Şəkidə Rasim Ocaqovun yubileyi

post-img

Milli kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 90 illik yubileyi noyabrın 25-də onun doğulub boya-başa çatdığı Şəki şəhərində qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İn­kişaf Mərkəzi ilə tanış olub, uşaqların əl işlərindən ibarət sərgiyə baxıb, bə­dii proqramı izləyiblər. Sonra şəhərdə qoyulmuş barelyefi önünə gül dəstələri düzüb, sənətkarın xatirəsini ehtiramla yad ediblər.

Tədbir Şəki Dövlət Dram Teatrında davam edib. İştirakçılar əvvəlcə teat­rın foyesində kinorejissorun həyat və yaradıcılığından bəhs edən fotosərgiyə baxıblar. 

Yubiley tədbiri teatrın böyük za­lında davam etdirilib. Tədbirdə Rasim Ocaqovun həyat və yaradıcılığı barədə sənədli film nümayiş etdirilib, kinorejis­sorun fəaliyyətinə dair bədii proqram təqdim olunub.

Bildirilib ki, Rasim Ocaqovun yara­dıcılıq yolu milli kino mədəniyyəti ta­rixində xüsusi bir mərhələni təşkil edir. Böyük sənətkar çəkdiyi maraqlı kino­filmlərdə novator metodlardan bacarıq­la istifadə edib. Kino sənətinin zəngin imkanlarının üzə çıxarılmasında Rasim Ocaqovun böyük əməyi olub. Onun filmləri fəal vətəndaş mövqeyi və müa­sirliyi ilə seçilir. Böyük sənət əsərləri olan bu filmlər Azərbaycan kinosunun qızıl fonduna daxil olub.

Qeyd olunub ki, Rasim Ocaqov Vətəninə, doğulduğu torpağa, Şəkiyə bağlı bir insan idi. Onun ekran əsərlə­rinin bir neçəsi – “Ad günü”, “Həm zi­yarət, həm ticarət” və digər filmlər Şəki, onun həyatı ilə bağlıdır. Bu ekran əsər­lərinin qəhrəmanları sadə şəkililərdir.

Tədbirdə Kinematoqrafçılar İttifaqı­nın sədri, Xalq artisti Şəfiqə Məmmədo­va, Rasim Ocaqovun bir çox filmlərində rol almış Xalq artistləri Hacı İsmayılov, Fəxrəddin Manafov, rejissorla uzun il­lər çiyin-çiyinə çalışmış kino xadimləri, operatorlar çıxış edərək, görkəmli kino­rejissorla bağlı xatirələrini bölüşüblər.

Rasim Ocaqovun ailə üzvləri adın­dan nəvəsi Nərminə Həsənova çıxış edərək yubiley gecəsinin yüksək səviy­yədə təşkilinə görə təşkilatçılara min­nətdarlığını bildirib.

Sonda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov vurğulanıb ki, Rasim Ocaqov Şəki şəhərini çox sevir­di. Onun xatirəsi burada da daim əziz tutulur. Diqqətə çatdırılıb ki, Şəkidə Rasim Ocaqovun yaşadığı evə xatirə lövhəsi vurulub, “Güyümlər” dairəsində barelyefi qoyulub. Şəki şəhərində Ra­sim Ocaqovun adını daşıyan küçə var.

 

XQ





Sosial həyat