Ulu öndər Zəfər zirvəsindən daha əzəmətli görünür

post-img

Prezident İlham Əliyevin ölkəmizdə “Heydər Əliyev İli” elan erdiyi 2023-cü il müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun xalqımız qarşında misilsiz xidmətlərinin Zəfər və qələbələr zivrəsindən qiymətləndirilməsi ilə əlamətdardır. Necə deyərlər, Ulu öndər 3 il əvvəl yüksəldiyimiz Zəfər zirvəsindən daha əzəmətli görünür.

Heydər Əliyev ili ilə bağlı ölkəmiz­də və xaricdə keçirilən müxtəlif səpkili tədbirlər bir daha göstərir ki, bu gün ölkəmizin dünyanın söz sahiblərin­dən biri kimi tanınmasının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfin­dən qoyulub. Bir daha yəqin edirik ki, məhz ulu öndər Heydər Əliyevin Azər­baycan rəhbərliyinə qayıdışı ilə yenicə müstəqillik qazanmış ölkəmiz parça­lanmaq, məhv olmaq təhlükəsindən xilas olub, bütün sahələrdə köklü isla­hatlara, dövlət quruculuğu prosesinə başlanılıb. Ümummilli lider Heydər Əli­yev genişmiqyaslı dövlət quruculuğu­nun sosial-iqtisadi sahəsində də köklü dəyişikliklərin əsaslarını yaratdı. 

Nizami milli ordunun yenidən təş­kili və möhkəmləndirilməsi isə Ulu öndərin işğal edilmiş torpaqlarımı­zın möhtəşəm zəfərlə azad edilməsi, Azərbaycanın ərazi bütövlyünün təmin edilməsi işinə misilsiz töhfəsi sayılma­lıdır. Ümumiyyətlə, Ulu öndər Azərbay­canda hərbi vətənpərvərlik və zabit kadrları hazırlığına hələ Azərbaycana birinci rəhbərliyi dövründə ciddi önəm vermişdi. Uzaqgörən rəhbər yaxşı bilir­di k, gələcək milli ordunu qurmaq üçün zabit kadrları ehtiyatı yaradılmalıdır.

O vaxtlar azərbaycanlılar arasında peşəkar hərbçilərin yetişdirilməsinə imkan verməmək üçün sovet rejimi Azərbaycandan orduya çağırılan gənc­ləri döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyon­larında xidmətə yönəldirdi. Bu siyasə­tin mahiyyətini yaxşı dərk edən Heydər Əliyevin qətiyyəti sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixti­saslaşdırılmış hərbi məktəb yaradıldı. Ulu öndərin səyi nəticəsində mənim kimi yüzlərlə gənc keçmiş SSRİ dönə­mində ali hərbi məktəblərdə təhsil aldı. Ulu öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail oldu. Bu məktəblərdə yetişən Azərbay­can hərbçiləri Birinci Qarabağ mühari­bəsində, Aprel döyüşlərində və Vətən müharibəsində yüksək peşəkarlıq və misilsiz igidliklər nümayiş etdirdilər.

Ulu öndərin hakimiyyətə qayıdışı separatçı meyllərin tüğyan etdiyi bir dövrə düşmüşdü. Ötən əsrin 90-cı illə­rinin əvvəllərində ölkəmizdə ictimai-si­yasi və hərbi vəziyyət son dərəcə mürəkkəb idi. Bir tərəfdən erməni işğa­lı, digər tərəfdən ölkə daxilindəki sepa­ratçı qüvvələr vəziyyəti gərginləşdirir, müstəqilliyimiz, ərazi bütövlüyümüz, suverenliyimiz üçün ciddi təhdidlər ya­radırdı. Belə bir zamanda – 1993-cü ildə Azərbaycanın cənub bölgəsində bir qrup separatçı fəallaşaraq ətrafları­na silahlı dəstələr yığıb, özbaşınalıqla məşğul olurdu. 

Həmin vaxt mən Lənkəranda sər­həd dəstəsinin qərargah rəisi idim və faktiki olaraq sərhəd dəstəsinin rəisi vəzifəsini icra edirdim. O vaxt sərhəd dəstəsi cənubdakı separatçı qüvvələrə qarşı yeganə əsas müqavimət mərkəzi idi. Mən respublika rəhbərini mütəmadi bölgədəki vəziyyətlə bağlı məlumatlan­dırır, öz fəaliyyətimi onun tövsiyələri və göstərişləri əsasında qururdum.

Bir dəfə Ulu öndər zəng edərək əslən Lənkərandan olan, vaxtı ilə bu şəhərdə yüksək vəzifələr tutan, xalq arasında böyük nüfuzu olan bəzi adamlardan söhbət açdı və məndən “Bu adamları tapıb mənimlə əlaqələn­dirmək üçün sənə nə qədər vaxt la­zımdır?” – deyə soruşduqda dedim ki, cəmi bir saat içində həmin adam­ları tapa bilərəm. Bir saatdan sonra Heydər Əliyev həmin şəxslərlə telefon əlaqəsi yaradaraq təlimatlar verdi, on­lara əhali arasında təbliğat işini geniş­ləndirməyi, insanları separatizmə qarşı mübarizəyə səfərbər etməyi tapşırdı. Həmin vaxt separatçılara qarşı müba­rizədə böyük fəallıq göstərən Dilrubə Camalovanın təhlükəsizliyinin təmin edilməsi, onun qorunması da diqqət mərkəzində saxlanılırdı. 

Heydər Əliyev yaxşı bilirdi ki, Azər­baycan xalqı heç vaxt separatizmə dəstək verməyib, əksinə, bu cür hal­lara qarşı çıxıb. Sadəcə, həmin vaxt baş verən hadisələrin mahiyyətini an­lamayan bəzi gənclər müxtəlif vədlərə inanaraq separatçı fəalların ətrafında cəmləşmişdilər ki, onların böyük əksə­riyyəti sonradan əsl həqiqəti anladılar və Heydər Əliyevə inanaraq separatçı əməllərdən əl çəkdilər. Ümumiyyətlə, xalq Heydər Əliyevə bütün qəlbi ilə ina­nırdı və Ulu öndər hər zaman xalqın bu inamına güvənirdi.

Xilaskar lider bölgədəki vəziyyəti daim diqqət mərkəzində saxlayır, töv­siyə və göstərişlər verməklə yanaşı, təkliflərlə də maraqlanırdı. Bir dəfə o, ölkəmizin cənubunda yaranan gərgin vəziyyət haqqındakı söhbət əsnasında mənim mövcud situasiya ilə bağlı nə düşündüyümü soruşdu. Bildirdim ki, separatçıların ətrafında birləşən gənc­lərlə, xüsusilə də onların valideynləri, doğmaları ilə təbliğat işini genişlən­dirməliyik. Əgər biz bu işi yüksək sə­viyyədə qura bilsək, o zaman gənclər səhv yolda olduqlarını anlayaraq geri dönərlər.

Bu təklif Heydər Əliyevin çox xo­şuna gəldi. Məhz onun göstərişi ilə biz, habelə Bakıdan Lənkərana ezam edilən nümayəndə heyəti həmin gənc­lərin doğmaları ilə geniş maarifləndir­mə işi apardıq. Nəticədə, bir neçə gün­dən sonra separatçı xainlərə qoşulmuş gənclərin böyük hissəsi silahı yerə qoyaraq doğmalarının yanına qayıtdı. Separatçılar qısa zamanda neytral­laşdırıldılar. Onların nəzarətindəki si­lah-sursat, hərbi texnika müvafiq döv­lət orqanlarına qaytarıldı. Ulu öndərin böyük qətiyyəti sayəsində ölkəmizdə qardaş qırğınının qarşısı alındı.

Sovet zamanı bu dövlətin ali rəh­bərliyinə yüksəlmiş ümummilli lider Heydər Əliyevin nüfuzundan, onun si­yasi çəkisindən minlərlə azərbaycanlı uğurla bəhrələnib. Kənarda yaşayan soydaşlarımız hər zaman ulu öndərlə fəxr ediblər. Mən keçmiş SSRİ-nin bir çox bölgələrində, o cümlədən, Uzaq Şərqdə xidmət etmişəm. Orada insan­larla söhbət zamanı görürdüm ki, on­lar Azərbaycan haqqında çox az şey bilirlər. Hətta bir çoxları Azərbaycanı ümumiyyətlə tanımır. Lakin maraqlıdır ki, Azərbaycanı tanımayan bu şəxslər belə Heydər Əliyevi tanıyır, onun bö­yük dövlət xadimi olduğunu bildirirdilər. Bu isə biz azərbaycanlılarda qürur his­si oyadırdı.

Xalqımızın böyük oğlu Heydər Əli­yev sovet dönəmində harada, hansı və­zifədə çalışmasından asılı olmayaraq, daim azərbaycanlıların qayğısına qalır, onları himayə edir, mühüm postlar tut­masına çalışırdı. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəm­lənməsi, onun təhlükəsizliyinin güclən­məsi, müdafiə qabiliyyətinin yüksəlmə­si istiqamətində tarixi addımlar atdı. Ulu öndər Heydər Əliyevə həsr etdiyim və 1998-ci ildə nəşr edilən “Milli sər­vət” kitabımda Ümummilli liderimizin bu sahədəki fəaliyyətinə toxunaraq bu fəaliyyətin dövlətimiz və xalqımızın ri­fahı və təhlükəsizliyi baxımından nə qədər önəmli olduğunu konkret faktlar əsasında diqqətə çatdırmağa çalışmı­şam. Bununla yanaşı, hesab edirəm ki, son dərəcə zəngin olan Heydər Əliyev irsi daim tədqiq edilməli və öyrənilmə­lidir.

Azərbaycanda Sərhəd Qoşun­larının formalaşmasında da Heydər Əliyevin böyük rolu olub. Naxçıva­na rəhbərlik etdiyi dövrdə ulu öndər Heydər Əliyev sovet sərhəd qoşun­larının yerli dəstəsini bütün əmlakı ilə birlikdə ölkəmizin tabeliyinə keçirməklə müstəqil dövlətimizdə sərhəd xidməti­nin əsasını qoydmuşdu. Azərbaycanda hakimiyətə qayıdandan sonra da Ulu öndər sərhədlərimizdəki real vəziyyət­lə davamlı maraqlanır, öz tapşırıqları­nı verirdi. Yeni sərhəd məntəqələrinin yaradılması, sərhədçilərin təminatının yaxşılaşdırılması, sərhədlərin daha etibarlı qorunması kimi amillər Heydər Əliyevin daim diqqət mərkəzində sax­ladığı məsələlər idi. O, bəzən sərhəd zastavalarını bir-bir gəzərək mövcud vəziyyətlə yerindəcə tanış olur, öz töv­siyə və göstərişlərini verirdi.

Həmin vaxt sərhədlərin qorunma­sının təşkili olduqca çətin idi. Çünki SSRİ-nin dağılması ilə yeni sərhədlər meydana çıxmış, habelə, sərhədçilərin istifadə etdiyi bir çox qurğu və avadan­lıqlar bölgəni tərk edən sovet əsgər­ləri tərəfindən dağıdılmış, məqsədli şəkildə yararsız hala salınmışdı. Belə olan halda sərhədçilərimiz həm yeni sərhədlərin mühafizəsini təşkil etməli, həm də məhv edilən xüsusi avadanlıq­ları əldə etməli idi. Bu isə böyük zəh­mət və ikiqat fədakarlıq tələb edirdi.

Sərhədlərimizdəki vəziyyətdən xə­bərdar olan Heydər Əliyev bu prob­lemləri həll etmək üçün bütün mümkün vasitələrdən istifadə edirdi. O, sərhəd­lərin mühafizəsinə peşəkar hərbçiləri, bu sahədə təcrübəsi olan kadrları cəlb edir, onların təcrübəsindən faydalan­mağa çalışırdı.

Çox keçmədi ki, Heydər Əliyevin sərhədlərin möhkəmlənməsi ilə bağlı sərgilədiyi ardıcıl səylər müsbət nəticə­sini verməyə başladı. Azərbaycan ye­nicə müstəqillik əldə etməsinə baxma­yaraq, öz sərhədlərinin etibarlı şəkildə mühafizəsində bütün MDB məkanına nümunə sayılacaq dövlətə çevrildi. Ümumiyyətlə, təkcə Sərhəd Qoşunları­nın deyil, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bütün komponent­lərinin formalaşması, onların əsl niza­mi birliklər, qoşun növləri kimi inkişaf etməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Mən fəxr edirəm ki, tale mənə Ulu öndərlə ünsiyyətdə olmaq, onun töv­siyələrindən faydalanmaq, Ümummilli liderin tapşırıq və göstərişlərini icra etmək səadəti bəxş edib. Nə qədər ki, Azərbaycan xalqı var, Heydər Əliyev də xalqımızla birlikdə əbədi yaşaya­caq, hər zaman sevgi ilə anılacaq.

Cəlil XƏLİLOV,
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik

Siyasət