TDT İslam rəhbərləri Daşkənddə

post-img

Noyabrın 25-də Daşkənddə Türk Dövlətləri Təşkilatının İslam dini idarə rəhbərlərinin 4-cü görüşü keçirilib.

Məruzəçilər Türk-İslam həmrəyliyi­nin möhkəmləndirilməsində, dünyada sülhün və rifahın bərqərar olmasında, Türk-İslam mənəviyyatının və mədə­niyyətinin təbliği və təşviqi, habelə onun zəngin potensialından istifadə edilməsi sahələrində TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının əhəmiyyətini xüsu­si vurğulayıblar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşaza­də çıxışında Prezident İlham Əliyevin salamlarını forumun təşkilatçılarına və iştirakçılarına çatdırıb, belə bir təd­birin keçirilməsinə xeyir-dua verən və dəstək olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Azərbaycan din­darları adından dərin təşəkkürünü ifadə edib. QMİ sədri deyib ki, müdrik siyasi liderlər İlham Əliyev ilə Şavkat Mirziyo­yev arasındakı dostluq, qardaşlıq mü­nasibətləri sayəsində dövlətlərimizin və xalqlarımızın hərtərəfli əməkdaşlıq əlaqələri daha da möhkəmlənir, inkişaf edir.

Şeyxülislam A.Paşazadə Azərbay­can torpaqlarının erməni işğalından azad olunduqdan sonra Şavkat Mirzi­yoyevin Şuşanı ziyarət etməsini, Füzuli şəhərində özbək xalqının hədiyyəsi ola­raq tikilmiş Mirzə Uluqbəy adına məktə­bin açılışında Prezident İlham Əliyevlə birgə iştirakını əsl qardaşlıq nümunəsi kimi dəyərləndirib.

Görüşün sonunda Şura üzvləri “İs­lam ekstremizmə qarşı” Sənədini yek­dilliklə qəbul edib və imzalayıblar. 

Görüşdə QMİ sədrinə Özbəkistan Beynəlxalq İslam Universitetinin fəxri doktoru adı və diplomu təqdim olunub.

***

Tədbir çərçivəsində A. Paşaza­də Özbəkistan Prezidentinin müşaviri Müzəffər Kamilov, Özbəkistan Müsəl­manları İdarəsinin sədri Nuriddin Xo­liknazar, Türkiyə Diyanət İşləri Başqanı Ali Erbaş, TDT Baş katibi Kubanıçbek Ömüraliyev ilə ikitərəfli görüşlər keçirib.

Xatırladaq ki, TDT-nin Müsəlman dini idarə rəhbərlərinin növbəti – 5-ci görüşü Qazaxıstanda keçiriləcək. 

 

XQ

Son xəbərlər