Son sözü onu haqq edən deyəcək

post-img

“Makronun sülh forumu”nda Paşinyanın “qulp” qoymaq cəhdləri siyasi manipulyasiyadır

Ermənistan baş naziri Nikol Paşinyan Parisdə keçirilən 6-cı Sülh Konfransının panel müzakirələrində Azərbaycanla sülh müqaviləsini Brüssel danışıqlarında səslənmiş üç prinsip əsasında imzalamağa hazır olduğunu bəyan edib. Son vaxtlar Hayastan liderinin tutuquşu kimi təkrarladığı həmin 3 prinsip hansılardır? Onun qənaətinə görə, 1-ci prinsip Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq 86,6 min kv.km və 29,8 min kv.km hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanımasıdır. 2-ci prinsip sərhədlərin delimitasiyası və demarkasiyasının 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun şəkildə aparılmasıdır. 3-cü prinsip isə regional kommunikasiyaların keçdiyi ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində açılmasıdır.

2018-ci ildə Fransa liderinin “böyük diskussiya meydançası” kimi düşündüyü və az sonra “Makronun sülh forumu” kimi tanınan Paris Sülh Konfransı aktuallığını çoxdan itirib. Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə birlikdə qatıldığı panel müzakirədə Qranadada beştərəfli görüşün baş tutmamasına görə Bakını günahlandırıb və Azərbaycanın razılaşdırılmış görüşdən imtina etdiyini bildirib.

Hayastan baş nazirinin Parisdə sərgilədiyi bu mövqe onun hələ də sülh danışıqları üzərində siyasi manipulyasiyadan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini göstərir. Parisdə özünü “doğma divarlar arasındakı kimi hiss edən” Paşinyan çıxışında bir az da irəli gedərək, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin “etnik təmizlənmə”yə məruz qaldığını ərz edib. 

Konfransda dinləyici qismində çıxış edən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva əvvəlcə moderatorun Ermənistan baş nazirinə ünvanladığı sualların qərəzli olduğuna diqqət çəkib:

“Siz vurğuladınız ki, Fransa Azərbaycanın Ermənistana qarşı törətdiyi “təhdidlərdən” narahatdır. Diqqətinizə çatdırım ki, bu “təhdidlər” tamamilə əsassızdır. Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınmış öz əraziləri üzərində suverenliyini bərpa edib. Yəni biz beynəlxalq hüquqa görə Azərbaycana məxsus olanı əldə etmişik. Azərbaycan sülhdə maraqlı olduğunu dəfələrlə bəyan edib. Bunu sadəcə bəyan etməyib, 2020-ci ildə müharibədən dərhal sonra Ermənistanla normallaşma prosesinin təşəbbüskarı olub. Əlbəttə, Bakı İrəvanla birbaşa dialoqun tərəfdarıdır”.

* * * 

Daha sonra Paşinyanın ittihamlarına cavab verən L.Abdullayeva Azərbaycan Prezidentinin Qranada görüşü ilə bağlı mövqeyini aydın şəkildə bildirdiyini nəzərə çatdırıb: “Qranada görüşündən bir gün əvvəl Fransan xarici işlər naziri İrəvana səfər etdi və Ermənistana müasir silahların göndərilməsi ilə bağlı qərarı açıqladı. Məgər Ermənistanı silahlandırmaq, revanşist ideologiyanı dəstəkləmək qərarı həqiqətənmi regionda sülh və normallaşmaya xidmət etmək məqsədi daşıyırdı? Fransa görüşdə vasitəçi kimi iştirak etmək niyyətində idi. Fəqət aşkar şəkildə bir ölkənin tərəfini tutan və onu silahlandıran ölkə deyir ki, mən vasitəçiyəm. Digər tərəfdən isə Brüsselin aktorları görüşdə Türkiyə Prezidentinin iştirakından imtina etdilər. Bu izahlar Azərbaycan tərəfindən aydın şəkildə ifadə olunub”.

Ermənistan baş nazirinin “Makronun sülh forumu”nda təxribatçı çıxışına rəsmi Bakının reaksiyası sərt oldu. Azərbaycan XİN-in Paşinyanın “Paris tezislərinə” kifayət qədər əsaslandırılmış və sərt şərhində qeyd olunur ki, rəsmi Bakı Ermənistan baş nazirinin səsləndirdiyi iddiaları qətiyyətlə pisləyir və rədd edir: “Otuz ilə yaxın təcavüzkar siyasəti ərzində bir milyona yaxın azərbaycanlının təməl hüquqlarını pozan, uşaq, qadın və qocaya  fərq qoymadan onlara qarşı misli görünməmiş soyqırımı və kütləvi qırğınlar törədən Ermənistanın Azərbaycanı “etnik təmizləmə”də ittiham etməyə heç bir mənəvi haqqı yoxdur. Qarabağ bölgəsində yaşayan ermənilərin şəxsi qərarları əsasında Ermənistana köçməsinin məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Paşinyana yaxşı məlumdur. Bu cür əsassız ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə də açıq şəkildə ziddiyyət təşkil etdiyini Baş nazirə bir daha xatırladırıq”.  

XİN-in şərhində daha sonra qeyd olunur ki, müxtəlif beynəlxalq platformalardan yararlanmaqla ölkəmizə qarşı böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadəyə çağırılıb. “Ümidvarıq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcəkdir!”.

* * *  

Ekspertlər Paşinyanın Paris konfransında Aİ-dəki tərəfdaşlarına güvənərək “cəsarətli” olduğu qənaətindədirlər. Hayastan baş nazirinin çıxışında Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ermənipərəst mövqeyinə söykəndiyini birmənalı olaraq söyləmək mümkündür. Hazırda ən vacib nüans rəsmi Bakının Brüsseldə artıq razılaşdırılmış və Şarl Mişelin bəyanatlarında yer alan məsələlərə müsbət cavab verib-verməyəcəyindən ibarətdir. Görünən odur ki, Paşinyan məlum çıxışı ilə baş tutacağı az ehtimal edilən Brüssel görüşü öncəsi Bakını bir növ dilemma qarşısında qoymağa çalışır. Yəni, əgər Azərbaycan Brüssel sammitinə getməsə, guya “sülh sazişində maraqlı olmayan tərəf” kimi təqdim edilə bilər. Yox, əgər görüşdə iştirak etsə, bu zaman İrəvanın irəli sürdüyü üç prinsipi təsdiqləməli olacaq. Görünən budur ki, Brüssel formatı Qərbin artıq canını tapşırmış ATƏT-in Minsk Qrupunun “dirildilməsinə” qarşı alternativ platforma xarakteri daşıyırdı. Ancaq hazırki reallıq ondan ibarətdir ki, Qarabağ məsələsi tamamilə həll ediləndən sonra sərhədin delimitasiyası və kommunikasiyaların açılması məsələlərində Avropanın vasitəçilik masası Azərbaycanın maraqlarımıza tam cavab vermir. Nəticədə artıq Bakı üşün ikitərəfli məsələlərin regional müstəvidə, həm də tet-a-tet formatda həlli prinsipi ön plana keçib.

Paşinyanın Parisdə səsləndirdiyi avantürist fikirlərinə ən tutarlı cavab Azərbaycan liderindən gəldi: Dövlətimizin başçısı ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən deyib. “Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir”.  

Prezident İlham Əliyev hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanların olduğunu da bildirib. Ölkəmizin lideri vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplər təşəbbüsü ilə də məhz rəsmi Bakı çıxış edib. 

Göründüyü kimi, İrəvan sülh müqaviləsini birbaşa dialoqda deyil, Qərbin təklif etdiyi platformalarda imzalamaq barədə düşünür və məqsədinə çatmaqdan ötrü fransızsayağı forumlardan yararlanmağa çalışır. Paşinyan bu niyyətini həyata keçirməkdən ötrü özlüyündə “sülhdən gözəl danışanların debatı”ndan qeyri statusa malik olmayan Paris konfransını Bakıya siyasi təzyiq aləti kimi düşünür. Hərçənd onun özü də çox yaxşı anlayır ki, bütün platformalarda və masalarda son sözün sahibi Bakı olacaq.

Fikrət SADIXOV, 
politoloq

Görünür, Paşinyan Parisdə Fransanın müəyyən dəstəyini hiss edərək yenə nağıllar danışır, əfsanələr uydurur. Guya ermənilər Qarabağdan qovulub, Azərbaycan etnik təmizləmə aparıb, onlar blokada şəraitində yaşayıblar və buna bənzər sayıqlamalar. Bunu kim deyir? Otuz il Azərbaycan torpaqlarını işğalda saxlayan, Ermənistandan və Qarabağdan bir milyon insanı qaçqın və didərgin salan bir ölkənin baş naziri. Üstəlik, 44 günlük müharibədən sonra davamlı olaraq sülh barədə danışan həmin Paşinyanın müxtəlif hoqqabazlığının şahidi oluruq. Əgər o, öz imzasına azca da olsa hörmətlə yanaşırsa, 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanatın bəndlərini yerinə yetirməlidir. Üstündən üç il keçib, İrəvan hələ də Zəngəzur dəhlizini açmaq istəmir. Avropanın bəzi ölkələrindən yardımlar dilənərək, onlarla hərbi-texniki əməkdaşlığa girişib, silahlar almağa başlayıb. Belə təəssürat var ki, Azərbaycanla yeni müharibəyə hazırlaşır, Cənubi Qafqazda sülh və təhlükəsizliyinin bərpasında maraqlı deyil. Azərbaycan da öz mövqeyini bunu nəzərə alaraq dəqiqləşdirəcək. Yəni, görünür, Paşinyan yalnız gücün dilini başa düşür. Hesab edirik ki, rəsmi İrəvanın belə yanaşmasına Bakının da adekvat cavabı olmalıdır.     

Fərid ŞƏFİYEV, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, siyasi şərhçi

Nikol Paşinyan hazırda şou göstərməklə məşğuldur. İndi “sülh qovşağı” dedikləri dəhliz barədə danışır. Əslində Paşinyanın haqqında danışdığı üç prinsip Bakının irəli sürdüyü prinsiplərdir. Yəni, Azərbaycanın beş maddəlik sülh paketinin içində həmin üç prinsip də var. Onun həm Tbilisidə, həm də Parisdə dediyi “sülh qovşağı” faktiki olaraq Zəngəzur dəhlizidir. Paşinyanın Şimal–Cənub marşrutu ilə bağlı yaratmağa çalışdığı balans ancaq Azərbaycan ərazisi vasitəsilə mümkündür. Düzdür, Ermənistan və Türkiyə arasında dəmir yolu var idi, amma o da Azərbaycan üzərindən keçirdi. İrəvan bizim ideyalarımızı götürüb, adını dəyişdirib, Qərbə təqdim edir. Paşinyanın Parisdə Qarabağla bağlı səsləndirdiyi fikirlərə gəldikdə isə aydın məsələdir ki, Ermənistan Qərbin Azərbaycana təzyiq göstərməsini istəyir. Ola bilsin, ermənilərin Qarabağa qayıdacağına, orada Qərbin hansısa missiyasının təşkilinə ümidləri var. Bütün bunlar arxasında heç bir realllığın dayanmadığı iddia və uydurmalardır.                                                                Əsas məsələ Azərbaycanın razılığıdır. Qaçqınlar məsələsinə bütövlükdə baxılmalıdır. Buradan çıxan ermənilər kimi, Ermənistandan qovulan qaçqınlarımız da var. Onlar qayıtmağı düşünürlərsə, azərbaycanlılar da Ermənistana qayıtmalıdır. Paşinyanın hazırki, ümumən rəsmi İrəvanın son 30 ildəki siyasi fəaliyyəti şou xarakterlidir.     

 

İmran BƏDİRXANLI
XQ

 





Siyasət