töhfə verməkdir. Bu yolla da 1987-ci il aprelin 10-da Bask Parlamenti tərəfindən təsdiq edilmiş Gernikada Sülh Araşdırmaları Mərkəzinin yaradılması ilə bağlı Qeyri-Qanunvericilik Təklifi” yerinə yetirilir.

Bildirilir ki, mərkəzdə yüksək səviyyədə ixtisaslaşmış elmi kitabxana var. 7470-dən çox qeyddən ibarət sənədli kolleksiyaya və 6520 kitabdan ibarət fonda malik “Gernika Qoqoratuz” kitabxanasında onlayn xidmət və biblioqrafik axtarışlara çıxış təmin etmək üçün xüsusi veb formatı yaradılmışdır.

Bu zaman bir faktı, daha doğrusu, tarixi paraleli yada salmaq zərurəti var. Qeyd etdiyimiz kimi, adıçəkilən mükafat 1987-ci ildə təsis edilib. Ermənistanın separatçılarının Azərbaycan ərazilərini işğal etmək üçün həyata keçirməyə başladığı qanlı faciələrlə dolu ilk addımlar da məhz 1987-ci ildə atılıb. Prezident İlham Əliyev regionda sülhə nail olmaq üçün məhz həmin tarixdən – 1987-ci ildən 2020-ci ilin payızınadək davam etmiş separatçılığa, terror, soyqırımı, təxribat və nəhayət, ərazilərimizin 20 faizinin işğalına son qoymalı olmuşdur.

Dövlət başçımız həmin məqsədə məhz dünya ictimaiyyətinin gözlədiyi, arzuladığı şəkildə nail oldu. Bu gün İrəvan Bakının uzatdığı sülh əlini sıxmağın astanasındadır. Ancaq astanada olmayan – müəyyən edilmiş məqsədlərə çatan addımlar da az deyil. Məsələn, uzun onillər boyu “Biz mühasirədəyik!” – deyə bağıran, əslində, özünü bütün regional layihələrdən kənarlaşdıran Ermənistan rəhbərliyi bu gün Bakıdan gələn yük qatarlarını böyük məmnuniyyətlə qəbul edir və daha geniş əməkdaşlığa ümid etdiyini gizlətmir. Bu gün həmin ölkədə “İlham Əliyev Qafqaza sülh gətirdi” və ya “Azərbaycan Prezidenti Ermənistan Respublikasının gələcəyinə zəmin yaratdı” kimi tezislər məhz siyasətçilərin dilindən səsləndirilir.

Bütün bunları nəzərə alan dövlət başçımız “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına ünvanladığı məktubunda qeyd edir ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym şəhər şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm.

Cənab Prezident Ermənistanın xalqımıza və dövlətimizə qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı çıxışlarında deyir ki, biz həmin faciə və soyqırımlarını heç zaman unutmayacağıq. Dövlət başçımız həmin prinsipial mövqeyini Gernika faciəsi barədə danışarkən də nümayiş etdirir: “Bu mükafatın 26 aprel – Gernika qurbanlarının anım günündə təqdim olunması xüsusi rəmzi məna daşıyır. 89 il əvvəl Gernikada dinc əhaliyə qarşı törədilmiş amansız cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrdən biridir. Hesab edirəm ki, dinc insanlara qarşı istənilən cinayət bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlir. Gernika şəhərinin bu ağrı-acısını bölüşür, qurbanların əziz xatirəsini dərin ehtiramla yad edirəm”.

Prezident xatırladır ki, Azərbaycan bu gün yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir: “Biz, eyni zamanda, sülhü möhkəmləndirmək və onu əməli fəaliyyətə çevirmək üçün addımlar atırıq və artıq hər iki cəmiyyətimiz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Bu gün artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir”.

Ekspertlərin fikrincə, “Sülh və Barışıq üçün Gernika mükafatı” Prezident İlham Əliyevin sülhə xidmətlərinin beynəlxalq səviyyədə qiymətləndirilməsidir.

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Siyasət