Planlaşdırılmış təxribatın “züytutanları”

post-img

Vay-şivənə, dezinformasiyaya “uyanların” məsələyə ikili standartla yanaşması şübhə doğurmur 

Doğrudanmı, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər yeməyə çörək tapmırlar, sanitar-gigiyenik vasitələrdən məhrum olublar? Real durumun heç də belə olmadığını İrəvanın “karvan-şousu”na “ləbbeyk” deyənlərin özləri də yaxşı bilirlər. Amma, buna baxmayaraq, onlar Bakı ilə ultimativ tonda danışmağa başlayıb, “Laçın dəhlizi”nin təcili açılmasını tələb edirlər. 

Əvvəlcədən təşkil olunduğu şübhə doğurmayan bu siyasi şantaja və dezin­formasiyaya söykənən təzyiqlər, ermə­nipərəst ölkələrin və beynəlxalq qurum­ların bəyanatları bir şeydən xəbər verir: Azərbaycana münasibətdə ikili standart mexanizmi yenidən işə salınıb. 

Avropa İttifaqının vasitəçiliyi ilə ke­çirilən sonuncu Brüssel Zirvə görüşün­dən sonra Aİ Şurasının prezidenti Şarl Mişel Bakının Ağdam-Xankəndi yolun­dan alternativ marşrut kimi istifadə tək­lifini bəyəndiyini rəsmən açıqladı. Bəs həmin beştərəfli danışıqların gedişində niyə Ermənistanın baş naziri yüklərin Laçın yolu vasitəsilə daşınmasında is­rar etmədi? Axı, o, Bakının bu təklifinə narazılığını Brüssel görüşündən sonra da dilinə gətirə bilərdi. Amma heç nə demədi.

Məntiq isə bunu deyir: əgər İrəvan Azərbaycanın suveren ərazisi kimi tanı­dığı Qarabağa humanitar yardım gön­dərmək barədə Bakıya hər hansı mü­raciət etməyibsə, deməli, indi görünən mənzərə planlaşdırılmış təxribatdır. Bəs nədən bir sıra dövlətlər hayların bu təx­ribat cəhdinə dəstək verirlər? Ortada boy atan şübhəli məqamlardan biri də separatçıların “blokada”, “humanitar böhran” bağırtılarına “züytutanların” bir qələmin məhsulu kimi görünən eyni məzmunda bəyanatlar vermələridir. Əs­lində, bu, rejissor çubuğu ilə hərəkətə gətirilən dəstəkçilərin məsələyə ikili standartla yanaşmasının növbəti bariz nümunəsidir.

“ABŞ Laçın dəhlizinin təcili şəkildə açılması çağırışını bir daha təsdiqlə­yir”. Hayastanın “armenpress” saytının yaydığı məlumata görə, Dövlət katibi Entoni Blinkenin “Laçın dəhlizinin özəl və kommersiya daşımaları üçün təcili açılması” ilə bağlı çağırışını Birləşmiş Ştatların Ermənistandakı səfirliyi özü­nün Facebook səhifəsində yerləşdirib. Məlumatda o da qeyd olunur ki, səfirin müavini Con Alelo diplomatik korpusun nümayəndələri ilə bir yerdə Sünikdə olub və buradakı məcburi köçkünlər­dən və bölgənin rəhbərlərindən “La­çın dəhlizinin blokadası” səbəbindən üzləşdikləri “məhrumiyyətlər” barədə öyrənib. Amerikalı diplomatın Sünikdə (Zəngəzur) başqa nələri öyrəndiyini deyə bilmərik, amma cənab Alelonun məlum bəyanatı birbaşa “yuxarıların” diktəsi ilə verdiyinə şübhə yoxdur. 

“Laçın dəhlizi mütləq açılmalıdır. Hətta Beynəlxalq Qırmızı Xaç Komitə­sinin humanitar yardımının Ermənis­tandan Dağlıq Qarabağa çatdırmağın mümkünsüzlüyü faktı qəbulolunmazdır. Vəziyyətin daha da gərginləşməməsi üçün Azərbaycana təzyiq göstərmək vacibdir”. Bu “həyəcanverici” açıqla­manı Almaniya Bundestaqının İnsan haqları üzrə komissiyasının sədri Re­nata Alt Twitter-də yazıb. ADR hö­kumətinin Cənubi Qafqaz, Moldova və Mərkəzi Asiya ilə cəmiyyətlərara­sı əməkdaşlığın koordinatoru Robin Vaqener, Bundestaqın beynəlxalq məsələlər üzrə komitəsinin üzvü Mer­le Şpelerberq isə “Dağlıq Qarabağ” (?) sakinləri üçün göndərilən yardımın gərgin vəziyyətin yumşalmasına sə­bəb olacağını bildirir, “Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadasının təcili dayandırılmasını” tələb ediblər. Yəni, Almaniyada əyləşib kimlərinsə göstərişi ilə Bakıya ultimatum verirlər. Onların cavabını Azərbaycan XİN böl­gədəki son vəziyyətə dair bəyanatında verdi: “Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla bir sıra təkliflər irəli sürməsinə və onların Avropa İttifaqı, BQXK tərə­findən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıx­ması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması Er­mənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şantaj və manipulya­siya olduğunu bir daha göstərib: “Er­mənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafi­yasını genişləndirmək və sülh prosesi­ni iflasa uğratmaqdan ibarətdir”. 

* * * 

Heç kim Azərbaycanla bu tərzdə danışa bilməz. Buna cürət etsələr də, sonda heç bir nəticəsi olmayacaq. “Karvan-şou”nun ideoloqlarının İrəva­nın siyasi təxribatına dəstək nümayişi də iflasa uğrayacaq. Çünki haqsızdır­lar. Azərbaycanın mövqeyi hamıya ay­dındır. Ağdamdan Xankəndiyə aparan yol tam hazırdır, bu barədə Bakı öz təklifini verib və Aİ bunu qəbul edib. Yəni, Qarabağ iqtisadi rayonunda ya­şayan ermənilər üçün humanitar yüklər yalnız gömrük və sərhəd prosedurun­dan keçdikdən sonra göstərilən yolla Xankəndiyə çatdırıla bilər. Ermənistan və Azərbaycanın şərti sərhədində, La­çın yolundakı Həkəri postu isə əvvəl­ki ahəngi ilə fəaliyyət göstərir. Sıravi ermənilər bu məntəqədən hər iki is­tiqaməıtdə maneəsiz hərəkət edirlər.

Hər şeydən göründüyü kimi, İrəvan və onun “züytutanları” sülh danışıqla­rının indiki mərhələsində siyasi ma­nipulyasiya ilə məşğuldurlar. Amma onlar bu hərəkətləri ilə Azərbaycanın daxili işlərinə qarışmalarının, suveren­liyimizə və ərazi bütövlüyümüzə qarşı hörmətsizlik etdiklərinin fərqinə varma­lıdırlar. Azərbaycan XİN-in məhz onla­ra ünvanlanmış xəbərdarlıq xarakterli bəyanatında bu məqama xüsusi diqqət yetirlilib: “30 il ərzində Azərbaycan əra­zilərinin işğalına göz yuman bir sıra ölkələrin və beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli bəyanat­lar verməsi qəbuledilməzdir. Həmin ölkələr və beynəlxalq təşkilatlar son üç il ərzində Azərbaycan ərazilərində er­məni silahlı qüvvələrinin mövcudluğu­na, Ermənistanın kommunikasiyaların açılmasına maneçilik törətməsinə də etinasız yanaşıblar. Ermənistanın ma­nipulyasiyalarına aldanıb qərəzli bəya­natlar verən ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycanın suveren­liyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağı, ölkəmizin daxili işlərinə qarışmamağı və ikili standartlar siyasə­tinə son qoymağı tələb edirik. Azərbay­can özünün Qarabağ bölgəsində yaşa­yan erməni sakinlərin hüquqlarını ölkə Konstitusiyası əsasında təmin edəcək, suverenliyi və ərazi bütövlüyünə qarşı istənilən addımın qarşısını isə qətiyyət­lə alacaq”. 

* * * 

Qarabağ Ermənistan rəhbərliyinin, o cümlədən bütün dünyanın Azərbay­canın ayrılmaz tərkib hissəsi kimi ta­nıdığı ərazisidir. Bölgənin hər cəhət­dən inkişaf etmiş dövlətinə çevrilən Azərbaycanın ərzaq çatışmazlığı kimi problemi yoxdur. Ərazimizdə yaşayan, vətəndaşımız olacaq erməni əhalinin də bütün ehtiyacını ödəməyə qadirik. Çünki Azərbaycan Ermənistan kimi xa­ricdən göndərilən ianələrin, lobbi pay­larının hesabına yaşayan dövlət deyil. Özümüz-özümüzü hər cəhətdən təmin etməklə yanaşı, artıq mal-məhsulumu­zu xaricə ixrac edirik. Yəni, belə bir şə­raitdə Azərbaycanda hansı “humanitar böhran”dan danışmaq mümkündür? Böhranı yaradan Xankəndidən çıxma­ğa tələsməyən daşnak-separatçılardır. O hərbi-kriminal xunta ki, erməni əha­lini girova çevirməklə, Ağdam-Əsgəran yoluna beton maneələr düzməklə on­ların Azərbaycana reinteqrasiyasının qarşısını almağa cəhd göstərirlər. Bun­ların heç bir faydası olmayacaq. Bakı son 30 ildə, xüsusən də son 3 ildə çox maneələri aşmağı bacardığı kimi, o be­ton plitələri də aradan qaldırmağa nail olacaq. 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət