Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İlk olaraq çıxış edən sədr Sahibə Qafarova Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin formalaşdırılması barədə qərar layihəsi barədə məlumat verdi. Spiker qeyd etdi ki, qurumun səlahiyyət müddəti başa çatdığı üçün Seçki Məcəlləsinə uyğun olaraq 18 üzv və 3 əvəzedici üzvdən ibarət yeni namizədlərin siyahısı müəyyən edilib.
Qanunvericiliyə əsasən, MSK-nın 21 nəfərlik ümumi tərkibi üç bərabər hissəyə bölünərək hər qrup üzrə 6 üzv və 1 əvəzedici üzv olmaqla parlament çoxluğu (YAP), müstəqil deputatlar və azlıqda olan 10 siyasi partiya arasında bölüşdürülüb. Sahibə Qafarova xüsusi olaraq vurğuladı ki, müstəqil deputatların təqdim etdiyi namizədlərdən biri parlament çoxluğu, digəri isə azlıqdakı partiyalarla razılaşdırılıb və bununla da bütün hüquqi prosedurlar tam icra olunub. Milli Məclis Sədrinin çıxışından sonra qərar layihəsi səsverməyə qoyularaq qəbul edildi.
Spiker, həmçinin Prezident İlham Əliyevi Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi münasibətilə təbrik etdi, dövlət başçısına sülh və qarşılıqlı anlaşma naminə yorulmaz fəaliyyətində davamlı uğurlar arzuladı.
Daha sonra gündəlikdəki digər məsələlərin müzakirəsinə keçildi. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarıldı. Bildirildi ki, sazişin imzalanmasında məqsəd Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) ilə əlaqədar təşkilati tədbirləri və maliyyə məsələlərini nizama salmaqdır. Sazişdə tədbirin keçirilmə yeri kimi Bakı Olimpiya Stadionu, tarixi isə 17-22 may 2026-cı il olaraq müəyyənləşdirildi. Layihə bir oxunuşda qəbul edildi. Parlament, həmçinin Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə və Azərbaycanla Efiopiya arasında müdafiə sahəsində əməkdaşlıq sazişlərini də ratifikasiya etdi. Hər iki qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşdan keçdi.
***
Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” qanuna dəyişiklik edilməsi barədə yeni qanun layihəsinə əsasən, fəaliyyət məhdudiyyəti tətbiq edilən sahələrdə işə qəbul zamanı dövlət narkoloji tibb müəssisəsinin rəyi mütləq tələb olunacaq və bu sənəd olmadan işə qəbul qadağan ediləcək. Tibbi müayinə nəticəsində işçinin narkoloji xəstə olduğu və ya müvafiq icazəsi olmadan həmin vəzifələrdə çalışdığı aşkarlandıqda əmək müqaviləsinə xitam veriləcək. Həmçinin ağır, zərərli, təhlükəli iş şəraiti, eləcə də qida, səhiyyə və ticarət kimi sahələrdə tibbi arayışı olmayan şəxslərlə bağlanmış müqavilələrin ləğv edilməsi üçün hüquqi əsas yaradılıb. Qanun layihəsi parlamentdə üçüncü oxunuşda qəbul edildi.
Digər qanun layihəsinə əsasən, ölkədə terror təşkilatı yaradanlar 14 ilədək həbs ediləcək. Cinayət Məcəlləsində və "Terrorçuluğa qarşı mübarizə haqqında" Qanunda dəyişikliklər barədə layihəyə əlavə olunan 214-4-cü maddəyə əsasən, terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə ilə, terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak isə 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Qanun layihəsi səsvermədən sonra üçüncü oxunuşda qəbul edildi. Müvafiq oxunuşa təqdim edilən Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də qəbul edildi. Bu layihəyə əsasən, minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Daha sonra birinci oxunuş üçün "Maliyyə icarəsi haqqında" qanun layihəsi barədə məlumat verildi. Layihə ölkədə lizinq fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə mexanizmlərini müəyyən edir. Dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək qanun layihəsinə əsasən, lizinq fəaliyyəti ilə məşğul olan şəxslər 9 ay ərzində öz işlərini yeni tələblərə uyğunlaşdırmalı və Azərbaycan Mərkəzi Bankının reyestrinə daxil olmalıdırlar. Bu müddət ərzində qanunun tələblərinə əməl etməyənlərin yeni müqavilələr bağlaması və ya mövcud müqavilələrin müddətini uzatması qadağan ediləcək, həmçinin həmin şəxslər firma adlarından "lizinq" və "maliyyə icarəsi" kimi ifadələri çıxarmalı olacaqlar. Qanun layihəsində "vətəndaş qüsursuzluğu" və "mühüm iştirak payı" kimi mühüm anlayışlar da öz əksini tapıb və qaydaları pozanlar üçün məsuliyyət nəzərdə tutulub.
Layihə ilə bağlı çıxış edən deputat Vüqar Bayramov bildirdi ki, Azərbaycanda lizinq şərtləri o qədər də cəlbedici deyil. Onun sözlərinə görə, ölkədə lizinq üzrə faktiki illik faiz dərəcəsi 14 faizdən başlayır, halbuki nağd kreditlər üzrə bu göstərici təxminən 11 faizdir. Bundan əlavə, lizinq zamanı ilkin ödəniş tələbi də tətbiq olunur: "Üstəlik, burada ilkin ödəniş də var. O baxımdan güman olunur ki, yeni qanun bütövlükdə bu istiqamətdə təklif edilən faizlərə təsir göstərəcək ki, bu da lizinqə əlçatanlılığı yüksəldəcək". V.Bayramov, həmçinin beynəlxalq təcrübəyə istinad edərək diqqətə çatdırdı ki, Avropa İttifaqı ölkələrində lizinq faizləri (təqribən 2 faiz) biznes və istehlak kreditlərindən xeyli aşağıdır, Qazaxıstanda isə lizinq faizləri kredit faizlərinə nisbətən daha sərfəli şərtlərlə təklif edilir. Bu baxımdan, yeni qanunun Azərbaycanda lizinq faizlərini kredit faizlərinə nisbətən daha münasib səviyyəyə gətirəcəyi və həm kənd təsərrüfatı, həm də avtomobil bazarında bu mexanizmin iqtisadi səmərəliliyini yüksəldəcəyi gözlənilir”.
Deputat Vasif Qafarov qanun layihəsinin müzakirəsi zamanı istehlakçıların hüquqi müdafiəsinin gücləndirilməsi və informasiya asimmetriyasına qarşı xüsusi normaların əlavə edilməsi zərurətini vurğuladı. O, məhkəmə yükünü azaltmaq və operativliyi təmin etmək üçün mediasiya və arbitraj kimi alternativ həll mexanizmlərinin qanunda ayrıca təsbit olunmasını, eləcə də fors-major və sığorta risklərinin daha konkret tənzimlənməsini təklif etdi: “Çünki bu, tərəflər arasında hüquqi qeyri-müəyyənliyi aradan qaldıraraq müqavilə münasibətlərinin sabitliyini təmin edəcək. Layihənin 13-cü maddəsi ümumi çərçivə təqdim etsə də, hesab edirəm ki, əlavə konkretləşdirməyə də ehtiyac var”. Deputat, həmçinin kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını asanlaşdırmaq üçün stimullaşdırıcı mexanizmlərin yaradılmasını, sektorun şəffaflığı üçün isə nəzarət və hesabatlılıq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib hesab etdiyini dedi.
Aparılan müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edildi. Daha bir neçə qanun layihəsinin müzakirəsindən sonra Milli Məclisin plenar iclası başa çatdı.
Tacir SADIQOV
XQ

