Bu beynəlxalq maliyyə qurumu ölkəmizdə “yaşıl” və “ağıllı” konsepsiyaları dəstəkləyir
Azərbaycana investisiya qoyuluşuna maraq göstərilməsi, meqalayihələrin maliyyələşdirilməsi ölkəmizin həm də siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlı olub. Bununla yanaşı, hökumət tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində respublikada güclü iqtisadi potensial formalaşıb.
Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionun əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması və insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırıb. Eyni zamanda, Azərbaycan daim beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirib. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb.
Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” də ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərib. Başqa sözlə, adıçəkilən Strateji Yol Xəritəsinin müvafiq hədəflərini reallaşdırmaqla biznes mühitinin səmərəliliyinin artırılması istiqamətində ortamüddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiqi, maliyyə–bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi gerçəkləşdirilib, həmçinin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı möhkəmləndirib.
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) bu baxımdan xüsusilə diqqət çəkir. Baş ofisi Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən və nizamnamə kapitalı 100 milyard dollar olan AİİB 2014-cü il oktyabrın 24-də təsis edilib. Həmin gün Asiya qitəsinin 21 ölkəsi bu nəhəng investisiya bankının yaradılması məqsədilə memorandum imzalayıb. Ötən müddətdə bankın dünyanın 106 ölkəsində fəaliyyət göstərən səhmdarları tərəfindən yüksək göstəricilər əldə olunub.
Bank etibarlı investisiyalar üçün uzunmüddətli maliyyələşdirmənin təqdim olunması, eləcə də əsasən Asiya regionunda həyat şəraitinin yaxşılaşdırılması və iqtisadi inkişafın təmin edilməsi kimi məsələlərin həllinə mühüm önəm verir. Asiya qitəsində iqtisadi artımın stimullaşdırılması və infrastrukturla bağlı layihələri maliyyələşdirən bank, həmçinin regionda kənd təsərrüfatının və infrastrukturun inkişafı, enerji təchizatı, ətraf mühitin mühafizəsi, nəqliyyat və telekommunikasiya, su təchizatı və kanalizasiya, şəhərsalma və logistik mərkəzlərin yaradılmasında da xüsusi fəallıq göstərir.
Bankın əməkdaşlıq etdiyi ölkələr sırasında Azərbaycan həmişə diqqət çəkib. Respublikamızın dəmir yolu, gəmiçilik və digər infrastruktur sektorları AİİB üçün böyük maraq kəsb edib. Maliyyə qurumunun investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovski mediaya müsahibəsində bununla bağlı deyib: “Bank bu gün Trans-Anadolu qaz kəmərinin (TANAP) genişləndirilməsi, Azərbaycanda dəmir yolunun müasirləşdirilməsi, gəmiçilik sənayesinin, müxtəlif infrastruktur sahələrinin inkişaf etdirilməsi kimi layihələri əməkdaşlığın gücləndirilməsində prioritet istiqamətlər kimi diqqətdə saxlayır”.
K.Limitovskinin sözlərinə görə, Azərbaycan 2016-cı ildən AİİB ilə əməkdaşlıq edir, eyni zamanda, bankın təsisçi üzvləri və müştəriləri arasında nüfuzu ilə fərqlənir.
Yeri gəlmişkən, Azərbaycanla bank arasında ilk birgə layihə Cənub Qaz Dəhlizinin mühüm seqmentlərindən sayılan Trans-Anadolu Qaz Boru Kəməri ilə (TANAP) bağlı olub. Belə ki, 2016-cı ilin dekabr ayında AİİB TANAP-ın çəkilişi üçün Azərbaycana 600 milyon dollar məbləğində kredit ayırıb. Bundan əlavə, bank COVID-19 zamanı ölkə iqtisadiyyatının bərpasına və pandemiyanın fəsadlarının yumşaldılmasında kömək etmək üçün 100 milyon ABŞ dolları məbləğində dəstək göstərib.
Bankın Azərbaycan üçün ayırdığı ikinci kredit isə 2021-ci ilin iyul ayına təsadüf edib. Xatırladaq ki, o zaman adıçəkilən maliyyə qurumu Azərbaycan Respublikasının “COVID-19-a Aktiv Müdaxilə və Xərclərə Dəstək Proqramı” adlı layihəyə 100 milyon dollar məbləğində kredit ayırıb. Həmin vəsait ölkəmizdə COVID-19 infeksiyasının mənfi tibbi, sosial və iqtisadi təsirlərinin azaldılması üzrə hərtərəfli planın həyata keçirilməsinə yardım məqsədi daşıyıb.
AİİB-in əməliyyat portfeli fəaliyyət göstərdiyi 7 il ərzində 35 milyard dollara çatıb və bank ötən müddətdə öz missiyasına uyğun olaraq Asiya ölkələrinin infrastruktur baxımdan inkişafını dəstəkləməkdə davam edib.
Hazırda bankın bütün regionlar üzrə portfeli suveren kreditlərin və investisiyaların təxminən 75-80 faizini təşkil edir, özəl sektorun payı isə cəmi 20-25 faizdir. Məqsəd 2030-cu ilə qədər sərmayənin yarısının özəl sektora və qeyri-suveren layihələrə sahib olmasıdır.
Nihad ƏLİYEV,
iqtisadçı-ekspert
AİİB hazırda müxtəlif ölkələrdə günəş və külək elektrik stansiyalarının tikintisi üzrə layihələri fəal şəkildə maliyyələşdirir, çünki bərpa olunan enerji mənbələrinə investisiya yatırmaq özəl sektorda bu maliyyə qurumu üçün əsas sahələrdən biridir. Belə ilk layihələrdən biri Qazaxıstanın Janatas külək stansiyasıdır. AİİB, həmçinin “Waste-to-Energy” (tullantılardan enerji) ilə bağlı layihələrə də diqqət yetirir.
Onu da xatırladaq ki, bank indiyədək Türkiyədə enerjiyə qənaət edən qurğuların, həmçinin Özbəkistanın Sırdərya vilayətində 1500 meqavat gücündə qazla işləyən elektrik stansiyasının layihəsini hazırlayıb.
AİİB-in fəaliyyəti haqqında yayılan məlumatda bildirilir ki, hər hansı bir ölkənin bu qurumdan maliyyə alması üçün onun təqdim etdiyi layihə bankın missiyasına və mandatına uyğun olmalıdır. Başqa sözlə, bank “yaşıl infrastruktur”, rəqəmsal, enerji, həmçinin əhalinin kritik ehtiyaclarını dəstəkləyən infrastruktur layihələri ilə maraqlanır və həmin təşəbbüsləri fəal şəkildə nəzərdən keçirir. Həm də bu zaman özəl sektorun kapitalını birgə investisiya fəaliyyətlərinə cəlb etməyə xüsusi önəm verir. Çünki belə halda hər bir layihə ölkəyə və investorlara iqtisadi fayda gətirir, iqtisadi cəhətdən səmərəli və maliyyə baxımından dayanıqlı olması ilə diqqət çəkir.
AİİB-in fəaliyyətində əsas prinsip ölkənin karbonsuzlaşdırılmasına, regionda əməkdaşlığın inkişafına və müasir texnologiyaların istifadəsinə töhfə verən layihələrə yönəldilməsidir. Bir sözlə, bank uzunmüddətli perspektivdə davamlı olacaq, özəl sektor investisiyalarını cəlb edəcək layihələrdə iştiraka həssaslıqla yanaşır və bununla da dayanıqlı infrastrukturun maliyyələşdirilməsi yolu ilə Asiya regionunda inkişafı stimullaşdırmağı qarşıya mühüm vəzifə kimi qoyur.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”