Mirzoyanın yalanları UNESCO-ya da “ayaq açır”

post-img

Təşkilatın faktaraşdırıcı missiyası Azərbaycana yox, Ermənistana göndərilməlidir

Ermənistan Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul etmək əvəzinə, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürməyə, hədyanlar yağdırmağa davam edir. Rəsmi İrəvan bu məqsədinə nail olmaq üçün müxtəlif beynəlxalq platformalardan yararlanmağa çalışır. Belə platformalardan biri də BMT-nin elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-dur.

UNESCO-nun noyabrın 7-də Parisdə öz işinə başlayan və ayın 22-dək davam edəcək Baş Konfransının 42-ci sessiyası İrəvan üçün lap göydəndüşmə olub. Sessiyada iştirak edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 9-dakı çıxışı zamanı ölkəmizin ünvanına böhtan atmaq fürsətini əldən verməyib. Yenə köhnə bayatıları zümzümə edən Mirzoyan Azərbaycanın, guya, Qarabağı on ay blokadada saxladığını, bunun “humanitar böhrana”, ərzaq, dərman, qaz və elektrik enerjisi çatışmazlığına səbəb olduğunu bildirib. Mirzoyan sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirlərini “genişmiqyaslı hərbi hücum” adlandırıb. Silahlı qüvvələrimizin mülki insanları və infrastrukturu heç bir halda hədəfə almamasına baxmayaraq, bunun əksini iddia edib. Nazir Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya etmək istəməyib Ermənistana köçməsini “məcburi köçkünlük və etnik təmizləmə” adlandırıb.

Mirzoyan daha sonra “mədəni və dini irs” kimi həssas məsələdən sui-istifadəyə girişib. Qarabağdakı alban dini abidələrini “erməni mədəni və dini irsi” adlandıraraq, onun “vandalizm və talançılıqdan qorunmasının çox vacib” olduğunu deyib. Əlavə edib ki, Ermənistan 2020-ci ilin payızından beynəlxalq ictimaiyyətə Qarabağ və onun ətrafında yerləşən böyük dini və mədəni irsin “dağıdılması, təhqir edilməsi və mənimsənilməsi” ilə bağlı xəbərdar edir.

Ermənistan XİN rəhbəri Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarını təhrif etməkdən də çəkinməyib. Deyib ki, hüquqi qüvvəyə malik həmin qərar Azərbaycan qarşısında “vandalizmin və erməni mədəni irsinin (?) təhqir olunmasının qarşısını almaq və ölkəmizi cəzalandırmaq üçün bütün lazımi tədbirləri görməyə” məcburiyyət müəyyənləşdirir.

Çıxışında UNESCO-nu tərifləməyə baş vuran Mirzoyan vurğulayıb ki, Ermənistan bir neçə gün ərzində Qarabağdan olan 100 mindən çox qaçqını qəbul edib: “Ermənistan hökuməti beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək qaçqınların həyatını xilas etmək və ehtiyaclarını ödəmək üçün bir sıra tədbirlər həyata keçirib. Bu baxımdan mən UNESCO-ya Ermənistana təcili missiya göndərdiyinə görə minnətdarlığımı bildirmək istərdim”.

Erməni nazirin yalan və böhtanlarına Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı özünü çox gözlətməyib. Qurum erməni nazirin ölkəmiz əleyhinə səsləndirdiyi əsassız və yalan dolu iddiaları qətiyyətlə rədd edib. XİN bildirib ki, ölkəmizə qarşı 30 ilə yaxın davam etmiş hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını pozan İrəvanın riyakarcasına Azərbaycanı könüllü olaraq Ermənistana getmiş ermənilərin “etnik təmizləməsində” ittiham etməkdə davam etməsi, bu istiqamətdə müxtəlif beynəlxalq platformalardan sui-istifadə cəhdləri qəbuledilməzdir. Ermənistanın bu kimi əsassız iddialarının regiona səfər edən, eləcə də bu ölkədə aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil etdiyi göz qabağındadır.

Azərbaycanın Qarabağ bölgəsində mədəniyyət və tarixi abidələrin təhlükə altında olması ilə bağlı iddialara gəldikdə, ölkəmizin keçmiş işğal olunmuş ərazilərində və Ermənistanda mədəni irsimizin qəsdən dağıdılması, mənimsənilməsi, dəyişdirilməsi, habelə qanunsuz başqa yerə aparılması ilə tanınan İrəvanın Azərbaycanı bu məsələdə  ittiham etməsi tamamilə əsassızdır. Ermənistan nazirinin bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına yersiz istinadı isə məhkəmə qərarlarının təhrif cəhdindən başqa bir şey deyil: “Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələrimiz milli-mədəni irsimizdir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur. Ermənistanın mədəni, dini, tarixi qorumaq vəzifəsi daşıyan UNESCO kimi beynəlxalq platformadan Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyasının reallaşdırılması ilə bağlı çağırışları ikiüzlülükdən başqa bir şey deyil. Məhz Azərbaycan dəfələrlə qiymətləndirmə missiyalarının reallaşdırılması çağırışları etsə də, təəssüf ki, bu, Ermənistan tərəfinin əngəlləri nəticəsində mümkün olmayıb. UNESCO-nun özü də 2005-ci il hesabatında bu faktı təsdiqləyib. Ermənistanın müxtəlif beynəlxalq platformalardan Azərbaycana qarşı yalan və iftira dolu ritorikanı davam etdirərək ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirməsinin və bununla da sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olmasının bir daha şahidi oluruq”.

XİN ümid etdiyini bildirib ki, Ermənistan rəhbərliyi bölgədə sülh üçün yaranmış tarixi şansı əldən verməyəcək və ölkəsinin faydalanacağı regional sabitlik və iqtisadi inkişaf üçün səylərə mane olmayacaq.

Qeyd edək ki, bu, Ermənistan tərəfinin Qarabağda erməniləşdirilmiş alban mədəni irsi ilə bağlı ilk haray-həşiri deyil. Mirzoyan oktyabrın 27-də Qarabağda mədəni irsin qorunması probleminin daha da kəskinləşdiyini bildirmişdi. Demişdi ki, Ermənistan tərəfi səfərin təşkili üçün UNESCO və digər beynəlxalq qurumlarla əlaqə saxlayıb. “İndi missiyaya daha çox tələbat var. Ümid edirik ki, tezliklə baş tutacaq. Biz bu istiqamətdə işləyirik”, – deyə Mirzoyan qeyd etmişdi.

Ancaq A.Mirzoyan bilməlidir ki, əvvəla, erməni tərəfin Qarabağdakı “erməni irsi” kimi qələmə verdiyi tarixi abidələr Qafqaz Albaniyasının yadigarlarıdır. Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələdə və ətraf bölgələrdə – Qax, Şəki, Zaqatala və digər rayonlarda alban abidələri geniş yayılıb. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürən erməni millətçiləri işğalçılıq əməllərinə haqq qazandırmaq məqsədilə Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastrları erməni abidələri elan ediblər. Azərbaycan ərazisində yerləşən bütün alban xristian abidələri xalqımızın mədəni irsinə aiddir.

Azərbaycan mühüm qlobal təşəbbüslərlə mütəmadi olaraq mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edən bir ölkədir. Ermənistan isə Azərbaycan xalqına qarşı etnik nifrət zəminində istər ölkəmizin Qarabağ bölgəsində, istərsə də Ermənistan ərazilərində mövcud tarixi, mədəni və dini abidələri tamamilə dağıdan bir dövlətdir. Rəsmi Bakı işğal dövründə bununla bağlı dəfələrlə UNESCO və digər beynəlxalq təşkilatlara müraciət etmişdi. Azərbaycanın faktaraşdırıcı missiyaların təşkilinə dair çoxsaylı çağırışlarına baxmayaraq, bu, Ermənistanın əngəlləri nəticəsində mümkün olmayıb. Postmünaqişə dövründə isə ölkəmiz bölgədə aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri gedişində mədəni və dini obyektlərin bərpasına xüsusi əhəmiyyət verir, mövcud istiqamətdə çoxsaylı addımlar atır. Antiterror tədbirlərindən sonra Ermənistanın Qarabağda tarixi və mədəni abidələrin təhlükə altında olması ilə bağlı iddialarının əsassızlığını BMT-nin regiona reallaşdırdığı iki missiyası da təsdiqləyib.

Rəsmi İrəvan tərəfindən isə qeyd etdiyimiz kimi, istər işğal dövründə Azərbaycan, istərsə də Ermənistan ərazilərində mövcud tarixi, mədəni və dini abidələrin dağıdılması prosesi həyata keçirilib. Əslində, Ermənistandakı Azərbaycan mədəni irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi məqsədilə ölkəyə UNESCO-nun faktaraşdırıcı missiyanın göndərilməsi daha düzgün olardı.

Rizvan HÜSEYNOV, 
Qafqaz Tarixi Mərkəzinin rəhbəri

Ermənistan–Azərbaycan münasibətləri ilə bağlı UNESCO-nun mövqeyi heç də birmənalı deyil. Nəinki birmənalı deyil, UNESCO və onun rəhbərliyi tamamilə ermənipərəst mövqedən çıxış edir. Qurumun təkcə bizim ölkəyə deyil, ümumiyyətlə, bütün türk-müsəlman ölkələrinə və xalqlarına qarşı mövqeyi qərəzlidir. Ermənistan xarici işlər nazirinin oradakı çıxışı sözsüz ki, planlaşdırılmış bir işdir. UNESCO erməni tərəfinin yalanlarını bayraq tutur. Erməni tərəfinin abidələrin təhlükə altında olduğunu bildirməsinin heç bir ciddi dəlili, sübutu yoxdur. Sadəcə belə bir yalanı sırımaq istəyirlər. UNESCO Ermənistana kömək edir. Onlar əlbirdir.

Halbuki, həmin UNESCO 30 ildən artıq Ermənistan və Qarabağ ərazisində yüzlərlə Azərbaycan mədəni-dini irs nümunəsinin – məscidlərin, qəbiristanlıqların, karvansaraların, digər irs nümunələrinin məhv edilməsi zamanı gözlərini yumub. İndi isə cəfəng erməni iddiasına dəstək verir. Əfsuslar olsun ki, burada xristian təəssübkeşliyi faktoru da var. Biz başa düşürük ki, UNESCO faktiki olaraq, Fransaya tabe olan qurumdur. Ölkənin xarici siyasətinin istifadə etdiyi alətdir. UNESCO-nun Baş direktoru Odri Azule fransızdır. Qatı ermənipərəstdir. Dəfələrlə anti-Azərbaycan, anti-türk çıxışları ilə yadda qalıb. Biz onu da anlayırıq ki, Azule mövqeyini dəyişən deyil. Bu insan həmişə belə olub. Ona görə də Azulenin nə deməsindən asılı olmayaraq, Fransa və onun təzyiq aləti olan UNESCO axıradək Ermənistanın əsassız iddialarının arxasında dayanmaq istəyəcək.

Ancaq bütün dünya görür ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə heç bir abidəni dağıtmayıb. İrəvan Şuşadakı, Hadrutdakı kilsə ətrafında oyun qurmağa çalışır. Amma ölkəmiz belə oyunların hamısını pozacaq.

 

Səxavət HƏMİD 
XQ

 



Siyasət