Macarıstan ölkəmizdən böyük həcmdə qaz almağı planlaşdırır

post-img

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto paytaxt Buxarestdə keçirilən 6-cı Beynəlxalq Qaz Konfransında çıxış edərək ölkəsinin gələcəkdə Azərbaycan, Qətər və Türkiyədən böyük həcmdə qaz almağı planlaşdırdığını, lakin regionda boru kəmərinin gücünün bunun üçün yetərli olmadığını bildirib. 

Peter Siyarto daha sonra Macarıstanın qazın əsas hissəsinin hələ də Rusiyadan aldığını və mənbə ilə tədarük marşrutlarının şaxələndirilməsinin illüziya olaraq qaldığını vurğulayıb. O, bunun səbəbini Cənub-Şərqi Avropanın yetərli boru xəttinə malik olmaması ilə əlaqələndirib.    

Macarıstan rəsmisi, həmçinin qaz kəmərlərinin ötürmə qabiliyyətini artırmaq üçün əlavə vəsaitin lazım gəldiyini, ancaq Cənub-Şərqi Avropa ölkələri üçün zəruri məbləğin əldə edilməsinin çətin olduğunu, Avropa Komissiyasının isə bu layihənin  maliyyələşdirilməsini təsdiqləmədiyini diqqətə çatdırıb.  

Siyarto əlavə edib ki, Macarıstan boru kəməri və interkonnektor imkanlarını genişləndirmək üçün qonşuları, habelə tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək.

XQ

 

İqtisadiyyat