Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələri dərinləşir

post-img

Azərbaycanın uğurla sədrlik etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) elan edilən “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində quruma üzv ölkələr arasında gerçəkləşdirilən layihələrin icrası ilə tərəfdaşlığın genişlənməsi sürətlənib. Bu çərçivədə düşməndən təmizlənən ərazilərimizdə “yaşıl enerji” zonasının yaradılması istiqamətində  əhəmiyyətli təşəbbüslərin reallaşdırılması davam etdirilib. Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili sahəsində mühüm layihələr həyata keçirilib, həmçinin ekologiya sahəsində yüksək səviyyəli dialoq platforması yaradılıb. Təşkilata üzv ölkələr arasında turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edilib.

Bütün bunlarla bərabər, Özbəkistan Azərbaycan və Türkiyə ilə yükdaşımalarla bağlı məlumatları rəqəmsallaşdırıb və digər dövlətlərlə də analoji layihələrin reallaşdırılmasına başlanılıb. Türkiyə, Türkmənistan, Tacikistan, eləcə də Azərbaycan və İran tərəfindən razılaşdırılan multimodal dəhlizlər səmərəli fəaliyyət göstərməklə ECO-ya üzv ölkələr arasında əlaqələrin inkişafını daha da sürətləndirib. Energetikanın ECO üçün çox vacib sahə olduğu nəzərə alınaraq bu istiqamətdə Xartiya imzalanıb.  

ECO öz fəaliyyətində turizm sahəsində əməkdaşlığı da daim diqqət mərkəzində saxlayıb, “Turizm paytaxtları” konsepsiyasının icrası istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirib. İndiyədək 6 şəhər, o cümlədən Tacikistanın Düşənbə, İranın Sari və Ərdəbil, Özbəkistanın Şəhrisəbz, Türkiyənin Ərzurum və Azərbaycanın Şuşa şəhərləri “Turizm paytaxtları” seçilib. ECO-ya üzv ölkələrin çox zəngin mədəni irs və təbiət gözəllikləri ideyalarının təbliğinin bundan sonra da diqqətdə saxlanılacağı və bu istiqamətdə önəmli təşəbbüslərin reallaşdırılacağı nəzərdə tutulub.   

Azərbaycan bu təşkilata üzv olduğu ilk vaxtlardan qurumun işində fəal iştirak edir. Dövlətimizin başçısı noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən ECO-nun 16-cı Zirvə toplantısında çıxış edərək bütün bunlar barədə ətraflı məlumat verərək bildirib ki, ölkəmizin nəqliyyat və logistika infrastrukturu təşkilata üzv dövlətlər üçün açıqdır. 

Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə qoyub və ölkəmiz  Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazır vəziyyətə gətirilib. Respublikamızda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin daha da genişləndirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.    

Azərbaycan, eyni zamanda, etibarlı tranzit ölkədir və respublikamızın nəqliyyat-logistika infrastrukturu bütün ECO ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Azərbaycan  Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılığa mühüm önəm verir.  

Dövlətimizin başçısı çıxışında son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard dollar həcmində sərmayə qoyulduğunu, bunun 200 milyard dollarının qeyri-neft sektorunun payına düşdüyünü və belə bir yüksək göstəricinin respublikamızda yaradılan münbit sərmayə iqliminin nəticəsində əldə edildiyini də vurğulayıb.  

Ölkəmiz təşkilata sədrliyi dövründə qurumun digər regional və beynəlxalq platformalarla əməkdaşlığı da güclənib.  Azərbaycanın son illərdə ECO-ya üzv ölkələrlə  bərpaolunan enerji sahəsində əlaqələri genişlənib. Məhz buna görədir ki, respublikamız təşkilatın Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib.

Yeri gəlmişkən, Azərbaycanın təşkilatda sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı əlaqələr” kimi müəyyənləşdirilməsi hazırkı dövrdə xüsusi önəm daşıyır. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda, “yaşıl enerji” zonası elan olunan Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir.

Beləliklə, Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir. Respublikamızın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.

Azərbaycan yaxın gələcəkdə “yaşıl və hidrogen enerjisi”nin ixracatçısına çevriləcək. Dünyanın aparıcı “yaşıl enerji” şirkətləri olan xarici investorlarla imzalanan sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə ölkəmizdə istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. 

Bu ilin oktyabr ayında Azərbaycanda fəaliyyətə başlayan “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.

Azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəmin 270 meqavata çatacağı planlaşdırılıb. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücünün də  500 meqavata çatdırılacağı nəzərdə tutulub.   

Sonda xatırladaq ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan bu qurum 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb. Təşkilatın təsis proqramında davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin iqtisadi inkişafının sürətləndirilməsi, ticarətin liberallaşdırılması, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, maddi sərvətlərin səmərəli istifadəsi məsələləri qarşıya mühüm vəzifələr kimi qoyulub. 

Azərbaycan quruma 1992-ci ildə üzv olub. Təşkilatın 9-cu və 12-ci zirvə toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda reallaşıb, Bakı bəyannamələri qəbul edilib. Bu il yanvarın 24-də isə Özbəkistanın Daşkənd şəhərində qurumun Nazirlər Şurasının 26-cı iclası keçirilib. Toplantıda təşkilata sədrlik Azərbaycana keçib. 

 

V.BAYRAMOV 
XQ

 



İqtisadiyyat