Fransanın Azərbaycana qarşı düşmənçiliyi açıq müstəviyə keçib

post-img

Parisdə əyləşib “Qarabağda humanitar təhlükə”dən danışan Makron indi də ermənisayağı haray çəkir 

Bunların davranışına kənardan baxan adamda belə təsəvvür yaranır ki, Fransa hökuməti daxildə irqçilik, dini ayrı-seçkilik, pensiyaçılar başağrısını, Afrikadan qovulmaq problemini həll edib qurtarıb, indi də Cənubi Qafqazda vəziyyəti “nizama salmağa” girişib. O biri yandan baxanda isə düşünürsən ki, Paris ya Qafqaza, ələlxüsus da Azərbaycana hələ də sərvətini talamaqdan əl çəkmək istəmədiyi qara qitədəkilər kimi baxır, ya da Marseldəki bir ovuc erməninin əlində əsir–yesir qalıb. Hər iki variantda Fransanın bölgədə Rusiyanın yerini tutmağa və transmilli layihələrdən pay ummağa həvəsləndiyini söyləmək mümkündür. Bu zaman “məqsədə çatmaq üçün bütün vasitələr məqbuldur” diplomatiyasını eninə-uzununa işə salmış Parisin İrəvandan da “maşa” kimi yararlanmaq arzusu başadüşüləndir. Amma hər şeyin həddi, dövlətlərarası münasibətlərdə isə etik çərçivəsi, keçilməsi yasaq sayılan “qırmızı xətti” var. Son davranışları ondan xəbər verir ki, Fransa Azərbaycanla arasındakı həmin “qırmızı xəttin” astanasındadır... 

“Humanitar böhran” serialı davam edir 

Fransanın BMT Təhlükəsizlik Şurası­na “Azərbaycanın blokadası səbəbindən aclıqdan ölmək ərəfəsində olan Dağlıq Qarabağın (?) 120 min (?) sakininə yar­dım haqqında” qətnamə təqdim etməyə hazırlaşdığı barədə yazmışdıq. Parisin Bakıya qarşı “utopik revanşizmi” adlan­dırdığımız bu xarakterli siyasi təzyiqlə­rinin heç bir nəticə verməyəcəyini də bölgədəki mövcud hərbi-siyasi reallığa, fakt və arqumentlərə əsaslanaraq bildir­mişdik. İndi Makron “Le Point” qəzetinə verdiyi müsahibəsində əvvəl dediklərini şərh edərək, Parisin bu məsələ ilə bağlı “xarici siyasət mövqeyinin kifayət dərəcə­də aydın olduğuna” diqqəti yönəldib. 

Dörd gün əvvəl “Le Figaro” qəze­ti prezident Makrona istinadla yazıb ki, Fransa BMT Təhlükəsizlik Şurasına Azərbaycanın əleyhinə qətnamə layihə­si təqdim etməyə hazırlaşır. Az sonra isə yerli mediada regionlardan Qarabağ ermənilərinə 10 “tır”dan ibarət “humani­tar yardım” göndəriləcəyi xəbəri yayıldı. Xəbərdə avqustun 30-da Laçına doğru hərəkət edəcək “humanitar karvan”ı Pa­ris, Marsel və Strasburqun merlərinin, eləcə də bəzi regionların başçılarının müşayiət edəcəyi qeyd olunurdu. “Hu­manitar missiyalı desant karvanının” ko­mandanı Parisin meri madam Ann İdalqo seçilib. 

Bir sözlə, Ermənistan hökumətinin “tır” məzhəkəsi”nin ikinci “pərdəsi” bey­nəlxalq tamaşaçılar üçün madam və müsyölərin ifasında oynanılacaq. İndi “humanitar böhran” serialı üçün podiu­ma “xeyriyyəçi merlər” çıxacaqlar. Amma məsələ burasındadır ki, bu maraqlı ta­maşanı onlar yalnız Hayastanın Teatr meydanında səhnələşdirə bilərlər. Çünki, aydın məsələdir ki, Bakı onlara Azərbay­canın suveren ərazisinə daxil olmağa viza vermək fikrində deyil. Yəni, indiki və­ziyyətdə siyasi məzhəkənin rejissoru, ak­tyorları, oxuyanları və tamaşaçıları eyni kontingentdir... 

Arifə bir işarə kifayət etmirsə... 

Deyəsən, Fransa 2020-ci ilin oktyab­rında, 2022-ci lin dekabrında və 2023-cü ilin avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etdirə bilməməsinin “şokundan” hələ ayılmayıb. Bu baxımdan, yaxın günlərdə Fransanın Azərbaycana qarşı hazırladığı yeni təxribatlar barədə xəbər­lər bizi təəccübləndirməməlidir. “Laçın yolunun blokadaya alınmasına təəssüf edirəm və pisləyirəm” - deyən Makron sözlərinə bunları əlavə edib: “Biz həmişə demişik ki, xalqların suverenliyini (?) dəstəkləyirik. Dağlıq Qarabağ məsələsi mürəkkəbdir. Bu məsələ ilə bağlı deyilən ən sərt mövqeləri təkrarlaya bilmərəm. Fransa 2020-ci il müharibəsini birmə­nalı olaraq pislədi və bir çox humanitar aksiyalar təşkil etdi. Bu gün biz Ermənis­tanla Azərbaycan arasında davamlı sül­hün bərqərar olmasına (?), xalqların və mədəniyyətlərin qorunmasına (?) xidmət edən razılaşmaya nail olmaq üçün əli­mizdən gələni edirik. Bu sülh müqaviləsi zəruridir, lakin bu, beynəlxalq hüquqa (?) uyğun olmalıdır”. 

Azərbaycan Fransanın beynəlxalq hüquqa söykənən “fəaliyyətini” də gördü, bölgədə sülhün bərqərar olması üçün at­dığı “addımlarını” da. Bunların müqabilin­də, yeri gələndə layiqli cavabını da aldı. Güman edirik ki, Paris Bakının sonuncu ismarıcının da birbaşa özünə aid olduğu­nu anlamayacaq qədər sadəlövh deyil. 

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin Fransa kimi bədxahlarına La­çından ünvanladığı mesaj kifayət qədər qətiyyətli, aydın və birmənalıdır: 

“Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdə­dir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik. Həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın ha­vadarları bunu nə qədər tez anlasalar, o qədər Ermənistan üçün və bölgə üçün yaxşı olacaq. Bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan–Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Sərhəd-buraxılış məntəqə­sinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz bey­nəlxalq hüquq çərçivəsində etdik. Biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq. Bir daha ira­də, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də bu təzyiqlər davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxa­sında dayananlar bizə qarşı müxtəlif fit­nələr ortaya atırlar. Heç bir şey bizi yolu­muzdan döndərə bilməz.”

Düşmənçilik 

Qayıdaq Makronun məlum “tarixi açıqlamasına”. Onun sözlərinə görə, Qa­rabağda “dözülməz humanitar vəziyyət” yaranıb və Fransanın bu məsələdə rolu Azərbaycana “təzyiq göstərməkdir”. “Biz bu istiqamətdə əlimizdən gələni edirik. Xüsusilə, Qarabağa ərzaq, dərman çat­dırmaq və bu bölgəyə sərbəst girişi təmin etmək üçün təşəbbüslərimizi davam etdi­ririk. Bundan başqa, bu gün Ermənista­nın öz sərhədləri də təhlükə altındadır”.

Makron konkret hansı təşəbbüsləri nəzərdə tutduğunu dəqiqləşdirməsə də, çox güman ki, söhbət Fransanın BMT Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim etməyə hazırlaşdığı qətnamə layihəsindən gedir. Maraqlıdır ki, Fran­sanın Ermənistandakı səfirliyi BMT-də planlaşdırılan növbəti müzakrələr barədə xəbərlərə şərh verməkdən boyun qaçırıb. Nədənsə, Ermənistan Xarici İşlər Nazirli­yi də “Le Figaro”da dərc olunan məlum yazıya reaksiya verməyib.

Oxuculara xatırladaq ki, rəsmi İrə­van avqustun 16-da BMT Təhlükəsizlik Şurasının gündəliyinə “Laçın dəhlziinin blokadası” məsələsini daxil etməyə nail olsa da, müzakirələrin yekununda heç bir sənəd qəbul olunmadı. Beynəlxalq müstəvidəki növbəti uğursuzluq İrəvanla yanaşı, Parisi də pəjmürdə edib və onu revanş götürmək kimi xəyal qırıqlığına uğradıb. Gələn xəbərlərdə o da vurğula­nır ki, prezident Makron Nyu-York fiasko­sundan sonra ölkəsinin erməni diasporu­na bağlı müxalifətinin təzyiqi ilə üzləşib. Ermənistan ictimaiyyəti də Fransanın əvvəlki kimi güvənilən, sözükeçən dövlət olduğuna şübhə ilə yanaşır. 

Fransa bölgədə sülh istəyirsə...

Bəs yaranmış durumda Bakı hansı addımları atmalıdır, yaxud nə kimi ehtiyat tədbirləri görməlidir? 

Milli Məclisin deputatı Azay Quli­yev hesab edir ki, Fransa özünün siya­si riyakarlığı, ikiüzlülüyü və beynəlxalq hüquqa hörmətsizliyi ilə “bacısı” Ermənis­tanı da geridə qoyub: “Fransanın Azər­baycandakı səfirinin Avropa İttifaqına üzv ölkələrin Bakıdakı səfirliklərinə avqustun 26-da Şəhər Günü münasibətilə Laçında düzənlənən tədbirdə iştirak etməmələri üçün təzyiqlər göstərməsini də bu rəzil­liyə əlavə etsək, görərik ki, Paris ölkəmizə qarşı açıq düşmənçilik mövqeyi tutub. İndiyə kimi düçar olduğu uğursuzluqdan nəticə çıxartmayıb. Düşünürəm ki, Fran­sanın Bakıdakı səfirinin ölkəmiz əleyhinə bu cür təxribatçı fəaliyyəti davam edərsə, onun “persona-non-qrata” elan olunması məsələsinə baxılması qaçılmaz olacaq”.

A.Quliyev Paris-İrəvan cütlüyünün Azərbaycanın suverenliyinə və ərazi bü­tövlüyünə qarşı atacağı istənilən addı­mına ən sərt şəkildə cavab veriləcəyinə hər kəsin əmin olmasını vurğuladı: “Bu gün Afrikadan qovulmaq durumuna düş­müş Makronun Fransası Azərbaycana qeyri-rəsmi “səlib yürüşü”nün qarşısı da qətiyyətlə alınacaq. Onun BMT Təhlükə­sizlik Şurasına təqdim edəcəyi qətnamə layihəsi qəbul edilərsə, “humanitar böh­ran” şousu ilə ölkəmizə təzyiq göstərər­sə, bununla rəsmi Paris özünü bütün dünyanın gözündə rüsvay edəcək”.

Fransa hakimiyyəti anti-Azərbaycan siyasətini davam etdirərsə, nəinki bu ölkənin ölkəmizdəki səfiri, bütövlükdə dövlətin özü bizim üçün “arzuolunmaz persona”ya çevrilə bilər. Əslində, bey­nəlxalq diplomatik qaydaların tələbinə görə, xarici dövlətin rəsmi nümayəndəsi (paytaxtın meri siyasi fiqur hesab olu­nur -red.) səfərə çıxmazdan əvvəl təşrif buyuracağı ölkənin rəsmilərini bu barə­də məlumatlandırır və bundan sonra vi­za-sənədləşdirmə, təşkilatı işlərə start verilir. Amma Parisdən Laçın yolumuza gəlməyə hazırlaşan merlər heyətinin bu barədə Bakıya rəsmi müraciət etmələ­ri barədə məlumat yoxdur. Yəni belə bir müraciət edilməyib. Bəs bütün bu qayda pozuntularına yol verən Parisin məqsədi nədən ibarətdir? 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fə­rid Şəfiyevin fikrincə, Fransa, doğrudan da, gələcəyə hesablanan siyasət həyata keçirmək və bölgədə sülhün bərqərar olmasını istəyirsə, Azərbaycan və Ermə­nistanla sıx əməkdaşlıq etməlidir: “Fran­sa rəsmilərinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərə humanitar yardım göndəriləcəyi ilə bağlı açıqlamaları Ermənistanın baş­latdığı şounun davamıdır. Paris Ermənis­tanla, həm də bu ölkənin radikal qrupları ilə əməkdaşlıq edir. Humanitar yardımın göndərilməsi isə ilk növbədə Azərbay­canla razılaşdırılmalıdır. Ancaq belə bir addım görmürük. Ona görə də, bu, bir şoudur”.

BMT Təhlükəsizlik Şurasında növbəti təxribatın ola biləcəyini istisna etməyən F.Şəfiyev yaxın bir-iki ayda Azərbaycan əleyhinə hansısa bəyanatın veriləcəyini gözləmədiyini də bildirib: “Təhlükəsiz­lik Şurasında qətnamənin qəbulu üçün doqquz ölkə Fransanı dəstəkləməli və beş daimi üzv buna etiraz etməməli­dir. Ona görə də Fransa qətnamə və ya hər hansı bəyanatın qəbul olunması üçün Rusiya ilə birlikdə işləməli, ortaq mövqeyə gəlməlidir. Bu, çətin görünür, amma tam istisna etmirəm”.

Azərbaycanla təzyiq dili ilə danışmaq qəbuledilməzdir

“28 avqust tarixində Fransa preziden­ti Emmanuel Makronun səfirlər konfransı zamanı səsləndirdiyi bölgə üzrə mövcud vəziyyətə dair yanlış təəssürat formalaş­dıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prose­sinə xələl gətirir”.

Bu fikirlər Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadənin Fransa prezi­denti E.Makronun dünən səfirlər konfran­sında səsləndirdiyi fikirlərə dair şərhində əksini tapıb. Açıqlamada daha sonra deyi­lir: “Fransa prezidentinin növbəti dəfə böl­gədə humanitar vəziyyət barədə iddiaları əsas götürərək fikirlər səsləndirməsi bu ölkənin siyasətinin yanlış olduğunu bir daha sübut edir. Onun leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbay­canın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir. Laçın yolundan və sərhəd buraxılış məntəqəsindən gün ərzində on­larca erməni sakinin keçdiyi, Azərbaycan tərəfindən erməni sakinlərə yüklərin da­şınması üçün “Ağdam-Xankəndi” və digər alternativ yolların ayrıldığı, bütün bu səy­lərə baxmayaraq, bu yollardan istifadənin Ermənistan və özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxs­lər tərəfindən siyasiləşdirilməsi Fransa tərəfinə yaxşı məlumdur. Bu istiqamət­də cari ilin avqust ayının əvvəlində əldə olunmuş razılıqların icrasını təşviq etmək əvəzinə erməni tərəfinin təhrikçi addım­larına dəstək verən fikirlərə yer verilməsi prosesə birbaşa maneçilik törədən amil­lərdəndir”.

Bu ölkədə “azadlıq, demokratiya, qardaşlıq, insan haqlarından” danışma­ğı çox xoşlayırlar. Amma, əslində, tam tərsinədir. Özündən xəbərsiz barıt çəllə­yinin üstündə oturmuş Fransa bir kibrit çöpünün şöləsindən partlamağa hazır vəziyyətdədir. Səbəb isə onun gəlmələrə, özgə irqlərə, fərqli etiqadlara, xüsusilə də yerli müsəlmanlara açıq ayrı-seçkilik si­yasəti yürütməsidir. Bunları görməzdən gələn “Beşinci Respublika”nın başbilən­ləri başqa dövlətlərin daxili işlərinə qa­rışır, misal üçün, Azərbaycanda həmin “insan haqlarının pozulmasından” dəm vurur. O biri yandan isə təcavüzkar Er­mənistana dəstək verir. Belə davam edərsə, deyəsən, Paris kibrit çöpünü ba­rıt çəlləyinin altına özü öz əli ilə salacaq. 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”





Siyasət