Okampodan sonra daha bir argentinalı dələduzun erməni nökərçiliyi
Deyəsən, Ermənistan rəhbərliyi və dünya erməniliyi Qarabağda humanitar böhran, etnik təmizləmə və soyqırımı kimi iddiaları BMT tribunasına yenidən çıxarmaq xülyasına düşüb. Görünür, bu il avqustun 16-da qurumun Təhlükəsizlik Şurasının iclasında yaşanmış fiasko yetərli olmayıb. Bu baxımdan Fransa Prezidenti Emmanuel Makronun bir neçə gün öncə bildirdiklərini diqqətə çatdırmışdıq. Makron ölkəsinin sözügedən qondarma məsələnin BMT TŞ-də bir daha müzakirəsi üçün “təşəbbüs” göstərəcəyini vurğulamışdı.
Qeyd edək ki, qurumun avqustun 16-da keçirilmiş iclasından əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, hazırda beynəlxalq hüquq üzrə ekspert kimi fəaliyyət göstərən yüksək reytinqli dələduz–hüquqşünas Luis Morena Okampo “Ekspert rəyi: 2023-cü ildə ermənilərə qarşı soyqırımı” adlı hesabat hazırlamış və sənəddə Qarabağda baş verənlərin növbəti “erməni soyqırımı” olduğunu əsaslandırmağa çalışmışdı. Əlbəttə, istəyinə nail ola bilməmişdi. Okamponun beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdləri fayda verməmişdi.
İndi isə görünür ortaya yeni bir dələduz çıxıb. Onun adı Xuan Ernesto Mendesdir. Okampo kimi o da erməni lobbi və diasport təşkilatlarının, necə deyərlər, at oynatdıqları Argentinadandır. Ancaq Okampodan fərqli olaraq, Mendes daha stajlı və təcrübəli dələduzdur. O, 2004-2007-ci illərdə BMT-nin Baş katibi Kofi Annanın köməkçisi işləyib. 2010-2013-cü illərdə BMT yanında insanlıq əleyhinə cinayətlərlə bağlı qurumda xüsusi məruzəçi olub. Yəni, Okampotək Mendes də soyqırımı məsələləri üzrə ixtisaslaşmışdır. Hazırda ABŞ-ın Vaşinqton Universitetinin insan hüquqları üzrə professorudur.
Əlqərəz, X.Mendes BMT-də Qarabağın blokadasının hüquqi nəticələri haqqında məruzə təqdim edib və sənəd Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin saytında yerləşdirilib. Sözügedən saytda, həmçinin qeyd olunub ki, avqustun 23-də Ermənistanın daimi nümayəndəliyi BMT-nin mənzil-qərargahında müzakirə təşkil edib və bu müzakirədə BMT baş katibinin soyqırımının qarşısının alınması üzrə keçmiş xüsusi müşaviri, Amerika Universitetinin insan hüquqları üzrə professoru Xuan Mendesin ekspert rəyi dinlənilib. Müzakirələrdə BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin və bir sıra digər ölkələrin diplomatları iştirak ediblər. Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mqer Marqaryan Qarabağdakı vəziyyəti təqdim edərək, humanitar böhranın getdikcə ağırlaşdığını bildirib. O deyib ki, BMT növbəti cinayətin törədilməsinə imkan verə bilməz və bunun qarşısını almaq üçün aydın addımlar atmalıdır.
Bu yerdə professor Mendesin Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı aylar öncəki qərarından söz açmasındakı spekulyativ motivi diqqətə çatdıraq. Argentinalı bildirib ki, bəs həmin qərar Qarabağdakı “soyqırımının” qarşısının alınması üçün vasitələrin işə salınmasına işarədir. Aşkar ermənipərəst mövqe tutan Mendes, eyni zamanda, dünya ictimaiyyətini növbəti “erməni soyqırımı”na yol verməməyə yönələn açıq çağırış səsləndirib. Əlbəttə, dələduz hüquqçu fikrini əsaslandırmaq üçün bir çox məqamları qabardıb. Onların hamısının üzərində dayanmağa ehtiyac duymuruq. Ancaq bir neçəsi var ki, barələrində söz açmağı zəruri sayırıq.
Birincisi, Mendes tipik erməni vay-şüvən ritorikasındakı elementlərdən istifadə edir. O, elə görüntü yaradır ki, sanki Azərbaycan dünya birliyinə məhəl qoymur, bu baxımdan BMT Baş katibinin, ABŞ-ın Dövlət katibinin və digərlərinin Laçın yolunun açılmasına dair çağırışlarını yada salır. Üstəlik, Ermənistanın şərtlərinə etinasız yanaşdığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdakı Laçın dəhlizi ifadəsinə istinad edir. Mendes deyir: “Bundan başqa, Azərbaycan rəsmiləri və ekspertləri faktları təkzib edərək, humanitar yardımın göstərilməsi üçün alternativ yollar irəli sürürlər. Bununla da Beynəlxalq Ədalət Məhkəməsinin qərarını yerinə yetirməkdən imtinanı təsdiqləyirlər”.
Həyasızlığın hər formasını görmüşdük, beləsini yox. Mendes göstərdi. Onun fikrindən gəlinən qənaət budur ki, Azərbaycanın Qarabağ ermənilərinə yardım göstərmək üçün alternativ yollar irəli sürməsi, Beynəlxalq Ədalət Məhkəməsinin qərarının icrasından yayınmaq cəhdidir və dünya birliyi buna yol verməməlidir. Göründüyü kimi, o da digər ermənipərəstlər kimi, Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycanın tərkib hissəsi olduğu reallığını görməzdən gəlir. Həm bunu, həm də Laçın yolunun hazırda erməni əhaliyə xidmət göstərdiyini bilərəkdən nəzərə almır...
Fırıldaqçı Mendesin manipulyativ hüquqçuluğunun kuliminasiyası isə onun Qarabağda baş verənləri Balkan ölkələrindəki durumla eyniləşdirmək cəhdidir. Söhbət, konkret olaraq, Bosniya və Serbiya arasındakı münaqişəli vəziyyətin “presedent” kimi götürülməsindən gedir. Mendesin sözlərinə görə, Srebrenitsa işində Beynəlxalq Ədalət Məhkəməsi müəyyən edib ki, Serbiya digər amillərlə yanaşı, məhkəmə prosesləri zamanı əməkdaşlıqdan imtina edərək, soyqırımının qarşısını almaq öhdəliyini pozub.
Göründüyü kimi, ermənipərəstlər Azərbaycana qarşı, sözün əsil mənasında, hüquq cəbhəsi açıblar. Onların öz məqsədlərinə çatmaq naminə ən xırda detalların vasitə kimi istifadəsinə baş vurduqları göz önündədir. Okampodan sonra erməni lobbi və diaspor təşkilatları tərəfindən ortaya atılmış Mendes isə BMT-yə çıxarılması planlaşdırılmış yeni-köhnə erməni avantürasının, obrazlı desək, ayaq səslərini eşitdirir. Əlbəttə, Azərbaycan diplomatiyasının belə hallara qarşı səfərbər olacağı şübhəsizdir.
Sonda onu da deyək ki, Ermənistan və dünya erməniliyi BMT-yə son tutacaq yeri kimi yanaşır. Onların bütün instansiyalardan ümidləri kəsilib. Üstəlik, Qarabağı erməni əhali tərk edir. Yəni, sıravi ermənilər də avantürizmin fonunda bölgədə yaşamın mümkünsüzlüyünü anlayırlar. O zaman sual yaranır: belə canfəşanlıq nə üçündür? Cavab çox sadədir – Birincisi, ümumən Azərbaycanla barışmamaq hikkəsi var. İkincisi isə beynəlxalq hüquq müstəvisində hansısa tutacaq yeri əldə edib yeni hərbi əməliyyatlara başlamaq üçün bəhanə qazanmaq istəyi aktualdır.
Məlum olduğu kimi, Qarabağda on min erməni əsgəri qalmaqdadır. İndiki durumda okampoların, mendeslərin və digərlərinin “əməyi” nəticəsində yaranacaq hansısa xırda reallıq həmin onminlik sayı, guya, öz vətənlərini qoruyan qəhrəmanlar kimi göstərməyə imkan verəcəkdir. Bir sözlə, məqsəd Qarabağda aranı qarışdırmaqdır. Bütün bunlar isə bir daha onu göstərir ki, Ermənistan Azərbaycanla sülhə gəlmək istəmir.
R.ƏVƏZ, “Xalq qəzeti”