1920-ci il noyabr ayının 29-da Qərbi Azərbaycanda (indiki Ermənistan) sovet hakimiyyəti qurulduqdan sonra burada da ictimai-mədəni mühit kommunist ideologiyasının təsiri ilə yeni forma və məzmun almağa başladı. Hakimiyyət başına kommunist-beynəlmiləlçi cildinə girmiş daşnaklardan daha məkrli, daha siyasətbaz adamlar gəldi.
1921-ci il yanvar ayının əvvəlində İrəvanda Azərbaycan dilində Ermənistan İnqilab Komitəsinin orqanı olan ilk bolşevik mətbuatı – “Kommunist” qəzeti nəşr olunmağa başladı. Bir aya yaxın ömür sürən qəzetin cəmi 3 nömrəsi çıxmışdı. 1921-ci il fevral ayının ortalarında ermənilər “Kommunist” qəzetinin redaksiyasını yandıraraq məhv etmişdilər.
1921-ci il iyul ayının əvvəlində azərbaycanlı ziyalıların, xüsusən də Azərbaycandan İrəvana Xalq Daxili İşlər Komissarının müavini vəzifəsinə göndərilən, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Ermənistan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət heyətinin üzvü, xalqımızın böyük oğlu Bala Əfəndiyevin, Ermənistan Xalq Maarif Komissarlığının nəzdində fəaliyyət göstərən “Xırda millətlər şurası”nın sədri Cahangir Ələkbərbəyovun təşəbbüsü və fədakarlığı ilə EK (b) P MK tərəfindən “Rəncbər” adlı yeni bir qəzetin nəşrinə icazə verilmişdir.
1921-ci il iyul ayının 22-də “Rəncbər” qəzetinin ilk nömrəsi işıq üzü görmüşdür. Qəzetin nəşri Qərbi Azərbaycanda soydaşlarımız arasında geniş əks-sədaya səbəb olmuşdur. “Rəncbər” qəzetinin ilk sayında onun əsas vəzifələri, bu vəzifələrin yerinə yetirilməsi, partiya, sovet, komsomol təşkilatlarının, bütün zəhmətkeşlərin və ziyalıların qəzetə yaxından kömək göstərmələri, rəhbər işçilərin, fəhlə və kəndlilərin rəy və arzuları, bölgələrdən qısa məlumatlar, respublika xəbərləri və bir neçə xarici xəbərlər dərc olunmuşdu.
Qəzetin Azərbaycandakı arxivlərdə nümunə üçün heç bir nüsxəsi qorunub saxlanmamışdır. Moskvadakı Mərkəzi kitabxanada bütün nömrələri olmasa da, 1-3, 46-55 və 78-ci nömrələri dövrü mətbuat fondunda mühafizə olunur. “Rəncbər” qəzetinin əldə etdiyimiz həmin nömrələri bu mətbu orqanla bağlı elmi dövriyyəyə daxil edilmiş bir sıra yanlış məlumatların dəqiqləşdirilməsinə aydınlıq gətirmiş oldu.
Bütün mənbələrdə “Rəncbər” qəzetinin 1922-ci ildə nəşr edildiyi göstərilir və bu məlumatlar onun nəşri tarixi ilə bağlı həqiqəti əks etdirmir. Qəzetin ilk nömrəsi 1921-ci il 22 iyul tarixində çap olunmuşdu. Ermənistan Kommunist firqəsi mərkəzi və İrəvan komitələrinin nəşr əfkarı olan “Rəncbər” qəzeti ilk vaxtlar bir sıra problemlər və kağız qıtlığı ilə əlaqədar olaraq kiçik həcmdə – 2 səhifədən ibarət ərəb əlifbası ilə nəşr olunmuşdur. Həftəlik çıxan “Rəncbər” qəzeti 1922-ci il 30 sentyabr 47-ci nömrəsinə kimi 2 səhifədən ibarət 500 tirajla çıxmışdır. 8 oktyabr 1922-ci il tarixli 48-ci nömrəsindən etibarən 4 səhifədən ibarət çap olunmuşdur.
Qəzetin yalnız iki – 8 oktyabr 1922-ci il tarixli 48-ci və 15 oktyabr 1922-ci il tarixli 49-cu nömrələri 600 tirajla nəşr edilmişdir. “Rəncbər” qəzeti 8 oktyabr 1922-ci il 48-ci nömrəsinə kimi “Heyyəti-təhriyyə” (Redaksiya heyəti) imzası ilə çıxıb. 15 oktyabr 1922-ci il tarixdən – 49-cu nömrəsindən etibarən qəzetin ilk rəsmi redaktoru vəzifəsinə Bala Əfəndiyev təyin edilmişdir. Bu iş ona ictimai vəzifə kimi tapşırılmışdı.
Bala Əfəndiyev İrəvanda teatrın, türkdilli mətbuatın, azərbaycanlıların savadlanması və yeni türk əlifbasının həyata keçirilməsi işində də tükənməz bir enerji ilə çalışmışdır.
“Rəncbər” qəzeti onun redaktoru Bala Əfəndiyevin və əməkdaşları Məmmədəli Nasirin, Mustafa Hüseynovun, Mehdi Kazımovun, Cahangir Ələkbərbəyovun böyük əzmkarlığı və səyi ilə araya-ərsəyə gəlirdi. Redaksiyada cəmi 5 nəfər – redaktor, makinaçı, mətbəədə isə üç nəfər – iki mürəttib və bir çapçı işləyirdi. Qəzetin ümumi tirajı 500 nüsxə olduğundan geniş oxucu kütləsini əhatə edə bilmirdi. Bütün bunlara baxmayaraq, qəzet ziyalılar tərəfindən izlənilir, onun hər yeni nömrəsi əldən-ələ gəzir, sevilə-sevilə oxunurdu.
1922-ci ildən başlayaraq, Azərbaycanda yeni əlifbaya keçmək haqqında geniş hərəkat başlanmışdı. “Rəncbər” qəzeti müxtəlif nömrələrində əhali arasında savadsızlığı ləğv etmək və milli-mədəni tərəqqiyə nail olmaq üçün həyata keçirilən mühüm məsələlərdən olan əlifba islahatı ilə bağlı bir neçə məqalə dərc etmişdir.
Qəzet İrəvanda Azərbaycan incəsənətinin inkişafı məsələlərinə də böyük qayğı ilə yanaşırdı.
Ümumiyyətlə, “Rəncbər” qəzeti haqqında çox az məlumat mövcuddur. İlk dəfədir ki, bu mətbu orqan haqqında bizim tərəfimizdən aparılan araşdırmalar nəticəsində müəyyən məlumatlar verilmişdir. 1921-ci il iyul ayının 22-dən 1922-ci il dekabr ayının 31-nə kimi qəzetin 59 nömrəsi nəşr olunmuşdur. Cəmi 78 nömrəsi işıq üzü görən “Rəncbər” qəzeti davamlı nəşr oluna bilməmiş, 1923-cü ilin may ayından fəaliyyəti dayandırılmışdı. Bütün bunlara baxmayaraq, “Rəncbər” qəzetinin də mətbuat tariximizdə özünəməxsus rolu və yeri olmuşdur.
Cəlal ALLAHVERDİYEV,
filologiya üzrə fəlsəfə doktoru, dosent