Fransa Prezidentinin Azərbaycana hörmətsizliyi

post-img

Avqustun 28-də Fransa Prezidenti Emmanuel Makronun səfirlər konfransı zamanı səsləndirdiyi bölgə üzrə mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl gətirir.

“XQ” xəbər verir ki, bu fikirlər XİN-in mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidenti E.Makronun səfirlər konfran­sında səsləndirdiyi fikirlərə dair şərhində əksini tapıb.

Ayxan Hacızadənin sözlərinə görə, Fransa Prezidentinin növbəti dəfə böl­gədə humanitar vəziyyət barədə iddiaları əsas götürərək fikirlər səsləndirməsi bu ölkənin siyasətinin yanlış olduğunu bir daha sübut edir.

“Azərbaycana qarşı 30 ilə yaxın müd­dətdə Ermənistan tərəfindən həyata ke­çirilən işğalçılıq və təcavüz əməllərini qınamayan, işğal nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünün hu­manitar vəziyyətinə dair heç bir şərh ver­məyən Fransa tərəfinin indi Azərbayca­nın BMT nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz torpaqlarının azad edilməsi ilə nəticələnən 2020-ci il 44 günlük Vətən müharibəsini qınaması, eləcə də bölgədə humanitar vəziyyətlə bağlı iddialara çıxı­şında xüsusi vurğu etməsi anlaşılan de­yil”, - deyə Xarici İşlər Nazirliyinin rəsmisi vurğulayıb.

O qeyd edib ki, Fransa Prezidentinin leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyünə, su­verenliyinə hörmətsizlikdir.

“Laçın yolundan və sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla er­məni sakinin keçdiyi, Azərbaycan tərəfin­dən erməni sakinlərə yüklərin daşınması üçün Ağdam-Xankəndi və digər alternativ yolların ayrıldığı, bütün bu səylərə bax­mayaraq, bu yollardan istifadənin Er­mənistan və özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən siyasiləşdirilməsi Fransa tərə­finə yaxşı məlumdur. Bu istiqamətdə cari ilin avqust ayının əvvəlində əldə olunmuş razılıqların icrasını təşviq etmək əvəzinə erməni tərəfinin təhrikçi addımlarına dəstək verən fikirlərə çıxış zamanı yer ve­rilməsi prosesə birbaşa maneçilik törədən amillərdəndir.

Praqada Avropa İttifaqı missiyasının və 1991-ci il Alma-Ata bəyannaməsi çər­çivəsində sərhədlərin tanınması təşəbbü­sünün müəllifliyinin Fransa tərəfinin oldu­ğunu bildirən Fransa tərəfinin, nəyə görə Azərbaycan əraziləri işğal altında olan 30 ilə yaxın bir dövrdə bu kimi təşəbbüslərlə çıxış etmədiyi sualına da cavab verməsi daha faydalı olardı.

Azərbaycan tərəfi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında qərar­lıdır və bu prosesə maneçilik törədən bü­tün kənar müdaxilələrin qarşısı qətiyyətlə alınacaq”, - deyə Ayxan Hacızadə əlavə edib.

“Xalq qəzeti”

Siyasət