1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizə qarşı otuz ilə yaxın təcavüzü zamanı Ermənistan çoxsaylı hərbi cinayətlər törədib. Bunun nəticəsində on minlərlə dinc sakin həlak olub. Ermənilər Qarabağda kütləvi etnik təmizləmə aparıb, yaşayış məntəqələrimizi dağıdıb, mədəni irsi məhv ediblər. İnsanlıqla bir araya sığmayan bu vandalizmin miqyasını hərbi əməliyyatlar zamanı itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşı, o cümlədən İrəvanın taleyinə aydınlıq gətirməkdən çəkindiyi 719 mülki şəxs də sübut edir.
Bütün bunlar heç baş verməyibmiş kimi, indi durub Bakının qəsdən “humanitar böhran” yaratdığı, “Laçın yolunu blokladığı”, Qarabağ iqtisadi rayonumuzda yaşayan erməni sakinlərə qarşı “etnik təmizləmə” aparmağa hazırlaşdığı barədə dezinformasiya yaymaq, bu növ yalanları beynəlxalq qurumlara car çəkmək daşnak hayların çoxdan vərdiş elədiyi siyasi şantajdan başqa bir şey deyil.
Ən maraqlı və heyrətdoğuran hal odur ki, İrəvandakı və Xankəndidəki separatçılar uydurduqları yalan və cəfəngiyyatı əsaslandırmağa çalışırlar. Hər şeydən göründüyü kimi, erməni fitnəkarlar artıq hədlərini aşıblar, cızıqlarından çox qırağa çıxıblar. Amma Bakının qırımını və dediyi sözün arxasında durduğunu unutmasınlar. Xankəndidən İrəvana maneəsiz “magistral şosse” tələb edənlər layiq olduqları təpkini gördükdən sonra həmin Laçın yolundakı Həkəri sərhəd postumuzdan keçmək üçün Bakıya, eləcə də beynəlxalq təşkilatlara minnətçi düşəcəklər.
Bütün xəbis niyyətli fəaliyyətlərini Azərbaycana “transfer” etməyə çalışan İrəvanın finişə yaxınlaşdığı bəllidir. Bu məqamda qısa bir haşiyəyə çıxaq. Hayların tarixdən dünyaya bəlli bədnam adlarını XXI əsrdə bizə sırımaq cəhdləri təxminən altı-yeddi il bundan əvvəl Rusiyada yaşayan Maruk Anutunyan adlı musiqi alətləri ustasının böyük alman bəstəkarı İohan Sebastian Baxın erməni olduğunu ərz etməsinə bənzəyir. O zaman bu arsız hayın cavabını ruslar özləri vermişdi.
Ermənistan “humanitar böhran”dan sui-istifadə edir
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasında (TŞ) “Aclıq və münaqişələrin səbəb olduğu ərzaq problemi” mövzusunda açıq debatdakı çıxışında bir çox məsələlərə aydınlıq gətirib. Misal üçün, bildirib ki, Azərbaycan Ermənistanın Qarabağ ermənilərinə humanitar yardım məsələsindən özünün pisniyyətli məqsədləri üçün sui-istifadə etmək kimi ardıcıl səylərini qınayır. “Laçın sərhəd keçid məntəqəsinin yaradılması BMT üzvü olan hər hansı digər dövlətin öz sərhədlərinin təhlükəsizliyini və mühafizəsini təmin etmək, yolboyu insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin etmək hüququ kimi, Azərbaycanın da danılmaz suveren hüququdur”, – deyən Y.Əliyev İrəvanın bu qəbildən olan iddialarının açıq-aşkar yalan və təxribat xarakteri daşıdığını TŞ üzvlərinin nəzərinə çatdırıb: “Azərbaycan heç vaxt erməni sakinlərin Laçın yolunda sərbəst hərəkətinə, eləcə də ərzaq, dərman və digər humanitar məqsədlər üçün istifadəsinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinə əngəl yaratmayıb. Ermənistanın bu kimi yalanlarını ifşa edən çoxsaylı sənədləşdirilmiş sübutlar mövcuddur”.
Diplomat onu da xatırladıb ki, cari ilin iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını əsassız hesab edib, eyni zamanda, İrəvanın Həkəri keçid məntəqəsi ilə bağlı müvəqqəti tədbirlər görmək tələbini yekdilliklə rədd edib.
Ermənistan Azərbaycana təzminat ödəməlidir!
Hayastanın siyasi kursunda nifrət, dözümsüzlük, şər-böhtan və yalanın nə dərəcədə üstünlük təşkil etdiyini indi bizim kimi, onun şərqli-qərbli tərəfdarları da yaxşı bilirlər. Paşinyan hökuməti, bu sözün müstəqim mənasında, regional sülhə, bölgənin təhlükəsizliyinə və sabitliyinə qarşı ciddi təhlükə ocağına çevrilib. “Miatsum”, “dənizdən-dənizə” kimi xülyalarından əl çəkməyən Ermənistanın şovinist-daşnak iqtidarı keçən əsrin səksəninci illərinin sonunda 200 mindən çox azərbaycanlını tarixi vətənlərindən – Qərbi Azərbaycandan qovmaqla, millətimizə qarşı açıq təcavüz həyata keçirib. Üstəlik, suveren ərazimizin böyük bir hissəsini işğal edərək, Qarabağda etnik təmizləmə aparıb. Bütün bunlara nəzər salanda bu gün hayların Azərbaycan türklərinə qarşı etnik zəmində nifrət və ayrı-seçkilik ittihamlarını irəli sürməsi tarixi məntiqsizlik və ironiyadir.
Müharibənin 2020-ci ilin payızında başa çatmasına baxmayaraq, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il dekabrın 7-də qəbul etdiyi “İrqi ədavətin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirlərin görülməsi” tapşırığına açıq-aşkar məhəl qoymayıb. Ermənistanda fəaliyyət göstərən təşkilatlar və fiziki şəxlər anti-Azərbaycan nifrətini qızışdırmaqda bu gün də davam edirlər. BMT TŞ-nin iclasındakı çıxışında Y.Əliyev “Ermənistan öz beynəlxalq öhdəliklərinə əməl etməli, silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalı, ərazi iddialarına, qanunsuz fəaliyyətlərə və dezinformasiyalara son qoymalı, mina terrorunu dayandırmalı, münaqişə zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə işıq salmalı, Azərbaycana, o cümlədən onun ərzaq təhlükəsizliyi sistemlərinə dəymiş zərəri ödəməli və iki dövlət arasında sülh müqaviləsi və sərhədin delimitasiyası üzrə danışıqlarda vicdanlı şəkildə iştirak etməlidir. Azərbaycan öz xalqını, suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmində qətidir və dinc, təhlükəsiz, sabit və çiçəklənən region məqsədlərinə tam sadiqdir”, - deyib.
Niyyətiniz haradırsa, mənziliniz də ora olacaq
İkinci Qarabağ müharibəsində Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud surətdə pozaraq, mülki əhalini və mülki infrastrukturu hədəf alıb, əməliyyat zonasından uzaqdakı dinc şəhərlərimizə raket zərbələri endirib. Həmin vəhşi hücumlar zamanı mülki obyektlər, evlər, məktəblər və xəstəxanalar dağılıb, mülki əhali arasında çoxlu sayda ölən və yaralanan olub. Məğlubiyyətin yaxınlaşdığını görən İrəvanın bu zaman ağır partlayıcı silahlardan, kaset bombalarından qəsdən istifadə etməsi onların əsl niyyətini ortaya qoydu. Münaqişənin sona çatmasına baxmayaraq, Ermənistanın Azərbaycan ərazisinə yerləşdirdiyi yüz minlərlə mina haqqında dəqiq və dolğun məlumatıları bölüşməkdən boyun qaçırır və bu minalar mülki əhalini öldürməkdə və şikəst etməkdə davam edir.
Ermənilərin müharibə cinayətlərinin sayı və xarakteri hədsizdir. Onlar bizim əsirlərin əksəriyyətini döyüb şikəst ediblər, ağır işgəncələrə məruz qoyublar. Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş çoxsaylı vəhşiliklərin günahkarları beynəlxalq hüquqa açıq-aşkar məhəl qoymadan bu gün də cəzasız qalmaqda davam edirlər.
Fikir verin, hay özbaşınalığına göz yuman həmin ümumdünya insan haqları institutlarının əksəriyyəti Azərbaycanı “humanitar şantaj karvanına” yol verməyə çağırır. Bizsə İlahi ədalətin qalib gələcəyinə inanırıq.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
Azərbaycanın Ermənistana təzminat məsələsi onların özlərinin yersiz və məntiqsiz iddialarına qarşı atılan addımdır. Onlar elə düşünürlər ki, öz istəklərini birtərəfli qaydada gündəliyə gətirməyi bacaracaqlar. Yaxud, qərbli daydaylarının hesabına Azərbaycanı hansısa məsələdə geri çəkilməyə məcbur edə biləcəklərini güman edirlər. Əksinə, ermənilərin belə davranışlarına qarşı Azərbaycan da gündəliyə yeni tələblərini gətirir. Bu zaman Ermənistandan fərqli olaraq, Azərbaycanın tələbləri tamamilə qanunauyğundur.
Nikol Paşinyan üçtərəfli Bəyanatda öz imzası ilə təsdiqləmiş oldu ki, Azərbaycan ərazilərini işğal edən də, müharibə aparan da Ermənistandır. Həmin ərazilərdə bütün dağıntıları törədən də onların özləridir. Buna görə cavab verməlidirlər. Bu zaman təzminat ödənməlidir. O ayrı məsələdir ki, bu gün İrəvanın təzminat ödəməyə nə gücü var, nə də imkanı. Amma o təzminat daim boyunlarında qalmalıdır. Məsələ ilə bağlı beynəlxalq audit şirkətləri cəlb olunub, bu yöndə işlər davam etdiriləcək. Hesablamalar aparılacaq və vurulmuş ziyanla bağlı ortaya dəqiq məbləğ çıxarılacaq.
İndiki mərhələdə Ermənistan hər vəchlə özünün qanunsuz iddialarına əl yeri saxlamağa və sülh danışıqlarını bataqlığa sürükləməyə çalışır. Guya, Rusiya Ukrayna cəbhəsində qalib gələndən sonra Azərbaycanın üstünə yeriyəcək, bununla da İrəvanın işləri düzələcək. Ya da birdən-birə elə bir hadisə baş verəcək ki, bunun müqabilində ermənilər hansısa şəkildə Azərbaycandan torpaq qoparmaq imkanı qazanacaqlar. Bu, baş verməyəcək.
Məsələyə ədalətli yanaşma onu tələb edir ki, əgər “Qarabağ Azərbaycandır” deyirsənsə, zəhmət çək bunu sənəddə imzanla təsdiqlə! Dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini qəbul edirsənsə, bunu da imzala və bununla da Qarabağ erməniləri ilə bağlı bütün iddialarına son qoy! Bunları etməyəcəyin təqdirdə, baş verəcəklərə görə məsuliyyət sənin üzərindədir, Ermənistan! Səfirimiz Yaşar Əliyevin yüksək tribunadan irəli sürdüyü şərtlər tam əsaslıdır. Əminəm ki, Azərbaycanın hücum diplomatiyası BMT-də bundan sonra da davam edəcək.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”