(Əvvəli XQ-nin 13 sentyabr 2023-cü il tarixli sayında)
Qərbi Azərbaycan ərazisində ermənilərin orta əsrlərdən başlayaraq, məskunlaşması, Qərb dövlətlərinin, eləcə də çar Rusiyasının köməyi ilə burada özlərinə dövlət yaratmaq səyləri barədə tarixi həqiqət bu toplumun Qafqazda, guya, aborigen xalq olması barədə cəfəng və uydurmaları birmənalı olaraq təkzib və ifşa edir.
Ermənişünas tarixçi, fəlsəfə doktoru, Dövlət mükafatçısı Nazim Mustafanın həmkarları ilə birgə və ayrılıqda apardığı araşdırmalar bu baxımdan tutarlı faktların zənginliyi və elmiliyi ilə seçilir. Alim qəzetimizə açıqlamasının davamında bildirdi:
– İsrael Ori saraya öz proqramını – Erməni dövləti yaratmaq üçün İrana 25 minlik qoşun göndərməyi təklif etmişdi. Bundan sonra sarayda Cənubi Qafqaza yürüş üçün hazırlıq işləri görülməyə başlanmışdı. Ciddi hazırlıqdan sonra 1707-ci ildə Ori polkovnik rütbəsində 50 nəfərlik nümayəndə heyətinin başçısı kimi İrana yola düşür. Ona orada vəziyyəti öyrənmək, xristian əhalisi arasında təbliğat aparmaq, müdafiə qalaları, ölkənin yolları haqqında məlumat toplamaq tapşırılmışdı. Şübhə oyatmamaq üçün İsrael Orini Şah Hüseynə Roma papasının nümayəndəsi kimi təqdim etmək qərara alınmışdı.
1709-cu ildə o, İsfahana gəlir. 1711-ci ildə Həştərxana qayıdır və orada ölür. Sonralar Minas Vartapedlə birlikdə Yesai katolikos İsrael Orinin işini davam etdirmişdilər. Rusiya – İran müharibəsi nəticəsində 1723-cü il sentyabrın 12-də bağlanan müqaviləyə əsasən, Gilan, Mazandaran, Astarabad əyalətləri, Bakı və Dərbənd şəhərləri Rusiyanın tabeliyinə keçir. Noyabrın 10-da I Pyotr həmin ərazilərdə ermənilərin köçürülüb gətirilməsi üçün yer ayrılması haqqında fərman verir.
Həmin fərmanla çar "xristianlıq naminə" erməni xalqını öz mərhəmətində saxlamaq və himayəyə götürmək qərarını vermişdi. 1726-cı il fevralın 22-də imperatriçə I Yekaterina ermənilərin yüksək iltifata, mərhəmətə və himayəyə layiq görülmələri haqqında fərman verir. 18-ci əsrin ikinci yarısında ermənilər yenidən fəallaşırlar. 1760-cı ildə Hindistan ermənisi İosif Emin rus hökuməti və gürcü çarı ilə danışıqlar aparır. İran və Türkiyəyə qarşı müharibədə ermənilərin köməyini təklif edir.
1769-cu ildə Həştərxan ermənisi Movses Safarov saraya layihə təqdim edir. O, layihədə rus ordusunun köməyi ilə "Ermənistanı azad etməyi" və Rusiyanın himayəsində dövlət qurmağı təklif etmişdi. Müharibədən sonra, 1780-ci ildə Rusiyadakı erməni yeparxiyasının başçısı İosif Arqutinski (Hovsep Arqutyan) və Moskva varlısı İvan Lazarev (Hovhannes Lazaryan) Rusiya hökumətinin nümayəndələri ilə danışıqlar aparırlar ki, Osmanlı Türkiyəsi və İran sərhədlərinin kəsişdiyi ərazilərdə erməni dövləti yaratsınlar.
(ardı var)
Hazırladı:
T.AYDINOĞLU
XQ