Xivə şəhərində III Beynəlxalq Ləzgi Rəqs Festivalının açılışı olub

post-img

Özbəkistanın Xarəzm vilayətinin qədim Xivə şəhərindəki məşhur “İçan-Qala” kompleksinin Köhnə Ark meydanında III Beynəlxalq Ləzgi Rəqs Festivalının açılış mərasimi keçirilib. 

Musiqi bayramı Özbəkistan Mədəniyyət Nazirliyi, Xarəzm vilayət hakimiyyətinin təşəbbüsü, UNESCO, TÜRKSOY, Beynəlxalq Festivallar İdarəsi, Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyası, Kulturoloji Tədqiqatlar və Qeyri-Maddi Mədəni İrs İnstitutunun dəstəyi ilə baş tutub. 

Festivalda Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, TÜRKSOY-un baş katibi Sultan Rayev, Özbəkistan mədəniyyət nazirinin müavini Muradjon Majidov, ölkənin mədəniyyət və incəsənət xadimləri, dünyanın 30-dan çox ölkəsindən gələn incəsənət tarixçiləri, musiqişünaslar, xoreoqrafiya mütəxəssisləri, musiqi nəzəriyyəçiləri, ictimaiyyətin nümayəndələri, xivəlilər  iştirak edib. 

Ölkəmizdən bu konfransa Azərbaycan Mədəniyyət Nazirliyinin Tədbirlərin və incəsənət layihələrinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi Nəsibə Əsgərova, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Nailə Məmmədzadə, həmin Akademiyanın prorektoru, münsiflər heyətinin üzvü, Azərbaycanın Xalq artisti Təranə Muradova, “Səma” rəqs ansamblının bədii rəhbəri Səma Sadıqova, rəqs üzrə mütəxəssis Aslana Əliyeva qatılıb. 

Səidə Mirziyoyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin festival iştirakçılarına təbrikini oxuyub. 

Təbrikdə deyilir: Sizi Şərqin əsl incisi hesab edilən qədim Xivə şəhərində, Ceyhun çayının sahilində keçirilən 3-cü Beynəlxalq Ləzgi Rəqs Festivalının - musiqi və incəsənət bayramının açılışı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Üç min ildən çox davam edən şanlı tarix və mədəniyyətə malik, heyrətamiz dərəcədə zərif hərəkətləri ilə xalqımızın gözəl ruhunu və dərin hisslərini əks etdirən nadir bir sənət növü olan Ləzgi Beynəlxalq Rəqs Festivalının müxtəlif xalqlar arasında mədəni dialoq üçün təsirli bir platformaya çevrilməsi sevindirici haldır.

Əminəm ki, belə nəcib məqsədlərə xidmət edən bu beynəlxalq festivalın statusu artmaqda davam edəcək və qlobal mədəni həyatda öz layiqli yerini tutacaq.

Sultan Rayev öz çıxışında deyib ki, Özbəkistanda çox populyar olan Ləzgi Xarəzm rəqsinin 3 min illik tarixi var və Ləzgi rəqsi 2019-cu ildə UNESCO qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu forum artıq beynəlxalq mədəniyyət brendinə çevrilib, hər il festivalın əhatə dairəsi və iştirakçı dövlətlərin sayı genişləir. 

Sonra Özbəkistan incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı təqdim olunub. 

Xatırladırıq ki, birinci festivalda Azərbaycanı təmsil edən Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblı ikinci, ikinci festivalda isə Azərbaycan Dövlət Rəqs Ansamblı birinci mükafatın sahibi olub.  

Festival aprelin 30-dək davam edəcək və həmin gün qaliblərin adları elan olunacaq. 

 

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Xivə 

 

 

 











Mədəniyyət