Qəzetimizin 7 noyabr 2023-cü il tarixli nömrəsində dərc olunmuş “Kəpəz”i batıranlar kənarda təqsirkar axtarırlar” sərlövhəli tənqidi yazı futbol ictimaiyyəti arasında geniş əks-səda yaradıb. “Kəpəz” PFK İB-nin İdarə Heyətinin iclasında isə həmin yazı ciddi müzakirə edilib. Klub rəhbərliyində təmsil olunanlar göstərilən fikirlərlə bağlı araşdırmaların aparılmasını aidiyyəti üzrə müvafiq şəxslərə tapşırıb, bu yöndə göstərişlər veriblər.
İdman qurumunun idarə heyətinin sədri İlqar Nadirinin bu barədə redaksiyamıza göndərdiyi cavab məktubunda bildirilir:
– Yazıda ünvanımıza deyilən tənqidi fikirlərin müəyyən bir qisminin həqiqətən “Kəpəz” futbol klubunun fəaliyyətində mövcud olduğu təsdiqini tapdı. Belə halların gələcəkdə baş verməməsi, təkrarlanmaması üçün tədbirlər görülür.
Nəzərinizə çatdıraq ki, komandanın uğursuz çıxışı ilə bağlı baş məşqçi Azər Məmmədovun istefası qəbul olunub və o, klubdan ayrılıb. Komandanın baş məşqçiliyi vaxtilə klubda çalışmış Adil Şükürova tapşırılıb, onunla iki illik müqavilə imzalanıb. Əvvəlki heyətdəki mütəxəssislərin faəliyyətinə son verilib. Daxili nizam-intizam qaydalarını pozanlar, neqativ hallara yol verənlər klubdan uzaqlaşdırılıblar. Bəzilərinə son xəbərdarlıqlar edilib. Məsul əməkdaşlara fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmaları tapşırılıb.
Gəncə Futbol Akademiyasının direktoru Cabir İbrahimov klubda icraçı direktor təyin olunub, onun səlahiyyətləri artırılıb. Şəhər stadionunun yenidən qurulması işi uğurla davam etdirilir və artıq söküntü işləri başa çatmaq üzrədir. Qısa bir müddətdə müasir bir stadionun tikilib istifadəyə verilməsi Gəncədə futbolun inkişafına daha da təkan olmaqla, on minlərlə azarkeşi sevindirəcək.
Gəncə şəhər stadionu ərazisində, "Kəpəz" klubunun bazasında Gəncə Futbol Akademiyası təşkil edilməsi regionumuzda futbolun inkişafı üçün zəmin yaradıb. Futbol akademiyasının yeni binası müasirliyinə görə göz oxşayır, hərtərəfli təchizatı ilə fərqlənir. Bu tikili Qərb bölgəsində ən mühüm idman obyektlərinin, bazaların sırasında yer alıb. Tezliklə açılışı reallaşacaq akademiya müxtəlif yaş qruplarından ibarət komandaların ixtiyarına veriləcək, burada yüzlərlə futbolçu sevimli idman növü ilə ən yaxşı şəraitdə məşğul ola biləcək.
Akademiya ilə yanaşı, stadionda məşq mərkəzi üçün meydanlar hazırlanaraq istifadəyə verilib. Standart ölçülərə malik meydançalardan ikisi təbii, biri sünidir. Hazırda komandalar məhz burada məşq edib, oyunlara çıxırlar.
Məlumat üçün bildiririk ki, hazırda premyer liqada olan 10 klubdan yalnız “Kəpəz”in sponsoru yoxdur. Bu da klubun fəaliyyətinə, komandanın stabil oynamasına mənfi təsir göstərir. Lakin bütün bunlara baxmayaraq, hazırda “Kəpəz” mübariz əhval-ruhiyyədədir. Biz bütün qüvvəmizi Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə klubunun normal fəaliyyəti üçün səfərbərliyə almışıq.
XQ

