“The Critic” Azərbaycana böhtan atır

post-img

Böyük Britaniya nəşri tarixi saxtalaşdıranlara, reallığı təhrif edənlərə züy tutur

Ermənistanın təbliğat maşınının var gücü ilə işləməsinə baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin, guya, “humanitar böhran”la üzləşməsi barədə uydurmalara inananların sayı günü-gündən azalır. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan tərəfi orta­ya atılan hər bir iddianın yalan olduğunu təkzibedilməz faktlarla dərhal sübut edir. 

Əminliklə demək olar ki, Azərbay­canın səyləri nəticəsində ictimai-siyasi xadimlər, jurnalistlər, ekspertlər Qara­bağdakı vəziyyətin real mənzərəsini öz təsəvvürlərində canlandıra biliblər. 

Sözsüz ki, burada ermənilərin pul kisəsindən asılı olmayan qərəzsiz şəxs­lərdən söhbət gedir. Qərəzlilər isə öz ampluasındadır. Necə deyərlər, kor tutduğunu buraxmadığı kimi, onlar da çətin ki, öz mövqelərindən geri çəkilsin­lər. Belələrindən biri britaniyalı jurnalist Pol Brayandır. Bu günlərdə onun Böyük Britaniyanın “The Critic” aylıq siyasi və mədəni jurnalında “Görməzliyə vurdu­ğumuz böhran” sərlövhəli məqaləsi dərc olunub.

Müəllif yazır: “Ermənistanın valeh-edici gözəl xalq musiqisinin, ləzzətli mət­bəxinin və keçilməz qürurunun arxasında ölümcül təqib, soyqırımı və tərk edilmə­nin faciəvi hekayəsi dayanır. İndi Ermə­nistanın qonşusu Azərbaycanın qətliam niyyətləri və əməlləri ilə bağlı nəsə müm­kün qədər tez tədbir görülməsə, keçmişin dəhşətləri təkrarlana bilər”.

Gəlin, bu iddialara bir-bir aydınlıq gətirək. Əvvəla, ermənilər bu bölgəyə sonradan gəliblər. Vaxtilə – sovet döv­ründə bunu özləri etiraf etmişdilər. Ermənilərin Qarabağa köçürülməsi­ni sübut edən tarixi mənbələrdən biri “Marağa–150” abidəsidir. Tərtər rayo­nunun Şıxarx qəsəbəsindəki bu abidə 1978-ci ildə ermənilərin özləri tərə­findən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Er­mənistanın torpaqlarımıza qarşı növ­bəti ərazi iddiaları başlayanda abidə ermənilər tərəfindən qəsdən dağıdı­lıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Hayların özləri ilə müxtəlif ölkələrdən gətirdik­ləri hind, ərəb, fars, fransız musiqilə­ri burada işə yaramadığından, onlar Azərbaycan xalq musiqisini və dilini tez mənimsəyib öyrəniblər.

Ümumiyyətlə, ermənilər dünyada köçəri həyat sürdüklərindən, özlərinin milli mədəniyyətləri və musiqiləri inki­şaf etməyib. XVIII əsrdə yaşayıb yarat­mış erməni şairi və aşığı Sayat Nova yaradıcılığında istifadə etdiyi çox şey­ləri Azərbaycan mədəniyyətindən gö­türdüyünü etiraf edib. Onun günümüzə gəlib çatan şeirlərindən 68-nin erməni, 34-nün gürcü, 115-nin isə Azərbaycan dilində olması çox mətləbdən xəbər ve­rir. Bu mənada “erməni xalq musiqisi” deyilən bir anlayış yoxdur. Həmin xalq musiqisi azərbaycanlılardan oğurlanan musiqi alətləri (hayların dünyaya “du­duk” adı ilə erməni musiqi aləti kimi sı­rımağa çalışdıqları tütək, habelə zurna, qaval, tar, saz, kamança, ud, nağara və sair) vasitəsilə ifa olunan Azərbay­can musiqisidir.

Milli musiqisi olmayan və başqa xalqın musiqisini, musiqi alətlərini öz adına çıxan bir xalqın milli mətbəxi ola bilərmi? Bu suala cavab verməyi Pol Brayanın öz öhdəsinə buraxırıq. An­caq onun “ləzzətli mətbəx” ifadəsi bir sıra mətləblərdən xəbər verir. Bəlli olur ki, ermənilər cənab Brayanı yaxşıca yedirdiblər. O, hazırda müftə yeməyin qarşılığını verməkdədir.

***

Azərbaycanlıları ölümcül təqibet­mədə, soyqırımı və qətliamda ittiham etmək üçün isə gərək, vicdan hissini tamamilə itirmiş olasan. Məgər britani­yalı jurnalist Azərbaycanın keçmişində bu cür utancverici halların, ləkələrin olmadığını bilmir? Bilib yazırsa, demək ona nəsə demək artıq işdir. Əgər bil­mirsə, zəhmət çəkib ermənilərin təkcə XX əsrdə azərbaycanlılara qarşı törət­diyi cinayətlərlə bağlı internetdə axtarış versin. Cəmi bir-iki saniyədə bununla bağlı təkzibedilməz subutlarla dolu on­larca material qarşısına çıxacaq.

Ermənistanın keçmişi XX əsrdə azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə ağır və xüsusilə ağır cinayətlərlə doludur. 1988-ci ildən başlayaraq isə Qarabağ­da qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənis­tan silahlı qüvvələri tərəfindən azər­baycanlılar qətlə yetirilib, öz yurd-yu­valarından didərgin salınıblar. Maddi sərvətlərimiz talan edilib, mədəniyyət abidələrimiz dağıdılıb, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilib, beynəlxalq humanitar hüquq­la mühafizə olunan mülki şəxslərlə amansız rəftar edilib. Burada məqsəd bir olub: azərbaycanlıları bir milli qrup kimi bütövlükdə və ya qismən məhv et­mək! Məsləhət görərdik ki, Pol Brayan ölkəmizi ittiham etməmişdən əvvəl bu faktlarla da tanış olsun.

Qeyd edək ki, Qarabağda heç bir humanitar böhranın yaşanmadığını yaxşı bilən Qərb mediası bu məsələyə, demək olar ki, diqqət ayırmır. Bu da britaniyalı jurnalisti özündən çıxaran məqamlardandır. O, hikkə ilə qeyd edir ki, hazırda 120 mindən çox (?) etnik erməni dalana dirənib, Qərb isə baş barmağını yuxarı qaldırıb gözünü qır­pır. “Qərb mediası hazırda Amerikanın Ukraynada “demokratiyanı” xilas etmə­sinə və ya Donald Trampın son ittiham aktı ilə bağlı qalmaqalı qızışdırmağa daha çox meyillidir. Siz belə iyrənc rito­rikaya diqqət yetirən mediadan Qara­bağ barədə çətin ki, nəsə eşidəsiniz”, – məqalə müəllifi qeyd edir.

Əslində isə Qərb mediası çox düz­gün olaraq Qarabağa diqqət yetirmir. Onlar bilirlər ki, Qarabağda hazırda heç bir blokada yoxdur. İnsanlar Xankən­didən Ermənistana və geri qayıtmaq­da sərbəstdirlər. Azərbaycan özünün suveren ərazisinə humanitar yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolunun açılmasına hazır olduğunu dəfələrlə bəyan edib. Ən əsası Qara­bağda hansısa təxəyyüllərin məhsulu olan etnik təmizləmə Azərbaycanın si­yasi gündəmində yoxdur. Heç zaman da olmayıb. Qarabağ erməniləri vax­tilə Azərbaycanın vətəndaşları olublar. Sonradan hansısa fitnələrə uyaraq separatçılıq əməlləri başlayıblar. Sadə xalq bu fitnə-feli başlayanların küyünə gedib. Nəticədə onu başladanlar sürət­lə varlanıblar. Qarabağda, sonra isə Ermənistanda hakimiyyətə gəliblər. Ermənilərinin övladları bu müharibə­də qurban gedib. Separatizm ocağını alovlandıranların isə burnu da qana­mayıb.

Azərbaycan hazırda Qarabağda bir zaman onun vətəndaşı olan ermə­nilərin yenidən ölkənin ictimai, sosial, iqtisadi həyatına inteqrasiyasına nail olmağa çalışır. Bakı Qarabağ ermə­nilərini ölkənin tamhüquqlu vətəndaşı hesab edir və onların Konstitusiya ilə bütün hüquqlarının təmin olunacağını bildirir. Əlbəttə, heç də bütün ermənilər bunun tərəfdarı deyil. Həmin şəxsləri də heç kim zorla tutub saxlamır. On­lara Ermənistana, oradan da üçüncü ölkələrə getməkdə sərbəstdirlər. Azər­baycanın suveren ərazilərində yaşa­yanlar isə onun Konstitusiyası başda olmaqla qanunlarına, dövlət rəmzlərinə hörmət etməli, üzərlərində Azərbaycan pasportu daşımalıdırlar. Bunu hər kə­sin, o cümlədən britaniyalı jurnalist Pol Brayanın birdəfəlik yadda saxlaması lazımdır.

İlyas HÜSEYNOV,
politoloq

– Bu gün bir sıra hallarda bey­nəlxalq müxtəlif media subyektlərin­də Qarabağ və Laçın yolu ilə bağlı həqiqəti əks etdirməyən yazılara rast gəlirik. Bu yazıları ərsəyə gə­tirənlər erməni lobbisi tərəfindən ələ alınmış müxtəlif jurnalistlər, ekspert­lərdir. Onların təqdim etmək istə­dikləri reallıq tamamilə saxta arqu­mentlər üzərində qurulub. Guya, Azərbaycan Qarabağ iqtisadi ra­yonunda erməniləri sıxışdırır, məh­dudiyyətlər tətbiq edir və TIR-ların Qarabağa keçidinə mane olur. Əs­lində, Azərbaycan yeni yollar çəkir, yeni kommunikasiya və infrastruktur formalaşdırılır. Bir neçə gün öncə Prezident İlham Əliyevin iştirakı ilə Laçında çoxsaylı açılış mərasimləri keçirildi, obyektlər istifadəyə verildi.

Digər tərəfdən qeyd etmək la­zımdır ki, erməni təbliğatı əsasən Azərbaycan dövlətini ləkələmək, onun nüfuzuna xələl gətirmək məqsədi güdür. Ermənistanın arxa­sında dayanan Fransa Beynəlxalq Frankofoniya Təşkilatı, Avropa İtti­faqı, BMT Təhlükəsizlik Şurası kimi qurumlarda ölkəmizə qarşı çirkin kampaniyanı davam etdirir. Bu ya­zılarda SSRİ dağılanda Qarabağ ermənilərinin də öz müqəddəratını təyin etdikləri bildirilir. Elə britaniyalı jurnalist Pol Brayan da Qarabağın heç vaxt suveren Azərbaycanın bir hissəsi olmadığını iddia edir. Bu isə hüquqi saxtakarlıq və ağ yalandır. Arxivlər, tarixi sənədlər, faktlar bu­nun tamamilə əksini sübut edir. Belə məqalələr sonrakı saxtakarlığın başlanğıcı olur. Tarixin saxtalaşdırıl­ması, özgəninkiləşdirilməsi məhz bu cür baş verir. Çünki gələcəkdə yeni məqalələr yazılanda bu məqaləyə istinadlar olacaq və mötəbər mənbə kimi əsas götürüləcək. Ermənilərin yalançı təbliğatının bünövrəsi bu cür məqalələrlə qoyulur.

Hayların tarixi də məhz bu cür yazılıb. Müxtəlif yalanlar, mifologiya sonradan tarix dərsliklərinə düşür. Ermənilərin yeni nəsilləri isə bu ya­lanların, saxta təbliğatın qurbanına çevrilirlər. Yeni nəsillər öz tarixləri haqda yalanların miqyasını daha da genişləndirirlər. Amma Azərbay­can tərəfinin bəyan etdiyi reallıqlar son vaxtlar beynəlxalq ictimaiyyətə daha mötəbər təsir bağışlayır. Dü­şünürəm ki, bu da ölkəmizin infor­masiya siyasətinin düzgün qurulma­sının nəticəsidir.

Səxavət HƏMİD, “Xalq qəzeti”

 





Siyasət