Transatlantik çatlar dərinləşir

post-img

NATO-nu daha hansı sınaqlar gözləyir?

Şimali Atlantika Alyansı (NATO) uzun illər Qərb təhlükəsizlik arxitekturasının dayağı, geosiyasi sabitliyin əsas sütunu və transatlantik həmrəyliyin institusional simvolu kimi fəaliyyət göstərirdi. 1949-cu ildə qurulan sistem soyuq müharibənin sərt şərtlərində kollektiv müdafiə mexanizmi kimi formalaşsa da, zamanla özünü daha geniş təhlükəsizlik spektrinə uyğunlaşdırmağı bacarmışdı. Balkanlardan Əfqanıstana, terrorizmlə mübarizədən kibertəhlükəsizliyə qədər müxtəlif sınaqlardan keçən alyans çevik adaptasiya modeli kimi təqdim olunurdu. Lakin bu gün alyans siyasi və strateji çatlarla üz-üzədir. Böhranın səbəbi isə etimad problemidir.

ABŞ-ın NATO yanında keçmiş səfiri Ivo Daalder “Politico”da dərc olunan məqaləsində “NATO xilas edilə bilərmi?” sualını yenidən gündəmə gətirib. O, həmçinin qeyd edib: “Mənim fikrimcə, bəli. Amma son 77 ildə tanıdığımız eyni NATO yox. ABŞ-dan gələn tənqid dalğasından sağ çıxmaq üçün tamamilə fərqli bir alyans formalaşmalıdır və bu, gecikmədən baş verməlidir”. Sözsüz ki, sualın yenidən aktuallaşması, ilk növbədə, Vaşinqtonun özündən qaynaqlanır. ABŞ Prezidenti Donald Trampın alyansa yönələn tənqidləri, müttəfiqləri “yük” kimi təqdim etməsi, kollektiv müdafiə prinsipini açıq və ya dolayı formada sorğulaması NATO-nun strateji gələcəyi barədə narahatlıqları artırıb. Problemlərin mərkəzində duran əsas məsələ məhz ABŞ-ın təhlükəsizlik təminatının əvvəlki kimi dəyişməz qəbul edilməməsidir. Alyansın bütün arxitekturası uzun illər Amerikanın hərbi gücü, nüvə çəkindirməsi, logistik üstünlüyü və siyasi liderliyi üzərində qurulub. Daha dəqiq desək, Avropa təhlükəsizliyi böyük ölçüdə Vaşinqtonun iradəsinə bağlanıb. Lakin son illər bu modelin davamlılığı şübhə altına düşüb. Problemi, sadəcə, Trampın ritorikası ilə əlaqələndirmək düzgün olmaz. ABŞ daxilində artan izolyasionist meyillər, siyasi qütbləşmə, resursların Hind-Sakit okean regionuna yönəlməsi və Çinin əsas strateji rəqib kimi önə çıxması Avropanın ABŞ üçün prioritet statusunu dəyişdirib.

Alyansın kollektiv müdafiə sistemi, sadəcə, hüquqi sənədlərdə qeyd olunduğu qədər siyasi inama söykənir. Əgər üzvlərdən biri hücum halında digərinin müdafiəsinə gəlib-gəlməyəcəyindən əmin deyilsə, 5-ci maddənin çəkindirici gücü zəifləyir. Zəiflik müttəfiqlərin özləri üçün də strateji qeyri-müəyyənlik yaradır. Alyans daxilində yük bölgüsü problemi də həllini tapmayıb. ABŞ uzun illər Avropa müttəfiqlərini kifayət qədər müdafiə xərcləri ayırmamaqda ittiham edib. Bundan sonra Avropa ölkələri hərbi büdcələri artırmağa başlayıb. Lakin struktur asılılıq hələ də müşahidə edilir. Çünki təkcə müdafiə xərclərinin artması ilə ordu avtomatik güclənmir. Komanda inteqrasiyası, sursat ehtiyatları, sənaye istehsalı, hərbi mobillik, hava hücumundan müdafiə sistemləri və operativ uyğunluq kimi məsələlərin həlli vacibdir. Fəqət biz görürük ki, bu gün NATO daxilində maliyyə artımı real hərbi transformasiya sürəti ilə eyni tempdə getmir.

Konsensus prinsipi də gündəmdədir. NATO-nun qərarları birgə razılıq tələb etdiyindən hər bir üzv faktiki veto imkanına malikdir. Bu mexanizm bərabərlik yaratsa da, böhran anlarında operativliyi azaldır. Xüsusilə müxtəlif siyasi gündəmlərə malik üzvlər olduqda alyansın qərar qəbul etməsi ləngiyir. Müasir təhlükəsizlik mühitində isə sürət ən az resurs qədər əhəmiyyətlidir. NATO-nun institusional problemləri sırasında texnoloji transformasiya ilə bağlı geriləmələr də var. Məlum olduğu kimi, artıq müharibələrin xarakteri dəyişir. Süni intellekt, pilotsuz sistemlər, elektron müharibə, kiberhücumlar, kosmik infrastrukturlar klassik tank-diviziya məntiqindən xeyli fərqlənir. Alyans dəyişiklikləri nəzərə almağa çalışsa da, innovasiyanın institusionallaşması ləng gedir. Xüsusilə müdafiə sənayesinin parçalanmış Avropa modeli və standartlaşdırma çatışmazlığı prosesi çətinləşdirir.

Bütün bunlarla yanaşı, NATO-nun siyasi yanaşması da yenilənməlidir. Soyuq müharibə sonrası dövrdə Alyansın legitimliyi çox vaxt təhlükələrlə izah olunurdu. İndi isə NATO nəyi qoruduğunu dəqiqləşdirməlidir. Demokratik təhlükəsizlik məkanı, strateji sabitlik, texnoloji və iqtisadi dayanıqlılıq bu narrativin yeni elementləri ola bilər. Hazırkı böhran transformasiya imkanı yaradır. NATO bir neçə dəfə “beyin ölümü”, funksional köhnəlmə və strateji yorğunluq ittihamları ilə üzləşib, lakin vəziyyətə adaptasiya olub. İndiki sınaq fərqlidir, çünki bu dəfə təzyiq əsasən daxildən gəlir. Ona görə cavab da struktur səviyyəsində olmalıdır. Elə bu məqamda, deyə bilərik ki, Trampın ritorikası alyansın problemlərini daha görünən edib.

Məsələ ilə bağlı xarici ekspertlərin fikirləri də xüsusi əhəmiyyət kəsb edir. Amerikalı beynəlxalq ekspert, strateji planlaşdırma və transatlantik təhlükəsizlik üzrə tanınmış tədqiqatçı Rebeka Lissner NATO-nun böhranını sırf hərbi göstəricilərlə izah etməyin yanlış olduğunu vurğulayır. Onun fikrincə, alyansın qarşısındakı əsas sınaq strateji koordinasiya və müttəfiqlər arasında ortaq təhlükə qavrayışının qorunmasıdır: “Alyansın zəif nöqtəsi hərbi potensial çatışmazlığından çox, üzv ölkələrin təhdidləri fərqli qəbul etməsidir. ABŞ üçün prioritetin getdikcə Çin və Hind-Sakit okean məkanına yönəlməsi, Avropa üçün isə əsas təhlükənin hələ də Rusiya olaraq qalması strateji fokus fərqi yaradır. Məhz bu fərqlər uzunmüddətli perspektivdə alyans daxilində siyasi uyğunsuzluq doğurur. NATO-nun gələcəyi üzvlərin təhlükə qavrayışlarını da uyğunlaşdıra bilməsindən asılı olacaq. Nəzərə alınmalıdır ki, kollektiv müdafiə təkcə 5-ci maddənin hüquqi öhdəliyi ilə işləmir, onun əsas dayağı qarşılıqlı siyasi inamdır. Əgər müttəfiqlər bir-birinin öhdəliklərinə şübhə ilə yanaşmağa başlayırsa, çəkindirmə mexanizmi zəifləyir”.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

ABŞ və NATO arasında yaranan müəyyən çatlar və fərqli baxışlar, xüsusilə İran müharibəsi fonunda daha qabarıq şəkildə üzə çıxır. Əslində, Vaşinqton haqlı olaraq hesab edir ki, Avropa dövlətləri və NATO üzvləri Hörmüz boğazı ilə bağlı məsələlərdə ABŞ-a daha yaxından dəstək verməlidirlər. Çünki neft daşımalarının əsas istifadəçiləri məhz onlardır, ABŞ deyil. Eyni zamanda, mümkün blokadadan ən çox zərər çəkəcək tərəf də məhz həmin dövlətlər, yəni NATO üzvləridir.

Təbii ki, Trampın bu bəyanatları və yanaşması NATO daxilində müəyyən təzyiq formalaşdırır və alyansı öz hərbi-siyasi konsepsiyasına yenidən baxmağa sövq edir. Bu kontekstdə həm NATO-nun yenilənməsi, həm də ABŞ-NATO münasibətlərinin daha da möhkəmləndirilməsi məsələsi diqqət mərkəzində olmalıdır.

Əslində, NATO ABŞ olmadan güclü siyasi-hərbi blok kimi fəaliyyət göstərə bilməz. Çünki burada əsas oyunçu ABŞ-dır, onun hərbi gücü, siyasi çəkisi və strateji potensialı alyansın əsas dayağıdır. Yaxın Şərqdəki gərginlik fonunda tərəflər bu reallığı yenidən müzakirə etməli, ortaya çıxan çağırışlarla bağlı konkret qərarlar verməlidirlər. Əks halda, NATO hərbi-siyasi blok kimi tədricən zəifləyən bir quruma çevrilə bilər.

Nəzrin ELDARQIZI
XQ



Siyasət