Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyi dəyişibmi?

post-img

İrəvanın Tehranı qıcıqlandırmaq istəklərinə baxış

Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması son dərəcə vacibdir. Bunun əhəmiyyətinin əlavə izaha ehtiyacı yoxdur. Çünki məsələ ilə bağlı dəfələrlə ən müxtəlif səviyyələrdə fikirlər bildirilib, arqu­mentlər səsləndirilib. Qeyd etməliyik ki, “Zəngə­zur dəhlizi” nəinki ölkəmiz, bütövlükdə, region və hətta, dünya üçün müstəsna önəm daşımaqdadır. Görünür, elə bu səbəbdəndir ki, xarici jurnalistlər və ekspertlər məsələyə dair ölkəmizin rəsmilərinə, xüsusən Azərbaycan Prezidenti İlham Əliyevə çox­saylı suallar ünvanlayırlar. 

Zəngəzur dəhlizinin tezliklə açılmasına böyük maraq göstərən regional aktorlardan biri də Türkiyədir. Qardaş ölkə bu günlərdə marağını bir daha bəyan etməsi ilə diqqət mərkəzinə gəlib. Söhbət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayra­movla görüşdəki fikirlərindən gedir. Bu barədə söz açaca­ğıq. Ancaq əvvəlcə mövzu ilə bağlı digər mətləbləri vurğu­layaq. 

Nəzərə alaq ki, Azərbaycanın digər ərazilərini qardaş Türkiyə ilə bilavasitə sərhədə malik Naxçıvanla birləşdirə­cək Zəngəzur dəhlizinin açılmasına dair, belə demək müm­künsə, ilk müasir hüquqi əsas 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdır. O bəyanat ki, orada Azərbaycan və Rusiya liderlərinin, həmçinin Ermənistan baş nazirinin im­zası var. Əlbəttə, sonuncu öz imzasına hörmətlə yanaşma­sa da, bu məqamın üzərində xüsusi dayanmağa ehtiyac yoxdur. Çünki prinsip etibarilə, İrəvanın hansı mövqeni or­taya qoyması az əhəmiyyətlidir. Yəni Ermənistan istəsə də, istəməsə də, Azərbaycanın digər ərazilərini Naxçıvanla bir­ləşdirəcək yol, müasir qlobal siyasi terminologiya ilə desək, Zəngəzur dəhlizi açılacaqdır.

Hazırkı durumda İrəvanın dəhliz məntiqinə qarşı çıxması, əsasən İranın məsələyə əks münasibəti kontekstində özünü göstərən dirənişdir. Başqa söz­lə desək, Tehranın müqaviməti olma­sa, Ermənistanın mövcud istiqamətdə hansısa fərqli mövqe tutması mümkün­süzdür. İslam respublikasının müqa­vimətinə gəldikdə isə bunun ən müxtəlif təzahürlərini İran – Azərbaycan müna­sibətlərindəki soyuqluqlar müstəvisində xeyli görmüşük.

***

Ancaq onu da vurğulamalıyıq ki, son aylar Bakı ilə Tehran arasındakı buzların əriməyə doğru getdiyini söy­ləmək üçün, kifayət qədər, ciddi əsaslar yaranıb. Bəzi kiçik istisnaları çıxmaq şərti ilə bir müddət əvvələ qədərki İran – Azərbaycan psixoloji müharibəsin­dən, demək olar, əsər-əlamət qalma­yıb, əksinə pozitiv meyillər müşahidə olunmaqdadır. Elə Bakıda İranın İRNA agentliyinin ofisinin açılması məsələsini götürək. Güman edirik, qarşıdakı müd­dətdə belə müsbət təzahürlərin sayı ar­tacaq... 

Bəs Zəngəzur dəhlizi? İran onun­la bağlı nə fikirdədir? Axı o, əvvəllər etirazını kifayət qədər qəti formada bildirirdi. Ölkə problemi milli maraqlar kontekstində gündəmə gətirirdi. Necə oldu ki, İslam respublikası mövqeyin­dən daşındı? Ümumiyyətlə daşındımı? Bu kimi suallar maraq doğurmaqdadır. Hər halda, böyük siyasətdəki gedişlərin tükənmədiyini bildirməliyik. Üstəlik, onu da nəzərə alaq ki, indiyədək Azərbay­can-İran münasibətlərində soyuqlaş­malar olub. Amma sonradan vəziyyətin müsbətə doğru dəyişdiyini görmüşük. Çox güman, indi də eyni durumdur.

İran yaşadığımız regionun böyük güclərindəndir. Orada 40 milyonadək soydaşımızın yaşaması, ölkəni müstəqil Azərbaycan Respublikası üçün ikiqat dəyərə çevirir. Yəni hər bir halda Bakı istəməz ki, Tehranla əlaqələri pisləşsin. Nəhayət, bölgədən nə İran gedəndir, nə də Azərbaycan. Ona görə hər iki tərəfin ortaq məxrəcə gəlməsi, öz aralarında səmimi mühit formalaşdırması və hə­min mühitin dayanıqlılığını təminat al­tına alması qaçılmazdır. O cümlədən, Zəngəzur dəhlizi adlı böyük qlobal la­yihə çərçivəsində də razılaşmanın əldə olunması aktual əhəmiyyət daşımaqda­dır. 

***

Qayıdaq Türkiyə faktoruna. Daha doğrusu, Ankaranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə. Hesab edirik ki, Tür­kiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Xarici işlər naziri Cey­hun Bayramovla görüşündə məsələyə sözgəlişi toxunmadı. Cənab Ərdoğan bildirdi ki, dəhlizin açılması, fəaliyyət göstərməsi vacibdir. 

Bəli, Ankara bu məsələyə həm də Azərbaycan – Ermənistan münasibətlə­rinin normallaşması prizmasından yana­şır və yanaşmaqda haqlıdır. Çünki nor­mallaşmanın preambulasını 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat təşkil edirsə, həmin sənədin bütün bəndləri icra olunmalıdır. O cümlədən, Azərbay­canın digər ərazilərini Naxçıvanla bir­ləşdirən quru yolu açılmalıdır. Ölkəmiz bu yola Zəngəzur dəhlizi deyəcək, ya başqa necə adlandıracaq, məsələnin İrəvana heç bir aidiyyatı yoxdur. O, ilk növbədə üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Bu öhdəliyə əməl olunmur­sa, deməli, Azərbaycan – Ermənistan münasibətlərində tam normallaşma yox­dur. Mövcud anlamda, Türkiyə tərəfi, əl­bəttə ki, haqlıdır. 

Ancaq haqq asanlıqla əldə edilmir. İran amlini elə buna görə yada salmış­dıq. Heç şübhəsiz, Ankara da Zəngəzur dəhlizi məsələsində Tehranın mövqe­yini götür-qoy edir. Bu anlamda cənab Ərdoğanın dəhlizin tezliklə açılmasının vacibliyini bildirməsi siyasi hesablama­larsız deyil. Belə bir durumda bəzi eks­pertlər Zəngəzur dəhlizi mövzusunda Türkiyə – İran anlaşmasının olduğuna diqqət çəkirlər. Əlbəttə, onlar son aylar Azərbaycan – İran münasibətlərindəki gərginliyin səngiməsinə istinadı da yad­dan çıxarmırlar. 

***

Bütün vurğuladıqlarımızın fonun­da əvvəlki sualımıza yenidən qayıdaq: İranın Zəngəzur dəhlizinə dair mövqeyi dəyişibmi? Əslində, məsələ Azərbay­can cəmiyyətini düşündürürsə, xəstə erməni ictimai rəyini əməlli başlı qayğı­landırmaqdadır. Hazırda erməni polito­loqlar, eləcə də ermənipərəstliyi ilə se­çilən ekspert çevrələr Türkiyənin dəhliz məsələsində İrana nələri təklif edəcəyi barədə düşünməkdədirlər. Onlar, həm­çinin Azərbaycanın İranla hansı forma­da ortaq məxrəcə gəldiyi mövzusunda baş sındırmaqdadırlar. 

Məsələn, Suriya mənşəli rusiyalı jurnalist, bloger və siyasi təhlilçi, er­mənipərəst mövqeyi ilə seçilən Abbas Cümə bildirib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişməz olaraq qa­lır. Çünki Cümə onun dəyişməsi üçün nə baş verməli olduğunu anlamadığını vurğulayıb: “Azərbaycan və ya Türkiyə İranın öz milli maraqlarını ayaqda tut­masına hansı təminat verə bilər?!”

Başqa bir məsələ də ondan ibarət­dir ki, Azərbaycan – Ermənistan danı­şıqlarındakı irəliləyiş Tehran tərəfindən dəstəklənib. Bunu İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib. Cənab Abdullahianın, həmçinin ölkəsi­nin üçüncü dövlətlərin regionun işlərinə qarışmasının qəti əleyhinə olduğuna dair fikirlərini də yada salmalıyıq...

Bu yerdə erməni politoloqların Azər­baycanla Türkiyə arasındakı əlaqə­ni, “Zəngəzur dəhlizi” ilə bağlı ortaq mövqelərini, habelə Azərbaycanla İs­railin münasibətlərini gündəmə gətir­mələri heç də təsadüfi deyil. Məqsəd İranı qıcıqlandırmaqdır. Azərbay­can-Türkiyə-İsrail üçlüyü fonunda Zən­gəzur dəhlizinin gündəmə gətirilməsi, mövcud xüsusda İranın milli maraqları­na təhdid ritorikasının qabardılması da heç şübhəsiz, qıcığı daha da artırmaq “məramına” köklənib. 

Erməni ekspertlərin daha bir nara­hatlığı budur: Ankara və Bakı Zəngəzur dəhlizinin reallaşmasında İranın razılı­ğını almaq üçün onu müxtəlif layihələr­lə maraqlandırıblar. Əlbəttə, burada erməni varlığının milli maraq məsələ­sinə çiy münasibəti ortadadır. Yəni bu varlıq tipik erməni baxışını ortaya qoyur və hesab edir ki, onu hansısa layihə ilə heçə endirmək mümkündür. Halbuki İranın dövlətçilik tərzi bəsit ola bilməz. Deməli, durumun milli maraqlar kon­tekstində dəyərləndirilməməsi müm­kündür. Məsələn, hansısa məqamda anlaşılmazlığın yarandığını, hazırda onun aradan qalxdığını ehtimal etmək olar. 

***

Bəli, erməni siyasi dairələrinin İra­na təsir göstərmək istədikləri aşkardır. Bunu düşünənlərdən biri də fikirlərini çatdırdığımız A.Cümədir. Cümə Tür­kiyənin beynəlxalq miqyasda, guya, eti­barlı tərəfdaş olmadığını bildirir. Onun “İranlılar, sizə xatırlatmaq istərdim” baş­lıqlı xitabı isə aşkar acizlik dramatizmi­dir. 

Ümumən, Ermənistanın ictimai rəyi­ni formalaşdırmağa mükəlləf olanların hamısı Zəngəzur dəhlizindən danışan­da, Cümədən heç nə ilə fərqlənmirlər. Onlar ya türk faktorunu, ya İsrail ami­lini qabartmaqla, Tehran üçün, bir növ, qorxu aşılayırlar. Hazırda elə görüntü var ki, İranı onun özündən çox Ermə­nistan düşünür. Əlbəttə, bu görüntü elə-belədən deyil. Əvvəldə də bildirdik ki, Zəngəzur dəhlizi məsələsində İrəva­nın mənafeyi nəzərə alınmayacaq du­rumdadır. Bunu həmin “ekspert sürüsü” yaxşı bildiyindən hərəkətə keçib.

Sonda bir məqamı da vurğulayaq ki, Azərbaycanın digər ərazilərini ölkəmi­zin ayrılmaz tərkib hissəsi olan Naxçı­vanla birləşdirən quru yolu hər zaman fəaliyyət göstərib. Yalnız torpaqlarımı­zın otuz ilə yaxın davam etmiş işğalı buna imkan verməyib. Hazırda işğal aradan qalxdığından, deməli, həmin yolun işləməsinə maneçiliyin də aradan qalxmasında məntiqi qanunauyğunluq var. Həm də ona görə ki, hazırda bu qanunauyğunluq dünyanın nəbzinə he­sablanmış layihə şəklindədir. Dünyanın nəbzini isə tutmaq lazımdır. Güman edi­rik ki, İran məsələni yetərincə dərk edir. Ermənistan dərk etməyə də bilər. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”



Siyasət