Beynəlxalq daşımalarda payımız getdikcə artır

post-img

Milli daşıyıcıların xarici bazarda çəkisi 8 faiz çoxalıb

Bu gün Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, respublikamız beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması prosesinə fəal şəkildə qoşulur, eləcə də ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır. Bütün bu tədbirlər isə yük daşımalarında yüksək göstəricilərin əldə edilməsi ilə nəticələnir. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) cari ilin 6 ayının yekunlarına dair statistik məlumatlarına əsasən, avtomobil nəqliyyatı ilə bey­nəlxalq yükdaşımalarında bir sıra göstə­ricilər üzrə davamlı artım müşahidə olu­nur. Agentliyin məlumatında bildirilir ki, 2022-ci ilin müvafiq dövrü ilə 2023-cü ilin yanvar–iyun aylarının göstəricilərinin müqayisəsi daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişləndi­yini, daşıyıcıların sayının, eləcə də Azər­baycan daşıyıcılarının bazar paylarının daha da artdığını göstərir.

Bazarın genişlənməsi sayə­sində Azərbaycanın ikitərəfli da­şımalar üzrə beynəlxalq avtomo­bil daşımaları bazarı 2022-ci ilin yanvar-iyun aylarında 135 min 70 ədəd olduğu halda, bu göstə­rici 2023-cü ilin müvafiq dövründə 153 min 872 ədəd təşkil edib ki, bu da 13,9 faizlik artım deməkdir.

Azərbaycan Yerüstü Nəqliy­yat Agentliyinin məlumatına görə, ölkəmizin beynəlxalq yükdaşı­malarda da fəaliyyəti genişlənib. Hesabat dövründə Azərbaycanın beynəlxalq avtomobil daşımaları­na cəlb edilən nəqliyyat vasitələri­nin sayı 11 min 960 olub. 2021-ci ildə isə bu say təxminən 2 min 400 təşkil edib. İlin ilk 6 ayında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə milli daşıyıcıların beynəlxalq ba­zarlarda payı 8 faiz artıb. 

Nəqliyyat vasitələrinin sayın­da artım bazarın şəffaflaşması nəticəsində “kölgə”də fəaliyyət göstərən daşıyıcıların qeydiyyata alınması, fəaliyyəti olmayan daşı­yıcıların işini bərpa etməsi, bəzilə­rinin daxili bazardan beynəlxalq bazara keçidi və idxal olunan nəqliyyat vasitələrinin hesabına yaranıb. 

3-cü ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamika­sı nəzərə çarpıb. Belə ki, 2023-cü ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbay­can daşıyıcıları tərəfindən həyata keçirilən 3-cü ölkə daşımaları 2 dəfə yüksəlib. Belə ki, 2023-cü ilin yanvar–iyun aylarında 25 min 318 ədəd 3-cü ölkə daşımaları həyata keçirilib. Bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 min 592 ədəd artıq olub.

Avtomobil nəqliyyatı ilə tranzit daşımaların sayında qeydə alı­nan artım dinamikası isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52 min 498 ədəd və ya 85,81 faiz artaraq 113 min 675 ədədə çatıb. Bu ilin 6 ayı ərzində ölkəyə idxal olunan dartıcıların sayındakı ar­tım 2,5 dəfəyə yüksəlib. Ötən il istismar olunan dartıcıların sayı 908 ədəd idisə, bu il bu rəqəm 2246-dır.

Əlbəttə, statistik göstəricilər­lə ifadə olunan uğurlar təsadüfi xarakter daşımır. Bu, Prezident İlham Əliyevin bu sahəyə göstər­diyi diqqətin bariz nümunəsidir. Yeri gəlmişkən, “Azərbaycan Respublikasının Gömrük Məcəllə­sində dəyişiklik edilməsi haqqın­da” 2023-cü il 24 fevral tarixli Qanunun icrası ilə əlaqədar im­zaladığı 29 mart 2023-cü il tarixli fərmanla beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəq­liyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi sahəsində gömrük orqanları üzərinə düşən vəzifə ləğv olunub. Eyni zaman­da, beynəlxalq daşımalarla bağlı nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyənləşdirilən dövlət rüsumu da aradan qaldırılıb. 

Beləliklə, beynəlxalq daşı­maların iştirakçısı olan respub­likamıza məxsus avtomobil da­şıyıcılarının Azərbaycanın geniş nəqliyyat-logistika imkanlarından fəal və səmərəli istifadə əlveriş­li şərait yaradılıb. Bu cür qayda beynəlxalq daşımalar bazarında milli daşıyıcıların payının artması­na və beynəlxalq səviyyədə rəqa­bətliliyin yüksəlməsinə münbit zə­min yaradıb. 

Göründüyü kimi, dövlətimizin başçısının yuxarıda adıçəkilən fərmanı Azərbaycanın son illərdə beynəlxalq daşımalar üzrə əldə etdiyi nəticələrin daha da yaxşı­laşdırılması məqsədi daşıyır. Elə hazırda ölkə sərhədlərini keçən avtomobillərin sayının getdikcə artması da bu sahədə böyük pers­pektivlər vəd edir. 

Hüseynqulu QULİYEV,

iqtisadçı-ekspert

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həm ölkəmiz, həm də ayrı-ayrı döv­lətlər tərəfindən beynəlxalq nəqliyyat dəhlizlərində yükda­şımalarının artırılması üçün Azərbaycanın tranzit imkanla­rını genişləndirmək məqsədilə genişmiqyaslı layihələr reallaş­dırılır. Buna görə də beynəlxalq standartlarına cavab verən ma­gistral avtomobil, dəmir yolları, dəniz nəqliyyatı, yol ötürücüləri və körpüləri beynəlxalq yük və sərnişin daşımaları üçün olduq­ca əlverişlidir. 

Ölkəmiz Böyük İpək Yolu­nun üzərində yerləşir, Şərqlə Qərb, eləcə də Şimalla Cənub arasında səmərəli körpü rolunu oynayır və bütün bunlar respub­likamızın beynəlxalq nəqliyyat dəhlizlərində yüksək uğurlar əldə etməsinə əhəmiyyətli təsir göstərir. Dövlətimizin başçısı bununla bağlı çıxışlarının birin­də deyib: “Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşmə­yimiz bizim üçün çoxlu imkanlar yaradır. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar”.

Beynəlxalq yükdaşımalar üçün yuxarıda vurğuladığım kimi, dəniz nəqliyyatında da əlverişli şərait yaradılıb. Məhz bunun nəticəsidir ki, bu ilin ilk 6 ayında Azərbaycanda dəniz nəqliyyatı ilə 930 milyon dollar dəyərində 1,4 milyon ton yük daşınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə mü­vafiq olaraq 94,1 faiz və 4 dəfə çoxdur. Həmin dövrdə Bakı Beynəlxalq Dəniz Ticarət Lima­nı vasitəsilə 3,5 milyon tondan çox yük aşırılıb ki, bu, 2022-ci illə müqayisədə 12 faizlik artım deməkdir.

Hesabat dövründə dəniz nəqliyyatı ilə ixrac olunan yüklə­rin dəyəri 83 milyon 45 min dol­lara bərabər olub, 847 milyon dollarlıq yük isə idxal olunub. Son bir ildə ixrac olunan yüklə­rin həcmi 3,2 dəfə artıb.

“Bakı Beynəlxalq Dəniz Ti­carət Limanı” Qapalı Səhmdar Cəmiyyətindən verilən məluma­ta görə, limanda bu ilin I yarısın­da 3 milyon 539 min tondan çox yük aşırılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz çoxdur.

Xatırladaq ki, 2018-ci il ma­yın 14-də Prezident İlham Əli­yevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat