Azərbaycan Rumıniyanın strateji müttəfiqidir - RƏY

post-img

Xəbər verdiyimiz kimi, Bakıda Rumıniyanın Milli Günü və Rumıniyanın Böyük Birliyinin 105 illiyi ilə bağlı qəbul keçirilib.

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare deyib ki, ölkəsi Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təminatında maraqlıdır. Səfir, həmçinin Rumıniyanın Azərbaycanın vicdanlı dostu və tərəfdaşı, dəstəkçisi olduğunu və olmaqda davam etdiyini də diqqətə çatdırıb. 

Xatırladaq ki, Rumıniya 1991-ci ilin 11 dekabrında Türkiyədən sonra dünyada Azərbaycan dövlətinin müstəqilliyini tanıyan ikinci dövlət olub. 2009-cu ildə isə Rumıniya Azərbaycan ilə yüksək səviyyəli Strateji Tərəfdaşlıq Münasibətləri haqqında Bəyannaməni təklif edən və onu imzalayan ilk Avropa İttifaqı ölkəsi olub. Son 2 ildə Rumıniya və Azərbaycan arasındakı yüksək səviyyəli siyasi dialoq nümunəvi bir dinamika nümayiş etdirib. Prezident İlham Əliyev 2022-ci ilin dekabrında Rumıniyaya, Prezident Klaus Iohannis 2023-cü ilin fevralında Azərbaycana səfər edib. Parlament dialoqu əhəmiyyətli dərəcədə aktivləşib - Rumıniya parlamentinin Deputatlar Palatasının Sədri 2023-cü ilin fevralında Azərbaycanda, Milli Məclisin sədri Sahibə Qafarova 2023-cü ilin oktyabrında Rumıniyada olub. XİN səviyyəsində də Rumıniya-Azərbaycan dialoqu davamlı olub, 2023-cü ilin 6 noyabrında Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Buxarestə rəsmi səfəri baş tutub.

İqtisadi sahədə, 2022 və 2023-cü illərdə Bakıda və Buxarestdə Birgə Hökumətlərarası İqtisadi Komissiyanın görüşləri keçirilib, yeni imkanlar və əməkdaşlıq layihələri müəyyənləşdirilib və Rumıniya-Azərbaycan ticarətində nəzərəçarpacaq artım müşahidə olunub ki, bu da təqribən 700 milyon ABŞ dolları təşkil edib. Energetika sahəsində, Rumıniya və Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verən mühüm layihələrin həyata keçirilməsi üzərində uğurla birgə çalışırlar. Bunlara ilk növbədə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan formatında Xəzər dənizinin Azərbaycan şelfindən Qara dəniz vasitəsilə Konstansaya yaşıl enerjinin ötürülməsi aiddir. 2023-cü ilin 1 aprelindən etibarən Azərbaycandan Rumıniyaya 1 milyard kubmetr təbii qazın tədarükü üzrə ilk müqavilə həyata keçirilir. Azərbaycandan Gürcüstana və Qara dəniz vasitəsilə Rumıniyaya maye təbii qazın nəqli layihəsi də bura daxildir.

Nəqliyyat və əlaqələr sahəsində də əməkdaşlıq davam edir, Rumıniya və Azərbaycan Bakı və Konstansa limanlarının mühüm coğrafi qovşaqlarını təmsil etdiyi Avropa və Asiyanı birləşdirən Orta Dəhlizin konsolidasiyasında maraqlıdırlar" - səfir əlavə edib.

Siyasi şərhçi İlqar Vəlizadə “Xalq qəzeti”nə açıqlamasında bildirdi ki, Azərbaycan Rumıniyanın strateji müttəfiqidir. İki ölkə arasında siyasi dialoq 1990-cı illərdən davam edir. Rumıniya Xalq Respublikasının ilk prezidenti olmuş İon İliyeskunu Azərbaycana bağlayan dəyərlər var, Ümummilli Lider Heydər Əliyevlə yaxşı əlaqələri olub. Rumıniyanın digər prezidentləri də Azərbaycanla əlaqələri inkişaf etdiriblər. Rumıniya və Azərbaycan prezidentləri dəfələrlə qarşılıqlı səfərlər ediblər. Bu səfərlər əsnasında iki ölkə arasında vacib sənədlər imzalanıb. 

İ.Vəlizadənin fikrincə, hazırda iki ölkə arasında ticarət dövriyyəsi yarım milyard dolları keçib: “Yaxın illərdə bu rəqəm 1 milyard dollardan çox olacaq. Azərbaycan son vaxtlar Rumıniyanın qaz təchizatçısına çevrilib. Növbəti illərdə Yaşıl Enerji Dəhlizi qurulacaq ki, bu, Azərbaycandan Rumıniya və digər ölkələrə yaşıl enerjinin ixracına imkan verəcək. Eyni zamanda, Azərbaycan və Rumıniya arasında Xəzər və Qara dənizlərdə nəqliyyat konsepsiyası həyata keçirilir. Bu konsepsiyanın reallaşması ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət töhfə verəcək”. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət