Qərbi Azərbaycana qayıtmaq soydaşlarımızın əzəli hüququdur

post-img

Azərbaycan xalqı 2020-ci ilin Vətən müharibəsində öz gücü ilə ərazi bütövlüyünü bərpa edib. Bugünlərdə Qarabağda gerçəkləşdirilən lokal antiterror tədbirləri ilə Xankəndidə daldalanmış xuntanın da qanunsuz varlığına son qoyuldu. Cinayətkar rejimin əliqanlı quldurları yuvasına su dolan siçovullar sayağı qaçıb canlarını qurtarmağa gizli yol axtarırlar. Belə bir vaxtda Qərbi Azərbaycandan 35 il əvvəl qovulmuş soydaşlarımız doğma yerlərə qayıtmaq ümidilə səfərbər olunurlar. 

Tarixi ədalətin öz yerinə qayratıl­dığı bir dönəmdə Xalq TV-də növbəti qonağımız Milli Məclisin Səhiyyə ko­mitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, dünya şöhrətli onkoloq, akademik Əhliman Əmiraslanovdur.

– Əhliman müəllim, Qarabağda qazandığımız tarixi qələbələr – əra­zi bütövlüyümüzün bərpası və su­verenliyimizin təmin edilməsi yurd həsrətli Qərbi azərbaycanlıların ta­rixi torpaqlarımıza qayıtmaq arzu­larını gerçək bir müstəviyə çıxarıb. Qərbi Azərbaycan İcmasnın çox­şaxəli fəaliyyəti bugünlərdə böyük ümidlər doğurur.

– Tarix və bugünün üz-üzə durduğu bir dövrün şahidləriyik. Tarixi zəfərimi­zin əks-sədası bütün dünyanı silkələ­di: dost sevindi, düşmən zəlil və xəcil oldu. Siyasət alverçiləri nə qədər məkr­li planlar hazırlasalar da uğurlu, xalqın dili ilə desək, tədbirli dövlət diplomati­yamız ədalətsizliklərə üstün gəldi. Xalq – Lider – Ordu birliyi “Dəmir yumruq” kimi düşmənin başına enib, onu diz çökdürdü. Məhz belə bir tarixi dönəm­də Qərbi Azərbaycan İcması çoxillik arzudan gerçək mübarizə formatına çevrildi. Bu qurumun yaradılması tarixi zərurət oldu. Ölkənin sayılıb-seçilən ziyalıları – Qərbi Azərbaycan əsilli görkəmli şəxsiyyətlər “Böyük Qayıdış” konsepsiyasının ətrafında sıx birləş­dilər. 

– Siz dünyaca məşhur onkoloq, fəal ictimai xadim kimi Qərbi Azər­baycan torpağının – Ulu Göyçənin yetirməsisiniz. O yerləri necə xatırla­yırsınız? İnsanın doğulduğu torpaq­lara həsrət qalmasına sivil dünya necə göz yuma bilər? Bu ədalətsiz­lik nə vaxtadək davam edə bilər?

– Mən Qərbi Azərbaycanın Gəyçə mahalının Zod kəndində doğulmuşam. Orta məktəbi də orada bitirmişəm. Yəni, 17 yaşıma qədər doğma kəndim­də, qədim Göyçə elində yaşamışam. Mənim atam təkcə Göycə mahalında, Qərbi Azərbaycanda yox, Azərbaycan­da da tanınan insanı olub – uzun illər Göyçənin Basarkeçər rayonuna rəh­bərlik edib. Atam ömrünün son illərində isə həmin rayonun təhsil şöbəsinin mü­diri işləyib, soydaşlarımızın yaxşı təhsil almasına çalışıb. Əməkdar müəllim idi, bir çox təltifi, mükafatı var idi. 

O dövrdə Göyçə mahalının, xüsu­silə, Basarkeçər rayonunun kəndləri­nin böyük əksəriyyəti azərbaycanlılar­dan ibarət idi. Düzdür, qarışıq kəndlər də var idi. Ancaq kəndlərin çoxunda azərbaycanlılar məskunlaşmışdı. Mə­nim doğulduğum Zod da təmiz azər­baycanlı kəndi idi. Obada 750 ailə yaşayırdı. İndi o dövr – uşaqlıq, orta məktəb illərim kino lenti kimi gözümün qarşısından keçir. Ən xoş xatirələrim o yerlə, o torpaqla, orada yaşamış insan­larla və doğma yurdumuzla bağlıdır. Bu gün də kəndimiz, evimiz yuxuma girir. 

Bir neçə il bundan qabaq Azər­baycandan Ermənistana gedənlər­dən xahiş etdim ki, gedib görsünlər bizim evimiz yerindədirmi. Çox sağ olsun, onlardan biri getdi kəndə, tele­fon vasitəsilə bizim evimizi, həyətimizi göstərdi. Ancaq tanımaq çətin idi... Ha­sarlar uçmuş, divarlar dağılmışdı. Evi­mizin qarşısında şox böyük, gözəl bir bağımız var idi, oradakı ağaclar kəsil­mişdi. Ev demək olar ki, çox bərbad bir vəziyyətdə idi, yalnız pəncərələrindən tanıdım... Orada yaşlı bir ailə yaşayır­mış. Deyiblər ki, buranın sahibi gəl­səydi, çıxıb gedərdik. Bununla demək istəyiblər ki, onları bura zorla gətiriblər, talenin ümidinə buraxıblar.

Çox təəssüf ki, dostlarım evimizə gedə bilsələr də, onları kəndin mə­zarlığına qəti şəkildə buraxılmayıblar. Hətta, onlar mənə dedilər ki, dəfələrlə təkid etməklərinə baxmayaraq, məzar­lıqlara buraxılmayıblar. Bu, onu göstə­rir ki, erməni vandalizmi məzarlıqda da cinayət törədib.

Qarabağ hadisələri başlayanda mən Moskvada idim, qardaşım Zod­da yaşayırdı. Göyçə mahalından ən axırıncı çıxan ortancıl qardaşım olub. Mənim bibilərim, yaxın qohumlarım da orada yaşayırdı. Moskvada ya­şasam da, yaxınlarımla tez-tez əlaqə saxlayırdım. Çox şətinliklə qardaşı­mı, bibilərimi Kəlbəcər yolu ilə çıxa­ra bildik. Bakıdan maşın göndərdim, qardaşımın ailəsini, bibilərimi, doğma torpaqlarımızdan – Zoddan çıxarmalı oldum. Onu da deyim ki, həmin ha­disədən 3-4 gün sonra kəndimizə bərk qar yağdı və yollar bağlandı. Bibilərim bu dəhşətli qaçqınlıq əzabına, aran yerinin ab-havasına dözə bilmədilər. 

Göyçə mahalının yerli əhalisi azər­baycanlılar idi. Onlar çox qorxmaz, cəsur insanlar idi. Bu gün nə qədər acı olsa da, ürək ağrısı ilə deyirəm ki, göyçəlilərə dövlət səviyyəsində sahib çıxılsaydı, onlar doğma torpaqlarından didərgin düşməzdilər. Yerli camaat si­lahsız idi. Ermənilər azərbaycanlılar­dan qorxurdular, çəkinirdilər. Amma ermənilər azərbaycanlıların silahsız ol­maqlarından istifadə edib, bir-bir bütün kəndləri boşaltdılar. Ermənilər asanlıq­la tarixi torpaqlarımızı işğal etdilər. Sağ qalanlar Vətən həsrəti ilə yaşayırlar. 

– Qərbi Azərbaycan İcması qaçqın soydaşlarımızda Vətənə qa­yıtmaqla bağlı böyük ümidlər yara­dıb. 

– Bu gün təkcə mənim yox, Qər­bi Azərbaycandakı yurd yerlərimizdən olan insanların ən müqəddəs arzusu odur ki, ata-baba torpağımıza qayıdaq. Qərbi Azərbaycan İcmasının bütün fəa­liyyəti bu istiqamətə yönəldilib. Möh­tərəm Prezidentimiz İlham Əliyevin bi­lavasitə diqqəti, dəstəyi ilə bu qurumun yaranması Qərbi azərbaycanlıların öz ana vətənlərinə qayıdışının bünövrəsi­ni qoydu. Və bu istiqamətdə çox ciddi işlər aparılır. Mən əminəm ki, biz Qərbi Azərbaycana – Göyçəyə, Zəngəzura, İrəvana, Dərələyəzə, Dağ Borçalıya, Vediyə, Amasiyaya qayıdacağıq. 

Ancaq fikirləşirik ki, bizim bu qayıdı­şımız müharibə yolu ilə yox, sülh danı­şıqları ilə başa çatsın. “Dəmir yumruq” işə salınmadan yurdumuza dönək. Ko­mandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı azad etdi. Otuz ilə yaxın didərginlik hə­yatı yaşamaq məcburiyyətində qalan insanlarımız yurd yerlərinə qayıdırlar. Bu zəfərdən ruhlanaraq, mən də ina­nıram ki, Prezidentimizin dəmir iradəsi sayəsində biz Qərbi Azərbaycanlılar da doğma torpaqlarımıza qayıdacağıq. 

Mən bilirəm ki, bütün göyçəlilər, Qərbi azərbaycanlılar bu ağrı ilə yaşa­yırlar. Hamımızın içində həsrət yanğısı var. Mən övladlarıma, nəvələrimə de­mişəm ki, əgər mən qayıda bilməsəm, siz, yəqin, vaxt olacaq ki, ora qayıda­caqsınız, gedib ata yurdumu, evimizi yenidən tikin, ocağımıza sahib çıxın. Ümidliyəm ki, mən də o günü görə­cəyəm. 

– Əhliman müəllim, Qərbi Azər­baycan İcmasında sizə məsul bir və­zifə tapşırılıb. İşləriniz necə gedir? 

– Qərbi Azərbaycan icmasının təsis olunmasından bir ildən artıq vaxt keçib. Bu müddət ərzində orada böyük işlər görülüb. Açığını deyim ki, icmada bu vəzifə ilk dəfə mənə təklif olunanda, böyük məmnuniyyətlə razılaşdım. Qər­bi Azərbaycandan olan elm, təhsil, mə­dəniyyət sahəsində çalışan çoxlu zi­yalılar, ağsaqqallar var. Onlar – Vətən həsrətli həmyerlilərim çox böyük coşqu ilə icmada işləyirlər. Belə bir quruma – Ağsaqqallar Şurasına rəhbərlik et­mək həm böyük məsuliyyətdir, həm də şərəfli işdir. 

Möhtərəm Prezidentimiz ötən il 24 dekabrda Qərbi Azərbaycan İcmasının inzibati binasına gəldi və ziyalılarla gö­rüşdü. Həmin görüşdə iştirak edirdim, mənə də söz verildi, bir Qərbi Azərbay­canlı kimi öz fikirlərimi dedim. Dövlət başçısı bizim icmada proqram xarakter­li, geniş bir nitq söylədi, Qərbi Azərbay­can İcmasının gələcək fəaliyyət proq­ramını, konsepsiyasını verdi. Göstərdi ki, biz hansı istiqamətdə işimizi davam etdirməliyik – həm ölkə daxilində, həm də xaricdə. Əsas məqsədimiz, tək­rar edirəm, Ağsaqqallar Şurasının da qarşısına qoyduğu başlıca məram də­də-baba torpaqlarımıza, öz ocağımıza, doğma yurdumuza qayıtmaqdır. Qərbi Azərbaycana qayıtmaq soydaşlarımı­zın əzəli hüququdur.

– Arzu edirik ki, Vətən həsrəti çəkən insanlar tezliklə və dincliklə yurd yerlərinə, doğma ocaqlarına qovuşsunlar. 

Söhbəti apardı:
Kəmalə ABDİNOVA

Müsahibə