Həyatımızın bütün sahələrində olduğu kimi, Azərbaycan kinosunun inkişafında da ümummilli lider Heydər Əliyevin xüsusi xidmətləri olub. Kinoşünas Aydın Kazımzadənin “Heydər Əliyev və kinematoqraf” kitabında və digər mənbələrdə bu barədə ətraflı bəhs olunur.
Hələ ötən əsrin 50-ci illərində Heydər Əliyev İkinci Dünya müharibəsində əsir düşmüş əfsanəvi partizan Mehdi Hüseynzadəylə bağlı qadağaların aradan götürülməsinə nail olub. Məhz onun səyi nəticəsində “Mixaylo” ilə bağlı məxfi materiallar araşdırıldıqdan sonra Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilib, ardınca isə gənc yazıçılar Həsən Seyidbəyli və İmran Qasımov “Uzaq sahillərdə” adlı son dərəcə maraqlı bir roman yazıblar. Həmin əsərin motivləri əsasında rejissor Tofiq Tağızadənin çəkdiyi eyni adlı bədii film isə böyük populyarlıq qazanaraq, dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilib.
Onu da qeyd etmək yerinə düşər ki, 1960-cı illərdə kinomuzda Heydər Əliyevin özünün prototipi görünüb. Söhbət Cəmşid Əmirovun ssenari müəllifi, Əlisəttar Atakişiyevin rejissoru olduğu “İstintaq davam edir” (1966) tammetrajlı bədii filmindəki Çingizov obrazından gedir. Xalq artisti Kamal Xudaverdiyevin canlandırdığı bu obrazın timsalında Azərbaycan çekistlərinin və milisinin fəaliyyətinin, sıravi vətəndaşların sayıqlığının nəticəsində xarici kəşfiyyatın təxribatının üstü məharətlə açılır.
“İstintaq davam edir” filmi istehsal olunan zaman Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini idi. 1967-ci ildə isə xalqımızın böyük oğlu Azərbaycan DTK-nın sədri vəzifəsinə gəlib. Rejissor Əlisəttar Atakişiyev onda həmkarlarına demişdi: “Gördünüzmü, mən Çingizov obrazında Əliyevi necə görürdümsə, həyatda da bu, belə oldu. Əvvəl kinoda prototipi yaradıldı, sonra da müttəfiq respublikalar içərisində ilk olaraq Azərbaycanda Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər milli kadr – Heydər Əliyev təyin edildi. Mən belə olacağına inanırdım” .
Ulu öndər hərtərəfli yetkin şəxsiyyət olduğu üçün sənət adamlarının yaradıcılıq azadlığına ciddi önəm verirdi. Buna görə də “yuxarı”ların kinoya ideloji basqılarını neytrallaşdırırdı. O dövrdə hələ gənc olan Rüstəm İbrahimbəyov və Eldar Quliyevin “Bir cənub şəhərində” filmi sovet qadağaları ilə üzbəüz qalanda yaradıcı heyət Heydər Əliyevdən yardım istəmişdi. Həmin film zərərli ekran işi kimi qiymətləndirilsə də, DTK sədri Heydər Əliyev kinolentə baxaraq müəllifləri dəstəkləmiş və əsərin ekranlara buraxılmasına kömək etmişdir.
1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının 1-ci katibi postuna gələn Heydər Əliyev respublika həyatının bütün sahələrinə yeni ab-hava gətirib. Həmin ilin avqustunda keçirilən növbəti plenum isə respublikada baş verən neqativ halların aradan qaldırılmasında mühüm rol oynayıb. 1979-cu ildə Rasim Ocaqovun çəkdiyi “İstintaq” filmi də məhz Heydər Əliyevin neqativ hallara qarşı mübarizəsindən sonra ortaya çıxan ekran əsəri olub. Filmdə sovet cəmiyyətindəki mənfi hallar açıq şəkildə göstərilib və qanunsuz yolla varlananların fəaliyyəti ifşa edilib. Respublika rəhbəri o zaman dəbdəbəli toy mərasimlərinin keçirilməsinin əleyhinə idi. Bu məqam “İstintaq”da öz əksini tapıb. Reallığı əks etdirən bu kinolent keçmiş SSRİ-yə səs salıb. Filmin yaradıcı heyətinə – ssenari müəllifi Rüstəm İbrahimbəyova, quruluşçu rejissor Rasim Ocaqova, quruluşçu operator Rafiq Qəmbərova, quruluşçu rəssam Fikrət Bağırova, aktyorlar Aleksandr Kalyagin, Həsən Məmmədov və Şəfiqə Məmmədovaya SSRİ Dövlət Mükafatı verilib.
İnamla deyə bilərik ki, Ulu öndərin hakimiyyətdə olduğu ilk dönəm – 1970–1980-ci illər Azərbaycan mədəniyyətində sovet intibahı dövrü kimi xarakterizə olunur. Bu dönəmdə bir-birinin ardınca “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” filmləri çəkilib. Azərbaycanın tarixi-mədəni irsini əks etdirən bu filmlər xalqımızı dünyada tanıdıb. Eyni zamanda, görkəmli dövlət xadimi və böyük yazıçı-publisist Nəriman Nərimanovun adının üzərindən qadağaların götürülməsi də birmənalı olaraq Heydər Əliyevin xidməti olub.
Tarixi-bioqrafik tərzdə çəkilən və Nəriman Nərimanova həsr edilən “Ulduzlar sönmür” (1971) filminə münasibət bildirən Heydər Əliyev bir amili xüsusi vurğulamışdı: “Siz yəqin filmdə Hacı Zeynalabdin Tağıyev obrazını gördünüz. Diqqətlə baxanda bu filmdə iki obraz görünür – Nəriman Nərimanov və H.Z.Tağıyev. Bu düzgündür, yoxsa yox?”. Ulu öndər Heydər Əliyev sətiraltı mənası olan həmin sualı verməklə filmin yaradıcı heyətinin cəsarətinə işarə etmiş və bu gerçəyi dəstəkləmişdi. Filmdə Tağıyev xalqı Azərbaycanın gələcəyi barədə düşünməyə çağırmışdı. Çox güman ki, ulu öndər Heydər Əliyev qeyrətli xeyriyyəçinin adını çəkməklə bu məqamı nəzərdə tutub.
Onu da xatırladaq ki, Ulu öndərin təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 600 illik yubileyinin keçirilməsi ilə əlaqədar 1973-cü ildə İsa Hüseynovun ssenari müəllifi, Həsən Seyidbəylinin rejissoru olduğu “Nəsimi” filmi ekranlara çıxıb və Azərbaycan kinosunu daha da məşhurlaşdırıb. Film hətta xarici valyuta ilə alınan kinolentə çəkilib ki, bu da çəkilişin daha keyfiyyətli olması məqsədilə edilib. “Nəsimi” filmində təkcə şairin həyatından deyil, ölkəmizin tarixi taleyindən də bəhs olunur. Burada Birinci İbrahim Şirvanşahın (Xalq artisti Səməndər Rzayev) torpaqlarımızı kənar hücumlardan qorumaq diplomatiyasından da bəhs edilir. Bu da milli dövlətçilik düşüncəsinin xalqımızda kino vasitəsilə oyadılması demək idi.
Ulu öndərin “Babək” filmi üçün 500 min rubl məbləğində əlavə vəsait ayrılması barədə göstəriş verməsi sayəsində rejissor Eldar Quliyevin 1979-cu ildə həmin ekran işini ərsəyə gətirməsi də xüsusi qeyd olunmalıdır. Kino xadimləri onu da minnətdarlıqla xatırlayırlar ki, həmin filmin Naxçıvandakı çəkilişləri zamanı Heydər Əliyev yaradıcı heyətdən hərtərəfli köməyini əsirgəməyib, hətta rayon rəhbərliyinə plantasiyalarda üzüm yığan insanların kütləvi səhnələrə cəlb olunmasını tapşırıb.
Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi 2-ci dönəmdə də milli kinodan qayğısını əsirgəməyib. Gərgin siyasi proseslərin getdiyi, Qarabağın və Şərqi Zəngəzurun işğala məruz qaldığı bir vaxtda Ulu öndərin mədəniyyətə, o cümlədən, kinoya diqqəti zərrəcə azalmayıb. İlk növbədə, o zaman, demək olar ki, dağılmış kino sənayesinin dirçəldilməsi xüsusi qeyd olunmalıdır. Heydər Əliyev 1993-cü ilin dekabrında Dövlət Film Fondunun yaradılmasına dəstək verib. Bu da nəticə etibarı ilə Azərbaycanın kino tarxinin və filmlərin qorunub saxlanması demək idi. O zamandan bəri bu fond bir çox ölkələrdən Azərbaycana aid kino materiallarını ölkəmizə gətirərək mühafizəsini təşkil edib. Ən əhəmiyyətli hadisə isə Heydər Əliyevin Azərbaycan gerçək kino tarixini rəsmən təsdiqləməsidir. Bibiheybətdə və Balaxanıda neft fontanı yanğınları xronikalarının tapılması ilə kinomuzun tarixi daha 18 il əvvələ – 1898-ci ilə gedib çıxıb. Bu faktın aşkar edilməsi nəticəsində Ulu öndərin 2000-ci il dekabrın 15-də imzaladığı sərəncamla 2 avqust Azərbaycan Kinosu Günü elan edilib.
Heydər Əliyev Azərbaycan kinosunu inkişaf etdirmək, onun təbliğinə geniş meydan açmaq, ölkəni kino dövləti kimi tanıtmaq məqsədilə 1998-ci ilin 3 iyul tarixində "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununu imzalayıb. Bununla da Ulu öndər milli kinomuz qarşısında konkret vəzifələr, kinematoqrafiyamız qarşısında çoxillik proqram qoyub.
Ümummilli liderin bu siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyev, bütövlükdə mədəniyyətin inkişafı naminə önəmli addımlar atır, mükəmməl proqramlar həyata keçirir. Bu da Ulu öndərin mədəniyyət siyasətinin təntənəsi deməkdir.
Ceyhun MİRZƏLİ,
Əli NƏCƏFXANLI
XQ