Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə avqustun 27-də klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.
Bu avtomobillər yürüş üçün Avtomobil Federasiyasında qeydiyyatdan keçən və Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələri olub.
Heydər Əliyev Mərkəzinin qarşısından start götürən klassik avtomobillər “Sea Breeze” istirahət mərkəzinədək yürüş ediblər. Yürüşə 1983-cü ilədək istehsal olunan nəqliyyat vasitələri qatılıb. Əvvəlcə klassik avtomobillər şəhərin mərkəzi küçələri ilə hərəkət ediblər.
Yürüşün marşrutu Heydər Əliyev Mərkəzi – Gülarə Qədirbəyova küçəsi – Yusif Səfərov küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Neftçilər prospekti - Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti –Aeroport yolu – Bakı Ekspo Mərkəzi – “Sea Breeze Resort” olub.
Ənənə halını almış yürüşdə paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyib. Bu avtomobillərin hər birinin olduqca maraqlı tarixi var. Həmin avtomobillər dövrünün müasiri olsa da, zaman keçdikcə onların tarixi dəyəri daha da artır.
Retro nəqliyyat vasitələri şəhər sakinlərində, paytaxtımızın qonaqlarında və klassik avtomobil həvəskarlarında nostalji hisslər yaradıb.
Karvanda qeyri-adi avtomobillər də yer alıb. Məlum olduğu kimi, dünya təcrübəsində nadir hallarda avtomobillərə fərqli dekorativ kompozisiyalar quraşdırılaraq müxtəlif incəsənət nümunələri yaradılır. Azərbaycanda ilk dəfə avtomobil üzərində nəbati elementlərdən ibarət dekorativ kompozisiya məhz Qaz-M21 Volqa avtomobili üzərində edilib. Yürüşdə iştirak edən bu nəqliyyat vasitəsi görünüş etibarilə avtomobil üzərində quraşdırılan nadir dekorativ-tətbiqi sənət kompozisiyalarından biri hesab olunur.
Əlli kilometrdən çox məsafəni qət edərək “Sea Breeze” istirahət mərkəzinə çatan klassik avtomobillərin burada sərgisi təşkil olunub.
Məkanda müxtəlif təqdimatlar və əyləncələrin keçirildiyi sponsorlar zonası da təşkil edilib. Burada son illərdə paytaxt Bakının ev sahibliyi etdiyi Formula 1-in bolidi də yer alıb. Foto həvəskarlarının, eləcə də həmin günün ziyarətçilərinin yaddaşında gözəl bir xatirə kimi həkk olunması üçün xüsusi fotozona da yaradılıb.
Tamaşaçılar üçün, həmçinin tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert də təqdim edilib.
Konsertdə sevilən müğənnilər Aisel, Cin, Dilarə Kazımova, Nigar Camalzadə, EMİN, Murad Arif, Nura Suri, Rilaya Hüseynzadə və Zamiq Hüseynov çıxış ediblər.
“Sea Breeze”də ziyarətçilər üçün əyləncə proqramı da təşkil olunub, müsabiqələr keçirilib, müxtəlif nominasiyalarda - “Ən nizamlı sürücü”, “Ən qədim avtomobil”, “Ən unikal avtomobil”, “Məşhurların seçimi olan avtomobil” və “Ən rəngarəng geyim” nominasiyalarında hədiyyələr təqdim olunub.
Yürüşdə iştirak edən “Qaz-60” avtomobilinin sürücüsü Zaur Əliyev idarə etdiyi nəqliyyat vasitəsinin 1960-cı ildə buraxıldığını bildirib: “Mən bu avtomobili 2014-cü ildən etibarən yığıram. Bundan əlavə digər nadir nəqliyyat vasitələrim də var. Şəhərdə bunu idarə etmək çətindir. Ona görə də çox az hallarda idarə edirəm”.
“Harley-Davidson” markalı motosikletin sahibi Vladislav Vologin nəqliyyat vasitəsinin 1938-ci ilə məxsus olduğunu söyləyərək bildirib: “Bu, mənə babamdan qalıb. Hazırda çox az adam bundan istifadə edir”.
Sərgiyə 1926-cı il istehsallı “Mos-kvich”i ilə qatılan Araz Kərimov isə nəqliyyat vasitəsini beş il əvvəl Polşadan gətirdiyini vurğulayıb. O deyib: “Avtomobili təxminən 1500 dollara almışam. Bu cür köhnə avtomobillərə uşaqlıqdan həvəsim var”.