Ümummilli lider Heydər Əliyev müstəqillik illərində keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə oxumağa göndərdiyi tələbələrlə görüşəndə söz açarkən demişdi: “70-ci – 80-ci illərdə Azərbaycandan kənar ali məktəblərə göndərilən insanlar mənim doğma övladlarımdır”. Həmin gənclərdən biri kimi mən bu sözlərin necə yüksək məna daşımasından hədsiz şərəf duyuram, eyni zamanda, bu öyüncün arxasındakı məsuliyyəti də dərindən anlayıram.
O zaman mən pedaqoji kollec bitirmiş bir kənd müəllimi idim. Ali təhsil almaq istəyirdim. 1976-cı ildə qəbul üçün sənədlərimi təqdim edərkən o vaxtkı SSRİ-nin müxtəlif şəhərlərində tanınmış ali məktəblərə müsabiqədənkənar qəbul haqqında məlumat alan kimi düşünmədən Leninqrad Dövlət Universitetinin şərqşünaslıq fakültəsini seçdim. Məlum oldu ki, bu ali məktəblərə qəbul məsələsinə respublika rəhbəri Heydər Əliyev xüsusi diqqət göstərir.
Həmin il mən arzuma çatdım – LDU-da indoneziyaşünaslıq şöbəsinə daxil oldum. Avqustun sonunda, ovaxtkı ənənəyə uyğun olaraq, Heydər Əliyev kənar ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşüb onları təbrik etdi. Ulu öndər öz tövsiyələrini söyləyəndə bildirdi ki, biz gələcəkdə Azərbaycanın həyatında böyük rol oynayacağıq və ona görə də yaxşı oxumağımız çox vacibdir. Bu mənim ulu öndərlə ilk görüşüm idi. Onun tövsiyələri təhsil aldığım illər boyu daim qulaqlarımda ata nəsihəti kimi səsləndi. Göstərilmiş etimadı doğrultmaq üçün var qüvvəmlə çalışdım.
Ulu öndər Heydər Əliyevin tapşırığı ilə kasıb ailələrdən olan tələbələrə, o cümlədən, mənə Azərbaycandan maddi yardım da göstərilirdi. Nə vaxt müraciət edirdiksə, ehtiyacımız olan yardımı ala bilirdik. Başqa heç bir respublikanın tələbələrinə belə qayğı göstərilmirdi. Bir sözlə, bizim yaxşı təhsil almağımız üçün hər cür şərait yaradılmışdı. Bütün bunlar heç vaxt unudulmayacaq xatirələrdir.
Beləcə, ümummilli lider Heydər Əliyevin sayəsində aldığım ali təhsil mənim həyatımı büsbütün dəyişdirdi. 1981-ci ildə təhsilimi başa vurduqdan sonra böyük fəxrlə ilk indoneziyaşünas kimi Azərbaycana qayıtdım.
Azərbaycan müstəqillik əldə etdikdən sonra İndoneziya ilə də əlaqələr yaranmağa başladı. Mən bir mütəxəssis kimi bu əlaqələrin qurulmasında fəal iştirak etmiş və işimdən zövq almışam. Həmişə də ulu öndərin o vaxt gəncləri SSRİ-nin qabaqcıl ali məktəblərinə nadir ixtisaslar üzrə təhsil almağa göndərməsini, onun nə qədər üzaqgörən olduğunu xatırlamış, qəlbən ona minnətdarlıq ifadə etmişəm.
1998-ci ilin mayında anadan olmasının 75 illiyi münasibətilə Heydər Əliyevi təbrik etmək üçün onunla görüşmək istəyənlərin sayı-hesabı yox idi. Arzu edənlərin hamısı ilə görüşmək, əlbəttə, mümkün deyildi. Görüş üçün Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının üzvlərindən mənim də daxil olduğum bir qrup da müraciət etmişdi. Xoşbəxtik ki, bu unudulmaz görüş baş tutdu.
Həmin görüşdə Heydər Əliyevin bizi duyğulandıran fikirləri indi də yadıma düşəndə kövrəlirəm. Ulu öndər həmin gün dedi: “Birincisi, mən sizinlə görüşümdən çox məmnunam. Bilirsiniz, mənim 75 yaşım münasibətilə indi mənimlə görüşmək istəyən insanlar çoxdur. Mənə dedilər ki, sizin – 70-ci – 80-ci illərdə Azərbaycandan müsabiqədənkənar keçmiş Sovetlər İtiitfaqının, xüsusilə Moskva, Leninqrad və başqa böyük şəhərlərinin ali məktəblərinə göndərilmiş tələbələrin də cəmiyyəti yaranıbdır və bu cəmiyyətin nümayəndələri mənimlə görüşmək istəyir. Bilirsiniz, mən bunu qəbul etdim, çünki bu insanlar, yəni 70-ci–80-ci illərdə bu ali məktəblərə göndərilən insanlar mənim doğma övladlarımdır”.
Bu, həqiqətən, ulu öndərin bizə övlad münasibəti idi. Görüşdə Prezident bizim hər birimizi dinlədi. Mən çıxış edərkən aramızda yaranmış dialoqu da talenin bir töhfəsi kimi xatırlayıram:
– Hörmətli cənab Prezident! Sizin minlərlə xidmətinizdən mən yalnız ikisini qeyd etmək istəyirəm. O biri xidmətləriniz olmasaydı, yalnız bu iki xidmətə görə Siz Azərbaycanın tarixinə düşmüş olardınız. Bunlardan biri 1993-cü ildə bir rayondan o biri rayona getmək mümkün olmayan bir şəraitdə, hər kəsin yolda bir tank qoyub özünə bir xanlıq, şahlıq yaratdığı bir vaxtda Siz Azərbaycanı parçalanmaq bəlasından qurtardınız. Bu, Sizin ən böyük xidmətlərinizdən biridir. İkinci xidmətiniz isə Sizin 70 – 80-ci illərdə böyük sayda tələbə ordusunu Azərbaycandan xaricə nadir ixtisaslar üzrə ali təhsil alamağa göndərməyinizdir. İndi həmin mütəxəssislərin bilik və bacarıqları müstəqilliyini yeni əldə etmiş ölkəmiz üçün çox əhəmiyyətlidir. Bu, Sizin üzaqgörən siyasətinizin məhsuludur. Bunlar çox böyük xidmətlərdir. Bu gün burada Sizinlə görüşə bilməyimiz isə bizə verdiyiniz böyük dəyərin göstəricisidir. Mən Salyan rayonunun adı Azərbaycanın xəritəsinə düşməyən bir kəndindənəm və heç ağlıma da gəlməzdi ki, nə vaxtsa Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsində oxuya bilərəm.
– Hansı universitetin?
– Ovaxtkı Leninqrad Dövlət Universitetinin şərqşünaslıq fakültəsində.
– Leninqrad!
– Bəli. Həm də çoxlarının, bəlkə də, eşitmədiyi İndoneziya dili şöbəsinə.
– İndoneziya!
– Bəli. Bu gün mən fəxr edirəm ki, Azərbaycanda belə bir dilə, belə bir ixtisasa yiyələnən var. Son illər mən bir neçə tələbə də yetişdirirəm. Keçən il İndoneziyanın Türkiyədəki, həm də Azərbaycandakı səfiri buraya gələndə biz onunla görüşdük. O çox sevindi və dedi ki, 60 milyonluq Türkiyədə İndoneziya dilində danışan bir adam tapmadım, amma, maşallah, sizin Azərbaycanda mütəxəssis var.
– Unutmamısan ki bu dili?
– Xeyr. Bir neçə gün əvvəl İndoneziyanın Xarici İşlər Nazirliyinin nümayəndələri müqavilələr imzalamağa gəlmişdilər. Onların görüşündə iştirak etdim və danışıqları tərcümə etdim. Əlbəttə, unutmamışam. Bütün bunlara görə mən bir daha Sizə minnətdarlığımı ifadə edir və ümidvar olduğumu bildirirəm ki, Siz hələ uzun zaman Azərbaycana rəhbərlik edəcəksiniz və Azərbaycan bizim hamımızın arzu etdiyimiz çiçəklənən bir ölkəyə çevriləcəkdir. İcazə verin, Sizi 75 illiyiniz münasibətilə təbrik edim, Sizə uzun ömür, möhkəm sağlamlıq arzulayım. Sağ olun.
Ulu öndərlə başqa bir görüşlə bağlı da xatirəm var. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin adı ilə bağlı geniş müzakirələr aparılırdı. Yekun müzakirə Prezident Aparatında Heydər Əliyevin sədrliyi ilə keçirildi. İclasda mən də iştirak edirdim. Cənab Prezident, – dilimizin necə adlandırılmasına əvvəlcədən özü heç bir münasibət bildirmədən,– çıxış edənləri, irəli sürülən təklifləri təmkinlə və diqqətlə dinlədi. Mən də fikir bildirməyi qərarlaşdırmışdım. Fikrimi iki ölkə nümunəsi üzərində quracaqdım: “Tarixən əhalisi ümumi mənşəyə malik müxtəlif etnoslardan ibarət olan və ortaq dil kimi malay dilndə danışan İndoneziya və Malayziya müstəmləkə sistemi dağıldıqdan sonra müstəqillik əldə etdilər. Bundan sonra İndoneziya Respublikasının dövlət dili onun Konstitusiyasında “İndoneziya dili”, Malayziya Federasiyasının dövlət dili isə “malay dili” kimi təsbit olundu. Bu qərar böyük siyasi yük daşıyırdı”.
Həmin nümunəyə uyğun olaraq mən dövlət dilimizin “Azərbaycan dili” adlandırılmasını təklif edəcəkdim. Lakin çıxışlar çox olduğundan Heydər Əliyev müzakirəni dayandırdı və beləliklə, mənim fikir bildirmək imkanım olmadı. Amma onsuz da bir neçə məruzəçi dilimizin “Azərbaycan dili” adlandırılmasının daha doğru olması fikrini səsləndirmişdi. Müzakirəyə yekun vuran ulu öndər “Azərbaycan dili” adının üzərində dayandı və onu hərtərfli əsaslandırdı. Mən fikirlərimizin üst-üstə düşməsindən çox məmnun oldum.
Təəssüf ki, ulu öndərin görüşlərindən yalnız birində tərcüməçi kimi iştirak etmişəm. Ümummilli liderin İndoneziya Respublikasının Azərbaycanda akkreditə olunmuş səfiri ilə keçirdiyi görüşündə tərcüməçi idim və bu da dahi şəxsiyyətin mənə qazandırdığı peşə ilə ona xidmətimin kiçik bir nümunəsi kimi yaddaşımda əbədi yer alıb.
2004-cü ildə “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanası fəaliyyətə başladı. Mən elektron qaynağın tərcüməçilərindən biri kimi, təxminən, 5 il ərzində ümummilli liderin bütün nitq və məruzələrini, müraciətlərini, görüşlərinin mətnlərini İndoneziya dilinə tərcümə etmişəm. Hər bir mətnin tərcüməsi mənim xatirimdə Heydər Əliyevlə mənəvi ünsiyyət kimi qalıb. Onun dilinin zənginliyi, etdiyi çıxışların mükəmməlliyi, eyni zamanda, sadəliyi hər tərcümə prosesində məndə heyrət doğururdu. Amma, əlbəttə, çətinliklər də olurdu. Ən çox çətinlik ulu öndərin işlətdiyi sinonimlərin, sintaktik paralellərin tərcüməsində yaranırdı.
Bu qısa xatiratımı həyatımda müstəsna rolu olmuş, lakin müqabilini arzu etdiyim şəkildə verə bilmədiyim Ümummilli liderə minnətdarlığımın, sonsuz ehtiramımın ifadəsi kimi qələmə aldım.
Həbib ZƏRBƏLİYEV,
AMEA Dilçilik İnstitutunun baş elmi işçisi, professor