Böyük Qayıdışın Laçın qaranquşu

post-img

Müxbirlərimiz Laçından xəbər verirlər

 

Laçına ezam edilmiş qrupumuz yeni salınmış rahat magistraldan və bundan xeyli artıq çəkilməkdə olan yollardan keçib Böyük Qayıdışın daha bir qaranquşu Laçına yetişdi. Ərazidəki ən uca zirvə olan Hoçazdağın qarşı tərəfindən şəhərin üstünə işıq salan payız günəşi yamaclara sığınmış şəhəri elə gur və sanki, xüsusi bir nəvazişlə işıqlandırırırdı. Önümüzdə açılmış mənzərənin əsrarəngizliyinə heyran qalmamaq mümkün deyildi. Bir anlıq gördüklərimizi möcüzəli bir yuxu sansaq da, dərhal hər şeyin gerçək olduğunu yada saldıq. Bu şəhər artıq 6 aydır ki, öz tarixinin yeni xoşbəxt bir mərhələsini məmnunluqla yaşayır. Onun köhnə və həm də yeni sakinlərinin çöhrələrindəki hədsiz rahatlıq məhz belə bir ovqat yaradır. Dolanbac yolların arasındakı yamaclara sığınmış Laçın ölkəmizdəki və bizə bəlli xarici dağ şəhərlərinin heç birinə bənzəməyən amfiteatrlar silsiləsi təşkil edir.

Yolboyu və şəhərin daxilində diqqətimizi cəlb edən başqa bir görüntü isə tikinti maşın-mexanizmlərinin və minik avtomobillərinin hər addımda qarşımızdan ötüb keçməsi oldu. Elə bil, ölkənin bütün ağır və müasir yük maşınlarını, payraxtın tinlərində müştəri gözləyən avtomobillərin bir hissəsi buraya gətirilmişdi.

Ağ boyalı, kirəmid damlı və bir-birinə bənzəməyən fərdi evlərin qarşısında dayandıqca eyvana çıxan sakinlərin şən çöhrəsini görməkdən, onlarla salamlaşıb hal-əhval tutmaqdan duyduğumuz sevincin ardını, Laçına köçürülmüş 315 ailənin hədsiz məmnunluğunu, şükranlığını, bu xoşbəxtliyi onlara bəxş etmiş Prezident İlham Əliyevə minnətdarlıqlarını, şəhidlərimizin ruhuna elədikləri duaları, qazilərimizə xoş arzularını qəzetimizin növbəti sayında təfsilatı ilə sizə çatdıracağıq.

 

Tahir AYDINOĞLU, 
Əli NƏCƏFXANLI,
Səbuhi MƏMMƏDOV
XQ























Sosial həyat