Rusiya öz daxilində “Talış-muğan respublikası” yaratmaq istəyirsə...

post-img

Sən demə, bu il avqustun 7-də Rusiyanın Yekaterinburq şəhərində qondarma “Talış-muğan muxtar respublikası”nın yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbir keçirilibmiş. 

Əlbəttə, bu o qədər primitiv oyun­dur ki, Azərbaycanın Rusiyadakı səfirliyi onunla bağlı Xarici İşlər Na­zirliyinə nota verməsəydi, nəinki Ru­siyada, heç toplantının təşkil olundu­ğu Yekaterinburqun özündə də ondan xəbər tutan tapılmayacaqdı. Əlbəttə, səfirliyimiz üzərinə düşən vəzifəni ye­rinə yetirməli idi və yetirdi də.

 Əvvəlcə, qondarma “Talış-muğan respublikası”ndan söz açaq. 1993-cü ildə Azərbaycanın cənubunda forma­laşdırılmış və cəmi iki ay ömür sürmüş bu separatçı qurum SSRİ-nin dağılma­sından sonrakı Azərbaycanın rüsvay­çılıq səhnələrindən biri idi. SSRİ-nin süqutu məsələsini təsadüfən vurğu­lamadıq. Məlum olduğu kimi, keçmiş imperiyanın mirasına sahib çıxan Ru­siyanın bəzi dairələri ənənəvi “parçala və hökm sür!” siyasəti ilə müttəfiq res­publikaların içərisində nifaq toxumları səpirdilər. O da məlumdur ki, həmin dönəmdə 1988-ci ildən vüsət almış erməni separatizmi artıq müəyyən “nə­ticələr” əldə etmişdi. Torpaqlarımızın işğalı gerçəkləşmişdi. Məhz belə bir dövrdə ölkəmizdə yeni separatçılıq yu­vasının yaradılmasına da başlanmışdı. 

Separatçıların lideri Əlikram Hüm­bətov idi. Onun Rusiyadakı dairələr tərəfindən təlimatlandırılıb ortaya atıl­dığı aşkardır. Jurnalist Tomas De Va­alın fikrincə, Ə.Hümbətovun məqsədi eks-prezident Ayaz Mütəllibovu haki­miyyətə yenidən qaytarmaq idi. Jur­nalist bu qənaətə elə-belə gəlmirdi. O, A.Mütəllibovun Rusiyadakı siyasi da­irələrə bağlılığına söykənirdi. 

Digər tərəfdən, Şimala meyilli se­paratçı qurum imkan verəcəkdi ki, Azərbaycanın İranla sərhədlərini Rusi­ya hərbçiləri qorusun. Nəzərə alaq ki, Moskva sözügedən məqsədə çatmaq üçün dəridən-qabıqdan çıxırdı və son­rakı illərdə də bu tendensiyanın şahidi olduq. Ümumən, Moskvanın Azərbay­can-İran sərhədində keşikçilik sevdası başımıza gələn bir çox bəlaların səbəbi kimi də qiymətləndirilə bilər… 

Əlbəttə, “Talış-muğan respublikası” separatizmin son dərəcə çiy işlənmiş planı idi. Birincisi, talışlar hər zaman Azərbaycan xalqının bir hissəsi olublar. Həmişə ölkəni özlərinə Vətən biliblər. Onlarda zərrə ucu qədər də separat­çılıq meyli olmayıb. Respublikamızın inkişafına hər zaman öz töhfələrini ve­riblər. 44 günlük müharibədə də Azər­baycandakı digər azsaylı xalqların nümayəndələri kimi, əllərində silah böyük fədakarlıqlar və qəhrəmanlıqlar göstəriblər. Yəni, Rusiyadakı şovinist dairələrin “Talış-muğan respublikası” ideyasını ortaya atmaqla, Azərbaycan­da Qarabağdan sonra ikinci separatizm ocağı yaratmaq arzuları ölü doğulmuş bic uşaq kimi bir şey idi. 

***

Ancaq indi belə görünür ki, Rusi­yada kimlərsə həmin o “vələdüzzina ölü körpəni” yenidən diriltmək “fikrinə” düşüblər. Yoxsa, niyə “Talış-muğan respublikası”nın yaranmasının 30 illiyi” qeyd edilsin ki? Yeri gəlmişkən, Azər­baycanın Rusiyadakı səfirliyinin mət­buat xidmətinin bununla bağlı yaydığı məlumatda qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı təşkil olunan bu tədbirlə əlaqədar səfirlik tərəfindən Rusiya XİN-ə etiraz notası ünvanlanıb və səfir Polad Bül­büloğlu Sverdlovsk vilayətinin quberna­toru Yevgeni Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və qəti etirazını əks etdirən məktub göndərib. Həmçi­nin Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Mil­li-Mədəni Təşkilatının sədri Şahin Şıx­linski şəhərin müvafiq inzibati orqanla­rına müraciətlər ünvanlayıb.

Rusiya tərəfinin diqqətinə bu kimi təxribat xarakterli tədbirin təşkilinin və burada Yekaterinburq Şəhər Duma­sının sədri İqor Volodinin qonaq qis­mində iştirakının qəbuledilməz olduğu çatdırılıb. Eyni zamanda, ölkənin hakim partiyasının təmsilçisinin bu addımının separatçılığı təşviq etdiyi, Azərbaycan–Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə kökündən cavab vermədi­yi, habelə ikitərəfli əməkdaşlığa zərbə vurduğu bildirilib. İqor Volodin və təd­birin təşkilatçıları ilə əlaqədar təxirəsa­lınmaz tədbirlərin görülməsi, gələcəkdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı atıla biləcək bu cür təxribat xarakterli addımların qarşısının qətiyyətlə alınması təkidlə xahiş olu­nub. 

***

Sual olunur: Rusiya dövlətinin ca­vabı nə olacaq? Əlbəttə, mümkündür ki, ümumi ifadələrlə baş vermiş hadisə­nin yolverilməzliyi necəsə əsaslandırı­lacaq. Daha doğrusu, əsaslandırılması­na cəhd göstəriləcək. Amma “çifayda”. Axı, necə ola bilər ki, Rusiyanın hakim siyasi partiyasının təmsilçisi getdiyi təd­birin “mahiyyətinə” fikir verməsin? Buna kim inanacaq? Heç kim! Yekaterinburq Şəhər Dumasının sədri İqor Volodin fərqinə varmayıbmı ki, qonaq qismində qatıldığı tədbirin mövzusu nə idi? Yəni, adam separatçılıqla bağlı toplantıya gedərkən içkili olub, hərəkətini bilmə­yib? Bu qədərmi çox içib? Nə deyək, heç bir izah tapa bilmirik. Mümkün də deyil. Ağla istər-istəməz min fikir gəlir. 

Məsələn, düşünə bilərik ki, Qara­bağdakı separatçılıq çənbəri daraldı­ğından, Rusiyadakı bəzi dairələr eyni əməli “Talış-muğan respublikası” qon­dararaq reallaşdırmaq “eşqinə” düşüb­lər. Bəlkə, onlar Azərbaycanı hədələ­yiblər? Baxın, bizim sizin ölkədə başqa təfriqə yuvası yaratmaq imkanımız var, – deyə subliminal mesaj vermək niyyə­tinə düşüblər. Volodin və digər “Yedi­naya Rossiya”çılar toplantıya gedəndə belə fikirlərin meydana çıxa bilmə ehti­malını düşünməyiblərsə, daha deməyə sözümüz yoxdur. Belələri nə vaxtsa Rusiyanın daxilindəki xalqlardan han­sınınsa separatçı mahiyyət daşıyan yığıncaqlarına da qatıla bilərlər. Nə çoxdur ölkədə belə yerlər. Onların ha­mısında separatçı respublika yaradıl­masına cəhd göstərilsə, indiki Rusiya­dan əsər-əlamət qalmayacaq. Volodin kimi personalardan nə desən gözləmək mümkündür. 

***

Biz onu da düşünə bilərik ki, Rusiya­nın bəzi şovinist, ermənipərəst dairələri Qarabağdakı sülhməramlı kontingenti ölkənin Cənubi Qafqazda mövcudluq sipəri kimi görürlər. Lakin bu sipər heç nəyə yaramır. Yada salaq ki, həmin hər­bi kontingent 2020-ci il noyabrın 10-da Qarabağa ayaq basanda oradakı er­məni əhalinin qayğısına qalmaq üçün az qala pampers də daşıyırdı, Rusiyanı ermənilərə şirin satırdı. Ancaq gördük ki, nankor ermənilər nəticə çıxarma­dılar. Moskvanın dediyi ilə oturub-dur­madılar və bu gün də eyni hərəkətlərini davam etdirirlər. 

Bəli, görürük ki, ermənilərin Qara­bağdan total köçü başlayıb. Ermənis­tan baş naziri Nikol Paşinyan Azərbay­cana qarşı avantürizmi həmin köçdə yer alan qırıq unitazlar üzərinə oynayır, amma Rusiyadan mədət ummaq istə­mir. Bir halda ki, sülhməramlılar azər­baycanlılar və ermənilər arasında sül­hün yaranmasına kömək göstərmək məqsədilə gəlmişdilər və ikincilər sülh şəraitində yaşamaq istəməyib bölgəni tərk edirlər, o zaman Rusiyanın hərbi kontingenti də onların arxalarına düşüb ərazidən uzaqlaşmalıdır. Gəldikləri yol­la da geri qayıtmalıdırlar. Sadə məntiq bunu deyir. Amma, görünür, kimlərsə Cənubi Qafqazda qalıcılığın formasını hərbi mövcudluqda görürlər və onlar er­məni separatizmini, belə demək müm­künsə, “cənub separatizminə” dəyiş­məyə girişiblər, nəticədə boş başlarına “Talış-muğan muxtar respublikası”nın yaranmasının 30 illiyi”ni qeyd etmək ideyası gəlib.

Başqa qənaətlərimizi də sadalaya və müxtəlif mülahizələr, versiyalar irə­li sürə bilərik. Amma istəmirik. Çünki bu mülahizələr hər bir halda Rusiyanı Azərbaycan insanının gözündən sala­caq, cılız hala gətirəcək. Heç kəs dü­şünməyəcək ki, beş-altı adam sərxoş olduğundan fərqinə varmadan “Ta­lış-muğan muxtar respublikası”nın yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirə qatılıb (?). Fikirləşək ki, bu, planlaşdırılmış hərəkətdir. Nəticədə, ümumən Rusiya dövlətinə, Azərbayca­nın Rusiya ilə əlaqələrinə zərər dəyə­cəkdir. Moskvada, Yekaterinburqda bunu düşünən yoxdursa, biz düşünür və başqa versiyaları gündəmə gətir­mirik. Amma Rusiyadan Azərbaycan səfirliyinə cavab gəlməsə, yaxud cavab ağlabatan olmasa, həmin mülahizə və versiyaları da diqqətə çatdıracağıq. Hələlik, bununla kifayətlənək. 

Hər ehtimala onu da deyək ki, Azər­baycan otuz il əvvəlki zəif ölkə deyil. Dövlətimiz özünü hər cür təhdidlərdən, o cümlədən separatçılıq meyillərin­dən qorumaq iqtidarındadır. Qoruyan­lar isə, ilk növbədə, elə həmin talış xalqının nümayəndələridir. Bu xalqın təmsilçiləri respublikamızın milli məf­kurəsinin formalaşmasına son dərəcə böyük xidmətlər göstəriblər. Ona görə Azərbaycanı zəif təsəvvürə gətirənlər qəflət yuxusundan ayılsalar və reallıq­ları nə qədər tez görsələr, bir o qədər yaxşıdır. Ən əsası isə Rusiya dövləti­nin belələrinə qarşı tədbir görməyidir. Çünki milçək bir şey deyil, ancaq könül bulandırır. Könlün bulanması öz növbə­sində səmimiyyətə xələl gətirir. Şimal­dan qasırğa yox, səmimiyyət gözləyirik. Təəssüf ki, otuz il ərzində gördüyümüz ancaq qasırğa olub. 

Sonda bir məqamın üzərində də dayanaq. Rusiya dövlətinin baş vermiş hadisəni ciddi araşdırması və aydınlıq gətirməsi son dərəcə vacibdir. Ölkənin tərkibində muxtar respublikaların sayı çoxdur. Bəlkə Volodin və onun kimilər Rusiyanın özündə “Talış-muğan res­publikası” yaratmaq istəyənlərin təşəb­büslərinə dəstək vermək üçün tədbirə qatılıblar? Əgər belədirsə, özləri bilər. Bəlkə, Rusiyanın federativ quruluşu özünün yeni zənginləşmə mərhələsinə qədəm qoyub. Əlbəttə, buna normal yanaşmamaq kimi fikrimiz ola bilməz. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət