Qarabağ ermənilərinin hüquqları ölkə Konstitusiyası əsasında təmin ediləcək

post-img

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bölgədəki son vəziyyətə dair bəyanat yayıb. 

Bəyanatda bildirilib ki, Azərbaycan Respublikası 30 ilə yaxın müddətdə Er­mənistanın hərbi təcavüzü, ərazilərimi­zin işğalı, qoca, qadın, uşaq demədən azərbaycanlılara qarşı kütləvi qırğın­lar törədilməsi ilə üzləşib, bir milyona yaxın azərbaycanlı məcburi köçkünə və qaçqına çevrilib.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmasına, işğalçı qü­vvələrin Azərbaycan ərazilərini dərhal tərk etməsinin tələb olunmasına bax­mayaraq, Ermənistan bütün bu çağırış­lara heç bir məhəl qoymayıb.

2020-ci ildə 44 günlük Vətən müha­ribəsində Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əli­yevin rəhbərliyi altında tarixi Zəfər qa­zanaraq torpaqlarımızın işğalına son qoyub…

Bununla yanaşı, Azərbaycanın ha­kimiyyət orqanları tərəfindən Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə di­aloq istiqamətində ardıcıl addımlar atı­lıb. Ermənistan tərəfi isə bunun əksinə, “beynəlxalq mexanizm çərçivəsində Ba­kı-Xankəndi danışıqları vasitəsilə Qara­bağ ermənilərinin hüquq və təhlükəsizli­yinin təmin edilməsi” kimi əsassız təkliflə çıxış edərək, Azərbaycan və yerli erməni sakinlər arasında təmaslara maneçi­lik törədib, faktiki olaraq ölkəmizə qarşı ərazi iddialarını başqa ad altında davam etdirib.

2020-ci il 10 noyabr Bəyanatının bü­tün hərbi fəaliyyətlərin dayandırılmasına dair müddəasına və digər beynəlxalq öhdəliklərə zidd olaraq, Ermənistan tərə­findən Azərbaycan ərazilərinin intensiv minalanması halları, Azərbaycan əra­zilərinə 2021-ci il istehsalı olan minalar gətirərək basdırması, beynəlxalq ictima­iyyətin Ermənistanın məqsədli şəkildə mina təhdidinə göz yumması nəticəsində 2020-ci ilin noyabr ayından bəri iki jurna­list daxil olmaqla, 303 azərbaycanlı mina­ların qurbanına çevrilib.

Vurğulanıb ki, Azərbaycan öz sərhəd­lərinə nəzarət və Ermənistanın qeyri-qa­nuni fəaliyyətinin qarşısını almaq məqsə­dilə özünün suveren ərazilərində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi təsis edib. Azərbaycan tərəfindən er­məni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhmə­ramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olun­masına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda, iyunun 15-də sərhədçilərimizin atəşə tutulması, qa­çaqmalçılığa cəhd edilməsi, iyulun 26-da yük avtomobillərinin Azərbaycan ərazilə­rinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.

Azərbaycan tərəfinin erməni sakin­lərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər al­ternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstək­lənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yol­lara beton maneələr düzməklə əraziyə girişi bloklaması Ermənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şan­taj və manipulyasiya olduğunu bir daha göstərib.

Ermənistanın məqsədi bölgəyə üçün­cü tərəfləri cəlb etmək, gərginliyin coğra­fiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir. 

“Otuz il ərzində ərazilərimizin iş­ğalına göz yuman bir sıra ölkələrin və beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli bəyanatlar verməsi qəbule­dilməzdir. Ermənistanın manipulyasiya­larına aldanıb qərəzli bəyanatlar verən ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycanın suverenliyinə və ərazi bü­tövlüyünə hörmət etməyi, ölkəmizin daxili işlərinə qarışmamağı və ikili standartlar siyasətinə son qoymağı tələb edirik.

Azərbaycan özünün Qarabağ bölgə­sində yaşayan erməni sakinlərin hüquq­larını ölkə Konstitusiyası əsasında təmin edəcək, öz suverenliyi və ərazi bütövlü­yünə qarşı istənilən addımın qarşısını qətiyyətlə alacaqdır”, - deyə bəyanatda vurğulanıb.



Siyasət