Albaniyanın paytaxtı Tiranada komanda hesabında Avropa çempionu olan sərbəst güləş üzrə milli komandamız vətənə qayıdıb.
3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığmamız üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli qarşılanma mərasimi keçirilib. Milli komandanın baş məşqçisi və üzvləri çempionatla bağlı fikirlərini XQ-yə bölüşüblər:
-Xetaq Qazyumov, baş məşqçi:
-“Komanda hesabında Avropa çempionu olduğumuz üçün çox xoşbəxt və qürurluyuq. Çempionluğumuz komanda olaraq birgə işləməyimizin nəticəsidir. Bizə daim diqqət və qayğı göstərən Azərbaycan Güləş Federasiyasına, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, eləcə də bizi dəstəkləyən, bizim üçün dua edən və bizim üçün həyəcan keçirən hər kəsə öz minnətdarlığımı bildirirəm. Bu qələbə münasibətilə məşqçiləri, idmançıları və həkim heyətini təbrik edirəm. Təbii ki, bu uğurla kifayətlənməyəcəyik. Hər birinin əməyi və zəhməti böyükdür. İndi bir az istirahət edəcəyik. Ondan sonra isə dünya çempionatının hazırlığına start verəcəyik. Növbəti qələbələrlə azarkeşlərin etimadını doğrultmağa çalışacağıq”.
-Elçin Zeynalov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi:
-“İdmançılarımız Azərbaycan xalqını sevindirdi. Komandamız Avropa çempionu oldu. Buna görə məşqçilərimizi, idmançılarımızı və xalqımızı təbrik edirəm. Allah onlara uzun ömür versin. Arzu edirəm ki, Olimpiya Oyunlarında da qızıl medal qazanarlar”.
-İslam Bazarqanov, Avropa çempionu:
-“Avropa çempionatı olduğum üçün çox xoşbəxtəm. İki dəfə bürünc medal qazanmışdım. Allah şükür ki, bu dəfə medalın əyarını qızıla çevirə bildim. Rəqibim güclü idi. Sevinirəm ki, dünya çempionatındakı məğlubiyyətin revanşını ondan ala bildim. Ən çətin görüşüm finalda oldu. 8:0 öndə idim. Rəqib tempi artıraraq fərqi azaltdı. Arxayınlaşmaq olmazdı”.
-Ali Tsokayev, Avropa çempionu:
-“Bu, böyüklərin Avropa çempionatında ilk çıxışım idi. Çox sevinirəm ki, debütümdə qızıl medal qazandım. Bu uğurumda Azərbaycan Güləş Federasiyasının rolu böyükdür. Ona görə də qələbəmi federasiyamıza və qələbəmə sevinən azarkeşlərə həsr edirəm. Dünya çempionatından da qızıl medal gözləyirəm. Bunun üçün məşqçilərimizin dəstəyilə öz üzərimdə çox çalışacağam”.
-Giorgi Meşvildişvili, Avropa çempionu:
-“Titulumu qorudum. Bu qələbə münasibətiylə Azərbaycana, Azərbaycan Güləş Federasiyasına və məşqçi heyətinə öz minnətdarlığımı bildirirəm. Nə qədər ki, karyeramı davam etdirəcəyəm, hər zaman Azərbayacan güləşinə fayda verməyə çalışacağam”.
-Turan Bayramov, Avropa ikincisi:
-“Beş ildən sonra yenidən Avropa çempionatının finalına yüksəldim. Təbii ki, hədəfim qızıl medal idi. Minimal fərqlə məğlub oldum. Şükür, yenə medalsız qalmadım. 74 kiloqramda güclü rəqabət var. İnanıram ki, məşqlərimi daha da gücləndirərək dünya çempionatında bu gümüşü qızıla çevirəcəyəm. Millimiz həqiqətən çox güclüdür. Bütün çəkilər üzrə təmsilçilərimiz reytinq cədvəlində ilk dördlükdə yer alır. Bu da yığmamızın nə qədər güclü olduğu göstərir”.
-Arseniy Djioyev, Avropa ikincisi:
-“Çox sağ ol, Azərbaycan. Dəstəyinizə görə minnətdaram. Allaha şükür edirəm ki, məni gümüş medalla mükafatlandırdı. Azərbaycan Güləş Federasiyasına minnətdarlığımı bildirirəm. Bu müddət ərzində federasiya bizim üçün hər cür şərait yaratmışdı. Çəkdiyimiz zəhmət onu göstərdi ki, biz doğru yoldayıq. Allahın köməyi ilə, tezliklə, gümüş medalın əyarını qızıla çevirəcəyəm. Bu qələbədə zəhməti olan bütün məşqçi heyətinə təşəkkür edirəm”.
-Cəbrayıl Hacıyev, Avropa üçüncüsü:
-“Azərbaycan xalqına bizə göstərdikləri dəstək üçün təşəkkür edirəm. Komanda hesabında 1-ci olduq. Federasiyaya, məşqçi heyətinə və həkimlərə öz minnətdarlığımı bildirirəm. Yarımfinalda müəyyən səhvlər etdim. Hazırlıqlarda bu səhvlər üzərində çalışacağam. Qarşıdan dünya çempionatı gəlir. Orada qızıl medal qazanmaq istəyirəm. Bu, mənim Avropa çempionatında ikinci çıxışım idi. 2022-ci ildə məğlub olmuşdum. İndi isə ilk medalımı qazandım”.
-Osman Nurmaqomedov:
-“Bu, 97 kiloqramda çıxış etdiyim ilk Avropa çempionatı idi. Rəqibim olimpiya, dünya mükafatçısı və 3 qat Avropa çempionu idi. Görüş mənim üçün çətin keçdi. Fiziki baxımdan gücüm çatmadı. İlin sonuna qədər fiziki gücümü möhkəmləndirəcəyəm. Dünya çempionatından əvvəl reytinq turnirində iştirak edəcəyik. Həmin yarışda bu çəkidə özümü sübut etsəm, o zaman dünya çempionatında iştirak etməyimi uyğun görəcəklər. Sərbəst güləşdə ən rəqabətli çəkilərdən biri 97 kiloqramdır. Fürsətdən istifadə edib, 2025-ci ilin nəticələrinə görə Avropanın ən yaxşı sərbəst güləş məşqçisi seçilmiş Xetaq Qazyumova təşəkkürümü bildirirəm”.
Qabil YUSİFOĞLU
XQ










